
SOMERSET MOEM
TEATR
(roman)
Tərcümə: Yaşar
Əvvəli: http://xezerjurnali.blogspot.com/2009/08/ingilis-diiyyati-somerset-moem-1874.html
Onu iki nəfərlik stolda əyləşdirdilər. Az sonra boş stulu hansısa bir kişi tutdu, Culiya ona qəti fikir vermirdi. Bir müddət sonra chef de train Culiyaya yaxınlaşıb böyük təəssüf hissiylə bəyan etdi ki, ona heç cür kömək eləyə bilməyəcək. Culiya özündən çıxsa da xeyri yox idi. O gedəndən sonra stol qonşusunun səsi gəldi. Fransızca sərbəst danışsa da Culiya aksentindən başa düşdü ki, fransız deyil. Onun ədəb-ərkanlı sorğu-sualına cavabında Culiya bütün tarixçəni bəyan etdi. Kuka şirkəti, Fransa dəmiryolu, bütün bəşər övladı haqqında düşündüklərini onunla bölüşdü. O, Culiyanı ürək ağrısıyla dinlədi və dedi ki, nahardan sonra özü qatar boyu gəzib baxacaq görsün, bir şey təşkil edə bilirmi. Bələdçi yaxşı pula nə desən eləyər.
Culiya köks ötürüb:
- Mən dəhşətli yorulmuşam, - dedi, - bir yataq kupesi üçün böyük sevinclə lap beş yüz frankdan da keçərəm.
Beləcə, aralarında ünsiyyət yarandı. Həmsöhbəti dedi ki, o, Parisdəki İspaniya səfirliyinin atteşesidir və Kanna pasxanı keçirməyə gedir. Culiya onunla artıq saatın dörddə biri qədər söhbət eləsə də sifətinə əməlli - başlı fikir verməmişdi. Onun qara,qıvrım saçlarına və qara,qıvrım bığına ancaq indi nəzər yetirdi. Saqqalı çox qəribəydi: dodağının aşağı künclərində ləkə kimi görünən iki qırxılmış hissə sifətinə qəribə görkəm verirdi. Bu saqqal, qara saçlar, ağır, yarımaçıq kipriklər və kifayət qədər uzun burun ona kimisə xatırladırdı.Amma kimi? Qəflətən xatırladı və elə heyrətləndi ki, özünü saxlaya bilməyib ucadan dedi:
- Bilirsiz, mənə kimi xatırlatdığınızı heç cür yadıma sala bilmirdim. Siz heyratamiz dərəcədə Luvrda gördüyüm Tisianın çəkdiyi I Françeskanın portretinə oxşayırsız.
- Onun o donuz gözlərinə görəmi?
- Xeyr, sizin gözləriniz iridi. Fikrimcə, məsələ saqqaldadı.
Culiya diqqətlə ona baxdı: gözünün altındakı dəri qırışsızdı, tarımdı, bənövşəyiyə çalır. Hələ çox cavandı, sadəcə, saqqal yaşlı göstərir, yaşı uzağı otuz olar. Maraqlıdı, bəlkə o, məşhur ispanlardan biridi? Doğrudu, o qədər də şıq geyinməyib, amma əcnəbilərdən baş açmaq mümkün deyil, əyinə geyiləsi olmayan kostyuma bir ətək pul verirlər. Kifayət qədər gözə girən qalstukun Şarvyodan alınmasına şübhə yox idi. Stola kofe veriləndə o, Culiyadan onu likora qonaq eləmək xahişilə icazə istədi.
- Siz çox nəzakətlisiz. Bəlkə onu içsəm daha rahat yataram. Culiyaya siqaret təklif etdi. Portsiqarının gümüş olması Culiyanı bir qədər pəjnürdə elədi, amma bağlayanda başının bir küncündə qızıl tacı gördü. Yəqin hansısa qraf, ya da o mənsəbdə olan birisidi. Qızıl taclı gümüş portsiqar: bir-biriylə çox əla tamamlanır. Heyif ki, o, müasir geyimlərdə görünməyə məcburdu. Əgər onu I Françeska kimi geyindirsən kifayət qədər kübar görünər. Culiya onunla bacardığı qədər nəzakətli davranmağı qərara aldı.
O, bir qədər sonra mətləbə keçdi:
- Yaxşısı budu, sizi tanıdığımı etiraf edim. Həm də icazə verin, sizinlə böyük qürur duyduğumu əlavə edim.
Culiya onu gözəl gözlərinin uzun-uzadı baxışlarına qonaq etdi.
- Siz mənim oyunumu görmüsüz?
- Bəli. Mən keçən ay Londondaydım.
- Maraqlı pyesdi, eləmi?
- Sizin sayənizdə.
Ofisiant hesabla onlara yaxınlaşdı. Culiya təkid elədi ki, yediyinin pulunu özü ödəyəcək. İspan onu kupeyəcən ötürüb dedi ki, gedib vaqonları gəzəcək, görsün, ona yataq yeri tapa bilirmi? İyirmi beş dəqiqədən sonra bələdçiylə qayıdıb dedi ki, kupe tapıb, qoy Culiya əşyalarını bələdçiyə versin, o isə onu həmin yerə ötürəcək, Culiya sevinc içindəydi. İspan şlyapasını Culiyanın qalxdığı oturacağa atdı və ondan ardınca gəlməsini xahiş etdi. Onlar kupeyə çatanda ispan bələdçiyə göstəriş verdi ki, onun içəridəki çamadanıyla çantasını madamın vaqonuna aparsın.
Culiya qışqırdı:
- Məgər siz öz yerinizi mənə verirsiz?
- Bütün qatar boyu tapa bildiyim yeganə boş yer bura oldu.
- Xeyr, mən bu haqda eşitmək belə istəmirəm.
İspan bələdçiyə:
- Alles - dedi.
- Xeyr, xeyr...
İspan bələdçiyə göz elədi və o, yükü yerdən aldı.
- Fərq etməz. Mən harda gəldi yata bilərəm, amma düşünəndə ki, belə böyük aktrisa gecəni üç yad adamla keçirmək məcburiyyətindədi, bax onda, gözümə yuxu getməz.
Culiya yenə etiraz elədi, amma əvvəlki inadkarlıq yox idi. Bu, onun tərəfindən necə də nəcib, xeyirxah bir addım idi. Culiya ona necə təşəkkür eləyəcəyini özü də bilmir. İspan hətta onu bilet arasındakı fərqi ödəməyə də qoymadı. O, az qala gözündən yaş axa-axa Culiyaya yalvardı ki, ona şərəf verib bu xırda hədiyyəni qəbul eləsin. Culiyanın özüylə götürdüyü bircə yol çantasıydı ki, onun da içinə üz kremi, gecə köynəyi və axşam tualeti üçün lazım olanlar qoyulmuşdu. İspan onu stolun üstünə qoydu. Yeganə xahişim o oldu ki, uzanıb dincəlmək istəyənəcən onun yanında əyləşib bir-iki siqaret çəkməsinə Culiya icazə versin. Bu xahişi rədd eləmək Culiya üçün çətin idi. Yataq artıq hazır idi və onlar odeyalın üstə əyləşdilər. Bir neçə dəqiqədən sonra bələdçi əlində şampan şüşəsi və iki badə peyda oldu. Pis macəra deyil! Culiya ürəkdən həzz alırdı. O, ona qarşı necə də nəzakətliydi. Hə, bu əcnəbilər böyük aktrisayla özlərini necə aparmağı yaxşı bacarır! Belə şeyləri Sara Bernar yəqin hər gün görüb. Hələ Siddons! O, qonaq otağına girəndə hamı ayağa qalxarmış, sanki gələn şahzadədir.
Fransızca belə mükəmməl danışmasına görə ispan Culiyanın ünvanına kompliment dedi. Cersi adasında doğulsa da təhsilini Fransada alıb. Hə, onda aydındı. Amma niyə axı o, fransız deyil, ingilis səhnəsini seçib? Onun şöhrəti Duzedən heç də az olmazdı. O, həqiqətən də ona Duzeni xatırladır: misli-bərabəri olmayan həmin gözlər və ağappaq dəri, ifa tərzindəki həmin çılğınlıq və heyratamiz təbiilik.
Onlar şampan şüşəsini yarıyacan boşaldandan sonra Culiya qayıtdı ki, artıq çox gecdir.
- Doğru sözümdü, elə bilirəm, yatmaq vaxtıdı.
- Gedirəm.
O, qalxıb Culiyanın əlindən öpdü. O, çıxandan sonra Culiya kupenin qapısını bağlayıb soyundu. Başının altında olandan savayı bütün lampaları söndürüb mütaliəyə başladı. Bir neçə dəqiqədən sonra qapı döyüldü.
- Bəli.
- Sizi narahat elədiyimə görə çox üzgünəm. Diş fırçam tualetdə qalıb. İçəri keçə bilərəmmi?
- Mən artıq uzanmışam.
- Mən dişimi yumasam yata bilmərəm.
"Hər halda, o, təmizkardı".
Culiya çiyinlərini çəkib əlini qapıya uzatdı və sürgünü açdı. Yaranmış bu şəraitdə abır-həya mücəssəməsi kimi görünmək səfehlikdi. İspan kupeyə, ordan tualetə keçdi və bir saniyədən sonra əlində diş fırçasını fırlada-fırlada çıxdı. Culiya dişini yuyanda o fırçanı görmüşdü, amma elə bilmişdi ki, onu qonşu kupedə olan adam ora qoyub. O vaxtlar iki kupeyə bir tualet düşürdü. Culiya ispanın şampan şüşəsinə dikilən baxışlarını tutdu.
- Susuzluqdan ciyərim yanır, etiraz etməsəydiz, bir badə şampan içərdim.
Culiyanın cavabı bir-iki saniyə ləngidi, bir də, şampan da, onun özününküydü, kupe də. Necə deyərlər, könlü balıq istəyənin ayağı suda gərək.
- Əlbəttə, etirazım yoxdu.
O, özünə şampan süzüb siqaret yandırdı və yatağın bir küncündə oturdu. Onun üçün rahat olsun deyə Culiya azca kənara çəkildi. O, özünü tamamilə sərbəst aparırdı.
- Siz həmin kupedə heç cür yuxuya gedə bilməzdiz, - dedi, - bir sərnişin dəhşətli səslə fısıldayır. Xoruldasaydı ondan yaxşıydı. Heç olmasa bu bəhanə ilə oyadardım.
- Çox mütəəssir oldum.
- Fikir verməyin. Bəd ayaqda sizin qapının astanasında büzüşüb yataram.Culiya ürəyində özüylə danışdı:
"Bəlkə gözləyir, onu bura, mənimlə yatmağa dəvət edəcəm? Görən, bütün bunlar onun quraması deyil ki? Heç nə alınmayacaq, əzizim". Sonra səsiylə əlavə etdi:
- Əlbəttə, çox romantik fikirdi, amma burda narahat olarsız.
- Siz qiyamət qadınsız!
Hər halda, yaxşı ki, əynindəki gecə köynəyi ona yaraşır, üzünü kremləməyə də vaxtı olmayıb. Düzü, köhnə ənlik-kirşanı silmək üçün hələ özünə əziyyət verməyib. Dodaqları al qırmızıdı və bilir ki, kitab oxuması üçün yanan başının arxasındakı lampanın işığında heç də pis görünmür. Amma cavabı sərt oldu:
- Əgər kupenizi mənə güzəştə getdiyinizə görə sizinlə yatacağımı düşünürsüzsə, səhv edirsiz.
- Necə istəyirsiz. Amma niyə də yox?
- Mən siz güman etdiyiniz həmin o "qiyamət" qadınlardan deyiləm.
- Bəs hansı qadınlardansız?
- Sədaqətli həyat yoldaşı və mehriban ana.
O, ah çəkdi.
- Neynək, onda gecəniz xeyirə qalsın.
Siqaret kötüyünü külqabıda əzib Culiyanın əlini dodaqlarına yaxınlaşdırdı. Dodağıyla asta-asta qolundan çiyninəcən yol getdi. Culiyanı qəribə hiss bürüdü. Saqqal onun dərisini yüngülcə qıdıqlayırdı. Sonra o, əyilib Culiyanın dodaqlarından öpdü. Onun saqqalından nəsə qeyri-adi boğucu qoxu vururdu. Ona qarşı nifrət, yoxsa məhəbbət hiss eləyirdi? Culiya cavabı bilmirdi. Qəribədi, bir tərəfdən baxanda hələ indiyəcən onu saqqalı kişi öpməmişdi. Deməli, bu, o qədər də ədəbsizlik deyil. Düyməni basdı və işıq söndü.
O, yalnız nazik işıq zolağı elə də kip örtülməyən pərdələrin arasından içəri keçib səhərin açılmasından xəbər verəndə çıxıb getdi. Culiya tamam sarsılmışdı: həm mənəvi, həm cismani, "Kanna gəlib çatanda əsl xəbərdarlıq kimi görünəcəm".
Belə risq etmək! O axı, onu öldürə, yaxud mirvari boyunbağısını oğurlaya bilərdi. Özünü hansı təhlükəyə atdığını fikirləşəndə Culiyanı gah soyuq, gah da isti basırdı. O da Kanna gedir. Birdən orda onunla tanışlığının davamına iddia etdi: Dostlarına onun kimliyini necə izah edəcək? Culiya əmin idi ki, Dolli onu bəyənməyəcək. Bəlkə fikrindən şantaj eləmək... Əgər o, bugünkü təcrübəni təkrarlamaq həvəsinə düşsə, Culiya nə edəcək? Bəli o, ehtiraslıdı, buna şübhə ola bilməz. O, Culiyadan harada qalacağını soruşdu. Doğrudu, cavab olmadı, amma bunu öyrənmək elə də çətin iş deyil. Kann boyda balaca bir yerdə göz-gözə gəlməkdən yayınmaq çətin mümkün olsun. Bəlkə o, sırtığın birisidi? Əgər doğrudan da dediyi kimi Culiyaya vurulubsa, aydın məsələdi ki, əl çəkən deyil. Bu əcnəbilərlə sonunun necə olacağını əvvəlcədən bilmək çətin işdi, qorx ki, səni camaat qarşısında biabır eləməsin. Culiyanı sakitləşdirən bir şey idi. O, demişdi ki, ancaq pasxanı orda keçirəcək. Özünü elə göstərər ki, guya çox yorulub, bir müddət malikanədə rahat qalmaq istəyir.
"Mən bu axmaqlığa necə yol verdim?!"
Dolli əlbəttə ki, onu qarşılamağa gələcək. Əgər o insan sağollaşmaq üçün yaxınlaşsa, Dolliyə deyər ki, bu şəxs ona kupesini verib. Burda elə bir şey yoxdu. Yaxşısı budu həmişə həqiqətin tərəfində olasan... Mümkün qədər. Kanna gəlib çatanda vağzalda adam əlindən tərpənmək mümkün deyildi. Culiya hətta ispanın üzünü belə görmədən düşüb Dollinin maşınına mindi.
Dolli:
- Mən bu gün üçün heç kimi dəvət eləməmişəm, - dedi. - Fikirləşdim, yorulmusuz, ona görə də istədim, heç olmasa bir gün ikimiz təklikdə qalaq.
Culiya nəvazişlə onun çiynini sığalladı.
Bundan gözəli ola bilməz. Malikanədə oturub üzümüzü kremləyəcəyik, sonra da ürəyimiz istəyən qədər qeybət eləyəcəyik. Səhəri gün onlar lança dəvətliydilər. Ona qədər isə məclis yiyəsiylə Kruazet tərəfdəki barda görüşüb birlikdə kokteyl içməliydilər. Maşından düşəndə Dolli sürücüyə onların ardınca hara gəlməyi başa salmaq üçün ləngidi. Culiya kənarda dayanıb onu gözləyirdi. Qəflətən ürəyi yerindən qopdu: qatardakı ispan düz üstünə gəlirdi. Sağıyla addımlayan gənc bir qadın onun qoluna girmişdi, o biri əliylə də bir qız uşağının əlindən tutmuşdu. Yayınmaq gec idi. Dolli gəlib çıxdı. Və onlar küçənin o biri tərəfinə keçməliydilər.İspan gəlib onlara çatanda biganə nəzərlərlə ona baxıb yol yoldaşıyla söhbətləşə-söhbətləşə yoluna davam etdi. Başa düşdü ki, o da Culiya kimi onu görməyə tamarzı deyil. Qadınla qız görünür, onun arvadıyla qızıydı, Kanna pasxanı ailəvi keçirməyə gəlmişdilər. Necə də rahatladı. İndi qorxu-hürküsüz həyatdan həzz ala bilər. Amma Dollinin ardınca bara tərəf addımlayanda Culiya öz-özlüyündə fikirləşdi ki, bu kişilər doğrudan da heyvan xislətlidilər. Onları boş buraxmaq olmaz. Ayıb olsun! Belə gözəl arvadı və göycək qızın ola-ola qatarda təsadüfi tanışlıq sevdasına düşəsən! Kişilərdə görən, azca da olsa ləyaqət hissi varmı?!
Amma üstündən vaxt ötdükcə Culiyanın çaşqınlığı da soyuyub getdi və hətta bu macəra onun yaddaşında xoş bir gün kimi qaldı. Hərdən özünü xatirələrin ağuşuna atıb həyatında bu səpkili yeganə gecəni bütün təfərrüatlarına qədər yaddaşında oyatmaq istəyirdi. Söz ola bilməzdi, məşuq kimi əvəzi yox idi. Qocalanda xatırlamağa nəsə olacaq.
Bütün məsələ saqqalda idi - onun üzünü elə dalayırdı ki, - bir də eyni vaxtda onu həm özünə çəkən, həm də özündən qovan həmin o boğucu qoxuda idi. Bir neçə il Culiyada saqqalı kişilərə qarşı qəribə hiss oldu. Culiyaya elə gəlirdi ki, əgər o saqqallılardan hansısa biri ardınca gəlsə etiraz eləməyə, sadacə, gücü olmayacaq. Şükürlər olsun ki, saqqal dəbdən düşdü, yoxsa hər dəfə saqqallı kişi görndə ayaqları elə əsirdi ki, az qalırdı yıxılsın. Amma nədənsə hərdən həyatda rastına çıxan saqqallılardan biri də ona aşiq olmurdu. Maraqlıdı, hər halda o, ispan axı, kim idi? Culiya bir neçə gün sonra onu kazinoda gördü. O, chemin de fer oynayırdı. İki-üç tanışından onun kimliyini soruşdu. Amma onlardan biri də onunla tanış deyildi. Beləcə, o, Culiyanın yadında və canında əbədi adsız qaldı. Gülməli bənzərlikdi - bu günorta onu heyrətə gətirən o gəncin də adını Culiya bilmirdi.
"Əgər özlərini mənimlə belə sərbəst aparacaqlarını təsəvvürümə gətirə bilsəydim, əvvəlcədən heç olmasa onlardan vizit kartlarını istəyərdim".
Bu fikirlə də şirin yuxuya getdi.
On üçüncü hissə
Culiya yatağında uzanıb yeni pyesi oxuyurdu. Səhərlərdən birində kürsülü mərtəbədəki daxili telefondan zəng gəldi ki, bəs, mister Fennel adlı birisiylə danışmaq istəyirdi? Ad tanış deyildi, elə "yox, demək istəyirdi ki, birdən bu Fennelin həmin macərasının gənc qəhramanı ola biləcəyini düşündü. Maraq üstün gəldi və dedi ki, onları calaşdırsınlar. Culiya onun səsini dərhal tanıdı.
O:
- Zəng eləyəcəyinə söz vermişdin, - dedi. - Gözləməkdən bezib özüm zəng elədim.
- Bütün bu vaxtı iş-gücdən başım ayılmayıb.
- Səni haçan görəcəm?
- Boş vaxtım olanda.
- Bu günə vaxt məsələsi necədi?
- Günorta tamaşam var.
- Tamaşadan sonra çay içməyə gəl.
Culiya gülümsədi. ("Yox, balaca, sən məni ikinci dəfə eyni qarmağa keçirdə bilməyəcəksən».)
- Alınmayacaq dedi. - Mən axşam tamaşasınacan həmişə teatrdakı otağımda qalıb dincəlirəm.
- Sən dincələn vaxt necə, gələ bilərəmmi?
Bir anlıq Culiya tərəddüd elədi. Belə daha yaxşıdı. Əgər Evi elə bir ucdan otağına girib-çıxırsa, üstəlik miss Filippeni də gözləyirsə bu zaman heç bir axmaqlıqdan söhbət gedə bilməz. Yaxşı fürsətdi. Dostcasına - o oğlan elə nurludu ki, - amma həm də qətiyyətlə deməliyəm ki, davamı olmayacaq. Bir neçə tutarlı sözlə ona izah eləyər ki, bu, dəlilikdi və olanların hamısını yaddaşından silməklə onu tamamilə sakitləşdirər.
- Yaxşı, altının yarısı gəl, səni bir fincan çaya qonaq eləyim.
Günorta və axşam tamaşaları arasında öz otağında keçirdiyi bu üç saat yüklənmiş gün boyu onun ən sevimli vaxtı idi. Truppanın qalan üzvləri teatrdan çıxırdılar, burda yalnız onun bütün istəklərini təmin etməyə hazır olan Evi, bir də heç kəsin onun rahatlığını pozmamasına nəzarət edən qapıçı qalırlı. Odasını Culiya gəmi kayutuna bənzədirdi. Bütün dünya öz təkliyindən həzz alan Culiyadan çox-çox uzaqlarda qalmışdı. Hardasa elə bil onu daha da sərbəstləşdirən bir magik dairəyə düşürdü. Mürgüləyirdi, mütaliə eləyirdi, ya da yumşaq, rahat divanda uzanıb düşüncələrini məqsədsiz-filansız, özbaşına buraxırdı. Qarşıda onu gözləyən və artıq keçmişdə qalan rolları barədə düşünürdü. Oğlu Rocer haqqında fikirləşirdi. Xoş arzu və xatirələr yaşıl meşədə gəzişən sevgililər kimi aramla düşüncələrindən gəlib-keçirdi. Culiya fransız poeziyasını çox sevirdi və hərdən ürəyində Verlenin şeirlərini deyirdi. Düz saat altının yarısında Evi oxumaq üçün ona vizit kartını uzatdı: "Mister Tomas Fennel".
- Onu bura ötür, özün də çay gətir.
Culiya onunla özünü necə aparacağını səhərdən müəyyənləşdirmişdi. İsti, amma quru münasibət göstərsin, işiylə maraqlanıb imtahan barədə soruşsun. Sonra ona Rocer haqqında danışacaqdı. Rocerin on yeddi yaşı tamam olmuşdu, bir ildən sonra Kembricə daxil olacaqdı. Dolayısıyla gəncə inandırmalıydı ki, onun anası yerindədi. Culiya özünü elə aparacaq ki, sanki onların arasında heç vaxt heç nə olmayıb və gənc bir də onu görməmək şərtilə həmişəlik həyatından qeyb olacaq. Culiya az qala özünü inandırmışdı ki, bütün olanlar, demə, onun təxəyyülünün məhsuluymuş. Amma bu zərif, alyanaq, mavi gözlü, belə sütül və gözəl gəncə gözucu baxan kimi ürəyindən ağrı tutdu. Evi çıxıb arxasınca qapını bağladı. Divanda uzanan Culiya madam Rekamyenin mərhəmətli təbəssümüylə ona əlini uzatdı. Amma o, divana tərəf atılıb Culiyanın yanında dizüstü çökdü və ehtirasla onun dodağından öpdü. Culiya özüylə bacara bilməyib qollarını gəncin boynuna doladı və eyni ehtirasla öpüşünün cavabını qaytardı.
("İlahi, mənim abır-həyam hara qeyb oldu? Yoxsa, mən ona vurulmuşam?")
- Tanrı xətrinə, əyləş. Evi indii çay gətirəcək.
- Dedin ki, o bizə mane olmasın?
- Sən nəyi nəzərdə tutursan?
Nəyi nəzərdə tutduğu gün işığı kimi aydın idi. Culiyanın ürəyi əsə-əsə qalmışdı.
- Bu düz deyil. Mümkün deyil. Maykl içəri girə bilər.
- Mən səni istəyirəm.
- Evi nə fikirləşir? Belə risq eləmək dəlilikdi. Yox, yox, yox.
Qapı döyüldü və Evi çayla içəri girdi. Culiya ona göstəriş verdi ki, xırda stolu divana tərəf çəksin və gənc üçün kreslonu o biri tərəfə gətirsin. Culiya Evini mənasız söhbətlərlə ləngidirdi. O, özündə gəncin baxışlarını hiss elədi. Onun gözləri sürətlə Culiyanın jestlərini, üzünün ifadələrini izləyirdi. O, bu baxışlardan yayınmaq istəsə də gəncin gözlərindən axan hövsələsizliyi, yanğını, ehtirası hiss eləmək mümkün deyildi. Culiya həyəcanlanmışdı. Ona elə gəlirdi ki, səsi də təbiiliyin itirib. ("Lənət şeytana! Mənə nə olub axı? Güclə nəfəs alıram!")
Evi qapıya yaxınlaşanda gəncin elədiyi məsuliyyətsiz hərəkəti Culiya gözündən çox, hissiyyatıyla tutdu və özünü saxlaya bilməyib ona baxdı. Gəncin sifəti ağappaq olmuşdu.
Culiya:
- Evi, bu gənc mənimlə öz pyesi barədə danışmaq istəyir, - dedi. - Nəzarət elə ki, bizə mane olmasınlar. Mənə lazım olsan zəng eləyəcəm.
- Yaxşı, miss.
- Evi çıxıb arxasınca qapını örtdü.
("Mən lap axmağam. Ən axmaq adamam").
O artıq stolu kənara itələyib onun yanında dizüstə çökmüşdü. Culiya onun ağuşunda idi.
...Culiya miss Filippe gələnəcən onu yola saldı. O gedəndən sonra Eviyə zəng elədi.
Evi sualla gəldi:
- Yaxşı pyes idi?
- Hansı pyes?
- İndicə o gələnlə haqqında danışdığınız.
- O, axmaq deyil, amma əlbəttə, hələ çox cavandı...
Evi qrim stolunun üstünə baxdı. Culiya şey-şüylərinin yerində olmasını istəyirdi, əgər krem qabını, ya da qaş üçün rəngi yerində görməyəndə hay-küy qaldırırdı.
- Darağınız hanı?
Gənc onun darağıyla daranıb sonra təsadüfən çay stolunun üstünə qaytarıb qoymuşdu. Evi darağı orda görüb bir müddət maddım-maddım baxdı.
Evi qayğılı-qayğılı:
- Siz itədiklərinizin canı, o daraq bura necə düşüb? - dedi.
- Elə mənə də maraqlıdı.
Culiyanın ürəyi əsə-əsə qalmışdı. Əlbəttə, teatrda, öz odasında belə işlərlə məşğul olmaq əsl dəlilik idi. Hətta bu qapıda açar da yoxdu, Evi onu özündə saxlayır. Amma hər halda, risq xüsusi maraq gətirir. Bu dərəcədə başını itirməyə hələ qadir olduğu Culiya üçün xoş idi. Evdə onu necə çağırdıqlarını soruşanda "Tomas" dedi. Amma ona belə müraciət eləməyə nədənsə Culiyanın dili dönmürdü. Tom onu həm də rəqs eləyə biləcəkləri bir yerdə şam yeməyinə dəvət eləmək istəyirdi. Maykl bu günlərdə tələbələrin yazdığı bir pərdəli pyeslərin məşqlərinə baxmaq üçün Kembricə gedəcək. Deməli, vaxtları çox olacaq.
- Sən sübh tezdən, süd paylanan vaxt qayıda bilərsən?
- Bəs səhəri günün tamaşası necə olsun?
- Bunun məsələyə nə dəxli var?
Onun dalınca gəlməi Toma qadağan eləmişdi. Culiya hər ikisinin bəyəndiyi restorana gələndə Tom onu hollda gözləyirdi. Culiyanın görəndə eyni açıldı.
- Artıq çox gecdi. Qorxdum, daha gəlməyəcəksən.
- Təəssüf eləyirəm. Tamaşadan sonra otağıma bir xeyli mənasız insan gəldi. Güclə canımı onlardan qurtardım.
Yalan deyirdi. Bütün axşamı Culiya ilk görüşə gedən qız kimi həyəcanlıydı. Bəlkə də min dəfə özünə deyirdi ki, bu, dəlilikdi. Amma səhnə qrimini silib şam yeməyinə getmək üçün təzədən boyananda nəticə heç cür onu qan eləmirdi. O, kipriklərinə mavi kölgə verib təzədən sildi və sonra başqa rəngi yoxladı.
Evi soruşdu:
- Siz nə eləmək istəyirsiz, axı?
- İstəyirəm, iyirmi yaşlı qız kimi görünəm, axmaq.
- Əgər indi bu işdən əl çəkməsəz, qırx altı yaşınızın hamısı görünəcək.
Culiya hələ Tomu smokinqdə görməmişdi. Oğlan əsgər düyməsi kimi işım-işım yanırdı. Orta boylu olsa da arıqlığı onu hündür göstərirdi. Özünü dünyagörmüş və kübar bir məxluq kimi göstərmək istəsə də sifriş vermək məqamı gələndə onun ofisiant qarşısında karıxıb qalmasından Culiya bərk təsirləndi. Onlar rəqs eləməyə qalxdılar. Oynamağı elə də bacarmırdı, amma Culiya üçün bu naqolay hərəkətlərin özündə də məxsusi bir cazibədarlıq var idi. Culiyanı tanıyırdılar və ona elə gəlirdi ki, Tom onun şöhrətinin şüalarında yuyulmaqdan həzz alır. Bir gənc cütlük rəqslərini bitirib salamlaşmaq üçün onların stoluna tərəf gəldi. Onlar aralanandan sonra Tom soruşdu:
- Bunlar ledi və lord Dennorantlar deyilmi?
- Hə, mən Corcu o hələ İtonda oxuduğu vaxtlardan tanıyıram.
- Tomun baxışları onları izlədi.
- Onun qızlıq adı ledi Sesili Loustondu eləmi?
- Xatırlamıram. Doğrudan?
Culiya üçün bu, maraqlı deyildi. Bir neçə dəqiqədən sonra başqa cütlük yanlarından keçdi.
- Bu ki, ledi Lepardı.
- O kimdi?
- Məgər xatırlamırsan? Bir-iki həftə əvvəl onlar şəhərətrafı evlərində - Çeşirdə böyük ziyafət təşkil eləmişdilər. Orda prins Uelski şəxsən özü iştirak eləmişdi. Bu haqda "Müşahidəçi"də də yazmışdılar.
Hə, məlum oldu bu xəbərləri hardan toplayırmış. Zavallı, uşaq! Amma o, hərdən-hərdən haqlarında qəzetlərdə oxuduğu bu adlı-sanlı cənabları teatrda və restoranlarda dipdiri də görürdü. Əlbəttə, o, çox məmnun idi. Romantika. Əgər bir bilsəydi, onlar hamısı necə də əttökəndi. İllüstrasiyalı qəzetlərə fotoları həkk olan insanlarla fikrini məşğul etməsi Tomu Culiyanın nəzərində həddən ziyadə sadəlöhv gəncə çevirdi. Və o, nəvazişlə stolun bu başından ona baxdı.
- Sən haçansa restorana aktrisa dəvət eləmisən?
O, qıpqırmızı oldu.
- Heç vaxt.
Hesabı onun ödəməsi Culiyaya xoş gəlmirdi, güman eləyirdi ki, bu məbləğ Tomun həftəlik qazancı qədər olar, amma pulu özü verməklə onun qüruruna toxunmaq istəmirdi. Culiya səbəbini özü də bilmədən ondan saatı soruşdu. O da vərdiş elədiyi tərzdə qoluna baxdı.
- Gör ha, saatı taxmağı unutmuşam.
Culiya sınayıcı nəzərlərlə ona baxdı.
- Təsadüfən saatı girov qoymamısan ki?
O, təzədən qızardı.
- Yox. Əynimi tələsik geyindim.
Sözlərinin doğru olmadığın bilmək üçün tək qalstukuna baxmaq kifayət idi. O, Culiyaya yalan deyirdi. O, onu şama dəvət etmək üçün saatını lombarda qoymuşdu, Culiyanı qəhər basmışdı. O, yerindəcə Tomu bağrına basıb o mavi gözlərini öpmək istəyirdi. Culiya ona heyran qalmışdı.
- Gəl gedək, - dedi.
Taksi saxladıb onun Tevistok - Skverdəki mənzilinə yollandılar.
On dördüncü hissə
Səhəri gün Culiya Kartyedən Toma girov qoyduğunun əvəzinə bir saat alıb yolladı, ad gününün vaxtını öyrənib iki-üç həftə sonra isə ona qızıl portsiqar hədiyyə etdi.
- Bilirsənmi, bu mənim ömrüm boyu arzuladığım bir şeydi.
Ona elə gəldi ki, Tomun gözləri yaşarıb. O, Culiyanı ehtirasla öpdü.
Sonra müxtəlif bəhanələrlə Culiya ona qalstuk üçün sancaq, mirvari taxma düymələr və jilet üçün düymələr bağışladı. O, Toma hədiyyə etməkdən hədsiz həzz alırdı.
Tom:
- Dəhşətdi, əvəzində mən sənə heç nə hədiyyə eləyə bilmirəm, - dedi .
- Məni şama qonaq eləmək üçün girov qoyduğun saatı bağışla.
Culiyanın xahişi yerinə yetirildi. Culiya on funtdan baha olmayan xırda qızıl saatı hərdən qoluna taxmağı xoşlayırdı.
Restorandakı şam yeməyinin ardınca birlikdə keçirdikləri gecədən sonra nəhayət, Culiya Toma vurulduğunu özünə etiraf etdi. Bu kəşf onu sarsıtdı. Amma bununla belə özünü göyün yeddinci qatında hiss eləyirdi.
Mən də elə bilirdim, daha kiməsə vurulmaram. Əlbəttə bu, çox da uzun çəkməyəcək. Amma nə qədər ki, imkan var, niyə sevinimi gizləyim?"
Culiya qərara aldı ki, çalışıb onu yenidən Stenxoup-pleysə dəvət etsin. Tezliklə belə bir fürsət yarandı.
Maykla:
- O cavan müsahibini xatırlayırsanmı, - dedi. - Adı Tom Fenneldi. Mən bu günlərdə onu bir ziyafətdə gördüm. Təklif elədim ki, üzümüzə gələn bazar bizə təşrif buyursun. Bizə bir kişi də lazımdı.
- Fikrimcə, o, uyğun gələr?
Onlar möhtəşəm qəbula hazırlaşırdılar. Ona görə də Culiya Tomu yada salmışdı. Yalnız qəzetlərdəki fotolardan tanıdığı adamlarla görüşmək ona məmnunluq gətirərdi. Culiya artıq onun bir qədər şöhrətpərəst olduğunu duymuşdu. Neynək, lap yaxşı dəbdəbəli mərasimlər onun ixtiyarında olacaqdı. Culiya ağıllı qadın idi və gözəl başa düşürdü ki, Tom ona vurulub-eləməyib. Sadəcə, onunla eşq Toma qürur gətirirdi. Tom həddən artıq çılğın idi və bu eşq oyunundan ləzzət alırdı. Ara-sıra ondan dartıb qopardığı bəzi işarələrdən, hekayətlərdən öyrənib bilmişdi ki, artıq on yeddi yaşından başlayaraq xeyli qadınla gəzib. Ondan ötrü əsas əlaqənin necəliyi idi, kimliyi elə də əhəmiyyətli deyildi. O, cinsi əlaqəni dünyanın ən böyük ləzzəti hesab eləyirdi. Və Culiya nədən onun belə sevildiyinin səbəbini yaxşı başa düşürdü. Onun arıqlığının özündə də cazibə var idi. Bir dəri bir sümükdü, yəqin elə ona görədi ki, kostyum əynində belə yaxşı oturur. Onun sütüllüyü və təravəti heyranedicidi. Ona baxıb təsirlənməmək mümkün deyil. Hələ onun həyasıyla həyasızlığının vəhdətinə gəlincə, bunun əvəzi yox idi. Qəribə də olsa qadına yalnız bir məqsədlə, tez onu çarpayıya yıxmaq məqsədilə baxmaqdan xoşlanır.
"Hə, dayanmadan seks - onun silahı bax, budu".
Culiya anlayırdı ki, özünün belə ürəyəyatımlığına görə Tom yalnız cavanlığına borcludu. Yaş ötdükcə quruyacaqdı, sümüyü çıxacaqdı, yorğun çöhrəsi qırışların işğalına məruz qalacaqdı, gözəl, al yanağı pörtləşəcəkdi, zərif dərisi saralıb solacaqdı. Bu gözəlliyin əbədi olmaması hissi Culiyanın Toma nəvazişini daha da artırırdı. Tomun varlığı ona nədənsə qəribə bir qüssə gətirirdi. O, həmişə gəncliyə xas yüksək əhval-ruhiyyədə olurdu və Culiya onun bu şənliyini acgözlüklə, eynən pişik balası qabındakı südü yalayan kimi canına çəkirdi. Amma o, adamı əyləndirməyi bacarmırdı. Culiya məzəli bir şey danışanda gülürdü, amma başqasını güldürmək üçün özü məzəli bir şey danışa bilmirdi. Tomun darıxdırıcı olmasından darıxmırdı, əksinə bu onun əsəblərini sakitləşdirirdi. Heç vaxt özünü onun yanında olduğu qədər rahat hiss eləməmişdi, hazırcavablığa gəlincə, Culiyada olanlar ikisinə də xirtdəyəcən bəs edərdi.
Ətrafdakılar hamısı bir ağızdan Culiyanın on il cavanlaşdığını, hələ heç vaxt belə oynamadığını deyib durmuşdu. Culiya bu deyilənlərlə razılaşırdı və səbəbi də bilirdi. Amma sayıq olmalıdı. Başını itirməməlidi. Çarlz Temerli həmişə deyərdi ki, aktrisaya ağıllı yox, ayıq olmaq lazımdı. Yəqin ki, o, haqlıydı. Ola bilsin ki, Culiya ağıllı deyildi, amma zənni ayıq idi və o, heç vaxt onu aldatmırdı. Hissləri Culiyaya deyirdi ki, Toma onu sevdiyini etiraf etməlidi. O, öz-özünün ağası olduğunu və ona heç bir iddiası olmadığını Toma anlatmağa çalışırdı. Culiya özünü elə aparırdı ki, sanki onların arasında baş verənlər onun da, Tomun da xüsusi əhəmiyyət vermədiyi boş bir şeydi. Amma onu özünə öyrəşdirmək üçün hər yola gedirdi. Bilirdi ki, Tom ziyafətləri xoşlayır və odur ki, dəvətli olduğu yerlərə onu da özüylə aparırdı. Dolliylə Çarlz Temerlini məcbur eləyirdi ki, Tomu da lança çağırsınlar. Tom rəqs eləməyi xoşlayırdı və odur ki, Culiya onun üçün bala dəvətnamələr təşkil eləyirdi. Onun xətrinə Culiya bir saatlığa ora baş çəkirdi və görürdü ki, adamların ona olan bu böyük məhəbbəti Toma necə xoş gəlir. Culiya bilirdi ki, yekə adamlarla ünsiyyətdən onun başı əməlli-başlı gicəllənir. Odur ki, onu adlı-sanlı adamlarla tanış etməyi özünə borc bilirdi. Xoşbəxtlikdən o, Mayklın çox xoşuna gəlirdi. Mayklda danışmaq, Tomda isə dinləmək istedadı var idi. Tom öz işinin ustasıydı. Bir gün Maykl Culiyaya dedi:
- Bu Tom diribaş oğlandı. Mənə mənfəət vergisinin dilini öyrətdi. Gələn dəfə vergi ödəyəndə illik gəlirdən iki-üç yüz funt qənaət eləməyin yolunu mənə başa saldı.
Maykl axşamlar yeni istedad axtarışıyla Londonun özündəki və ətrafındakı teatrlara baş çəkəndə Tomu da tez-tez özünə qoşurdu. Tamaşadan sonra Culiyanın ardınca gəlib birgə şam eləyirdilər. Bəzən bazar günləri Maykl Tomu bir partiya qolf oynamağa çağırırdı və onlar başqa yerə dəvətli olmayanda nahara evinə gətirirdi.
- Evdə gəncliyin olması yaxşı şeydi, - deyirdi, - adamı paslanmağa qoymur.
Tom hər hərəkətiylə onların işinə yarımağa çalışırdı. Mayklla trik-trak oynayırdı, Culiya ilə kartları düzürdü, onlar qrammofonu işə salanda valları dəyişdirmək üçün dərhal orda peyda olurdu.
Maykl:
- Ondan Rocerə yaxşı dost olar, - dedi. - Tomun ağlı-başı yerindədi, həm də Rocerdən böyükdü. Ona yaxşı təsir göstərir. Məzuniyyətə çıxanda niyə axı, onu bizdə qalmağa dəvət eləməyək?
("Xoşbəxtlikdən mən yaxşı aktrisayam".)
Ürəyinin döyüntüsündən qulağı tutulurdu. Səsinin sevincini, çöhrəsinin parıltısını gizlətmək üçün xeyli əziyyət çəkməli oldu.
- Pis ideya deyil, - dedi. - Əgər istəsən mən onu dəvət eləyərəm.
Teatr avqustun sonunacan fəaliyyət göstərməliydi. Odur ki, Maykl yayın ən qızmar günlərini keçirmək üçün Teplouda ev tutmuşdu. Culiya şəhərə tamaşa vaxtı, Maykl isə işi üçün gedirdi. Amma hər halda, adi günləri axşamacan, bazar günlərini isə bütünlüklə şəhər ətrafında keçirirdilər. Toma iki həftəlik məzuniyyət düşürdü. Və o, onların dəvətini məmnuniyyətlə qəbul etdi.
Bir gün Culiya nəsə sezdi ki, Tom heç özünə oxşayan kimi deyil, qəti dinib-danışmır. Rəng-rufu ağarmışdı, əvvəlki həyatsevərlik onu tərk eləmişdi. Culiya hiss elədi ki, nəsə olub. Amma Tom yalnız bir az kefinin olmadığını deməklə kifayətləndi, ağzından başqa söz çıxarmaq istəmədi. Nəhayət, Culiya onun ürəyini boşaltdırdı. Məlum oldu ki, borca girib və sərmayəçilər ondan təkidlə borcunu ödəməyi tələb edirlər. Culiyanın Toma göstərdiyi həyat onun cibinə görə deyilmiş. Culiyanın onu özüylə apardığı yüksək təbəqələrin ziyafətində ucuz kostyumda görünməkdən xəcalət çəkib bahalı dərzidə özünə təzələrini sifariş eləmişdi. O, udub borcdan çıxmaq ümidiylə cıdırda pul qoyduğu at ən axırda gəlmişdi. Onun yüz iyirmi beş funt borca girməsi Culiya üçün xırda şey idi və kiminsə belə bir boş şeydən dilxor olmsı ona qəribə gəlirdi. Dərhal dedi ki, bu pulu ona verəcək.
- Yox, bacarmaram. Mən qadından pul ala bilmərəm.
Tom qulağına qədər qızardı, təkcə bu haqda fikirləşmək özü xəcalət çəkməsinə kifayət idi. Culiya onu yola gətirmək üçün bütün istedadını, hiylələrini işə saldı. O, Toma ağlabatan səbəblər gətirirdi, arada özünü elə apardı ki, guya bərk inciyib, hətta göz yaşları axıtmaqdan da qalmadı. Və nəhayət, Tom razılaşdı, amma bir şərtə ki, bu pulu da borca alır. Səhəri gün Culiya ona içində iki yüz funtluq əskinaz olan konvert göndərdi. Tom zəng eləyib dedi ki, bu, lazım olandan xeyli artıqdı.
Culiya gülə-gülə:
- Mən yaxşı bilirəm insanlar nə qədər borc aldıqlarını gizlədirlər, - dedi. - Əminəm ki, sənin borcun mənə etiraf elədiyindən çoxdu.
- Doğru sözümdü, elə deyil. Mən dünyasında yalan demərəm.
- Onda qalanını özündə saxla, hər halda, gərəyin ola bilər. Sən restoranın, taksinin, nə bilim, başqa şeylərin pulunu verəndə pis oluram
- Yox, yox, heç cür götürə bilmərəm. Mən alçalmaq itəmirəm.
- Boş şeydi! Özün bilirsən, pulum o qədər çoxdu ki, qoymağa yer tapmıram. Mən səni dar ayaqdan xilas etmək hissindən həzz almaq istəyirəm. Bu icazəni mənə vermək sənin üçün çoxmu çətindi?
- Sənin mənə qarşı bu xoş niyyətin heç bir ölçüyə sığmır. Təsəvvürünə belə gəlməz ki, məni necə xilas etdin. Özüm də bilmirəm, sənə necə təşəkkür eləyim.
Amma səsindən hiss olunurdu ki, həyəcanlıdı. Zavallı quzu, şərtiliklərin əsirliyindən qurtula bilmir. Amma Culiya həqiqəti deyirdi: o, ömründə heç vaxt indi ona pul verdiyi an qədər məmnun olmamışdı. Qəflətən elə bil onda hisslər partlayışı baş verdi. Onun fikrində başqa bir layihə də var idi. Tomun Teplouda onlarla birgə qaldığı bu iki həftədə bu layihəni gerçəkləşdirməyə ümid edirdi. Tomun Tevistok-Skverdəki odasının bir vaxtlar ona valehedici görünən kasıbyana mebellər indi canını sıxırdı. Bir-iki dəfə pilləkanda rastına adam çıxmışdı və Culiyaya elə gəlmişdi ki, nəsə ona birtəhər baxırlar. Otağı yığışdırıb səhər yeməyi hazırlamaq üçün Tomun yanına üstündən çirkab yağan yöndəmsiz bir xadimə gəlirdi. Culiya elə güman eləyirdi ki, o, onların münasibətlərindən agahdı və bura onu güdmək üçün gəlir. Bir dəfə Tomun yanında olanda kimsə qapının dəstəyini fırlatdı. Culiya çıxanda xadimənin pilləkanın tutacaqlarını sildiyini gördü. O, Culiyaya ikrahla baxdı. Culiya pilləkanın üstə qoyulan kiflənmiş ərzaqların üfunətli iyisindən boğulurdu. Tomun odasının tör-töküntüsünün də burdan dala qalmadığı Culiyanın iti nəzərlərindən yayınmadı. Rəngi qaçmış, tozlu pərdələr, yeyilib-sürtülmüş xalça, ucuz mebel... Bütün bunlar Culiyanı iyrəndirirdi. İş elə gətirmişdi ki, Maykl pullarını yaxşı bir işə qoymaq üçün vasitələr arayanda Stenxoup-pleysdən azca kənarda bir neçə qaraj aldı. Lap əvvəllər ora at tövləsi olmuşdu. Maykl hesab eləyirdi ki, onlardan bir hissəsini icarəyə verməklə xərcini çıxaracaq. Qarajların üstündə otaqlar var idi. Maykl o otaqlardan iki mənzil əmələ gətirdi - birini sürücüyə, o birini isə kirayəyə vermək üçün. Sonuncu hələ də boş idi və Culiya Toma oranı tutmağı təklif etdi. Bu, qiyamət olardı. Tom idarədən qayıdanda Culiya bir saatlığa qaçıb yanına gələr, hərdən tamaşadan sonra da bura təşrif buyurmağa imkan eləyə bilərdi. Ən əsası heç kim, heç nə bilməyəcəkdi, kimsə onlara mane olmayacaqdı, tamamilə sərbəst görüşə biləcəkdilər. Culiya Toma otağı necə bəzəyəcəyindən danışırdı. Stenxoup-plyesdə o qədər artıq əşyaları vardı ki, Tom onları "saxlamağa" razı olsaydı, böyük iltifat göstərmiş olardı. Çatışmayanı da bir yerdə gedib alardılar. Şəxsi mənzilə sahib olmaq fikri Tomu çox şirnikləndirirdi, amma bunu arzulamağa da dəyməzdi, çünki tələb olunan ən xırda vəsait belə onun cibinə görə deyildi. Culiya da bunu bilirdi. Onu da bilirdi ki, əgər Toma öz pulunu təklif etsə o, çaşqınlıq içində razılaşmayacaq. Amma ona elə gəlirdi çay sahilində, dəbdəbəli şəhərətrafı evdə keçirəcəkləri bayram ovqatlı bu iki həftədə onun tərəddüdlərini yoluna qoya biləcək. Culiya bu təklifinin onu necə sevindirdiyini artıq xəyalən görürdü və şübhə eləmirdi ki, razılıq verməklə ona xidmət göstərdiyini hansısa bir yolla Toma inandıra biləcək.
"İstədiklərini eləmək üçün insanlara əsas yox, bəhanə lazımdı".
Culiya belə düşünürdü.
İndi o, Teplouda həyəcanla Tomu gözləyirdi. Səhər onunla çay qırağında gəzişib, günorta parkda yanaşı oturmaq necə xoş olacaq! Culiya qəti qərara almışdı ki, Rocer gələndə Tomla arasında heç bir axmaqlıq olmayacaq. Bu, sadəcə, abır-həyanın tələbi idi. Amma Tomla təxminən bütün günü bir yerlə olmağın özü elə ilahi bir hiss idi! Culiyanın günorta tamaşaları olanda isə Tomla Rocer bir şey tapıb başlarını qatacaqdı.
Amma hər şey heç də o gözlədiyi kimi olmadı. Rocerlə Tomun belə dostlaşacağı Culiyanın ağlına da gəlməzdi. Onların arasında beş il fərq var idi və Culiya hesab eləyirdi ki, - amma doğrusu, o, ümumiyyətlə bu haqda düşünməmişdi - Tom Rocerə çox əziz bir uşaq kimi baxacaq. Amma əlbəttə ki, Tom onunla yaşına uyğun davranacaq: hardasa elə bil hamının buyruqçusu olan uşaqdan bezəndə onu özüylə oynamağa göndərirlər. Rocerin on yeddi yaşı yenicə tamam olmuqdu. O, sarımtıl saçlı və göy gözlü xoşsifət bir yeniyetməydi. Onun cazibədarlığı da elə bu iki cizgidən ibarət idi. Onda nə anasının simasındakı ifadə, qaynarlıq, nə də atasının klassik gözəlliyi var idi. Culiya bir qədər dilxor olmuşdu. Oğlu onun ümidlərini doğrultmamışdı. Uşaqlığında, Culiyanın tez-tez onunla şəkil çəkdirdiyi vaxtlarda Rocer çox gözəl idi. İndi o, həddən ziyadə fleqmatik olmuşdu və həmişə görkəmindən ciddilik yağırdı. Axtarsan, yeganə tərifli yeri saçları və dişləriydi. Əlbəttə, Culiya onu çox sevirdi, amma yanında darıxırdı. İkilikdə qalanda vaxt bitib-qurtarmaq bilmirdi. Culiya Roceri məşğul edə biləcək kriket və başqa əyləncələrə yönləndirmək istəsə də, oğlu cavabında hətta söz tapıb deyə bilmirdi. Onun bu kallığı Culiyada təşviş yaradırdı. Amma bununla belə nikbinliyini də əldən vermirdi:
- Əlbəttə, hələ uşaqdı , - deyirdi, - yəqin yaşa dolduqca yetişəcək.
Rocer hazırlıq məktəbinə gedəndən sonra Culiya onu az-az görürdü. Tətil vaxtları da bütün gününü teatrda keçirirdi, o da gah atasıyla, gah da dostlarıyla harasa gedirdi, bazar günləri isə Mayklla qolf oynayırdı. Bəzən Culiyanı lança dəvət eləyəndə, - səhərlər otağına keçib ona səhərin xeyrini dilədiyi iki-üç dəqiqəni hesaba almasaq - günlərlə oğlunun üzünü görmürdü. Heyif ki, sakit-sakit, heç kəsə mane olmadan onun otağında oynayan, balaca əlləriylə anasının boynunu qucaqlayıb düz obyektivə gülən həmin o balaca gözəl uşaq həmişəlik qeyb olmuşdu. Culiya hərdən-hərdən oğlunu görmək üçün İtona gedib onunla çay içirdi. Oğlunun otağında özünün bir neçə fotosunu görmək Culiyaya ləzzət eləyirdi. Yaxşı dərk eləyirdi ki, onun İtona gəlişi hamıda həyəcan yaradıb. Rocerin yaşadığı pansionun baş nəzarətçisi mister Brekenbric də ona xoş gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Təhsilinin yarım ilini başa vurandan sonra Rocer birbaşa Mayklla Culiyanın artıq köçdüyü Teplouya gəldi. Culiya bərk-bərk onu öpdü. Rocer nəhayət, evə gəlməsinə heç də anası gözlədiyi qədər sevinmirdi. O, özünü kifayət qədər laqeyd aparırdı. Elə görünürdü ki, qəflətən yaşına uyğun olmayan qədər yaşlaşıb.
Rocer Culiyaya dərhal bəyan etdi ki, Miladacan İtonu tərk etmək istəyir. Dedi ki, bəs ordan nə qədər mümkünsə, o qədər əxz eləyib, indi də Kembricə daxil olmazdan öncə Vyanaya gedib orda bir neçə ay almancanı öyrənmək niyyətindədi. Maykl onun hərbçi olmağını istəsə də Rocer qəti etiraz etdi. O, hələ hansı sahəni seçəcəyini özüyçün müəyyən etməmişdi. Rocer az qala doğulduğu gündən Maykl da, Culiya da qorxurdu ki, birdən o uşaq da səhnəni seçər, amma görünür, onun teatra azca da meyli yoxmuş.
Culiya:
- Hər halda, onsuz da ondan nəsə çıxan deyildi, - dedi.
Rocer Teplouda heç kimə qaynayıb-qarışmırdı. Səhər açılan kimi çaya gedir, sonra bütün günü əlində kitabla bağçada ilişib qalırdı. Ad günündə Culiya ona sürətli yol velosipedi aldı. İndi o, həmin velosipedlə qəsəbəarası yolları başkicəlləndirən sürətlə ələk-vələk eləmişdi.
Culiya:
- Yeganə təsəlli Rocerin adama əziyyət verməməsidi, - deyirdi. - O, özü özünün necə lazımdı, başını qata bilir.
Bazar günləri yanlarına şəhərdən müxtəlif adamlar, - aktyorlar, aktrisalar, hansısa tanınmayan bir yazıçı və ya onların ən məşhur dostlarından biri gəlirdi. Culiya belə məclisləri xoşlayırdı və həm də bilirdi ki, insanlar da onlara qonaq gəlməyi xoşlayırlar. Rocerin gəlişinin ilk bazarı bu evə sanki axın oldu. Rocer qonaqlara qarşı çox nəzakətliydi. O, ev sahibinin oğlu vəzifəsinin öhdəsindən əsl kübar kimi gəlirdi. Amma Culiyaya elə gəldi ki, o, daxilən hamıya qarşı biganədi, sanki içinə büsbütün girə bilmədiyi bir rolu oynayır. Culiyada belə bir narahat hiss vardı ki, oğlu bütün bu insanları olduqları kimi qəbul eləmir, onları kənar gözlə soyuqqanlıqla qınayır. Culiyada belə təsəvvür yaranmışdı ki, oğlu onlara ciddi yanaşmır.
Tomla Teplouya gələn həftə gəlməyi danışmışdılar və Culiya tamaşadan sonra onu öz maşınında bura gətirdi. Aylı bir gecəydi. Bu vaxtlar yol da boş olur. Bu, lap nağıl gecəydi. Culiya istəyirdi ki, bu gecə əbədi davam etsin. Culiya ona sığınmışdı, Tom ara-sıra qaranlıqda onu öpürdü.
- Xoşbəxtsənmi? - Culiya soruşdu.
- Əlbəttə.
Maykla Roceri mətbəxdə şam yeməyi gözləsə də onlar artıq uzanmışdılar. Hər tərəfdə hökm sürən sükut Tomla Culiyada belə hiss yaratmışdı ki, sanki onlar bura ev sahiblərinin icazəsi olmadan giriblər. Elə bil onlar iki qərib kimi gecənin zülmətindən yad bir evə düşüb burda onlar üçün açılmış dəbdəbəli süfrə aşkar etmişdilər. Lap "Min bir gecə" nağıllarında olduğu kimi. Culiya Toma onun Rocerlə yanaşı olan otağını göstərib yatmağa getdi. Səhəri gün Culiya yuxudan gec oyandı. Gözəl bir gün idi. Bütün gününü Tomla bir yerdə keçirsin deyə Culiya şəhərdən heç kimi dəvət etməmişdi. Geyinəndən sonra onunla çaya gedəcəkdi. Culiya səhərini yeyib vanna qəbul etdi. Gəzinti üçün yaxşı yarayan ağ yüngül donunu geyinib, sifətini daha da açan qırmızı həsirdən olan enli şlyapanı başına qoydu. Demək olar ki, boyadan istifadə etmədi. Güzgüyə baxıb razılıqla gülümsədi. O, doğrudan da çox cavan və təravətli görünürdü. Asudə yerişlə bağçaya tərəf getdi. Suya sarı düşəndə Mayklı gölməçənin yanında dayanan gördü. Onun dörd bir yanını bazar gününün qəzetləri tutmuşdu. Maykl tək idi.
- Elə bilirdim ki, sən qolf oynamağa getmisən.
Maykl özünün isti təbəsümüylə:
- Yox, uşaqlar özləri getdilər, - dedi. - Fikirləşdim ki, əgər tək buraxsam, onları daha xoş olar. Mən onlarla ayaqlaşa bilmərəm. Səhər səkkizdən artıq sudaydılar, yeməklərini tələsik içəri ötürən kimi Rocerin maşınıyla qolf oynamağa şütüdülər.
- Şadam ki, onlar belə dostlaşıblar.
Culiya bu sözləri səmimi deyirdi. Doğrudu, Tomla çayın qırağıyla gəzə bilməməsinə görə, dilxor idi amma, çox istəyirdi ki, o, Rocerin xoşuna gəlsin. Culiyada belə bir qənaət yaranmışdı ki, Rocer öz simpatiya və antipatiyalarında kifayət qədər dəqiqdi. Bir də ki, Tom hələ düz iki həftə onlarla olacaq.
Maykl da qənaətini bölüşdü:
- Səndən nə gizlədim, onlara bir yerdə olanda özümü əsl qoca kimi hiss eləyirəm.
- Boş-boş danışma! Sən onların ikisindən də gözəlsən. Sevgilim, özün də bunu çox gözəl bilirsən.
Maykl buxağını gizləyib qarnını yığdı.
Oğlanlar düz lançın üstünə gəlib çıxdılar.
Rocer:
- Gecikməyimizə görə, üzr istəyirəm, - dedi. - O qədər adam vardı ki. Nişan almaq üçün xeyli gözləməli olurduq. Şarları deşiyə salanda dəqiq zərbələrimizin sayı eyni oldu.
Onlar canavar kimi ac, çılğın və özlərindən razı idilər.
Rocer:
- Nə yaxşı ki, bu gün qonağımız yoxdu, - dedi. - Qorxurdum ki, bütün millət gəlib bura cəmləşəcək, biz də özümüzü ev uşağı kimi aparmağa məcbur olacağıq.
Culiya:
- Mən elə bilirəm onlar bilərəkdən istirahətimizə mane olmurlar, - dedi.
Rocer ona baxdı.
- Anacan, bu sənə zərərdi. Çox yorğun görkəmin var.
("Gözə bir bax, lənət şeytana. Yox, içimdəkiləri üzümə çıxarmamalıyam. Şükür ki, oynamağı bacarıram".)
Culiya ürəkdən gülüb:
- Mən bütün gecəni gözümü də yummamışam, - dedi, - başımı sındırırdım, görüm, səni bu sızanaqlardan necə xilas eləyə bilirəm.
- Hə, çox mudar şeydi. Tom deyir, onda da olub.
Culiya baxışlarını Toma sarı sürdü. Əynindəki yaxası açıq qısaqol göynəyilə, dağınıq saçlarıyla, artıq az da olsa gündə yanmış dərisiylə o, inanılmaz həddə gənc görünürdü. Düzünə qalsa, ona Rocerdən böyük demək olmazdı.
Rocer sözünə gülə-gülə davam etdi:
- Tomun da burnunun dərisi soyulur. Lap müqəvva kimi olacaq.
Culiya yüngül narahatlıq keçirdi. Elə bil Tom bir neçə ilini canından çırpıb Rocerlə tək yaşca yaşıd olmamışdı. Hər ikisi boş-boş əngə vermişdi. Hər iki ovurdlarını şişdirib kim bilir, neçə parç pivənin dibinə daş atdılar. Və həmişə ölçüylə yeyib-içən Mayklın gülən gözü onlarda qalmışdı. Onların cavanlığına və xoş əhvalına baxıb sevinirdi. Maykl Culiyaya iki küçüyün günün altında uzanıb quyruğunu bulaya-bulaya bir-biriylə oynaşmasını izləyən qoca köpəyi xatırladırdı. Kofeni çayın yanında içdilər. Kölgədə oturub çaya tamaşa eləmək çox xoş idi. Tom ağ, uzun, şalvarda çox qəddi-qamətli, biçimli görünürdü. Culiya əvvəllər onun qəlyan çəkdiyini görməmişdi. Bu onu nədənsə riqqətə gətirdi. Amma Rocer Tomu dolamağa başladı.
- Sən niyə çəkirsən? Xoşuna gəldiyinə görə, yoxsa istəyirsən səni qoca bilsinlər?
Tom:
- Kəs səsini, - dedi.
- Kofeni içib qurtardın?
- Hə.
- Onda gəl çaya girək.
Tom qətiyyətsiz nəzərlərini Culiyaya dikdi. Bunu Rocer də sezdi.
- Hər şey qaydasındadı. Sən mənim hörmətli valideynlərim sarıdan narahat olmaya bilərsən. Onlarda bazar gününün qəzetləri var. Anam bu yaxınlarda mənə idman velosipedi hədiyyə eləyib.
("Sakit, sakit... Özünü ələ al. Gör bir nə axmaqlıq eləyib, ona bu velosipedi bağışladım!")
Culiya əsəbi təbəssümlə:
- Yaxşı, - dedi, - o tərəflərdə gəzişin, amma suya girməyin.
- Girsək də heç nə olası deyil. Çay süfrəsinə qədər qayıdacağıq. Ata, tennis kortu hazırdı? Çay içəndən sonra oynamaq istəyirik.
- Yaxşısı budu, atan birini də tapsın, iki ikiyə oynayın.
Rocer:
- Narahat olmayın, təkbətək oynamaq daha maraqlıdı, həm də daha yaxşı yorularıq, - deyib Toma baxdı: - Görək, qayıqlara birinci Kim çatacaq?
Tom yerindən dik atılıb yüyürdü. Rocer də arxadan ona çatmağa üz tutdu. Maykl qəzetlərdən birini əlinə alıb eynəyini axtardı.
- Bir-birləriylə yaxşı tuturlar, eləmi?
- Belə görünür.
- Qorxurdum, Rocer burda bizimlə darıxacaq. Yaxşı ki, indi öz adamı var.
- Sənə elə gəlmirmi ki, Rocer özündən başqa heç kimlə hesablaşmır?
- Tenisə görə deyirsən? Doğrusu, mənim üçün oynayıb-oynamamağın elə bir isti-soyuğu yoxdu. Oğlanların ikilikdə oynamaq istəmələri çox təbii bir haldı. Onların fikrincə, mənim kimi bir qoca oyunu ancaq korlaya bilər. Hər halda, əsas odur ki, onlara yaxşı olsun.
Culiya hiss elədi ki, vicdan əzabı çəkir. Maykl nasiranə, məqsədli, özündən razı məxluq olsa da, həddən artıq xeyirxah idi. Və bir də qəti xudbin insan deyildi! O, paxıllıq nə olduğunu bilmir. Başqalarını sevindirəndə - əlbəttə, əgər bu, pul tələb eləmirsə, - özü də sevinir. Culiya Mayklı başdan ayağacan oxuya bilirdi. Onun bütün fikirləri bəsit idi, buna şəkk-şübhə ola bilməz, amma digər tərəfdən o fikirlər həddi aşmırdılar. Mayklın bu ləyaqətinin onun məhəbbətini oyatmaq əvəzinə, canını sıxması Culiyanı özündən çıxarırdı.
- Əzizim, sən məndən min qat yaxşısan, - dedi.
Maykl özünün dostcanlı, şirin təbəssümüylə başını yellədi.
- Yox əzizim, sadəcə, mənim gözəl profilim var idi, amma sən təpədən dırnağacan istedadsan.
Culiya güldü. Məsələnin nədən getdiyini heç vaxt anlamayan birisiylə danışmaq doğrudan da məzəlidi. Amma maraqlıdı, görən, aktyor istedadından danışanda nəyi nəzərdə tuturlar.
Məhz nəyin onu başqa aktyorlardan bir baş yuxarı eləməsinin səbəbini Culiya tez-tez özündən soruşardı. Karyerasının ilk illərində onu istəməyənlər çox idi. Onu əlbəttə, əleyhinə olmaqla yalnız publikanın rəğbətini qazanmaqla kifayətlənən aktrisalarla müqayisə edirdilər. Amma artıq çoxdan idi ki, heç kim ondan qələbə çələngini almağa iddia etmirdi. Amma bununla yanaşı, təbii ki, kino ulduzları qədər məşhur deyildi. Culiya özünü kinoda da sınadı, amma uğur qazanmadı. Səhnədə bu cür iradəli və hərəkətli görünən sifəti nədənsə ekranda uduzurdu. Və elə ilk cəhddən sonra o, Mayklın məsləhətilə hərdən-hərdən kinoyla bağlı təklifləri rədd etdi. Kinoya çəkilmək? Yox, bu onun səviyyəsindən aşağıdı. Bu mövqeyi Culiya üçün gözəl reklam oldu. Culiya kino ulduzlarına həsəd aparmırdı: çünki onlar gəldi-gedərdilər, amma o, həmişə öz yerindəydi. İmkan düşəndə Culiya Londonun başqa aparıcı aktrisalarının oyununa baxmağa gedirdi. Culiya qəlbən xəsis deyildi və xoşladığını lap ürəkdən tərifləyirdi. Hərdən bəzi yad ifa Culiyaya o qədər yaxşı görünürdü ki, tam səmimi tərzdə adamların niyə məhz onun ətrafında belə hay-küy qaldırmasını başa düşə bilmirdi. O, tamaşaçılar arasında yüksək nüfuza malik olduğunu bilsə də, özü barəsində heç də o qədər böyük fikirdə deyildi. Hansısa intonasiyasının, yaxud jestinin adamları belə vəcdə gətirməsi onu heyrətəndirirdi. Çünki onun üçün bu, nəfəs almaq kimi təbii bir şey idi və Culiya istəsəydi də onda başqa cür alınmayacaqdı. Tənqidçilər onun ifasındakı rəngarənglik barədə yazmaqdan doymurdular. Xüsusən, Culiyanın obraza girmək bacarığını tərifləyirdilər. Əslində o, heç vaxt kimisə müşahidə eləmirdi, yaxud kiminsə surətini çıxarmırdı, sadəcə, yeni roluyla tanış olanda elə bil qəflətən hardansa gələn tutqun xatirələrinin güclü dalğasına düşürdü və məlum olurdu ki, demə, öz qəhrəmanı haqqında əvvəllər ağlına da gəlməyən çox şeyləri bilirmiş. Bu zaman tez-tez hansısa tanışı, yaxud küçədə, ya ziyafətlərdə təsadüfən gördüklərindən birisi yaddaşında peyda olurdu. O, bu xatirələri öz məniylə calaşdırır, beləcə, real həyatdan gəlib onun təcrübəsi, aktyorluq bacarığı, ürəyəyatımlı çöhrəsiylə zənginləşən xarakter yaranırdı. İnsanlar elə bilirdilər ki, o yalnız olduğu iki-üç saatı oynayır, axı, hardan biləydilər ki, yaratdığı personaj bütün günü - Culiya hansısa bir işlə məşğul olanda da, kiminləsə guya həvəslə söhbətləşəndə də - onunla iç-içə yaşayıb. Culiyaya tez-tez elə gəlirdi ki, onda iki şəxs cəmləşib: onlardan biri - məşhur aktrisa, hamının sevimlisi, Londonda ən yaxşı geyinək qadın illüziyadan başqa bir şey deyildi, onun əsl siması hər axşam səhnədə təsvir etdiyi qəhrəmanıydı.
"Kor olum, əgər mənim aktyorluq istedadından azca xəbərim varsa. Amma əvəzində başqa şey bilirəm: on səkkiz yaşıma qayıtmaq üçün nəyim varsa hamısını verərdim".
Culiya öz-özünə benə deyirdi. Amma bu, yalan idi. Əgər ona yenidən gəncliyə qayıtmaq imkanı verilsəydi, razılaşıb-razılaşmayacağı sual altındaydı. Yəqin ki, razı olmazdı. Özü də məsələ heç də bu günkü populyarlığında, hətta lap deyək, şöhrətində deyildi. Məsələ heç onun tamaşaçılar üzərində külli-ixtiyar sahibi olmasında və onların ona bəslədiyi səmimi hisslərdə də deyildi. Əlbəttə, istedadının ona gətirdiyi pullar da, Culiyadan ötrü əhəmiyyətsiz idi. Onu sərxoş eləyən başqa şey idi. Bu, özündə hiss elədiyi o gözəgörünməz güclən, onun material üzərində hakimi-mütləqliyindən doğan bir nəsnəydi. Aldığı istənilən rola -hətta mənasız mətndən ibarət olsa belə - o, öz şəxsi keyfiyyəti, öz sənəti, aktyorluq peşəsinin incəliklərinə bələdliyi ilə nəfəsini üfürüb həyat verirdi. Bax, burda onun tayı-bərabəri yox idi. Yəqin elə buna görə hərdən özünü ilahi varlıq kimi hiss eləyirdi.
Culiya gülümsədi.
"Üstəlik o vaxtlar hələ Tom da bu dünyada yox idi".
Belə baxanda, onun vaxtını Rocerlə keçirməsi ən təbii bir şeydi. Axı, onlar təxminən yaşıddılar, bir nəslə mənsubdular. Bu gün onun məzuniyyətinin ilk günüdü, qoy, şənlənsinlər, hələ qarşıda bütöv iki həftə var. Vaxtını on yeddi yaşlı oğlanla keçirmək bir azdan Tomu bezdirəcək. Rocer çox ürəyəyatımlıdı, amma həm də darıxdırıcıdı. Analıq sevgisi nə qədər çox olsa da Culiyanın gözü kor deyil. Yox, özünə nəzarət eləməlidi, heyrətləndiyini heç bir halda üzə vurmamalıdı. Culiya lap əvvəldən qərara almışdı ki, Tomun qarşısında heç bir tələb qoymayacaq. Əgər Tom ona nədəsə borclu olduğunu hiss eləsə bu, Culiya üçün faciəvi ola bilərdi.
- Maykl, niyə axı, qarajın üstündəki ikinci mənzili Toma təklif eləməyəsən? İndi axırıncı, imtahanını verib mühasib - ekspert olandan sonra köhnə yerində qalmaq onun üçün sadəcə, ayıbdı.
- Pis fikir deyil. Mən ondan soruşaram.
- Aldığın kirə pulundan qənaət eləyərsən. Onu ora özümüz yerləşdirərik. O qədər köhnə mebelimiz var ki. Ambarda qalıb çürüməkdənsə, yaxşısı budu, Toma verək, istifadə eləsin.
Tomla Rocer çay süfrəsi açılanda qayıtdılar, həzmi-rabedən xeyli buterburod keçirib hava qaralanacan tennis oynadılar. Şam yeməyindən sonra domino stolunun arxasına keçdilər. Culiya əla bir səhnə qurdu: gənc ana sonsuz nəvazişlə oğluna və onun gənc dostuna baxır. Culiya ertədən yatağına girdi. Az sonra oğlanlar da yerlərinə qalxdılar. Onların otaqları Culiyanın yatağının düz altındaydı. Culiya Rocerin Tomun otağına keçdiyini eşitdi. Onlar söhbətə başladılar. Onun da, oğlanların da pəncərəsi açıq idi. Onların gümrah səsi Culiyanın qulağına gəlib çatırdı. İlahi, onlar bir bu qədər görən, nədən danışırdılar? Culiya ikmsinin də - nə onun, nə də o birinin belə çox danışdığını hələ görməmişdi. Bir azdan Mayklın səsi gəldi:
- Oğlanlar, marş yerinizə. Sabah doyunca çərənləyərsiz.
Gülüşdülər.
Rocer ucadan:
- Yaxşı, atacan, - dedi.
- Çənədən yaxşısınız ha!
Yenə Rocerin səsi gəldi:
- Gecən xeyirə qalsın, Tom.
Və Tomun ürəkdən gələn cavabı:
- Xeyirə qarşı, dost.
"Səfehlər"
Culiya hiddətdən az qala boğulurdu.
Ertəsi gün yatağında səhərini yeyəndə Maykl yanına gəldi.
- Oğlanlar qolf oynamaq üçün Hanterkoma getdilər. Nəzərdə tutublar iki raund oynasınlar. Məndən soruşdular ki, lança qədər qayıtmaları vacibdimi? Cavab verdim ki, işlərində olsunlar.
Culiya irad tutdu:
- Deyə bilmərəm ki, Tomun bizim evə mehmanxana kimi baxmasından vəcdə gəlirəm.
- Əzizim, onlar axı, uşaqdılar. Qoy, necə istəyirlər, elə də əylənsinlər.
Deməli, bu gün Tomu heç görə bilməyəcək. Əgər teatra vaxtında çatmaq istəyirsə beşlə altı arası evdən çıxmalıdı. Mayklın işi yaxşıdı, bir də ki, nədən axı o, mərhəmətini göstərməsin...
Culiya incimişdi. Ağlamaq istəyirdi. İndi o, ancaq Tom haqqında düşünürdü. Belə çıxır ki, o, Culiyaya qarşı laqeydmiş. Elə bilirdi ki,bu gün dünənkindən fərqli olacaq. Səhər yuxudan belə bir qəti məqsədlə oyanmışdı ki, təmkinli olmalı və hər şeyi olduğu kimi qəbul eləməlidi. Amma ağlına da gəlməzdi ki, bu səhər onu belə məyusluq gözləyir. Culiya qaşqabaqlı halda soruşdu:
- Qəzetləri gətiriblər?
Şəhərə dalğın halda yollandı.
O biri gün bir az yaxşı oldu. Oğlanlar həmin gün qolf oynamamağı qərara aldılar, amma əvəzində səhərdən-axşamacan tennisdə yarışdılar. Onların ölçü bilməyən enerjisi Culiyanı əsəbiləşdirirdi. Şortda olan çılpaq ayaqlı Toma uzağı on altı yaş verərdin. Gündə azı üç-dörd dəfə çayda çimdiklərindən saçlarını yağlaya bilmirdi və quruyanda üzük kimi qıvrım-qıvrım olurdu. Bu onu daha cavan və təəssüf ki, həm də daha körpə göstərirdi. Culiyanın ürəyi əzabdan qovrulurdu. Ona elə gəlirdi ki, Tomun davranışı qəribə şəkildə dəyişib. Rocerlə bu yaxınlıq onu öz zahiri görkəminə fikir verən,nə geyinməli olduğunu ölçüb-biçən kübar insandan dəcəl yeniyetməyə döndərmişdi. Onun məşuqu olduğunu Tom hansısa bir işarəylə, yaxud baxışla belə yada salmırdı, o, Culiyaya, sadəcə, dostun anasına olan münasibəti göstərirdi. Culiyanın sözünə elədiyi hər düzəlişiylə, ədaları, hətta özünün ən isti nəvazişiylə belə Tom ona başqa nəslə mənsubluğunu hiss elətdirirdi. Ona qarşı rəftarında gənc insanın təravətli qadına olan alicanablığından əsər-əlamət belə yox idi. Bu xəsis mərhəməti ki, Tom ona qarşı nümayiş elətdirirdi, olsa-olsa qoca dul xalaya göstərmək olardı.
Culiyanı hiddətləndirən Tomun özündən yaşca balaca birisinin quyruğuna düşməsi idi. Bu onun xaraktersizliyindən xəbər verirdi. Amma Culiya onu yox, Roceri günahlandırırdı. Oğlundakı xudbinlik onda ikrah oyadırdı. Hər şeyi cavanlığın üstünə yıxmaq çox gözəl bəhanədi. Onun öz kefindən başqa hər şeyə laqeydliyi özünə sonsuz sevgisindən xəbər verirdi. O, nəzakətli və diqqətcil deyil. Özünü elə aparır ki, sanki bu ev, bu qulluqçu, bu ana və bu ata yalnız onun rahatlığı üçündü. Culiya neçə dəfə açılmaq istəmişdi, amma ona Tomun yanında nəsihət verməyə cürət eləməmişdi. Həsəd aparılası rol deyil. Həm də Roceri azca acılayan kimi çox incik görkəm alırdı, gözləri yaralı ceyranın gözlərinə oxşayırdı, sən də hiss edirdin ki, ona qarşı ədalətsiz və qəddar olmusan. Onda Culiya tamam halsızlaşırdı. Bu jestləri özü də bilirdi, bu baxışlar Rocerə elə anasından keçmişdi. Culiya səhnədə bu baxışlara eyni effektlə min dəfələrlə müraciət eləmişdi, və yaxşı bilirdi ki, bu, adi bir şeydi. Amma bu baxışlar oğlunun gözündə görünəndə Culiya dəhşətli dərəcədə kədərlənirdi. Hətta oğlunun kədərlənə biləcəyi barədə fikirləşmək belə onun ürəyinə xal salırdı. İndii oğluna qarşı hisslərinin bir-birindən belə dəyişməsi Culiyaya əsl həqiqəti anlatdı. Bəli, o, Tomu Rocerə qısqanırdı, dəlicəsinə qısqanırdı.
Bu kəşfdən sarsıldı: bilmədi gülsün, yoxsa xəcalətdən yerə girsin. Bir neçə dəqiqə düşündü.
"İndi mən sənin rahatlığını burnundan gətirərəm".
Bu dəfə ki, bazar o birindən fərqli olacaq. Xoşbəxtlikdən Tom təqlidçinin birisin "Qadın kişini öz cazibəsini işə salmaqla cəlb eləyir və onun nazıyla oynamaqla yanında saxlayır". Culiya dilinin altında mızıldanıb fikirləşdi: Maraqlıdı, görən bu aforizmi özü düzüb qoşdu, yoxsa hansısa pyesdən yadına düşdü?
Culiya ona - buna zəng elədi. Həftənin sonuna Dennorantları, maliyyə naziri ser Meyxyunun Xenlidəki evində qonaq olan Çarlz Temerlini - bura dəvət etdi.O, dəvəti qəbul eləyib söz verdi ki, Meyxyunuda özüylə gətirəcək. Culiya yaxşı bilirdi ki, kübar insanlar özlərini ali irq kimi təsvir etsələr də bir-birlərindən elə də xoşlanmırlar. Odur ki, onları əyləndirmək üçün səhnədəki tərəfmüqabili Arçi Deksteri və onun səhnədə özünün qızlıq adıyla - Qreys Xarduil kimi çıxış edən yaraşıqlı xanımını da çağırdı. Üfüqdə markiz və markizanın ətrafında fırlanmaq, kabinet üzvünə xoş təsir bağışlamaq fürsəti görünürsə, Tom velosipedlə gəzməyə, yaxud qolf oynamağa gedən deyildi. Buna Culiyanın şəkk-şübhəsi yox idi. Rocer özünəuyğun məktəbli yerini tutmaqla hamının diqqətindən kənarda qalacaqdı. Və onda Tom Culiyanı ürəyi istəyən vaxt necə parlaq göründüyünün şahidi olacaqdı. Öz təntənəsini gözləyə-gözləyə Culiya qalan günləri özünü möhkəm apardı. O, Tomla Roceri demək olar ki, görmürdü səhər tamaşaları olanda olanda isə onlar tamam gözünə görünmürdü. Tennis, yaxud qolf oynamadıqları vaxtlarda Rocerin maşınıyla ətraf yerləri əldən-ayaqdan salırdılar.
Culiya Dennorantları tamaşadan sonra gətirdi. Rocer artıq yıxılıb yatmışdı, amma Mayklla Tom onları şama gözləyirdi. Çox gözəl bir şam idi. Qulluqçular da artıq uzanmışdılar və odur ki, özləri-özlərinə qulluq elədilər. Culiya nəzərləriylə sezdi ki, Tom Dennorantların istədikləri hər şeyin yerli-yerində olması üçün dəridən-qabıqdan çıxır, onların qulluğunda durmaqdan həzz alır. Onun bu nəzakəti az qala sırtıqlıq kimi görünürdü. Gənc, sadə bir cütlük olan Dennorantların ağıllarına belə gəlmirdi ki, onların titulu kimin üçünsə nəsə əhəmiyyət kəsb eləyə bilər. Odur ki, süfrəyə başqa yemək gələndə Tom ondan çirkli qabı alıb təmizini uzadanda Corc Dennorant əməlli-başlı utandı.
"Belə görürəm, sabah Rocerin qolf oynamağa adamı olmayacaq". Culiya ürəyində fikirləşdi.
Onlar saat üçə qədər söhbətləşdilər. Ona gecənin xeyirini diləyəndə Culiya sezdi ki, Tomun gözləri işım-işım yanır: amma ona olan məhəbbətdənmi, yoxsa şampanın təsirindənmi? Bax burasını bilmədi. Tom Culiyanın əlini sıxıb ucadan:
- Qiyamət gecədi, - dedi.
Culiya orqandidən olan libasında bağa çıxıb gözəlliyinin bütün təravətiylə bərq vuranda artıq səhərdən xeyli keçmişdi. Rocer əlində kitab bağda oturmuşdu.
Culiya həqiqətən də çox gözəl kipriklərini qaldırıb soruşdu:
- Kitab oxuyursan? Bəs, qolf niyə oynamırsız?
Rocer pərt görkəm almışdı.
- Tom deyir, həddən artıq istidi.
Culiya heyranedici təbəssümlə:
- Doğrudan? - dedi. - Mən də elə bilirdim, sən qonaqlarımın başını qatmaq üçün evdə qalmağı özünə borc bilmisən. Xeyli adam gələcək, amma biz sənsiz də keçinə bilərik. Bəs o birilər hanı?
- Bilmirəm. Tom Sesil Dennorantın dalınca sülənir.
- O, çox gözəldi.
- Belə görürəm, bu günüm dəhşətli dərəcədə darıxdırıcı olacaq.
Culiya guya bu sözdən çox narahat bir görkəm alıb dilləndi:
- Ümid eləyirəm ki, Tom belə deməyəcək.
Rocer cavab vermədi.
Gün eynilə Culiya gözlədiyi kimi keçdi. Doğrudu, o, Tomu az görə bildi, amma Roceri ondan da az gördü. Tom Dennorantların çox xoşuna gəldi. O, ödəməyə məcbur olduqları iri məbləğdə mənfəət vergisindən yayınmağın yollarını onlara başa saldı. O, maliyyə nazirinin teatr haqqında düşüncələrinə və Arçi Deksterin siyasi baxışlarına maraqla qulaq asırdı. Culiya hələ heç vaxt belə yaxşı olmamışdı. Arçi Dekster çox ayıq başlı adam idi və teatr həyatıyla bağlı xeyli tarixçələr bilir, ən əsası onları heyrətamiz istedadla nəql eləyirdi. Lanç zamanı o, Culiya ilə birlikdə bütün zalı qəşş eləyənəcən güldürdü. Çaydan sonra tennis oynayanlar yorulanda Culiya onu dilə tutdu ki, (demək olmaz ki, Arçi elə güclü müqavimət göstərdi) Qledis Kuperi, Konstans Kolyeni və herti Lorensi parodiya eləməklə hamının könlünü oxşasın. Culiya onu sədaqətlə və təmənnasız sevən Çarlz Temerlini də unutmamışdı, onunla toranlıqda ikilikdə gəzişmək üçün bir-iki dəqiqə oğurlaya bilmişdi. O, Çarlzla birlikdə olanda şən və hazırcavablığını kənara qoyub nəcib və xəyalpərvər bir qadına çevrilirdi. Bütün günü hamını heyran tamaşalar göstərsə də ürəyi qüssəylə doluydu. Həyatının boş və mənasız olduğunu, karyerası bu cür uğurlu alınsa da əsas olan nəyisə əldən buraxmasının ona rahatlıq verməməsini ahlarla, kədərli baxışlarla Çarlza anlatmaq istəyəndə o, demək olar ki, səmimiydi. Neapoliton körfəzinin sahillərində, Sorrentodakı malikanəsini o, necə də tez-tez xatırlayır... Gözəl arzular. Bəlkə də əsl məhəbbət onu elə orda gözləyirmiş. Sadəcə, əlini uzatmaq yetərdi, vəssalam. O isə axmaqlıq elədi. Səhnədəki bütün bu zəfərlər nədi, axı? İllüziya. Pagliacci . İnsanlar bunun nə qədər həqiqət olduğunu dərk eləmirlər. Vesti lagiubba və ilaxır. O, necə də tənhadı. Təbii ki, Çarlza deyilməsi vacib olmasa da Culiyanın ürəyi itirilmiş imkanlara yox, hansısa bir gəncin onunla sevişmək əvəzinə, oğluyla qolf oynamağa üstünlük verməsinə görə qüssə içindəydi.
Arçi Deksterlə Culiya əvvəlcədən aralarında razılaşdırdıqları kimi nahardan sonra hamı qonaq otağına yığılanda, xəbərdarlıqsız-filansız heç bir məna kəsb etməyən bir-iki sözdən başlayıb sonra bir-birlərinə qarşı dəhşətli qısqanclıq səhnəsi qurdular. Sanki onlar iki məşuq idi. Siftə-siftə ətrafdakılar bunun zarafat olduğunu zənn etmədidər, amma sonra onların qarşılıqlı ittihamları əcaib və ədəbsiz şəkil aldığından, hamı gülməkdən uğunub getdi. Sonra ekspromtla sərxoş bir centlmenin Cermin-stritdən bir fransız fahişəsinin necə götürdüyünü oynadılar. Bundan sonra tam ciddiyyətlə "Kabus"da miss Elvinqin pastor Mendersi necə yoldan çıxarmaq istəydiyini təsvir etdilər. Onların yığcam auditoriyasını qəhqəhə səsi bürüdü. Çıxışlarını belə teatral qəbullarda tez-tez göstərdikləri və necə deyərlər, sürtə-sürtə par-par parıldatdıqları "nömrəylə" bitirdilər. Bu, Çexovun pyesindən bir parça idi. Bütün mətn ingiliscəydi, amma coşqun məqamlarda onlar təxminən rus dili kimi səslənən hədərən-pədərənə keçirdilər. Culiya özünün bütün tragik istedadını ortaya qoymuşdu, amma replikaları elə məzəli pafosla deyirdi ki, misilsiz bir komik effekt yaradırdı. Culiya ifasına bütün səmiyyətini, ürəyinin əzablarını qoymuşdu, amma həm də özünəməxsus yumor hissiylə bu dəfə özü də özünə kənardan baxıb gülürdü. Tamaşaçılar yıxılanacan qəşş edirdilər, böyürlərini tuturdular, kəsilmək bilməyən qəhqəhələrdən boğulurdular. Ola bilsin, bu, onun ən yaxşı tamaşasıydı. Çünki bu tamaşanı Culiya yalnız onun üçün - Tom üçün oynayırdı.
Maliyyə naziri:
- Mən Sara Barnarı da, Rejanı da görmüşəm, - dedi. - Mən Duzeni də, Ellen Terrini də, missis Kendeli də görmüşəm. "Nunc Dimittis (Günahların bağışlanma zamanı - italyanca). Sən onlara layiq ola bildin. Culiya bərq vura-vura özünü kresloya yıxıb şampan badəsini birnəfəsə başına çəkdi.
"Əgər Rocerin rahatlığını pozmadımsa mənə lənət olsun". Culiya ürəyində fikirləşdi.
Amma hər halda ertəsi gün onlar səhər yeməyinə düşəndə oğlanlar artıq qolf oynamağa getmişdilər. Maykl imkan eləyib Dennorantları şəhərə aparmışdı. Culiya özünü əzgin hiss edirdi. Tomla Rocer lança gəlib çıxanda onlarla şən ovqatda dınışmaq üçün birtəhər özünü toparladı. Günorta üçlükdə çaya getdilər. Amma Culiyada belə hiss vardı ki, onu ürəkləri istədiklərinə yox, sadəcə, yayına bilmədiklərinə görə yanlarına salıblar. Tomun məzuniyyətə çıxacağı günü necə gözlədiyi yadına düşdü. İçindəki ahı güclə boğdu. İndi o, günləri saya-saya məzuniyyətin nə vaxt bitəcəyini gözləyirdi. Nəhayət, maşına əyləşib Londona istiqamət alanda özündə bir yüngüllük hiss elədi. Culiya Toma qarşı hirsli deyildi, amma içəridən elə bil sınmışdı. Hisslərinə hakim ola bilmədiyinə görə özünü qınayırdı. Teatrın qapısından içəri keçən kimi hiss elədi ki, bu hiss ovqatı səhər vahiməli yuxudan ayılantək özündən çırpdı. Burada öz odasında təzədən özü-özünün yiyəsi olmuşdu və gündəlik həyatın bütün xırdalıqları əhəmiyyətini itirmişdi. Əgər istədiyi vaxt bu azadlığa qovuşmaq imkanı hələ varsa, deməli, ondan ötrü bu dünyada qorxmalı olduğu nəsə yoxdu.
İkinci həftə də belə keçdi. Maykl, Rocer və Tom yaşamaqdan həzz almaqla məşğul idilər. Çimirdilər, tennis, qolf oynayırdılar, çay kənarında gəzişirdilər. Dörd gün qaldı. Üç gün qaldı.
("Hə, indi sonacan tab gətirə bilərəm. Londona gələndə hər şey dəyişəcək. İndi necə bədbəxt olduğumu üzə vurmamalıyam. Özümü elə göstərməliyəm ki, bəs, hər şey qaydasındadı».)
Maykl:
- Havanın bu yaxşı tikəsini udmaq sarıdan bəxtimiz gətirdi, - dedi. - Tom da hamıya xoş təsir bağışladı, eləmi? Heyif ki, daha bir həftə bizimlə qala bilmir.
- Hə, çox heyif.
- Fikrimcə, ondan Rocerə də yaxşı yoldaş olar. Tamamilə normal, əsl gənc ingilisdi.
- Hə, elədi, tamamilə düzdü. ("Ay səni, səfeh! Ay səni, səfeh!")
- Onların necə yediyinə baxmağın özü adama xoş gəlir.
- Hə, iştahlarına söz ola bilməz. ("İlahi, lap istəyir yeməkdən boğulsunlar!")
Tom bazar ertəsi ən ertə qatarla Londona qayıtmalıydı. Şəhərətrafı Bornendə evləri olan Deksterlər onları bazar günü üçün hamılıqla lança dəvət etmişdilər. Ora mühərrikli qayıqda getməyi nəzərdə tutmuşdular. İndi Tomun məzuniyyətinin bitdiyi ərəfədə Culiya öz hiddətini bir kərə də biruzə vermədiyinə görə özündən razı idi. Ona nə əzab verdiyini Tomun ağlına belə gətirmədiyinə əmin idi. Bir az güzəştə getməyi də bacarmaq lazımdı. Ona qalsa, Tom olsa-olsa hələ bir oğlan uşağıdı və dərinə getsən, Culiya onun anası yerindədi. Əlbəttə, onun o uşağa görə başını itirməsi kədərli haldı, amma nə etmək olar, ağlamaqla iş düzəlmir. Həm də əvvəlcədən özünə söz vermişdi ki, Tomun qarşısında tələblər qoymayacaq. Bazar günü şama heç kimi dəvət etməmişdilər. Culiya bu son axşamı Tomla ikilikdə qalmaq istəyirdi. Əlbəttə, bu, mümkün deyil, amma hər halda, onlar bağda ikilikdə gəzə bilərdilər.
"Maraqlıdı, görən, bura gəldiyi gündən bir dəfə də məni öpmədiyinin fərqindədimi?"
Velosipeddə gəzmək də olar. Amma bir neçə an onun ağuşunda olmaq necə ilahi hissdi. Bu, Toma bütün günahlarını bağışladırdı.
Deksterlərə əsasən aktyorlar yığılmışdı. Arçinin xanımı Qreys Xarduil musiqili komediya nömrəsi nümayiş elədi. Qreysin oxuduğu operetta dəstə-dəstə gözəgəlimli qız da rəqslə müşayiət eləyirdi. Culiya heç bir əlavə rəngə ehtiyac görmədən tam təbiiliklə primadonna obrazındaydı. O, öz füsunkar təbəssümüylə xorda həftəyə üç funta işləyən, sifətlərinin rəngi qaçmış qızlara baxırdı. Qonaqlardan çoxunun fotoaparatı var idi və Culiya məmnuniyyətlə şəklini çəkmələri üçün onlara şərait yaradırdı. O, Qreysin bəstəkarın şəxsi müşayiətilə ifa etdiyi məşhur ariyasını hərarətlə alqışladı. Bu komediya "qarısı" onu, Culiyanı ən məşhur rollarından birində təsvir edəndə səbəbkar hamıdan bərk güldü. Hər şey çox şən, qayğısız və haylı-küylü idi. Culiya ürəkdən ləzzət aldı və saat yeddini göstərəndə təəssüf hissi keçirmədən getməyə hazırlaşdı. Bu xoş gün üçün ev sahiblərinə minnətdarlığını izhar edəndə Rocer anasına yaxınlaşdı.
- Qulaq as, anacan, burdan bir dəstə adam Meydnhedə şam yeməyinə, sonra da rəqs eləməyə gedir. Məni də Tomla dəvət eləyirlər. Sən etiraz eləmərsən, eləmi?
Culiyanın beyninə qan vurdu. Özünə nəzarəti itirdiyindən səsi də kifayət qədər kobud çıxdı.
- Bəs siz necə qayıdacaqsız ?
- Narahat olma, hər şey qaydasında olacaq. O adamlardan biri bizi maşınla gətirib evə atacaq.
Culiya mağmın-mağmın oğluna baxdı. Nə əsasla etiraz etsin?
- Yaxşıca şənlənəcəyik, ana. Tom getməyi yaman istəyir.
Ürəyi qopub düşdü. Oğlunun dərsini verməkdən özünü zorla saxlaya bildi.
- Yaxşı, əzizim. Amma çox gecəyə qalma. Unutma ki, Tom hava işıqlanan kimi qalxmalıdı.
Bu vaxt onlara yaxınlaşan Tom da Culiyanın son sözlərini eşitdi. Və soruşdu:
- Siz doğrudan etiraz eləmirsiz?
- Əlbəttə. Ümidvaram, orda vaxtınızı yaxşı keçirəcəksiz.
Culiya şən baxışlarla gülümsəsə də, amma gözlərində bumbuz parıltı işarırdı.
Qayığa oturanda Maykl:
- Mən oğlanların bizi qoyub getməsinə şadam, - dedi. - Bəlkə də min ildi sənlə təklikdə qalmamışıq.
Culiya partlamaqdan və Maykla gic-gic danışmamağı məsləhət görməkdən özünü zorla saxladı. İçinin hiddəti boğazınacan qalxmışdı. Bu, son damlaydı. Tom bu iki həftəni onu görmədən keçirmişdi, hətta ona qarşı adi bir nəzakət də göstərməmişdi, amma Culiya özünü əsl mələk kimi aparmışdı. Bu dözüm hansı qadında ola bilərdi? Onun yerində bir başqası olsaydı, özünü belə həyasız aparan birisini çoxdan rədd eləmişdi. Xudbin, dəli, qaba-bütün bu adlar onun boyuna biçilib. Heyif ki, sabah özü öz xoşuyla çıxıb gedir. Onu bütün əşyalarıyla birlikdə necə məmnuniyyətlə qapıdan çölə atardı. Dərisi qara qəpiyə dəyməyən bu xırda adam onunla belə rəftara necə cürət eləmişdi?! Şairlər, Nazirlər Kabinetinin üzvləri, İngiltərənin başbilənləri onunla birlikdə şam etmək üçün ən vacib görüşlərindən belə sevinclə imtina edərdilər, o isə onu atıb oynamağı bacarmayan bir topa boyalı sarışınla rəqs elməyə yollandı. Aydın məsələdi ki, onda baş deyilən şeydən əsər-əlamət belə yoxdu. Odur ki, hansı minnətdarlıqdan danışmaq olar? Əynində ən son əski parçasına qədər nə varsa, hamısı onun puluna alınıb. Hələ qürrələndiyi bu portsiqara bax, məgər hədiyyə etməyibmi? Bəs üzük? Yox, yox, canını rahat qurtara bilməyəcək, onunla mütləq haqq-hesab çəkiləcək. Hətta yolunu da bilir. Onun zəif yerinə yaxşı bələddi. Onun ən yaralı yerinə toxunacaq! Qisas planını düzüb qoşandan sonra özündə bir qədər yüngüllük hiss elədi. Onu tez icra eləmək üçün alışıb yanırdı. Təzəcə gəlib evə çatmışdılar ki, dərhal özünün yataq otağına qalxdı, çantasından dörd ədəd bir funt sterlinqlik əskinaz, bir ədəd də on şillinq çıxardı. Və qısa bir qeyd yazdı:
"ƏzizTom.
Səhər səni görə bilməyəcəyim üçün xidmətçilərə veriləsi pulları özün paylayarsan. Üç funt eşikağasına, bir funt sənin kostyumlarını təmizləyib ütüləyən qulluqçuya, on şillinq də sürücüyə verərsən.
Culiya".
Çağırıb tapşırdı ki, Eviyə sabah ertədən Tomu oyadan qulluqçu bu konverti ona versin. Şam yeməyinə düşəndə Culiya özünü kifayət qədər yaxşı hiss eləyirdi. Yemək yedikləri vaxt Mayklla söhbətləşdi, sonra oturub kart oynadılar. Əgər bütün bir həftə oturub başını sındırsaydı belə Tomu sancmaq üçün bundan yaxşısı ağlına gəlməyəcəkdi
Amma Culiya heç cür yuxuya gedə bilmədi. Yatağında uzanıb Rocerlə Tomun yolunu gözləyirdi. Ağlına gələn fikirdən yuxusu tamam qaçmışdı. Ola bilsin, Tom özünü necə alçaq apardığını dərk edə bildi. Əgər heç olmasa bir saniyə bu haqda düşünsə, onu necə məyus etdiyini anlayar və peşimançılıq hissi keçirər. Odur ki, ola bilsin, onlar qayıdanda Rocerlə bir-birlərinə gecənin xeyirini dilədikdən sonra Tom bir yolla onun otağına keçəcək. Əgər belə eləsə Culiya hər şeyi ona bağışlayar. Məktub da yəqin bufetin üstündədi. Ehmalca aşağı düşüb onu ordan almaq elə də çətin məsələ deyil. Nəhayət, maşın gəldi. Culiya saata baxmaq üçün işığı yandırdı. Üç idi. Cavanların qalxıb öz otaqlarına keçdiyini eşitdi. Culiya gözləyirdi. Gecə lampasını yandırdı ki, Tomu içəri girəndə görə bilsin. Özünü yatmış kimi göstərəcək, o, pəncəsi üstə ehmalca ona yaxınlaşanda ağır-ağır gözlərini açıb Tomun üzünə güləcək. Culiya gözləyirdi. Gecənin səssizliyində o, Tomun necə yerinə girib işığı keçirdiyini eşitdi. Bir dəqiqə düz gözünün qabağına baxdı, sonra çiyinlərini çəkib çarpayının yanındakı dolabın rəfini çəkdi, yuxu dərmanından iki tablet götürdü.
"Əgər yuxuya getməsəm, dəli olaram".
On beşinci hissə
Culiya oyananda saat on ikiydi. Məktubların arasında poçtla gəlməyəni də var idi. Tomun səliqəli, aydın xəttini tanıyıb konverti açdı. Gözünə dörd funtdan və on şillinqdən başqa bir şey dəymədi. Culiyanın yüngülcə başı fırlandı. O, təhqiramiz hədiyyəsinə və istehzalı məktubuna nə cavab gələcəyini özüyçün təxmin eləməmişdi. Tomun bu hədiyyəni sadəcə, qaytara biləcəyi ağlına belə gəlməmişdi. Culiya dünən həyəcanlı və dilxor idi, onu alçaltmaq, ağrıtmaq istəyirdi, amma indi əndazəni aşdığına görə qorxurdu.
"Ümidvaram, qulluqçuya çay pulu verib". Culiya özünə ürək-dirək vermək üçün dilinin altında mızıldandı. Sonra çiyinlərini çəkdi. "Heç nə olmaz, ağlı başına gələr, mənim hərdən sancmağı da bacardığımı bilməsi zərərinə olmaz".
Bütün günü fikir içindəydi. Axşam teatra gələndə orda onu bağlama gözləyirdi. Göndərilən ünvana baxan kimi içində nə olduğunu bildi. Evi bağlamanı açmağı istəyib-istəmədiyini xəbər aldı.
- Lazım deyil.
Amma tək qalan kimi özü açdı. Orda qalstuk üçün sancaq, jilet üçün mirvari taxma düymələr, saat və Tomun qürur yeri - həmin o portsiqar var idi. Ona nə bağışlanmışdısa hamısı ordaydı. Və nə bir məktub, nə də bir kəlmə izahat var idi. Ürəyi qopub düşdü, hiss elədi ki, ayaqdan-başacan əsir.
"Ağlım niy ə belə azdı?! Nədən özümü cilovlaya bilmədim?!" Ürəyinin hər döyüntüsü ona ağrı verirdi. İçini dağıdan bu cəhənnəm əzabıyla səhnəyə necə çıxacaqdı? Çox pis oynayacaq. Nə qədər çətin olsa da mütləq onunla danışmalıdı. Tomun evində bu odayla calanan telefon xətti var idi. Culiya nömrəni yığdı. Xoşbəxtlikdən Tom evdəydi.
- Tom!
- Sözün nədi?
Cavab verməzdən əvvəl bir qədər susdu, səsi də narahat idi.
- Bu nə deməkdi? Bunları niyə mənə göndərmisən?
- Səhər sən pulu aldın?
- Hə. Mən qəti bir şey anlamıram. Nədi, sənin xətrinə dəymişəm? Tom cavabında:
- Əlbəttə, yox, - dedi. - Mənə aşna kimi yanaşılanda ləzzət alıram. Üzümə vuranda ki, hətta çay pulu ödəməyə belə qadir deyiləm, əlbəttə, bu da mənə xoş gəlir. Heyrətlənəsi iş odur ki, sən London qatarının üçüncü klassına bilet almaq üçün konvertə pul qoymamısan.
Culiya ağrıdan və həyəcandan göz yaşını güclə boğub zorla danışsa da, özündən xəbərsiz gülümsədi. Ay səni, səfeh!
- Doğrudanmı, səni təhqir eləmək istəmişəm? Sən məni kifayət qədər yaxşı tanıyırsan, ona görə də anlamalısan ki, belə bir şey mənim ağlıma belə gələ bilməz.
- Lap pis. ("Mənə lənət olsun". Culiya düşündü) Mən səndən o hədiyyələri almamalıydım, pulları borca götürməməliydim.
- Nə dediyini başa düşmürəm. Burda nəsə bir dəhşətli anlaşılmazlıq var. Tamaşadan sonra yanıma gələrsən, hər şeyi aydınlaşdırarıq. Mən hər şeyi sənə izah eləyərəm.
- Mən naharı valideynlərimlə keçirməyə gedirəm, gecəni də onlarla qalacam.
- Onda sabah gəl.
- Sabah mən məşğulam.
- Mən səninlə görüşməliyəm, Tom. Biz belə ayrıla bilmərik. Biz bir-birimizə çox yaxın olmuşuq. Məni dinləmədən necə ittiham eləyə bilərsən? Günahsız insanı cəzalandırmaq ədalətsizlikdi.
- Elə bilirəm, bundan sonra görüşməsək, daha yaxşı olar.
Culiya tamam özünü itirdi.
- Mən axı səni sevirəm, Tom. Mən səni sevirəm. İcazə ver səni bir də görüm. Əgər sən əvvəlki kimi yenə kinli olacaqsansa, onda neyləməli, bu kitabı bağlanmış bilək.
Tomun sükutu sonsuzluğa qədər uzandı. Nəhayət, cavab gəldi:
- Yaxşı, çərşənbə axşamı günorta tamaşasından sonra gəlib dəyərəm.
- Mənim haqqımda o qədər də pis fikirdə olma, Tom.
Hər nəsə, əsas odur ki, o, gələcək. Culiya onun geri göndərdiklərini təzədən büküb Evinin gözündən kənar bir yerdə gizlədi. Soyunub köhnə çəhrayı xalatını geyindi və qrimlənməyə başladı. Əhvalı çox pis idi, o, ilk dəfə Toma sevgisini etiraf etmişdi. Yanına gəlməsi üçün Toma belə alçaldıcı tərzdə yalvarmasına görə içini gəmirirdi. Bu vaxtacan Tom ona çatmağa can atırdı, indi rolların bu cür dəyişməsi ona dözülməz görünürdü.
Culiya çərşənbə axşamının günorta tamaşasında çox pis oynadı. Dəhşətli isti var idi və publika tamaşanı güclə həzm eləyirdi. Culiya üçün fərqi yox idi. Ürəyinə min cür pis-pis fikirlər gəlirdi. Bu halda pyesinmi fərqində olacaq?! (Ümumiyyətlə, belə bir gündə teatrda nə iti azıb axı?) Tamaşa bitəndə sevindi.
Eviyə:
- Mən mister Fenneli gözləyirəm, - dedi. - İstəmirəm ki, o yanımda olanda kimsə məni narahat eləsin.
Evi dinmədi. Culiya ona baxdı. Evi çox qaşqabaqlı idi.
("Cəhənnəm olsun. Nə fikirləşirsə, özü bilsin!")
Tom artıq bu vaxt gəlib çıxmalıydı. Saat altını göstərirdi. O, gəlməyə bilməzdi, axı, söz vermişdi. Culiya adətən, qrimləndiyi vaxt geyindiyi o köhnəni yox, tünd qırmızı ipəkdən olan kişi xalatını əyninə keçirdi. Evi hələ də Culiyanın şey-şüylərini yığa-yığa qalmışdı.
- Tanrı xətrinə, Evi, əl-ayağa dolaşma. Mən tək qalmaq istəyirəm.
Evi cavab vermədi. O sanki özündən asılı olmadan qrim stolunun üstünə əşyaları Culiyanın həmişə xoşladığı qaydada düzə-düzə qalmışdı.
- Lənət şeytana, səninlə danışana niyə cavab vermirsən?
Evi dönüb Culiyaya baxdı. Barmağıyla fikirli-fikirli burnunu sildi.
"Ola bilsin, siz doğrudan da böyük aktrisasız, amma..."
- Cəhənnəm ol!
Culiya səhnə qrimini yuyub demək olar ki, üzünə boya çəkmədi, yalnız gözünün üstünü azca göyərtdi. Hamar, ağ dərisi var idi, dodaq boyası və ənliksiz əzgin və solğun görünürdü. Kişi xalatında o, daha zərifdi, gücsüzdü və bununla yanaşı eleqant təsir bağışlayır. Ürəyinə bir ağırlıq çökmüşdü, həyəcan içini yeyirdi. Güzgüyə baxanda dilinin altında mızıldandı: "Mimi Bogema"nın sonuncu aktında". Özü də hiss etmədən öskürdü. Elə bil vərəmliydi. Culiya qrim stolunun üstündəki gur işığı söndürüb divanın üstünə uzandı. Az sonra qapı döyüldü və Evi mister Fennelin gəlişini xəbər verdi. Culiya ağ, arıq əlini ona uzatdı.
- Bağışla ki, uzanmışam, nəsə özümü yaxşı hiss eləmirəm. Altına stul çək. Nə yaxşı ki, gəldin.
- Özünü yaxşı hiss eləmirsən? Nə olub ki?
Culiyanın qansız dodaqları əzablı təbəssüm içində tərpəndi.
- Elə qorxulu bir şey yoxdu, sadəcə, son iki - üç gecəni yaxşı yata bilməmişəm.
Culiya gözəl gözlərini Toma zilləyib bir neçə dəqiqə sükut içində nəzərlərini ona dikdi. Tom halsız görünürdü, amma Culiyaya elə gəldi ki, o, qorxub.
Nəhayət, Culiya asta səslə dilləndi:
- Mən gözləyirəm. İzah elə görüm nə günahın yiyəsiyəm? Mənə qarşı nə iradın var?
Səsinin necə titrədiyini Culiya da hiss elədi. Amma hər şey təbii alındı. ("İlahi, mən deyəsən, qorxmuşam").
- Bu mövzuya qayıtmağın mənası yoxdu. Sənə ancaq bir şey demək istəyirəm. Qorxuram, sənə borclu olduğum o iki yüz funtu belə tez qaytara bilməyim. Sadəcə, indi o qədər pulum yoxdu, amma yavaş-yavaş hamısını verəcəm. Səndən möhlət istəmək mənim üçün elə də xoş deyil, amma başqa yolum yoxdu.
Culiya dikəlib hər iki əlini sınmış ürəyinin üstünə qoydu.
- Başa düşmədim. İki gecə gözümə yuxu getməyib, nə baş verdiyini fikirləşə-fikirləşə qalmışam. Qorxurdum, başıma hava gələr. Anlamaq istədim. Bacarmadım. Bacarmadım ("Hansı pyesdə belə demişəm?")
- Bacarmadın? Sən hər şeyi çox gözəl anlayırsan. Sən mənə acıqlıydın, ona görə də ürəyindən məni cəzalandırmaq istəyi keçdi. İstədiyini də elədin. Özü də mənimlə haqq-hesabı necə lazımdı çəkdin! Sən öz hiddətini nümayiş eləmək üçün başqa vasitə tapa bilmədin?
- Niyə axı, mən səni cəzalandırmalıydım? Nə səbəbə? Niyə axı, mən sənə hiddətlənməliydim?
- Ona görə ki, mən Rocerlə Meydnhedə, həmin şənliyə getdim. Sən isə istəyirdin, evə qayıdam.
- Amma axı, mən özüm dedim ki, gedəsiz. Mən sizə vaxtınızı yaxşı keçirməyi də arzuladım.
- Hə, əlbəttə, amma gözlərin hiddətdən alışıb-yanırdı. Mən ora getməyə elə də həvəsli deyildim, amma Rocer elə qızışmışdı ki... Mayklla, səninlə birlikdə şam eləmək üçün ona dedim ki, yaxşısı budu evə qayıdaq. Qayıdıb dedi ki, bizim kefimizə soğan doğramaqdan siz ikiniz yalnız həzz alacaqsız. Odur ki, mən də boş şeydən hay-küy qalxmasını istəmədim. Sənin əsəbləşdiyini görəndə artıq qərarı dəyişmək gec idi.
- Mən heç də əsəbiləşməmişdim. Necə olub ki, sənin ağlına belə bir fikir gəlib? Sizin şənliyə getmək istəyiniz tamam təbii bir şeydi. Məgər elə fikirləşirsən mən sənin əylənməyinə razı deyiləm? Məgər mən heyvan-zadam? Zavallı quzum, mənim qorxduğum ancaq bir şey idi - orda darıxmayasan. Mən necə də arzulayırdım ki, sən bu məzuniyyətini şən keçirəsən!
- Bəs onda niyə o kağızı yazıb konvertə o pulu qoydun? Bu çox alçaldıcı idi.
Culiyanın səsi qırıldı. Dodaqları əsməyə başladı, o, öz sifətinə nəzarəti itirdi. Tom pərt halda üzünü çevirdi. O, özü də istəmədən təsirlənmişdi.
- Öz pulunu mənim qulluqçularıma sərf eləyəcəyini düşünmək mənə ağır gəlirdi. Bilirəm ki, sən elə də imkanlı deyilsən, özü də qolf oynayanda səndən bir ətək çay pulu çıxıb. Mən gənc insanla harasa gedəndə onu xərclədən qadınlara nifrət eləyirəm. Onlara əsl xudbinlərdi. Mən sənə qarşı Rocerə eləyə biləcəyimi eləmişəm. Sənin mənliyinə toxuna biləcəyim ağlıma belə gəlməyib.
- And iç!
- Düz sözümdü. İlahi, doğrudanmı, üstündən aylar keçəndən sonra da sən məni yaxşı tanıya bilməmisən? Əgər sən fikirləşən həqiqətdisə, onda mən gör necə murdar, əzazil, alçaq qadınam, necə boş, ürəksiz, qaba arvadam! Sən məni belə görürsən, hə?
Çətin sualdı.
- Əsas bu deyil. Hər halda, mən səndən borca pul, bahalı hədiyyələr almalı deyildim. Bu məni çox dəhşətli vəziyyətdə qoydu. Mənə qarşı hiddətləndiyinin hardan ağlıma gəldiyini deyimmi? Çünki ağlım deyir ki, buna haqqın var. Mən həqiqətən də özümü özümdən bu qədər varlı insanlara tay tuta bilərəm. Ağlımdan keçəndə ki, tay tuta bilmərəm, deməli, ağlım azıbmış. Çox maraqlı və şən günlər yaşadım, vaxtımı əla keçirdim, amma artıq hər şey bitdi. Biz daha görüşməyəcəyik.
Culiya dərindən ah çəkdi.
- Sən sadəcə, məni adam saymırsan. Bax, olan budu.
- Bu, ədalətsizlikdi.
- Sən mənim üçün hər şeysən. Bunu özün də bilirsən. Mən elə tənhayam ki. Səninlə dostluq mənim üçün çox qiymətlidi. Həşaratlarla, gəmiricilərlə əhatə olunmuş bir insandan, mən sənə heç də lazım deyilmişəm. Amma elə bilirdim, sənə güvənmək olar. Səninlə birlikdə olmaq mənə elə xoş idi ki. Yeganə adamıydın ki, səninlə özüm kimi qala bilirdim. Məgər anlamırsan ki, sənə az da olsa dayaq olmaq mənə necə məmnunluq gətirir? Bu xırda-xuruşu sənə yox, özümə üçün hədiyyə eləmişəm: mən alanlardan istifadə elədiyini görəndə özümü dünyanın ən xoşbəxti saymışam. Əgər gözündə azacıq qiymətim olsaydı, bu səni alçaltmazdı, təsirləndirərdi.
Culiya yenə uzun-uzadı ona baxdı. Ağlamaq onun üçün heç vaxt çətin bir iş olmamışdı, indi isə özünü elə bədbəxt hiss eləyirdi ki, bunun üçün hətta azacıq cəhd də tələb olunmadı. Tom hələ bu vaxtacan onu ağlayan görməmişdi. Culiya hıçqırmadan ağlamağı bacarırdı - gözəl gözlər dipdiri açılıb, sifət demək olar ki, donub və onun üzəriylə iri, ağır göz yaşları axır. Onun tragik duruşundakı təxminən tamam hərəkətsizlik heyrətamiz həyəcan yaradırdı. Culiya son dəfə "Yaralı ürək"də belə ağlamışdı. İlahi, bu pyes onun suyunu çıxarmışdı. Culiya Toma yox, qabağına baxa-baxa qalmışdı. O, dərddən havalanmışdı. Bu, nədi belə? Amma ikinci, daxili "mən"i nə elədiyini əla başa düşürdü. Bu "mən" onun dərdini bölüşür, eyni zamanda, Culiyanın hərəkətlərini müşahidə edirdi. Gözünün bir qırağıyla Tomun bənizinin necə ağardığını gördü, qəfil gələn əzabdan necə dərindən sarsıldığını duydu. Hiss elədi ki, Tom onun iztirablarına qanıyla, canıyla tab gətirməyə sadəcə, qadir deyil.
- Culiya!
Səsi Tomu satdı. Culiya ağır-ağır nəmli gözlərini qaldırıb ona baxdı. Tomun qarşısındakı bu dəqiqə sadəcə, gözü yaşlı bir qadın yox, insaniyyətin bütün dərdiydi - insan taleyinin ölçüsü, sonu bilinməyən və əbədiyyətə qədər qalacaq dərdi. Tom qarşısında diz çöküb Culiyanı bağrına basdı. O, sarsılmışdı.
- Sevgilim! Sevgilim!
Culiya tərpənmirdi. Elə bil Tomun burada, onun yanında olduğunu dərk eləyə bilmirdi. Tom onun yaşlı gözlərini öpüb dodaqlarıyla dodaqlarını axtarırdı. Culiya dodaqlarını onun ixtiyarına verdi. Sanki onun qarşısında tamam köməksiz idi, sanki özünə nəzarəti tamam itirmişdi və nə baş verdiyini anlamırdı. Təxminən hiss olunmayan bir hərəkətlə Culiya bütün bədəniylə ona qısıldı və qolları da sanki özündən xəbərsiz onun boynuna dolandı. O, Tomun ağuşuna tamam ölmüş kimi olmasa da, hər halda, bütün gücü, enerjisi canından çıxmış bir məxluq kimi sığınıb qalmışdı. Tom ağzında Culiyanın göz yaşlarının duzlu tamını hiss elədi. Nəhayət, Culiya yumşaq qolları hələ də onun boynundan asılı halda arxası üstə yorğun-yorğun divana yıxıldı. Tom onun dodaqlarından öpdü.
İyirmi beşcə dəqiqədən sonra bu toxtaq və şən, yalnız bir balaca qızarmış bu qadına baxan adamın ağlına belə gəlməzdi ki, cəmi bir az əvvəl o, acı-acı ağlayırmış. Hər ikisi adama bir badə sodalı viski içib, bir siqaret çəkib indi də nəvazişlə, bir-birlərinə baxa-baxa qalmışdılar.
"O, ürəkdi". Culiya belə düşündü.
Sonra ağlına gəldi ki, Toma bu gün məmnunluq gətirə bilər.
- Bu gün hersoq və hersoginya Rikbilər tamaşada olacaqlar. Sonra birlikdə «Savoy»da şam yeməyinə gedəcəyik. Sən yəqin bizimlə bir yerdə olmaqdan təəssüflənməzsən. Mən kavalersizəm.
- Əgər sən istəyirsənsə, məmnuniyyətlə gələrəm.
Yanaqlarında əmələ gələn qızartı onun belə yüksək zümrənin insanlarıyla görüşmək imkanı qazanmaqdan necə həyəcanlandığını aydın biruzə verirdi. Culiya daha ona demədi ki, həmin cütlük başqasının hesabına yeyib-içmək üçün hara desən getməyə hazırdı. Tom Culiyanın hədiyyələrini geri aldı, düzdü utana-utana aldı, amma aldı. Gedəndən sonra Culiya qrim stolunun arxasında əyləşib güzgüdə özünə baxdı.
«Yaxşı ki, ağlayanda gözlərim şişmir». Culiya ürəyində özüylə danışıb azca qaşlarını massaj elədi, sonra sözünün davamı gəldi. «Hər halda, bu kişi tayfası necə də ağılsızdı!»
Culiya xoşbəxt idi. İndi hər şey yaxşı olacaq. O, Tomu yenidən geri ala bildi.
Amma onu belə asanca aldada bildiyinə görə hardasa ürəyinin dərin yerində Toma qarşı zəif də olsa bir nifrət hiss etdi.
On altıncı hissə
O inciklik nəsə naməlum bir şəkildə onları bir-birindən ayıran səddləri aşırıb Tomla Culiyanı daha da yaxınlaşdırdı. Yenidən mənzil məsələsi söhbətini salanda Tom heç də Culiya gözlədiyi kimi müqavimət göstərmədi. Sanki barışıqdan sonra Culiyanın hədiyyələrini geri alıb, borcu unutmağa söz verən Tom vicdan məsələsi sarıdan lal-kar olmuşdu. Mənzili qurmaq necə də maraqlıydı! Sürücünün arvadı mənzili yığışdırıb Toma səhər yeməyi hazırlayırdı. Culiyanın da ayrıca açarı vardı, hərdən o mənzilə təşrif buyurub Tom idarədən qayıdanacan qonaq otağında oturub yolunu gözləyirdi. Həftədə üç dəfə birlikdə harasa yeməyə gedirdilər, rəqs eləyib taksidə bu mənzilə qayıdırdılar. O vaxt səhnədə gedən pyes də uğur qazanmışdı. Culiya özünü gənc və enerjili hiss eləyirdi. Rocer miladda gəlməliydi, amma cəmi iki həftəni evdə keçirib, sonra Vyanaya gedəcəkdi. Culiya başa düşürdü ki, Rocer yenidən Tomsa sahib çıxacaq. Amma qərara aldı ki, buna görə dilxor olmasın. Gəncliyin gəncliyə can atması təbii bir şeydi. Odur ki, onların başının bir neçə gün bir-birinə qarışacağı səbəbindən Tom Culiyanı tamam unudarsa belə, buna görə həyəcanlanmağa heç bir əsas yoxdu. İndi o, tamamilə Culiyanın əlindəydi. Tom Culiyanın məşuqu olmağından qürur duyurdu, bu onda özünəinam hissi aşılayırdı. Az və ya çox dərəcədə yüksək təbəqəyə mənsub insanlarla tanışlıq onu qürrələndirirdi. Bu isə yalnız Culiya vasitəsilə mümkün idi. Tom yanğılı bir istəklə yaxşı klublardan da birinə üzv olmaq istəyirdi və Culiya ona bunun üçün də özülünü qoymuşdu. Çarlz heç vaxt nədəsə ona etiraz etməmişdi və Culiya əmin idi ki, bu işə ayıq başla girişsə, Tomu onun klublarından birinə üzv eləməyə razı sala biləcək. Pulu kefinə uyğun xərcləmək də Tom üçün yeni və gözəl bir duyğu idi. Culiya onun bu bədxərcliyini təqdir eləyirdi. Çünki ağlına yeritmişdi, bəs, Tom bu cür həyat tərzinə öyrəşəndən sonra anlayacaq ki, daha onsuz, sadəcə, keçinə bilməz.
«Əlbəttə, bu, əbədi davam eləyə bilməz, amma hər şey bitəndən sonra onun xatırlamağa nələrisə olacaq. Bu ona elə çox şeylər verəcək ki! Bu onu əsl kişi eləyəcək». Culiya öz-özünə belə deyirdi.
Amma Culiya özünə bu əlaqələrin əbədi davam etməyəcəyini desə də, əslində həm də müəmma içindəydi. Niyə də yox? Vaxt ötdükcə Tom da böyüyəcək, yaşlaşacaq, onlar arasında fərq də elə böyük görünməyəcək. On-on beş ildən sonra o, belə gənc olmayacaq, Culiya isə qocalmaq niyyətində deyil. Birlikdə günləri yaxşı keçər. Kişilər öz vərdişlərinin quludu və bu, onları yanlarında saxlamaq üçün qadınlara kömək eləyir. Culiya özünü ondan bir gün də böyük hiss eləmirdi və əlbəttə ki, Tom özü də aralarındakı yaş fərqinin fərqində deyildi. Doğrudu, bir dəfə Culiyaya müəyyən narahatlıq gətirən hadisə baş vermişdi. Həmin gün Tom güzgünün qabağında saçını darayırdı. Culiya isə onun yatağında nə vaxtsa şəhərətrafı evlərdən birində gördüyü Tisianın Venerasının pozasında lüt anadangəlmə uzanmışdı. Hiss eləyirdi ki, bu görkəmiylə qiyamət bir şəkli təcəssüm eləyir və bu qəti inamla nəyisə dəyişmək istəmirdi. O, xoşbəxt və razıydı.
«Əsl məhəbbət romanlarında olduğu kimi». Belə fikirləşdi və ani, yüngül təbəssüm dodaqlarının üstə gəzişdi.
Tom güzgüdə Culiyanın əksini görüb çevrildi və bir kəlmə də söz demədən cəld hərəkətlə ağı onun üstünə çəkdi. Culiya onu incə təbəssümə qonaq eləsə də içində hər şey alt-üst oldu. Nə məsələdi, qorxur ki, ona soyuq dəyər, yoxsa bütün ingilislərə xas həyalıqla onun çılpaqlığından heyrətlənib? Amma bəlkə indi gənclik ehtiyacları ödəndikdən sonra, sadəcə, bu qoca bədənə baxmaq onda ikrah hissi yaradır? Evinə qayıtdıqdan sonra Culiya təzədən güzgünün qarşısında anadangəlmə olub diqqətlə özünü müşahidə etdi. Qərar verdi ki, özünə qəti yazığı gəlməsin. Boynuna baxdı, yaşından əsər-əlamət belə yoxdu, xüsusən də buxağını yuxarı tutanda. Döşü lap qız döşü kimi xırda və bərkdi. Qarnı yastıdı, baldırları enli deyil, piyi də lap azcadı. Bir də ki, piy kimdə yoxdu? Miss Filippeyə tapşırar, o da onları tamam yox eləyər. Heç kim deyə bilməz ki, onun ayaqları pisdi: uzun, biçimli, gözəl görünüşlü. Culiya əlini bütün bədəni boyu gəzdirdi: dərisi ipək kimidi, nə bir çili, nə də çızığı var. Əlbəttə, gözünün altında artıq bir neçə qırış özünə yol aça bilib, amma onları görmək üçün gərək çox diqqətlə baxasan. Soruşub öyrənmək lazımdı, deyirlər, bəs, plastik cərrahiyyə deyilən bir şey var ki, onun köməkliyilə qırışlardan tamam yaxa qurtarmaq mümkündü. Xoşbəxtlikdən saçları qəti ağarmır. Nə qədər yaxşı rəngləsən də, boyalı saçlar sifəti kobudlaşdırır. Saçları indiyəcən o təravətli tünd şabalıdı rəngini qoruyub saxlaya bilib. Dişləri də yerli-yerindədi.
«Həmin bu hərəkəti Tomun həddən ziyadə həyalılığından xəbər verirdi. Olan bu idi, vəssalam».
Və həmin gündən Culiya özünü Tomun həyat anlayışına uyğun aparmağa çalışdı.
Culiya davranışlarıyla elə ad qazanmışdı ki, Tomla ictimai yerlərdə peyda olmağı özünə qəti təhlükə saymırdı. Gecə klublarına getmək onun üçün yenilik idi, o, bu hərəkətlərindən həzz alırdı. Və olduğu hər yerdə hamının diqqətini cəlb elədiyini hamıdan yaxşı bilsə də, Culiyanın ağlına belə gəlməzdi ki, onun həyat tərzindəki bu dəyişiklik şəhərdə söz-söhbətə səbəb ola bilər. Arxasında iyirmi illik sədaqətli həyat yoldaşı adı gəzdirən Culiya – təbii ki, o, həmin ispanı hesaba almırdı, bu hadisə istənilən qadının başına gələ bilərdi – əmin idi ki, onun oğlu yaşında birisiylə eşq yaşamasını kimsə təsəvvürünə belə gətirməz. Amma Culiya o tərəfin, Tomun da özünü həmişə diqqətli aparmalı olduğunu düşünməmişdi. Həmçinin, Tomla rəqs elədiyi zaman öz gözlərinin də onu satdığını nəzərə almamışdı. Culiya özünü bütün şübhələrdən kənar hesab eləyirdi və xəbəri yox idi ki, artıq onun barəsində qeybətlər başlayıb.
Bu qeybətlər Dolli de Frizin də qulağına gəlib çatanda o, şaqqanaq çəkməklə kifayətləndi. Culiyanın xahişilə o Tomu verdiyi ziyafətlərə dəvət eləmişdi, bir-iki şəhərətrafı evinə uik-endə çağırmışdı, amma heç vaxt ona fikir verməmişdi. Yaxşı oğlandı, Maykl məşğul olanda Culiya üçün əsl cangüdəndi, amma tamamilə sıfırdı. Heç kimin fikir vermədiyi və səhəri gün sifət quruluşu hamının yaddaşından silinən insanlardan biri. Kavaler çatışmadığı üçün son anda nahara çağırılan birisi. Culiya onun haqqında gülə-gülə «mənim pərəstişkarım», «dərdimdən ölən» deyirdi. Əgər aralarında bir şey olsaydı onun barəsində çətin ki, belə rahat və açıq danışardı. Həm də Dolli bilirdi ki, Culiya üçün bu dünyada iki kişi mövcuddu – Maykl və Çarlz Temerli. Amma əlbəttə, o da qəribə işdi ki, bütün ömrün boyu öz nüfuzunun qayğısına və sonda gecə klublarıyla qurtarasan. Özü də nə az, nə çox həftədə üç-dörd dəfə. Dolli son vaxtlar onu az-az görürdü və doğrusu, Culiyanın bu diqqətsizliyi ona müəyyən qədər toxunmuşdu. Dollinin teatr aləmində dostları çox olduğundan ehtiyatla məsələnin məğzini öyrənməyə başladı. Onlardan eşitdiyi qəti xoşuna gəlmədi. Nə düşünəcəyini özü də bilmədi. Aydın olan bir şey idi: barəsində nələr danışıldığı Culiyanın təsəvvürünə belə gəlməz. Kimsə bunu ona deməlidi. Dollinin buna cəsarəti çatmaz. Hətta bu uzun tanışlıqdan sonra da Dolli ondan azca çəkinirdi. Culiya təmkinli qadın idi, ara-sıra kəskin və hətta kobud olsa belə onu özündən çıxarmaq müşkül məsələydi. Onun xasiyyətində bütün rəsmiyyətçilikdən kənar bir məqam da var idi. Adama elə gəlirdi ki, onunla çox dərinə getsə, sonda peşman olar. Amma nəsə eləmək lazımdı, axı! Dolli düz iki həftə həyəcanla götür-qoy elədi. O, özünün sınmış qürurunu unudub, bu məsələnin yalnız Culiyanın adına müsbət, ya mənfi təsir göstərə biləcəyi nöqteyi-nəzərdən çözmək istəyirdi. Nəhayət, belə nəticəyə gəldi ki, Culiya ilə Maykl danışmalıdı. Məlum olduğu kimi onun Maykldan heç vaxt xoşu gəlməmişdi, amma bir halda ki, iş bu yerə dirənib, o, Culiyanın əridi və Dollinin borcudu ki, nə baş verdiyindən asılı olmayaraq, baş verənlərin qarşısını almaq üçün əhvalatı məhz ona nəql etsin.
Dolli telefonda Mayklla danışıb görüşü teatra təyin etdi. Doğrudu, səbəb başqa olsa da Maykl özü də Dollini elə özü qədər bəyənirdi və eşidəndə ki, onu görmək istəyir, ürəyində onu söydü. Dollini heç cür öz payını satmağa razı sala bilməməsi Mayklı özündən çıxarırdı və onun hər təklifini qəbulolunmaz maneə sayırdı.
Amma bu dəfə Dollini öz kabinetinə ötürəndə Maykl onu qolları açıq halda qarşılayıb hər iki yanağından öpdü.
- Rahat əyləşin, özünüzü evinizdəki kimi hiss eləyin. Şirkətin sizin üçün dividentlər gətirib-gətirmədiyini yoxlamaq üçün bura baş çəkmisiz?
Dolli de Frizin artıq altmış yaşı tamam olmuşdu. Çox kökəlmişdi, iri burunlu və şişman qırmızı dodaqlı sifəti olanından da iri görünürdü. Onun qara atlas paltarında nəsə kişiyana biçimli cizgilər var idi, amma boynundan iki nazik qat mirvari asılmışdı, bir iri brilyant qaş toqqasında, o biri şlyapasında bərq vururdu. Qısa kəsilmiş saçları tünd sarıyla rənglənmişdi. Dodaqları və dırnaqları tünd qırmızı rəngdəydi. O, ucadan, aşağı boğaz səsiylə danışırdı, qızışanda sözlər bir-birinə yol vermirdi və bu zaman onun kokni ləhcəsi az da olsa hiss olunurdu.
- Maykl, mən Culiyadan çox narahatam.
Maykl – o əbədi nöqsansız centlmen azca qaşlarını qaldırıb nazik dodaqlarını sıxdı. O, öz arvadını hətta Dolliyə belə müzakirəyə çıxarmaq niyyətində deyildi.
- Mənə elə gəlir ki, o, çox dərinə gedir.Bilmirəm ona nə olub. Aludə olduğu bütün bu şənliklər... Gncə klubları, nə bilim, nələr... Bir də ki, o elə cavan deyil, axı, yorulub üzülə bilər.
- Boş şeydi. O çox gümrahdı, lap top kimidi, özünü də əla hiss eləyir. Çoxdandı, belə cavan görünmürdü. Doğrudanmı, işini qurtarandan sonra bir azca şənlənməyi ona çox görürsüz? İndi oynadığı rol onu ondan bütünlüklə almır. Çox şadam ki, Culiyanın əylənməyə də vaxtı qalır. Elə bu özü onun gücünə bir işarədi.
- Əvvəllər heç vaxt o, belə şeylərlə məşğul olmayıb. Doğrudan da qəribədi, nədən onda birdən-birə gecəyarıyadək rəqs eləmək həvəsi oyandı, özü də elə boğanaq yerlərdə?
- Bu, onun üçün cismən yeganə istirahətdi. Gözləməli deyiləm ki, əyninə şort keçirib mənimlə birgə park boyu qaçsın.
- Fikrimcə, artıq onun barəsində şayiələrin gəzdiyini bilməyiniz pis olmaz. Bu onun adına böyük zərbə ola bilər.
- Lənət şeytana, siz bununla nə demək istəyirsiz?
- Sadəcə, onun yaşda bir qadının hər yerə cavan oğlanla getməsi düzgün deyil. Bu təbii ki, hamının gözünə girir.
Maykl bir dəqiqə Dolliyə maddım-maddım baxıb qaldı, onun sözlərinin mənası nəhayət, ona çatanda ucadan qəhqəhə çəkdi.
- Tomla? Səfeh-səfeh danışmayın, Dolli.
- Bu, səfehlik deyil. Mən nə danışdığımı bilirəm. Culiya kimi tanınmış bir qadın əgər hər dəfə eyni kişiylə görünürsə adamların ağzının qıfılı açılır.
- Amma Tom axı, eynən onun kimi mənim də dostumdu. Siz özünüz də gözəl bilirsiz ki, mən Culiyanı rəqsə apara bilmirəm. İşdən əvvəl öz rejimimi çatdırmaq üçün hər səhər düz saat səkkizdə yerimdən qalxmalıyam. Hesab eləyirəm ki, teatrda keçirdiyim bu otuz ildə insan adlı məxluqatdan baş açmağı az-çox öyrənə bilmişəm. Tom tipik ingilis gəncidi – saf, vicdanlı, hətta demək olar, özünə görə bir centlmendi. Mübahisə eləmirəm, o, Culiyaya heyrandı. Onun yaşında olan oğlanlar çox vaxt özlərindən yaşlı qadına vurulduqlarını hiss edirlər. Çətin ki, bu ona ziyan gətirə, əksinə yalnız xeyirinə olacaq. Amma Culiyanın buna ciddi yanaşdığını təəvvür eləmək... Mənim zavallı Dollim, güldürməyin məni!
- O, görməmişin, əttökənin, qabanın birisidi. Həm də özünü yüksək zümrəyə sırımaq üçün dəridən-qabıqdan çıxır.
- Əgər belədisə, Culiyanın ona meyl etməsi sizə qəribədən də qəribə gəlmirmi?
- Qadının nəyə qadir olduğunu yalnız qadın bilər.
- Pis replika deyil, Dolli. Növbəti pyesi yazmağı sizə sifariş edərik. Gəl, hər şeyi sonacan aydınlaşdıraq. Siz əlinizi ürəyinizin üstünə qoyub Tomla Culiya arasında eşq yaşandığını təsdiqləyə bilərsizmi?
Dolli Mayklın üzünə baxdı. Dollinin gözlərindən əzab boylanırdı. Doğrusu, əvvəllər Culiya barəsində ona danışılanları yalnız təbəssümlə dinləsə də get-gedə onu daha artıq üstələyən şübhələrin ağırlığı altında tab gətirə bilmədi. Vaxtında əhəmiyyət vermədiyi onlarla xırda məqamı xatırladı ki, soyuqqanlıqla baxanda onların hər biri olduqca və olduqca şübhəli görünürdü. Dolli belə çətin vəziyyətə düşə biləcəyini alına gətirməmişdi. Təsdiq? Onun əlində heç bir dəlil-sübut yox idi, olan ancaq heç vaxt Dollini aldatmayan intuasiyası idi. «Hə» cavabını vermək istədi, sanki artıq o sözün qarşısını almaq qeyri-mümkün idi, amma Dolli özünə güc gələ bildi. O, Culiyanı sata bilməzdi. Birdən bu gicbəsər Maykl hər şeyi Culiyaya açıb tökdü? Culiya bir də ömrü boyu onunla danışmazdı. Birdən Culiyanın ardınca güdükçü qoyub onu cinayət yerində yaxaladı?! Əgər Dolli ona həqiqəti desəydi, kim bilir, nələr baş verərdi.
- Yox, təsdiqləyə bilmərəm.
Dollinin gözləri yaşla doldu və enli yanaqlarıyla axdı. Maykl hiss elədi ki, o, əzab çəkir. O, Dollini gülməli məxluq kimi qəbul eləyirdi, amma anlayırdı ki, bu dərdi saxta deyil. Və təbiətcə mərhəmətli insan olduğundan Maykl onu sakitləşdirmək istədi:
- Bax görürsüz, Culiyanın sizə qarşı necə yaxşı münasibətdə olduğunu özünüz də bilirsiz. Düzü, onu başqa dostlara qısqanmaq lazım deyil.
Culiya hıçqıra-hıçqıra:
- Tanrı şahiddi ki, mən onun yolunda hər şeyimdən keçərəm, - dedi. - Son vaxtlar mənə münasibəti elə dəyişib ki. Çox soyuyub. Mən həmişə ona sədaqətli dost olmuşam, Maykl.
- Hə, əzizim, mənim buna şübhəm yoxdu.
- «Monarxın qulluğunda durduğumun heç olmasa yarısı qədər göylərə xidmət edə bilsəydim ...»
- Yaxşı, bəsdi, bəsdi, hər şey heç də göründüyü kimi pis deyil. Özünüz bilirsiz ki, mən öz arvadımı başqalarıyla müzakirə edənlərdən deyiləm. Həmişə bunu qəbulolunmaz səhv hesab eləmişəm. Amma düzünü desəm, Culiya barədə siz ən əsas şeyi bilmirsiz. Cismani məhəbbət ondan ötrü əhəmiyyətsiz bir şeydi. Doğrusu, biz təzə evlənəndə başqa məsələ. Özü də sizə etiraf edə bilərəm ki, - amma bütün bunlar keçmişdə qalıb - o dövrlər mənə elə də asan olmadı. Demək istəmirəm ki, o, nimfoman, yaxud ona oxşar nəsə bir şey idi, amma hərdən adamın lap canını alırdı. Yataq, əlbəttə, özünə görə elə də pis yer deyil, amma dünyada axı, xeyli başqa yerlər də var. Xoşbəxtlikdən Rocer dünyaya gələndən sonra o, xeyli dəyişdi, həddini, ölçüsünü bildi. Onun bütün instinktlərini aktrisalığı tamam uddu. Siz Freydi oxumusunuz, Dolli. Belə hallara o, nə ad verir?
- Ah, Maykl, mənim Freydlik halım var?!
- Sublimasiya deyir, bax belə. Mən həmişə elə düşünürəm ki, bax elə buna görə də o, belə gözəl aktrisa oldu. Aktyorluq səndən bütün vaxtını tələb edən bir sənətdi və əgər bu işdə nəyəsə nail olmaq istəyirsənsə, özünü büsbütün qurban verməlisən. Məni bizim publika sadəcə, hiddətləndirir. Onlar elə düşünürlər ki, aktyorlar, aktrisalar kim bilir, nəylə məşğuldular. Axı, onların buna vaxtları nə gəzir.
Mayklın sözləri Dollini elə özündən çıxardı ki, özünə gəldi.
- Amma Maykl lap tutaq ki, biz sizinlə Culiyanın pis bir iş tutmadığını bilsək də, hər halda onun dəyəri qara qəpiyə dəyməyən bu oğlan uşağıyla hər yeri ələk-vələk eləməsi adına xələl gətirir. Dərinə getsək, nümunəvi ailə həyatınız həmişə sizi başqalarından fərqləndirən əsas üstünlüyünüz idi. Hamı sizə hörmət eləyirdi. Sizin necə sədaqətli və mehriban cütlük olmağınız tamaşaçılara da xoş idi.
- Lənət şeytana, biz olduğumuz kimi də qalırıq!
Dollinin səbri tükənməyə başladı.
- Sizə deyirəm, şəhəri şayiələr bürüyüb. Siz ki, axmaq deyilsiz. Doğrudanmı, başa düşmürsüz ki, başqa cür ola da bilməz. Demək istəyirəm, əgər o, qalmaqallı eşq-macəralarını bir-birinini ardınca sıralasaydı, indikinə fikir verən də olmazdı. Amma uzun illik nümunəvi davranışdan sonra birdən-birə bu cür sürüşəsən... Təbii ki, söz-söhbət başlamalıydı. Bu, teatrın zərərinə ola bilər.
Maykl iti nəzərlərini ona dikdi.
- Nə demək istədiyinizi yaxşı anlayıram, Dolli. Sizin sözlərinizdə nəsə var və yaranmış bu vəziyyətdə belə danışmağa tam haqqınız çatır. Təzə başlayanda bizə o qədər kömək etmisiz ki, indi sizi pis vəziyyətdə qoymaq istəməzdim. Bilirsiz, nə təklif edirəm? Mən sizin payınızı alıram.
Dolli dikəldi. Onun cəmi bir dəqiqə əvvəl dərddən və həyəcandan əyilmiş sifəti daşa döndü. O, mat-məəttəl qalmışdı. Maykl isə üyüdüb tökürdü:
- Hara işarə etdiyinizi görürəm. Əgər Culiya bütün gecəni kim bilir haralarda veyillənirsə, bu onun ifasına təsir edəcək. Şəksiz-şübhəsiz belədi. Culiyanın qəribə qadın pərəstişkarları var. Günorta tamaşalarına yaşlı qadınlar dəstəylə gəlir. Çünki onlar Culiyanı ədəb-ərkan gözləyən, özlərinə doğma qadın hesab eləyirlər. İnkar eləmirəm, əgər onun adı dillərə düşsə bu, yığıma da təsir eləyə bilər. Mən Culiyanı kifayət qədər yaxşı tanıyıram. O, kiminsə onun həyatına qarışasına imkan verən deyil. Mən onun əriyəm və bununla barışmalıyam. Amma siz yox, nə qədər ki, müəssisə ayaq üstədi, əgər çıxmaq istəsəz, sizi qınamazdım.
Dolli ehtiyatlandı. O, elə də axmaq deyildi, iş məsələsində isə Mayklla tən gələrdi. Hiddətdən ağlı yerinə gəldi.
- Maykl, elə bilirdim, bu uzun illik tanışlıqdan sonra siz məni daha yaxşı tanıyırsız. Sizi xəbərdar eləməyi özümə borc bildim, amma yadda saxlayın ki, taleyin yazılarıyla məni qorxutmaq olmaz. Mən batan gəmini tərk edənlərdən deyiləm. Həm də özümdə cəsarət tapıb deyə bilərəm ki, sizlə müqayisədə mənim pul itirməyim elə də böyük faciə deyil.
Dolli böyük məmnunluqla Mayklın sifətinin necə uzandığını müşahidə etdi. O, pulun Maykldan ötrü əhəmiyyətini yaxşı bilirdi və ümid edirdi ki, bu sözlər onun beyninə əbədi həkk olacaq. Maykl tez özünü cəmlədi.
- Neynək, bir də fikirləşərsiz, Dolli.
Dolli çantasını aldı və onlar bir-birlərinəqarşılıqlı eşq izhar eləməklə və uğur diləməklə ayrıldılar.
Dollinin arxasınca qapı ötrüləndə Maykl:
- Qoca ifritə, - dedi.
Liftlə düşən Dollinin sözü isə bu oldu:
- Qoca eşşək!
Amma özünün çox yaraşıqlı və çox bahalı limuzininə əyləşib. Montegyu-skverə, öz evinə qayıdanda acı və isti göz yaşlarını saxlaya bilmədi. Dolli özünü qoca, tənha və bədbəxt hiss eləyirdi. O, ümidsizcəsinə qısqanırdı.
On yeddinci hissə
Maykl öz yumor hissiylə qürrələnirdi. Dolliylə söhbətin səhəri, bazar gününün axşamı Maykl Culiyanın otağına keçəndə o, əynini geyinirdi. Erkən şam yeməyindən sonra kinoya getməyə hazırlaşırdılar.
Maykl soruşdu:
- Çarlzdan başqa kim olacaq?
- Heç kimi tapa bilmədiyimə görə, Tomu çağırdım.
- Əla. Elə onu görmək istəyirdim.
Maykl onlar üçün hazırladığı zarafatı yadına salıb güldü. Culiya onu gözləyən gecənin ovsununda idi. Kino zalında o, Çarlzla Tomun arasında oturacaq və astadan Çarlzla pıçıldaşan vaxt Tom onun əllərini əllərindən buraxmayacaq. Əzizi Çarlzın bütün bu illər uzunu onu belə sədaqətli sevməyi ona necə xoş idi. Ona xoş gəlmək üçün Culiya da az əziyyət çəkməmişdi. Çarlz Tomla birlikdə gəldi. Tom təzə smokinqini ilk dəfə geyinmişdi. Tomla Culiya oğrun baxışlarla danışdılar. Tomun gözündən baxan məmnunluq. Culiyanın gözündən baxan isə heyranlıq idi.
Maykl əllərini bir-birinə sürtüb şən ovqatda:
- Aha, cavan oğlan, əlimə keçdin, - dedi. - Heç bilirsənmi, sənin barəndə qulağıma nə söz dəyib? Deyirlər, sən mənim arvadımı yoldan çıxarmısan.
Tom təşviş içində ona baxıb qızardı. Bu qızarmaq vərdişi onu dəhşətli bezdirmişdi, amma heç cür tərgidə bilmirdi.
Culiya da şən ovqatda ucadan:
- İlahi! – dedi. – Necə də qiyamətdi! Ömrüm boyu kiminsə məni yoldan çıxarmasını arzulamışam! Maykl, xəbəri kim gətirib?
Maykl bic-bic:
- Leylək zənbilində gətirib, - dedi.
- Neynək, əgər Maykl məni boşasa, Tom bilirsənmi, sən məni almalısan.
Çarlz qüsəli və mərhəmətli baxışlarla gülümsəyib soruşdu:
- Siz axı, niyə belə etmisiz, Tom?
Çarlz bilərəkdən ciddi görkəm almışdı, Tomun açıq-aşkar çaşqınlığından ləzzət alan Mayklın isə üzü gülürdü. Zahirən bu şənliyi bölüşən Culiya daxilən təşviş keçirirdi.
- Demə, Culiyanın «bay-bay» vaxtı gələndə bu gənc pozğun onu gecə klublarına aparırmış.
Culiya səsini başına aldı.
- Nədi, Tom, etiraf edək, yoxsa hər şeydən tərtəmiz imtina edək?
Maykl onun sözünü kəsib:
- Bilirsiniz, o leyləyə nə dedim? – dedi. – Qayıtdım ki, bəs Culiya məni gecə klublarına dartıb aparmadığı vaxtdan...
Culiya onun sözlərini daha dinləmək istəmədi. Ağlına gələn Dolli oldu və qəribə də olsa ağzından Mayklla bir vaxtda üç eyni söz çıxdı. Hər ikisi xorla şamın süfrəyə verildiyini elan etdi və onların bu şənliyi başqa məcraya yönəldi. Culiya bu səmtə də fəal qoşuldu, görkəmindən elə görünürdü ki, bütün diqqəti qonaqlardadı, hətta Maykldan azı iyirmi dəfə eşitdiyi onun başına gəlmiş teatr əhvalatına da sanki ilk dəfə dinləyirmiş kimi böyük maraqla qulaq asdı. Amma əslində, bütün bu müddətdə o, ürəyində Dolliylə qızğın söhbət eləyirdi. Culiya onun barəsində nə düşündüyünü açıb deyənəcən, Dolli qorxudan büzüşə-büzüşə qalmışdı. Dolliyə belə deyirdi:
«Ay qoca camış, sizə kim icazə verib ki, burnunuzu mənim işlərimə soxasız? Susursunuz. Özünüzə bəraət istəməyin. Sizin Maykla dediklərinizi sözbəsöz bilirəm. Buna bəraət yoxdu. Sizi özümə dost bilirdim. Elə güman edirdim, sizə güvənə bilərəm. Artıq hər şey bitdi. Mən daha sizi tanımaq belə istəmirəm. Vəssalam. Elə bilirsiz, sizin o murdar pullarınız mənə çoxmu lazımdı? Özü də deməyin ki, onun arxasında əyri məqsəd güdməmisiz. Bilmək istərdim, mənsiz siz kim olardız, axı? Əgər kimsə sizi tanıyırsa, özünüzə nəsə bir qiymət ala bilmisizsə, səbəb yalnız təsadüfün sizi mənlə tanış etməsidi. Kimin hesabına bu illər uzunu sizin qəbullar belə ad qazandı? Bəlkə elə fikirləşirsiz, insanlar ora sizə tamaşa eləmək üçün gəlirdilər? Onlar mənə baxmağa gəlirdilər. Vəssalam. Bitdi».
Doğrusu, bu, dialoqdan çox monoloq idi.
Sonra kino zalında əvvəlcədən istədiyi kimi Tomun yanında əyləşib əlindən tutmuşdu. Amma Tomun əlində elə bil həyat əlaməti yox idi, eynən balıq üzgəci kimiydi. Görünür, Mayklın sözləri onu həyəcanlandırmışdı və indi oturub yalnız o barədə düşünürdü. Bircə dəqiqəni necə oğurlayıb onunla təkbətək qalım? O, Tomu sakitləşdirmək istəyirdi. Doğrusu, belə bir vəziyyətdən ondan savayı kim bu cür ustalıqla çıxa bilərdi? Lovğalıq - özünə verdiyi dəqiq ad budu. Amma hər halda, maraqlıdı, görən Dolli Maykla nə demişdi? Öyrənmək lazım gələcək. Maykldan soruşmaq yaramaz, onun bu sözlərə nədən belə əhəmiyyət verdiyi ərini şübhələndirər. Dollinin özündən öyrənmək lazımdı. Bu məqamda onunla küsüşməməlidi. Dolliyə hansı səhnəni göstərəcəyi gözünün qabağına gələndə Culiya gülümsədi. O, həmin qoca camışla büsbütün zəriflik mücəssəməsi kimi rəftar edəcək, böyrünə qısılıb hər şeyi elə dartıb çıxaracaq ki, Culiyanın ona hiddətləndiyi Dolinin ağlına belə gəlməyəcək. Hər halda, maraqlıdı... Onun barəsində nələr çərənləyə biləcəyini düşünəndə tükləri biz-biz oldu. Bir yandan baxanda əgər o da ürəyi istəyəni eləməyəcəksə, bəs kim eləyəcək? Onun şəxsi həyatının heç kəsə dəxli yoxdu. Amma həm də insanlar onu məsxərəyə qoymağa başlasalar, yaxşı şey gözləmə. Maraqlıdı, əgər həqiqəti öyrənib bilsə, Maykl nə edəcək? Maykla onunla boşanıb, sadəcə, antrepreneri kimi qalmağı o qədər də xoş gəlməyəcək. Ən ağıllı hərəkəti hər şeyə göz yumması olardı, amma Maykl bəzi məsələlərdə özünü çox qəribə aparır. Məsələn, bir də görürsən, durduğu yerdə atasının polkovnik olduğu yadına düşür və özünü kim bilir, kim sayır. Qəflətən də bir də gördün qayıdıb dedi ki, bəs hamısı cəhənnəm olsun, mən centlmen hərəkəti eləməliyəm. Kişilər elə axmaq məxluqlardı ki, hətta öz quyularına tüpürməyə belə qadirdilər. Əlbəttə, o, elə də dilxor olmayacaq. Qalmaqal səngiyənəcən, bir ya iki illiyə Amerikaya qastrola yollanar, sonra da özünə yeni antreprener tapar. Amma bu elə cansıxıcı işdi ki! Sonrasına qalanda, onların Roceri var, bu haqda da unutmaq olmaz. O elə əzab çəkəcək, zavallı quzu, bütün bunlar ondan ötrü elə alçaldıcı olacaq ki. Onu da nəzərə almaq lazımdı ki, Culiya bu yaşında iyirmi üç yaşlı bir gəncin ucbatından ailəsini dağıtdığına görə, axmaq yerində qalacaq. Əlbəttə, ağlı o qədər çaşmayıb ki, Toma ərə gedə. Görən, Çarlz necə onunla evlənərmi? Culiya çevrilib bu yarımqaranlıqda onun kübar profilinə baxdı. O artıq neçə illərdi ki, onu dəlicəsinə sevən bu insan qadınların çox asanca barmaqlarına doladıqları genişürəkli, nəcib maymaqlardan birisidi. Onu nikahın pozulması zamanı məhkəmədə Tomun əvəzinə tərəf kimi iştirak etməyə razı salmaq çətin olmayacaq. Bu, çox gözəl çıxış yoludu. Ledi Çarlz Temerli. Pis səslənmir. Ola bilsin, o, həqiqətən də bir qədər başını itiribmiş. Həmişə Tomun yanına gedəndə ehtiyat eləyirdi ki, onu görən olmasın. Amma ora getdiyi və qayıtdığı zaman yolda sürücülərdən biri də onu görüb, kim bilir, ağlına nələr gətirərdi. Belələrin beynində ancaq ədəbsiz şeylər olur. Gecə klubları nəyinə lazım idi? Tomla onları heç kəsin görə bilməyəcəyi gözdən-qulaqdan uzaq sakit yerlərə sevinclə gedərdi, amma o, istəmirdi. O, qələbəlik olan yerləri xoşlayırdı, istəyirdi ki, yüksək zümrənin arasında olsun, onlara baxsın, özünü göstərsin. İstəyirdi onları bir yerdə görsünlər.
«Lənət şeytana! Lənət şeytana! Lənət şeytana!»
Hə, bu kino axşamı Culiya gözlədiyi qədər də xoş keçmədi.
On səkkizinci hissə
Səhəri gün Culiya Dollinin şəxsi aparatına zəng etdi.
- Əzizim, sizi min ildi görmürəm. Bütün bu vaxtı nə yeniliklər olub?
- Elə bir şey olmayıb.
Dollinin səsi soyuq idi.
- Qulaq asın, sabah Rocer qayıdır. Bilirsiz, o, İtonu tamam atmaq istəyir. Sabah tezdən onun dalınca maşın yollayacam, istəyirəm siz də lança gəlib çatasız. Mən heç kimi dəvət eləmirəm. Yalnız Maykl, Rocer siz və mən.
- Mən sabah lança dəvətliyəm.
Bu iyirmi ildə Culiya nə vaxt onu görmək istəmişdisə, Dolli həmişə hazır olmuşdu. Dəstəyin o biri üzündəki səs düşmən səsiydi.
- Dolli, siz nədən belə qəddar olmusuz? Rocer həddən artıq dilxor olacaq. Evdə birinci günüdü, elə mən özüm də sizi görmək istəyirəm. Kim bilir, nə vaxtdı görüşmürük. Elə darıxmışam ki… Görüşünüzü təxirə sala bilməzsiz? Cəmi bircə dəfə, əzizim. Lancdan sonra ikilikdə doyunca dərdləşərik - mən və siz.
Culiya nəsə bir şey istəyəndə ona etiraz eləmək, sadəcə, mümkün deyildi, heç kəs səsinə onun qədər həzimlik qata, belə cazibədar və belə ürəyə yatımlı ola bilməzdi. Araya sükut çökdü və Culiya anladı ki, Dolli özüylə, alçaldılmış hissləriylə mübarizə aparır.
- Yaxşı, əzizim, birtəhər məsələni yoluna qoyaram.
- Nə gözəl!
Dəstəyi yerinə qoyandan sonra Culiya dilinin altında mızıldandı: "Qoca camış!"
Dolli gəlib çıxdı. Rocer onun necə böyük oğlan olması barədə deyilənlərə nəzakətlə qulaq asıb, Dollinin onun yaşda oğlana nə demək olarsa - hər sözünə, məsləhətinə özünün ciddi təbəssümüylə yerli-yataqlı cavab verirdi. Rocer Culiyanı məəttəl qoymuşdu. O, özü az danışsa da, belə təsəvvür yaranırdı ki, başqalarının dediyi hər sözü diqqətlə dinləyir. Amma bununla belə, qəribə bir duyumla ona elə gəlirdi ki, qulağı danışanda olsa da, fikri dağda-daşdadı. Elə bil Rocer onları kənardan - zooparkda heyvanlara necə baxırlarsa, həmin maraqla - müşahidə eləyirdi və bu, Culiyada müəyyən narahatlıq yaradırdı. İlk fürsət düşən kimi Culiya Dolli üçün əvvəlcədən hazırladığı tilovu ortalığa atdı:
- Rocer, əzizim, sənin yazıq atanın bu axşam işi var. "Palladium" un səkkizinci tamaşasına iki biletim var. Tom da səni Kafe-Royyalda yeməyə dəvət eləmək istəyir.
Bir dəqiqəlik sükutdan sonra Tomdan səs gəldi:
- Hə? Yaxşı.
Culiya Dolliya tərəf döndü:
- Yaxşı ki, bizim Tomumuz var. Roceri onunla hara gəldi yollamaq olar. Onlar möhkəm dostdular.
Maykl çoxmənalı baxışlarını Dolliyə dikdi. Onun gözündə iblislər oynaşdı:
- Tom çox qanacaqlı gəncdi, - dedi. - O Roceri pis yola düşməyə qoymaz.
Dollidən cavab gəldi:
- Amma mənə elə gəlir ki, Rocer üçün İtondakı dostları ilə ünsiyyət daha maraqlıdı.
"Qoca camış ay qoca camış!" Culiya ürəyində belə dedi.
Lançdan sonra Culiya Dollini öz otağına çağırdı.
- Mən istirahət eləməliyəm. Uzanım, siz də məni bütün xəbərlərdən agah eləyin. Doyunca qeybət eləyək. İstədiyim ancaq budu.
O, əlini Dollinin kök bədəninə dolayıb nəvazişlə üzüyuxarı gəzdirdi. Bir müddət ordan-burdan - paltarlardan, qulluqçulardan, kosmetikadan çənə vurdular, ümumi tanışlarının qeybətini qıldılar və nəhayət, Culiya dirsəklənib baxışlarını Dollinin gözlərinə dikdi.
- Dolli, sizinlə, bir söhbətim var. Mənə məsləhət lazımdı, siz isə bu dünyada məsləhət üçün üz tutduğum yeganə insansız. Bilirəm, sizə etibar eləmək olar.
- Əlbəttə, əzizim.
- Demə, mənim barəmdə iyrənc şayiələr yayılıbmış. Kimsə Maykla deyibmiş ki, bəs şəhərdə mənimlə yazıq Tom Fennel haqqında çərənləyirlər.
Gözləri hələ də özünün də yaxşı bildiyi kimi Dollinin qarşısında tab gətirə bilmədiyi həmin füsünkar və təsirli ifadəni saxlayırdı. Bununla yanaşı Culiya həm də qarşısındakını diqqətlə müşahidə edirdi. Amma nahaq yerə. Dolli azca da diksinmədi, sifətinin bir əzələsi də tərpənmədi.
- Maykla kim deyib?
- Təsəvvürüm belə yoxdu. Demir. Özünüz də bilirsiz ki, o, özündən centlemen düzəldəndə nə görkəm alır.
Gözünəmi elə göründü, yoxsa doğrudanmı Dollinin üzü yumşaldı?
- Mən həqiqəti bilməliyəm, Dolli.
- Mənə müraciət etdiyinizə görə, çox şadam.
Məndən xahiş olunmasa, öz xoşuma nəyəsə müdaxilə eləməkdən zəndeyi-zəhləm gedir. Əgər bu söhbəti də özünüz ortalığa atmasaydız, dünya dağıla səsimi çıxaran deyildim.
- Əzizim, sizin necə sədaqətli dost olduğunuzu məndən yaxşı kim bilər, axı?
Dolli ayaqqabılarını çıxarıb ağırlığı altında xırçıldayan kresloda yerini rahatladı. Culiya ondan gözünü çəkmirdi.
- İnsanın yırtıcı məxluq olması, sizin üçün sirr deyil. Siz həmişə səs-küysüz həyat tərzinə üstün vermisiz, harasa nadir hallarda çıxmısız. O da, ya Mayklla, ya da Çarlz Temerliylə. Çarlz başqa söhbətdi, hamı bilir ki, o, min illərdi sizdən ötrü dəli-divanədi. Təbii ki, qəflətən durub durduğunuz yerdə sizin mühasibatlıq kitabçanızın qeydiyyatını aparan birisiylə, kontor xidmətçisiylə əyləncəli yerlərdə peydaolmağınız hamını heyrətləndirib.
- Yox, heç də elə deyil. Tom kontor xidmətçisi deyil. Atası ona pay alıb. O, az paylı şəriklərdəndi.
- Hə, özü də ildə dörd yüz funt alır.
Culiya cəld soruşdu:
- Siz hardan bilirsiz?
Bu dəfə Culiya Dollinin yaman yerdə axşamladığına əmin idi.
- Siz mənfəət vergisi məsələsiylə bağlı məni dilə tutduz ki, onun şirkətinə müraciət eləyim. Bunu da orda mənə kompanyonlardan biri dedi. Bir qədər qəribə görünür. Görən o, bu pula hansı yolla həm mənzil haqqını ödəyir, bu cür geyinir, hələ üstəlik sizi gecə klublarına da aparır?
- Ola bilsin, ona atasından pul gəlir.
- Onun atası Londonun şimal hissəsində məhkəmə nəzarətçisidi. Özünüz də əla başa düşürsüz ki, əgər o, oğluna şirkətdə pay alıbsa, nəğd pulla kömək edən deyil.
Culiya ucadan qəhqəhə çəkib:
- Bəlkə siz elə bilirsiz, onu mən saxlayıram? - dedi.
- Mən heç nə bilmirəm, əzizim, amma adamlar bilir.
Dollinin nə sözləri, nə də o sözlərin deyiliş tərzi Culiyaya xoş gəldi. Amma öz həyəcanını üzə vurmadı.
- Bu nə dəlilikdi! Tom Rocerin dostudu. Əlbəttə, mən onunla haralarasa çıxıram. Hiss elədim ki, mənə silkələnmək lazımdı. Yeknəsəklikdən yorulmuşam. Gördüyüm elə iki şeydi - teatr, bir də özümlə məşğul olmaq. Bu, həyat deyil. Bir də axı, indi də əylənməyib, nə vaxt əylənəcəm? Niyə inkar eləyim, Dolli, qocalıram. Siz Mayklın kimliyini gözəl bilirsiz. O, ürəkdi, amma elə əttökəndi ki.
Dolli buz kimi səslə:
- O bütün illər ərzində belə olub, - dedi.
- Deyəsən, mən adı özündən iyirmi yaş balaca oğlanla hallanan sonuncu aktrisayam.
Dolli düzəliş verib:
- İyirmi beş yaş, - dedi. - Mən də ciddi baxmırdım. Amma təəssüf ki, Tom o qədər də ehtiyatlı deyil.
- Nə demək istəyirsiz?
- Demək istəyirəm ki, o, Evis Kraytona sizin yeni pysinizdə rol alacağına söz verib.
- Bu Evis Krayton hardan çıxdı?
- Mənim tanışımdı, bir gənc aktrisadı, gözəlliyi lap şəkil kimidi.
- O, sadəcə, ağıldan kəm bir oğlandı. Doğrudu, ümid eləyir ki, Mayklın saqqızını oğurlaya biləcək. Mayklın gəncliyi necə sevdiyini siz yaxşı bilirsiz.
- Xeyr, o məhz sizi deyir. Deyir istədiyi hər şeyi sizə elətdirə bilər. Deyir, siz o çalan havaya oynayırsız.
Xoşbəxtlikdən Culiya yaxşı aktrisaydı. Bir anlığa ürəyinin döyüntüsü dayandı. O, necə belə deyə bilərdi? Axmaq. Axmağın yekəsi! Amma dərhal özünü cəmləyib güldü:
- Boş söhbətdi! Mən bir sözə də inanmıram.
- O çox adi, qaba bir gəncdi. Siz onun yanına elə düşmüsüz ki... Odur ki, onun başının gicəllənməsində təəccüblənəsi bir şey yoxdu.
Culiya sadəlövhcəsinə gülümsəyib günahsız nəzərlərini Dolliyə dikdi.
- Amma əzizim, ümid eləyirəm siz Tomu mənim məşuqun qiyafəsində görmürsüz.
- Hətta görməsən belə, mən bu fikirdə olan yeganə insanam.
- Hə, ya yox?
Dolli susurdu. Bir dəqiqə gözlərini qırpmadan bir-birlərinə baxdılar. Hər ikisinin ürəyi nifrət alovuna bürünmüşdü, amma Culiya əvvəlki kimi gülümsəyirdi.
- Əgər belə olmadığına and içsəz əlbəttə, mən sizə inanaram.
Culiyanın səsi həzinləşdi, gümrahlaşdı, qəti süni olmayan bir səmimiyyət aldı.
- Mən hələ sizə bir dəfə də yalan deməmişəm, Dolli, hər şeyi yenidən başlamaq üçün mən artıq kifayət qədər qocayam. Sizə söz deyirəm ki, Tom həmişə mənə ancaq dost olub, başqa heç nə.
- Siz mənim ürəyimi yükdən azad etdiz.
Culiya bilirdi ki, Dolli ona inanır və bu, Dolliyə də məlum idi. Dolli davam elədi:
- İş ki, belə oldu, onda Culiya, əzizim, öz nüfuzunuza görə ağılla hərəkət edin. Bu gənc insanla hara gəldi getməyin. Atın onu.
- Olmaz. Onda belə çıxar ki, insanların bizim barəmizdə ağızlarını boş qoyub danışdıqları doğruymuş. Mənim vicdanım təmizdi. Başımı dik tutmağa tam haqqım var. Əgər hərəkətlərimdə mənim barəmdə kimlərinsə nələrsə fikirləşdiklərini əsas tutsam, öz-özümə nifrət eləyərəm.
Dolli təzədən ayaqlarını ayaqqabısına keçirdi və çantasından dodaq boyasını çıxarıb dodaqlarını boyadı.
- Neynək, əzizim, uşaq deyilsiz ki, nə elədiyinizi bilməyəsiz.
Onlar soyuq ayrıldılar.
Amma Dollinin dilindən çıxan iki ya üç kəlmə Culiya üçün daha ağır xəbər oldu. O kəlmələr heç cür fikrindən çıxmırdı. Bir də ki, əgər şayiə həqiqətə bu qədər yaxındısa, bu, hamını çaş vəziyyətdə qoya bilər. Amma bütün bunların kimə nə dəxli? Dünyada milyonlarla qadının məşuqu var və bu, kiminsə vecinə deyil. Həm də o, aktrisadı. Və aktrisadan həya, ismət mücəssəməsi olmağı gözləyən də yoxdu.
"Hər şeyə mənim lənət gəlmiş o abır-həyam bais olub. Səbəbkar bircə odur".
Culiya heç bir qeybət təhlükəsi gözləməyən tam fərqli - xeyirxah və mərhəmətli qadın kimi ad çıxarmışdı. İndi belə çıxırdı ki, bu ad öz əlləriylə hördüyü türmə divarı kimi onun qarşısını kəsib. Bu hələ dərdin yarısıdı. Görəsən, Tom onun o çaldığı havaya oynadığını deyəndə, nəyi nəzərdə tuturmuş?
Bu, Culiyaya dərindən toxundu. Axmaq! Necə cürət eləyib?! Buna görə nə deyəcəyini də bilmirdi. Onu söymək istəyirdi, amma nə faydası? Onsuz da o, boynuna almayacaqdı. Culiyanın bir çıxış yolu qalırdı - susmaq. Culiya cızıqdan çox çıxmışdı: özü yıxılan ağlamaz, hər şeyi olduğu kimi qəbul etməliydi. Həqiqətə göz yummaq lazım deyil: Tom onu sevmir, yalnız bir səbəbdən onun məşuqu olub ki, öz şöhrətpərəstlik hisslərini təmin edə, ən azı öz gözündə özünü böyük görə, ürəyinə xoş gələn, amma aça bilmədiyi çox qapılardan onun açarıyla keçə bilə.
"Əgər ağlım yerində olsaydı, onu atardım. Belə demək asandı! Mən axı, onu sevirəm". Culiya əsəbi halda gülümsədi.
Ən qəribəsi bu idi ki, öz ürəyinə baxanda o, qadın Culiya Lemberti deyil, aktrisa Culiya Lemberti incitdiyinə görə, hiddətləndiyini görürdü. O, mütəmadi hiss eləyirdi ki, istedadı - tənqidçilər onu "dahi" adlandırırdılar, amma bu, həddən ziyadə gurultulu söz idi, bacarıqlı desəydilər, daha yaxşı çıxardı - özünün deyil, hətta özü də istedadının deyil. Sadəcə, bu, Culiya Lembertin özünüifadəsi üçün istifadə etdiyi nəsə kənar bir şey idi. Bu, ona məlum olmayan elə bir mənəvi məkan, hardasa yuxarıdan axıb içindən keçən elə bir işıq idi ki, Culiya onun vasitəsilə qadir olmadıqlarını eləyirdi. O özü gün-gündən qocalan adi, müəyyən qədər gözəgəlimdi bir qadın idi. Amma istedaının nə yaşı, nə də zahiri görünüşü var idi. O onun üzərində skripkanın üzərində gəzən barmaqlar kimi gəzirdi. Ona, o barmaqlara xilaf çıxmaq - Culiya ən çox özünə bunu bağışlaya bilmirdi.
Culiya yuxuya getmək istədi. Günortalar yatmağa elə öyrəncəliydi ki, elə yerinə girməyə məəttəl idi, dərhal yuxu onu aparırdı. Amma bu gün o yan, bu yana qurcalana-qurcalana qalmışdı, yuxusu gəlmirdi ki, gəlmirdi. Axırda saata baxdı. Tom işdən adətən beşdən sonra qayıdırdı. Ondan ötrü bütün canıyla darıxmışdı. Yanında olanda rahatlığını onun ağuşunda tapırdı, qalan şeylər eyninə də deyildi. Culiya nömrəni yığdı.
- Allo! Hə! Danışan kimdi?
Culiya çaşqınlıq içində dəstəyi qulağına dayadı. Bu, Rocerin səsiydi. Dəstəyi yerinə qoydu.
On doqquzuncu hissə
Culiya gecəni də demək olar, yatmadı. Rocerin qayıtdığını eşidəndə də eləcə uzanıb qalmışdı, yerindəcə işığın düyməsini basıb saatın dörd olduğunu görlü. Dodaqlarını büzdü. Səhəri gün Culiya təzəcə yerindən qalxmağa hazırlaşanda o, güllə kimi pilləkənlərlə qaçırdı.
- Ana, içəri keçə bilərəm?
- Keç.
Rocer hələ də pijama və xalatda idi. O, anasına gülümsədi. Rocer necə sütül, gənc görünürdü.
- Sən dünən çox gec qayıtdın.
- Çox da yox. Təxminən birdə.
- Yalançı! Mən saata baxdım. Dörd idi.
O, şən ovqatla razılaşıb:
- Dörddü, qoy dörd olsun, - dedi.
- Səni anda verirəm, bu vaxta qədər nə işlə məşğul idiz?
- Tamaşadan sonra şam yeməyinə getdik. Rəqs elədik.
- Kimlə?
- Orda görüşdüyümüz iki qızla. Tom onları əvvəldən tanıyır.
- Adları necədi?
- Biri Cil, o biri Cun. Famillərini bilmirəm. Cun aktrisadı. Soruşdu ki, onu sənin növbəti pyesinə dublyor düzəldə bilərəmmi?
Hər halda, onlardan biri də Evis Krayton deyildi. Dollinin dilindən çıxandan bəri bu ad Culiyanın fikrindən çıxmırdı.
- Amma axı, belə yerlər səhər dördə qədər işləmir.
- Hə, biz Tomun yanına qayıtdıq. Məndən söz aldı ki, sənə deməyim. Elə fikirləşdi ki, sən bərk əsəbiləşəcəksən.
- Məni əsəbiləşdirmək üçün daha vacib səbəblər olmalıdı. Söz verirəm, dilimdən bir kəlmə də qaçırmayacağam.
- Əgər bir günahkar varsa, o da mənəm. Mən dünən günorta ona dəyib bu işi razılaşdırdım. Kitabda yazılan, tamaşalarda göstərilən bu sevgi deyilən şeyin nə olduğunu... Mənim bir azdan on səkkiz yaşım olacaq. İstədim bunun nə olduğunu bir özüm üçün yoxlayam.
Culiya gözlərini dipdiri açıb yatağında oturdu və sualedici baxışlarını Rocerə dikdi.
- Rocer, səni anda verirəm, de görüm, sözünün canı nədi?
O, həmişəki kimi ciddi və təmkinliydi.
- Tom dedi, iki qız tanışı var, bu işi onlarla yoluna qoymaq olar. Dedi ki, hər ikisiylə yatıb. Qızlar bir yerdə yaşayırlar. Belə, onlara zəng vurub tamaşadan sonra görüşməyi təklif etdik. Tom dedi ki, dostumun siftəsidi, qoy, mənim hansına düşəcəyim üçün püşk atsınlar. Onun mənzilinə qayıdanda Tom Cillə yataq otağına keçdi, Cunla mənə qonaq otağını verdi.
Hansısa an Rocerlə bağlı həyəcan keçirdiyinə görə Tom Culiyanın fikrindən çıxdı.
- Özü də anacan, bilirsən, burda xüsusi bir şey yoxdu. Başa düşə bilmirəm, nədən onun üstündə bu boyda hay-küy qaldırıblar.
Culiyanı qəhər boğdu, gözləri yaşla doldu və yanaqlarıyla sel kimi axdı.
- Anacan sənə nə oldu? Niyə ağlayırsan?
- Sən axı, hələ lap uşaqsan!
Rocer ona yaxınlaşdı, çarpayının qırağında əyləşib bərk-bərk qucaqladı.
- Anacan, sənə nə oldu axı! Yaxşı, yaxşı, ağlama. Bilsəydim, halın belə dəyişəcək, sənə heç nə deməzdim. Bir də ki, onsuz da gec-tez bu, baş verməliydi.
- Amma belə tez... Belə tez! İndi mən özümü tamam qoca hiss eləyirəm.
- Sən - qoca?! Bircə belə demə, anacan... "İllər ona hökm edə bilməz. Dəyişə-dəyişə əbədiyyətəcən dəyişməz". (Uilyam Şekspir, "Sezar və Kleopatra")
Culiya göz yaşları içində gülümsədi.
- Axmaqsan, Rocer. Elə bilirsən o qoca eşşəyin onun haqqında dedikləri Kleopatraya xoş gələrdi? Sən bir az da gözləyə bilərdin.
- Yaxşı ki, gözləməmişəm. İndi hər şeyi bilirəm. Doğrusunu desəm, bu, iyrənc bir şeydi.
Culiya dərindən köks ötürdü. Rocerin onu belə nəvazişlə qucaqlaması onu sevindirirdi, amma özünə dəhşətli yazığı gəlirdi.
Rocer soruşdu.
- Əziz anam, sən mənə hirslənirsən?
- Hirslənirəm? Yox. Amma əgər bu, onsuz da baş verməliydisə istəyərdim, belə nasiranə olmasın. Sən bu haqda eynən hansısa bir maraqlı elmi təcrübədən danışılan kimi danışırsan, nə az, nə də çox.
- Əslində, elə də oldu.
Culiya oğluna xəfifcə gülümsədi.
- Sən həqiqətənmi bunu məhəbbət hesab eləyirsən?
- Çoxu belə fikirləşir, məgər elə deyil?
- Elə deyil, qəti elə deyil! Məhəbbət bilirsən nədi? Ağrı və əzab, həya, heyrət, cənnət və cəhənnəm, adi hisslərinlə müqayisədə yüz dəfə gərginləşmək hissi, izaholunmaz qüssə, azadlıq və köləlik, rahatlıq və həyəcan.
Onu dinləyən Rocerin bu tərpənməz sükutunda elə bir şey var idi ki, Culiyanı istər-istəməz oğluna baxmağa məcbur elədi. Rocerin gözlərində qəribə ifadə var idi. Culiya o ifadəni oxuya bilmirdi. Elə bil Rocer uzaqdan axıb gələn səslərə qulaq asırdı.
Rocer mızıldandı:
- Elə də şən səslənmir.
Culiya Rocerin sifətini zərif dərili ovucları arasına salıb dodaqlarından öpdü.
- Mən axmağam, hə? Hələ də sənə baxanda bir vaxtlar qucağımda saxladığım o körpəni görürəm.
Rocerin gözlərində hiyləgər təbəssüm göründü.
- Nəyə gülürsən, balaca?
- Yaman yaxşı fotoydu, hə?
Culiya gülməkdən özünü saxlaya bilmədi.
- Donuz balası. Murdar donuz balası.
- Qulaq as Cunun işini neyləyək? Dublyor olmağa onun ümidi varmı?
- Deyərsən, bir gün yanıma gəlsin.
Rocer gedəndən sonra Culiya dərindən nəfəs aldı. O, əzilmişdi, özünü çox tənha hiss eləyirdi. Həyatı həmişə o qədər maraqlı və gərgin keçmişdi ki, oğluyla məşğul olmağa, sadəcə, vaxtı olmamışdı.
Əlbəttə, oğlu göy öskürək keçirəndə, yaxud xanazıra tutulanda dəhşətli həyəcanlanmışdı. Amma belə götürəndə Rocer sağlam uşaq idi və onun fikrini o qədər məşğul eləmirdi. Oğlu isə əgər Culiyanın onunla oynamağa həvəsi olurdusa, həmişə qulluğunda hazır idi. Culiya həmişə düşünürdü ki, Rocer böyüyüb onunla fikirlərini bölüşəndə o, necə də xoşbəxt olacaq. Doğrusu, oğluna heç vaxt əməlli-başlı yiyə durmasa da indi onu itirdiyi Culiya üçün ağır zərbə oldu. Oğlunu ondan alıb oğurlayan o qız barədə düşünəndə Culiyanın dodaqları əsdi.
"Dublyor! Sən bir iştaha bax! Ay səni!"
Culiya öz dərdinə elə bürünmüşdü ki, Tomun xəyanətinin ağrısını demək olar ki, hiss eləmirdi. Culiya əvvəllər də Tomun ona xəyanət etdiyinə əmin idi. Bu yaşına, bu ehtirasına uyğun, üstəlik Culiyanın da sənətiylə bağlı çıxışlara, müxtəlif görüşlərə gedərək, qeyb olmasından istifadə edib tələbatını ödəmək üçün düşən imkanları o, şübhəsiz ki, boşa vermirdi. Culiya hər şeyə göz yumurdu. Onun istədiyi az şey idi - bütün bunlardan xəbərdar olmamaq. İndi o, ilk dəfəydi ki, faktla üz-üzə qalmışdı.
"Bununla da barışmalı olacam. Pis odu ki, yalan danışasan, özün də bilməyəsən ki, yalan danışırsan. Axmaq olub axmaq olduğunu bilməməkdənsə, axmaq olub axmaq olduğunu bilmək yaxşıdı". Culiya dərindən ah çəkdi. Fikirlər beynində bir-birini əvəz eləyirdi.
İyirminci hissə
Milad bayramında Tom İstburna, valideynlərinin yanına getdi. "Hədiyyələr günü " Culiyanın iki çıxışı var idi. Odur ki, şəhərdə qalıb Yeni ili qarşılamaq üçün Dolli de Frizin "Savoy"da təşkil etdiyi təntənəli şənliyə getdilər. Bir neçə gündən sonra Rocer Vyanaya yollandı. Oğlu Londonda olduğu müddətdə Culiya demək olar ki, Tomu görmədi. O heç Rocerdən Tomla şəhəri ələk-vələk eləyəndə nə işlərdən çıxdıqlarını da soruşmurdu. Çünki bilmək istəmirdi: bir şənliyi o birisiylə əvəzləyə-əvəzləyə fikrini dağıdıb bu barədə düşüncələri beynindən çıxarmağa çalışırdı. Və işi bu işdə də ona kömək olurdu. Elə teatrın qapısından içəri keçməyə məəttəl idi, ağrısı, qısqanclığı, özünü alçalmış kimi hiss eləməsi səngiyib avazıyırdı. Elə bil o, krem şüşəsinin dibində yer üzünün bütün həyəcanlarına son verə bilən möcüzə bir məlhəm tapırdı. Culiya ondan güc alırdı, özünü göyün yeddinci qatında hiss eləyirdi. Əlinin altında belə bir məlhəmi olan insan nəyə desən qadir idi.
Rocer geri qayıdan gün Tom idarədən ona zəng elədi.
- Bu axşam nəsə bir işin yoxdu ki? Bəlkə axşamı bir yerdə keçirək?
- Mümkün deyil. Görüşüm var.
Düz demirdi, amma elə bil dodaqları özü onun əvəzinə danışırdı.
- Hə? Bəs sabah?
Əgər Tom təəssüf hissi keçirsəydi, əgər ondan dediyi o görüşə getməməyi xahiş etsəydi, bu, Culiyaya artıq söz demədən onunla əlaqələrə son verməyə kifayət edərdi. Onun bu laqeydliyi Culiyanı ovsunlamışdı.
- Sabah? Yaxşı.
- Oldu. Tamaşadan sonra gəlib səni teatrdan götürəcəm. Hələlik.
Tom odasına girəndə Culiya artıq hazır dayanıb onu gözləyirdi. O, dəhşətli həyəcan içindəydi. Onu görən kimi Tomun çöhrəsi işıqlandı, Evi otaqdan çıxar-çıxmaz Culiyanı özünə çəkib ehtirasla öpdü. Sonra gülüb:
- Bax, indi yaxşı oldu, - dedi.
Gənc, sütül, həyatsevər, ürəyinin qapısı taybatay açıq bu gəncə baxanda adamın ağlına da gəlməzdi ki, o, Culiyaya belə amansız əzablar verir. İnana bilməzdin ki, bu oğlan o qadını aldadır. Onların iki həftə görüşmədiklərini Tom hətta hiss belə eləməmişdi. Bu, aydın görünürdü.
("İlahi, əgər onu həyatımdan biryolluq rədd eləyə bilsəydim")
Amma Culiya ona gözəl gözlərinin şən təbəssümüylə baxıb soruşdu:
- Hara gedirik?
- Mən Kveqada stol sifariş eləmişəm. Onların proqramında yeni nömrə var. Hansısa bir amerikalı fokusçudu. Deyirlər, çox yüksək səviyyədi.
Bütün şam yeməyi boyu Culiya dil boğaza qoymadı. Toma təşrif buyurduğu qəbullardan, getməməsi heç cür mümkün olmayan teatr axşamlarından danışdı. Elə təəssürat yaranmışdı ki, onların belə uzun müddət bir-birindən ayrı düşməsinin yeganə səbəbi Culiyanın vaxt tapa bilməməsi olub. Onu ruhdan salan Tomun hər şeyi arın-arxayın qəbul eləməsiydi. Şübhəsiz, Tom ona görə şad idi; Culiyanın öz işlərindən, görüşdüyü insanlardan danışdıqlarına maraqla qulaq asırdı, amma həm də şübhə yox idi ki, o, onun üçün azca da darıxmayıb. Tomun bu xəbəri necə qəbul edəcəyini görmək üçün Culiya onun öz pyeslərində oynamaq üçün Nyu-Yorka qastrola dəvət aldığını dedi. Ona orda hansı şərtlər təklif olunduğunu bəyan etdi.
Tomun gözləri parıldadı və o ucadan:
- Bu Ki, əladı! - dedi. - Bu ki, göydən düşmədi. Sən heç nə itirmirsən, əvəzində bir ətək pul qazana bilərsən.
- Hə, elə olmağına elədi, amma nəsə Londonu tərk eləmək istəmirəm.
- Niyə, nəyin xətrinə? Mən sənin yerində olsaydım, bu təklifdən ikiəlli yapışardım. Pyes nə vaxtdandı səhnədədi, belə getsə, pasxayacan ona baxmağa gələnlərin sayı tamam azalacaq. Əgər sən Amerikanı fəth eləmək istəyirsənsə, bil ki, belə imkan bir də ələ düşən deyil.
- Bu pyesin yazda getməyəcəyinə əsas görmürəm. Bir də ki, mən yeni insanlarla tanışlığı xoşlamıram. Öz dostlarımla qalmağa üstünlük verirəm.
- Məncə bu, səfehlikdi. Dostların sənsiz də əla keçinəcək. Sən də Nyu-Yorkda vaxtını kefin istəyən kimi keçirəcəksən.
Culiyanın cingiltili gülüşü ürəkdən gəldi.
- Deyəsən, məndən canını necə qurtarmağın hayındasan.
- Əlbəttə, mən səndən ötrü dəhşətli darıxacam. Amma, biz axı, cəmi bir neçə aylığa ayrılacağıq. Əgər mənim əlimə belə fürsət düşsəydi, dünyasında buraxmazdım.
Şam yeməyindən sonra restoranın qapıçısı onlar üçün taksi çağırtdıranda Tom sürücüyə çox təbii bir hal kimi öz mənzilinin ünvanını dedi. Taksidəcə Culiyanın belini qucaqlayıb üzündən öpdü. Sonra Culiya çox da geniş olmayan bir yerlik çarpayıda Tomun ağuşunda uzananda hiss elədi ki, indi onun canına büsbütün hakim kəsilən bu ilahi rahatlığının müqabilində son iki həftə içini gəmirən həmin o ağrı elə də böyük bir şey deyilmiş.
Culiya Tomla dəbdə olan restoranlara və gecə kafelərinə getməyindəydi. Əgər insanlara Tomu onun məşuqu kimi görmək xoş gəlirsə, neynək, qoy işlərində olsunlar. Amma axır vaxtlar Culiya onunla harasa getmək istəyəndə Tom daha tez-tez məşğul olurdu. Culiyanın kübar dostları arasında belə bir fikir yaranmışdı ki, Tom Fennel mənfəət vergisini necə azaltmaq sarıdan ağlabatan təkliflər verir. Bir gün Dennorantlar onu özlərinin şəhərətrafı evlərinə dəvət etmişdilər. Tom orada özünə onun peşəkar bilgilərindən istifadə etmək istəyən bir dəstə dost qazandı. Tom Culiyaya tanış olmayan şəxslərdən də dəvətlər almağa başladı. Ümumi tanışlar bəzən Culiyaya deyərdi:
- Siz də Tom Fenneli tanıyırsız, eləmi? Heç də fərsiz deyil, düzdümü? Eşitmişik ki, o, mənfəət vergisində yüzlərlə funt qənaət eləmək üçün Cillianlara yardımçı olub.
Bütün bunlar Culiyaya qəti xoş gəlmirdi. Əvvəllər kiminsə evinə Tom ancaq onun vasitəsilə ayaq qoya bilərdi. Belə çıxırdı ki, artıq o, onun köməyi olmadan da əməlli-başlı keçinə bilər. Tom qılıqlı və ciddiydi, əyin-başına çox yaxşı baxırdı, həmişə də səliqəli və təravətli görkəmdəydi ki, bu da insanları cəlb eləyirdi. Üstəlik Tom onlara pullarını qənaət etməkdə də yardımçı olurdu. Culiya Tomun can atdığı aləmə kifayət qədər bələd idi və başa düşürdü ki, o, tezliklə orda özünə güclü mövqe qazanacaq. Culiya onun o aləmdə rastlaşacağı qadınların tamahkar olduqları qənaətindəydi, amma onu qarmağına keçirməyə şad ola biləcək adlı-sanlı xanımlardan birinin belə adı yadına düşmürdü. Onu sakitləşdirən də elə bu idi: hamısı elə simiciydi ki, qışda onlardan buz ala bilməzdin. Dolli deyirdi ki, o, ildə dörd yüz funt qazanır. Bu pulla o aləmdə baş saxlaya bilmərsən.
Culiya Amerikaya getməkdən Tomla söhbətdən xeyli əvvəl qəti imtina etmişdi. Hansı ki, o vaxt tamaşaçı zalında adam əlindən tərpənmək mümkün deyildi. Amma baxın, qəflətən Londonun bütün teatrlarında tamaşaçı sarıdan bir qəribə süstlük yarandı. İnsanlar demək olar ki, teatrdan ayaqlarını kəsirlər və bu da təbii ki, yığıma öz təsirini göstərdi. Belə görünür ki, pyes doğrudan da pasxadan o yana duruş gətirə bilməyəcək. Onların ehtiyatda böyük ümid bəslədikləri yeni bir pyesləri də var idi. "Bu zəmanə" adlı bu pyesin premyerasını onlar bu payız eləmək istəyirdilər. Bu pyesdə Culiya üçün çox gözəl bir rol var idi, amma ən gözəli bu idi ki, nəhayət, Maykla da öz ampluasına uyğun rol tapılmışdı. Belə pyeslər illərlə repertuarlardan silinmirlər. Bu tamaşanı mayda səhnələşdirmək ideyası Mayklın o qədər də ürəyincə deyildi. Amma qabaqdan yay gəlirdi və deməli, çıxış yolu yox idi. Odur ki, o, aktyor heyətini yığmağa başladı.
Antrakt elan edildiyi günortalardan birində Evi əlində kağız Culiyaya yaxınlaşdı.
Culiya heyrət içində Rocerin xəttini tanıdı.
"Əziz anam!
İcazə ver sənə haqqında danışdığım miss Cun Denveri təqdim edim. O, dəhşətli yanğıyla "Siddons-teatr"a düşmək istəyir və əgər sən onu ən xırda rola dublyor götürsən çox xoşbəxt olar".
Culiya bu kağız parçasındakı rəsmiyyətə gülümsədi, ona ləzzət eləyən oğlunun daha böyüyüb dost-tanışına iş düzəltməsi idi. Və qəflətən Cun Denverin kimliyini xatırladı. Cun və Cil. Roceri yoldan çıxaran həmin qız. Culiya üzünü turşutdu. Ona baxmaq maraqlı olardı.
- Corc hələ getməyib ki?
Corc onların dalandarı idi: Evi başını tərpədib qapını açdı.
- Corc!
O, içəri keçdi.
- Məktub gətirən o xanım hələ burdadı?
- Bəli, miss.
- Deyin ki, mən onu tamaşadan sonra qəbul eləyəcəm.
Axırıncı hissədə Culiya ziyafət libasında peyda olur. Libas gözəgəlimliydi və onun gözəl bədənini gözəl təqdim edirdi. Qara saçlarında brilyant diadema, əllərində isə brilyant qolbağı bərq vururdu. Həqiqətən də roluna uyğun əzəmətli görkəm. Culiya Cun Denveri alqışlar bitən kimi qəbul etdi. O, bir göz qırpımındaca göydən yerə, həyata enməyi bacarırdı, amma indi Culiya özünə əziyyət verib dəyişmək istəmədi, odur ki, elə pyesinin o soyuq, əzəmətli, həm də cılız qəhrəmanını təsvir eləməkdə davam etdi.
- Mən onsuz da sizi çox gözlətdim, qərara aldım ki, görüşümüzü uzatmayım, əynimi sonra dəyişərəm.
Culiyanın al qırmızı dodaqlarına şahzadə təbəssümü qonmuşdu, səsində istehza dolu ahəng Culiya ilə o gələn qızın arasındakı məsafədən xəbər verirdi. İlk baxışdanca onda odasına girən qızın kimliyi barədə təsəvvür yarandı. Gəlincik sifətli, fındıq burun, üzünə boyanı həm çox, həm də yersiz çəkən gənc bir qız.
"Ayaqları həddən artın qısa, qəti gözə çarpmayan adi bir qız". Culiya onun barəsində belə qənaətə gəldi.
Əynindəki çox güman bayırlıq paltarıydı, elə bircə o özü Culiyaya sahibi haqqında hər şeyi deyirdi.
("Şaftsberi-avenyu. Endirilmiş qiymətlərlə satış")
Yazıq qız çox həyəcanlıydı. Culiya ona stul göstərib siqaret təklif etdi.
- Kibrit yanınızdadı.
Qız kibriti yanlırmaq istəyəndə Culiya gördü ki, əlləri əsir. Birinci çöp sındı, ikincini alışdırmaq üçün üç dəfə cəhd eləmək lazım gəldi.
("Kaş Rocer onu bu halda görəydi! Ucuz ənlik, ucuz dodaq boyası, özü də qorxudan meyit rəngi alıb. Amma Rocerin qənaətincə, o, şən bir qızdı".)
- Siz çoxdan səhnədəsiz, miss... Bağışlayın adınızı unutmuşam.
Qızın boğazı qurumuşdu. Siqareti sönsə də onu həmin məlum görkəmdə onu əlində tutmuşdu. Birtəhər dilinə güc verib Culiyanın sualına cavab verdi:
- Cun Denver. İki ildi.
- Neçə yaşınız var?
- On doqquz.
("Yalandı. İyirmi iki olar".)
- Siz mənim oğlumla tanışsız?
- Bəli.
- O, İtonu yenicə bitirib, almanca öyrənmək üçün Vyanaya gedib. O əlbəttə, hələ çox cavandı, atasıyla fikirləşdik, Kembricə daxil olmaqdan əvvəl bir neçə ayını xaricdə keçirməsi Rocerin xeyrinə olar. Bəs, siz hansı amplualarda çıxış etmisiz? Siqaretiniz sönüb. Başqasını götürün.
- Yox, lazım deyil, çox sağ olun. Mən əyalətlərdə oynamışam. Çox istərdim, Londonda özümü göstərim.
Ümidsizlikdən elə bil cəsarətlənmişdi. Aydın görünürdü ki, bu qısa çıxışını qabaqcadan hazırlayıb:
- Mən həmişə sizinlə dəhşətli qürur duymuşam, miss Lembert. Həmişə deyirəm ki, siz İngiltərə səhnəsinin nəhəng aktrisasısınız. Mən dramatik sənətlər üzrə Krallıq akademiyasında keçirdiyim illərlə müqayisədə sizin tək özünüzdən daha artıq öyrənmişəm. Həyatımın ən böyük arzusu, sizin teatrda oynamaqdı, miss Lembert. Əgər siz mənə lap xırda bir rol verə bilsəydiz! Bu mənim üçün elə böyük şansdı ki... Bunu ancaq arzulamaq olar.
- Zəhmət olmasa şlyapanızı çıxarın.
Cun Denver ucuz şlyapasını başından alıb cəld hərəkətlə qısa kəsilmiş tellərini düzəltdi.
Culiya:
- Gözəl saçlardı, - dedi.
Culiya həmin o azca sınayıcı, amma həm də kraliçanın təntənəli mərasimlərdə öz əyanlarına hədiyyə etdiyi olduqca xoş təbəssümlə gözlərini Cuna zillədi. Culiya dinib danışmırdı. Janna Tebunun aforizmi, həmişə yadındaydı: "Əgər çox vacib deyilsə, pauza eləmə, işdi əgər bu baş veribsə, onda nə qədər bacarırsan, uzat". Culiyaya elə gəldi ki, qızın ürəyinin döyüntüsü onun da qulağına çatır, onun yumaq kimi o ucuz paltarına, hətta öz dərisinə necə büzüşüb yığıldığını gördü.
- Oğlumdan mənə zəmanət məktubu yazmağı xahiş eləmək fikri hardan ağlınıza gəldi?
Qız elə qızardı ki, bu, hətta boyanın altından da hiss olundu. Və cavab verməzdən əvvəl əziyyət çəkə-çəkə udqundu:
- Oğlunuzu tanışlarımdan birinin yanında görüb sizinlə necə qürur duyduğumu ona dedim. O da qayıtdı ki, ola bilsin, növbəti pyesdə mənim üçün nəsə tapıldı.
- Mən indi bütün rolları bir-bir fikrimdə çözəliyirəm.
- Mən rol arzulamıram. Əgər dublyor ola bilsəydim... Demək istəyirəm, bu mənə repetisiyalarınıza gəlib sizin texnikanızı öyrənməyə imkan verərdi. Bu özü elə bir məktəbdi. Hamı belə deyir.
("Axmaq qız, məni bişirmək istəyir. Guya mən özüm bunu bilmirəm. Bircə səni öyrətməyim qalmışdı".)
- Sizin bu münasibətiniz mənə çox xoşdu. Amma inanın ki, mən adi bir qadınam. Tamaşaçı mənə qarşı mərhəmətlidi, çox mərhəmətlidi... Siz yaxşı bir qızsız. Özü də gəncsiz. Gənclik gözəldi. Biz həmişə gənclərə özlərini göstərmək üçün imkan yaradırıq. Həm də bizlər əbədi deyilik, zamanı gələndə yerimizi tutacaq əvəz yetişdirməyi publika qarşısında özümüzə borc bilirik.
Culiya bu sözləri hər hərfi ustalıqla çıxaran səsiylə elə sadəlövhlüklə dedi ki, Cun Denverin ürəyi yerinə gəldi. Qarını bişirə bildi, dublyor yeri artıq cibindədi! Tom Fennel demişdi, əgər axmaq olmasa, Rocerlə tanışlıq onu gətirib bir yerə çıxaracaq.
- Amma bu, belə tezliklə olmayacaq, eləmi miss Lembert? - dedi və onun gözləri, o qəşəng qara gözləri parıldadı.
("Burda sən haqlısan, göyərçinim mənim, elə haqlısan! Mərc gələrəm ki, hətta yetmiş yaşımda da səndən yaxşı oynayacam".)
- Bəli, mən fikirləşməliyəm. Növbəti pyes üçün bizə hansı dublyor lazım olacağını hələ bilmirəm.
- Söz gəzir ki, qız qəhrəmanı Evis Krayton oynayacaq. Mən ona dublyor ola bilərdim.
Evis Krayton. Culiyanın sifətində bir əzələ də tərpənmədi. Bu adın ona nəsə dediyi bir adamın da ağlına gəlməzdi.
- Onun haqqında ərimdən eşitmişəm, amma hələ ortada heç bir şey yoxdu. Mən onu azca da tanımıram. İstedadı varmı?
- Elə bilirəm var. Biz teatr məktəbində bir yerdə olmuşuq.
Culiya:
- Həm deyirlər, şəkil kimi qızdı, - deyib, qəbulun bitdiyini nümayiş etdirmək üçün ayağa qalxdı. Və kraliça görkəmini çiynindən atdı. Səsinin ahəngini dəyişib bir andaca təzədən imkanı daxilində olan köməkliyi bir dost kimi məmnuniyyətlə eləməyə həmişə hazır olan doğma, ürəyiaçıq bir aktrisaya çevrildi. - Əzizim adınızı və ünvanınızı qeyd edib mənə verin, bir şey alınsa sizə xəbər eləyəcəm.
- Siz məni yaddan çıxarmazsız ki, miss Lembert?
- Xeyr, əzizim, söz verirəm. Sizinlə tanışlıq mənə xoş oldu. Siz qiyamət qızsız. Küçəyə çıxışı özünüz tapa biləcəksizmi? Sağ olun.
"Mənim teatrımdan rol istəyənə bax. Qulağının dalını görərsən. Mənim oğlumu pozan murdar fahişə! Mənim zavallı quzuciyəzim. Ayıb və ləkə: bunun başqa adı yoxdu. Belələrinə qanunla ən ağır cəza verilməlidi".
Gözəl libasını soyuna-soyuna güzgüdə özünə baxdı. Baxışları hirsliydi, dodağı isə kinayəli təbəssümdən əyilmişdi. Öz əksinə müraciətlə:
- Rəfiqəm mənim, - dedi, - sənə "Bu zəmanələr"də ümumiyyətlə teatrımızın heç bir tamaşasında oynamayacaq bir insanın da adını deyə bilərəm. Bu, Evis Kreytondu.
İyirmi birinci hissə
Amma bir həftə sonra Maykl onun adını yada saldı.
- Qulaq as, sən Evis Krayton adlı qız barədə eşitmisənmi?
- Heç vaxt.
- Deyirlər, pis deyil. Xanımlığı zadı yerli yerindədi. Atası hərbçilərdəndi. Fikirləşdim, görən, Onor roluna yarayar.
- Onun haqqında kimdən eşitmisən?
- Tomdan. O, onunla tanışdı. Deyir, istedadlı qızdı. Bir həftədən sonra bazar günü tamaşasında çıxış edəcək. Tom hesab eləyir ki, ona baxmağa dəyər.
- Nə olar, get bax.
- Mən qolf oynamaq üçün Senduiçə uik-endə hazırlaşıram. Sən qəti getmək istəməzdin, hə? Pyes yəqin ki, zibildi, amma tamaşadan sonra rolu ona oxumağa verib-verməməyi özün müəyyənləşdirə biləcəksən. Tom da səninlə gələcək.
Culiyanın ürəyi bərk-bərk döyündü.
- Təbii ki, gedərəm.
Bazar günü Culiya Toma zəng eləyib teatra getməzdən əvvəl öz evində qəlyanaltıya dəvət etdi Tom Culiya hazır olmadan gəlib çıxdı.
Qonaq otağına keçib soruşdu:
- Mən yubanmışam, yoxsa sən tələsmisən?
Culiya gördü ki, Tom səbrini güclə basıb. O, əsəbiydi, elə bil iynə üstə oturmuşdu.
Tomun cavabı belə oldu:
- Üçüncü zəng düz səkkizdə çalınır. Teatra tamaşa başlayandan sonra gəlib çatmaqdan zəhləm gedir.
Onun bu gərginliyi Culiyaya bilmək istədiklərini büsbütün deyirdi. O, öz kokteylini içəndə qəti tələsmək fikrində deyildi. Soruşdu:
- Oyununa baxmağa getdiyimiz aktrisanın adı nədi?
- Evis Krayton. Onun barəsində sənin nə fikirdə olduğunu bilmək mənim üçün dəhşətli dərəcədə maraqlıdı. Elə bilirəm, o, tapıntıdı. Bu gün gələcəyini bildiyinə görə, yaman həyəcan keçirir. Amma mən ona dedim ki, bunun üçün əsas yoxdu. Bazar günü tamaşalarının nə olduğunu sən özün gözəl bilirsən: qaçaraq repetisiyalar, nə bilim, nələr. Ona dedim ki, sən bütün bunları yaxşı anlayırsan və nəzərə alacaqsan.
Nahar zamanı Tom saata baxa-baxa qalmışdı. Culiya kübar cəmiyyətə aid söhbətlərlə guya onun başını qatırdı. Bir mövzudan başlayıb, o birinə keçirdi, amma Tomun qulağı başqa yerdəydi. Fürsət düşən kimi söhbəti təzədən Evis Kraytonun üstünə gətirib çıxardı.
Tom teatrlarında səhnə quruluşu verilməzdən öncə oxuduğu bütün pyeslər kimi "Bu zəmanə" ilə də tanış idi:
- Əlbəttə, ağzımdan bir söz qaçırmamışam, amma məncə, o, Onor roluna yarayar. O hətta deyərdim, bu rol üçün doğulub. Ayağa qalxmaq üçün çox mübarizələrdən keçib və əlbəttə, bu, onun üçün göydəndüşmə fursətdi. O sənə ağlasığmaz dərəcədə heyrandı, səninlə bir səhnəni bölüşmək ən böyük arzusudu.
- Burda təəccüblü bir şey yoxdu. Bu o deməkdi ki, ən uzağı bir il səhnədəsən və qəflətən özünü bir dəstə antreprenerə göstərmək imkanı qazanırsan.
- O, çox işıqlı sarışındı. Elə bizə də bu lazımdı. Ondan sənə çox yaxşı kölgə olar.
- Sulu peroksidin canı sağ olsun, səhnədə sarışın əlindən tərpənmək olmur.
- Amma o, təbii sarışındı.
- Eləmi? Bu gün Rocerdən ətraflı bir məktub almışam. Deyəsən, orda vaxtını əla keçirir.
Tomda bu söhbətə qəti maraq yox idi. Kofe gələndə saata baxdı. Culiya dedi ki, içiləsi deyil, ona görə də göstəriş verdi, başqasını, təzəsini hazırlasınlar.
- Ah, Culiya lazım deyil. Biz gecikirik.
- Nə fərqi var axı, bir-iki dəqiqəni buraxsaq, dünya dağılmaycaaq ki.
Tomun səsindən əzab boylanırdı.
- Mən axı ona vaxtında gələcəyimizə söz vermişəm. Təxminən lap əvvəldə onun bir yaxşı səhnəsi var.
- Çox təəssüf eləyirəm, amma kofeni içməmiş gedə bilmərəm.
Kofeni gözlədikləri müddətdə Culiya dil boğaza qoymurdu. Tom zorla cavab verirdi və səbirsiz baxışları qapıda qalmışdı. Nəhayət, kofe gəlib çıxanda Culiya onu adamı havalandıran bir ləngərliklə içməyə başladı. Onlar gəlib maşına oturanacan Tom artıq yüngülvari dəlilik həddinə çatmışdı və bütün yol boyu mısmırığını sallayıb Culiyaya gözünün qırağıyla da baxmadı. Onlar teatra gəlib çatanda pərdələrin qalxmasına cəmi iki dəqiqə qalırdı. Culiya zalda peyda olan kimi alqış sədaları gəldi. Culiya narahatlığa görə əyləşənlərdən üzr istəyə-istəyə parterin ortasındakı yerinə gəldi. Üzündəki yüngül təbəssümü tamaşaya özünü düz vaxtında çatdırdığına görə, publikanın onu alqışlarla salamlamasına təşəkkürün ifadəsi idi, amma yerə dikilən baxışlar bütün bu mənzərənin ona nəsə bir aidiyyatı olduğunu təvazökarlıqla inkar eləyirdi.
Pərdə qalxdı və qısa giriş səhnəsindən sonra iki qız peyda oldu - Biri çox yaxşı və cavan, o biri nə elə yaxşı, nə də elə cavan. Bir dəqiqədən sonra Culiya Toma sarı döndü:
- Onlardan hansı Evis Kraytondu - o cavan, yoxsa o biri?
- Cavan.
- Hə, əlbəttə, sən axı, onun sarışın olduğunu demişdin.
Culiya ona baxdı. Tomun eyni açılmışdı, dodaqlarına məmnunluq ifadə edən təbəssüm qonmuşdu. Culiya bütün diqqətini səhnəyə yönəltdi. Doğrudan da Evis Kraytonun yaraşığına söz ola bilməzdi: gözəl qızılı saçlar, ifadəli mavi gözlər, balaca düz burun. Amma Culiya belə qadınları xoşlamırdı. Onlar barədə qənaəti beləydi:
"Belə də, adi xor qızı".
Bir neçə dəqiqə çox diqqətlə onun oyununu izlədi, sonra yüngül ahla kresloya yayxandı.
"Qəti oynaya bilmir". Hökmü belə oldu.
Pərdə enəndə Tom sonsuz bir maraqla ona sarı döndü. Bayaqkı o pis əhval-ruhiyyəsi yerli-dibli yox olmuşdu.
- Nə fikirdəsən?
- Gözəldi. Lap şəkil kimidi.
- Bunu özüm də bilirəm. Mən necə oynadığını soruşuram. Mənimlə razısanmı ki, o, doğrudan da istedadlıdı?
- Hə, bacarığı var.
- Pərdə arxasına keçib bunu onun özünə deyə bilərsən? Bu onu çox ruhlandırar.
- Mən?
Nə xahiş elədiyini, o, sadəcə, özü də dərk etmir. İnanılmazdı! Culiya Lembert hanısa üçüncü dərəcəli bir aktrisacığazı təbrik eləmək üçün pərdənin arxasına keçməlidi!
- İkinci aktdan sonra səni yanına gətirəcəyimi ona söz vermişəm. Hə, Culiya, adam ol. Bu onu xoşbəxt eləyər.
("Axmaq! Axmağın yekəsi! Yaxşı, bu sınaqdan da çıxarıq".)
- Əlbəttə, əgər fikirləşirsənsə, bunun onun üçün nəsə bir əhəmiyyəti var, onda mən razı.
İkinci aktdan sonra onlar səhnə tərəfdən pərdənin arxasına keçdilər. Tom Culiyanı Evis Kraytonun otağına gətirdi. Buranı o, birinci aktda göründükləri həmin o kifir qızla bölüşürdü. Tom onları bir-birinə təqdim etdi. Evis yorğun əlini Culiyaya bir qədər etinasız uzatdı.
- Sizinlə tanış olmağıma çox şadam, miss Lembert. Səliqəsizliyə görə üzr istəyirəm. Amma hansısa bircə axşama görə buranı səhmana salmağın nə mənası.
Qəti həyəcan keçirmirdi, əksinə, hiss olunurdu ki, özünə kifayət qədər arxayındı.
"Üzü üzlər görüb. Hiyləgərdi. Qarşımda polkovnik qızı obrazını təsvir edir".
- Bura gəlməklə mənə böyük iltifat göstərmisiz. Elə bilirəm, pyes çox da maraqlı deyil, amma təzə-təzə başlayanda nə versələr almalı olursan. Bu pyesi mənə oxumağa göndərəndə bir xeyli tərəddüd elədim, amma rol xoşuma gəldi.
Culiya:
- Sizin ifanız tərifəlayiqdi, - dedi.
- Siz çox nəzakətlisiz! Əlbəttə, əgər repetisiyalar bir az çox olsaydı... Nəyə qadir olduğumu xüsusən sizə göstərmək istəyirdim.
- Bilirsiz, mən artıq birinci il deyil ki, səhnədəyəm. Həmişə hesab eləmişəm ki, əgər insanın istedadı varsa, onu istənilən şəraitdə üzə çıxaracaq. Məgər siz elə fikirləşmirsiz?
- Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əlbəttə, təcrübəmin azlığını inkar eləmirəm, amma əsas bəxt məsələsidi. Hiss eləyirəm ki, oynaya bilərəm. Əynimə biçilən bir rol olsaydı...
Evis susub Culiyaya imkan yaratdı ki, yeni pyeslərində məhz belə bir rolun olduğunu desin, amma o, eləcə, çöhrəsindəki təbəssümlə dinməzcə ona baxa-baxa qalmışdı. Culiya Evisin ona yepiskop müavininin arvadının yanında yerini isti elməyə can atan skvayrın arvadı kimi müraciət eləməsindən ləzzət alırdı.
Nəhayət soruşdu:
- Siz çoxdan teatrdasız? Qəribədi, nəsə mən heç vaxt sizin barənizdə eşitməmişəm.
- Mən bir müddət revyuda çıxış elədim, sonra hiss elədim ki, vaxtımı boş yerə sərf eləyirəm. Ötən mövsümü büsbütün turnedə keçirmişəm. Yenidən Londonu tərk eləmək istəməzdim.
Culiya:
- Londonda aktyor roldan çoxdu, - dedi.
- Şübhəsiz. Əgər arxa-dayağın yoxdusa, səhnəni gərək yaddan çıxarasan. Eşitmişəm, tezliklə yeni tamaşa qoyacaqsız.
- Bəli.
Culiya nəinki şirin, lap şirəli təbəssümlə ona baxmağındaydı.
- Əgər orda mənim üçün bir rol tapılsaydı, sizinlə eyni səhnəni bölüşməkdən hədsiz xoşbəxt olardım. Təəssüf eləyirəm ki, mister Qosselin bu gün gələ bilməyib.
- Mən sizin barənizdə ona danışacam.
- Siz düşünürsüz ki, mən ümid eləyə bilərəm? Ah, əgər siz mənə görə, ağız açsaydız!
O özünü tox tutsa da, Culiyada müəyyən təəssürat oyatmaq üçün özünü az qala şəhərətrafı mülk sahibəsi kimi aparsa da həyəcanını gizləyə bilmədi. Culiya bir anlıq fikrə dalıb yenidən gülümsədi:
- Müqayisədə mən ərimin məsləhətlərinə daha çox qulaq asıram, - dedi.
Evis Krayton artıq üçüncü akt üçün əynini dəyişməliydi. Culiya onun otağına çıxanda, xudahafizləşən zaman Evis Kraytonun Toma tərəf atılmış sual işarəli baxışlarını tutdu. Heç bir hərəkət-filan sezməsə də Culiya Tomun o sualı yüngülcə başını tərpətməklə cavablandırdığına əmin idi. Bu an bütün hissləri gərilmişdi və Culiya bu lal dialoqa dil verdi:
"Tamaşadan sonra mənimlə şam eləməyə gedəcəksənmi?"
"Yox, istəmirəm, hər şey cəhənnəm olsun. Culiyanı evinə ötürmək lazımdı".
Üçüncü aktı Culiya sərt baxışlarla izlədi ki, bu da təbii idi. Çünki ciddi tamaşaydı. Tamaşa bitəndən və həyəcan içində olan zavallı müəllif sonsuz pauzalarla və duruxa-duruxa bir neçə münasib söz deyəndən sonra Tom Culiyadan şamı harada etmək istədiyini soruşdu.
- Gedək, evdə baxarıq, - dedi. - Əgər acmısansa, mətbəxdə sənin üçün bir şey tapılar.
- Ev deyəndə sən Stenxoup-pleysi nəzərdə tutursan?
- Bəli.
- Yaxşı.
Culiya onu toxtadığını hiss elədi. Yəqin Tom qorxurdu ki, Culiya birdən onun mənzilinə getmək istəyər. Maşında Tom susmuşdu və Culiya bunun səbəbini bilirdi. O, hiss eləmişdi ki, hardasa Evis Kreytonun da getdiyi və Tomun orda olmaq istədiyi bir axşam ziyafəti təşkil olunacaq. Evə gəlib çatanda hər tərəf qaranlıq və səssizlik içindəydi. Qulluqçular artıq yatmışdılar. Culiya onların aşağı, mətbəxə düşüb ordan yeməyə bir şey axtarmalarını təklif etdi.
Tom:
- Mən ac deyiləm, sən necə, nəsə bir şey yemək istəyirsənmi? - dedi. - Mən sodalı viski içib yatacam. Sabah idarədə mənim ağır günümdü.
- Yaxşı, viskidən qonaq otağına, mənə də gətir. İşığı özüm yandıraram.
Tom içəri keçəndə Culiya güzgünün qabağında kremlənib, dodaqlarını boyayırdı. O yalnız vsikini süzəndə əl saxlayıb döndü. Yayxandığı böyük kreslonun qucağında itib-batmış Tom özünün çox ustalıqla tikilmiş bu kostyumunda elə gənc, elə inanılmaz qədərində yaraşıqlıydı ki, bu axşamın bütün qüssəsi, son günlər içini yeyən dözülməz qısqanclıq hissi qəflətən qeyb olub Culiyanın ona olan ehtiraslı məhəbbətinin alovunda əridi. Culiya kreslonun qoltuğunda oturub nəvazişlə onun saçlarını sığalladı. Tom əsəbi hərəkətlə dartındı.
- Eləmə, - dedi. - Saçlarıma toxunanda zəhləm gedir.
Elə bil Culiyanın ürəyinə xəncər batırdılar. Tom hələ bu vaxtacan onunla bu tonda danışmamışdı. Amma biruzə vermədi, Culiya heç nə olmamış kimi gülümsəyib indicə Tomun ona süzdüyü bir badə viskini stolun üstündən götürüb qarşı tərəfdəki kresloda oturdu. Tomun bu hərəkəti və dedikləri sanki özündən xəbərsiz olmuşdu, sifətində hətta yüngülvari bir pərtlik də var idi. O, Culiyanın gözlərinə baxa bilmirdi, sifəti təzədən tutulmuşdu. Bu, həlledici an idi. Bir neçə dəqiqəni sükut içində keçirdilər. Ürəyinin hər döyüntüsü Culiyaya ağrı verirdi. Nəhayət, zorla da olsa dilinin qıfılını açdı: Gülə-gülə:
- Mənə de görüm sən Evis Kraytonla yatmısan?
- Tom qışqırdı:
- Əlbəttə, yox!
- Niyə? Qəşəng qızdı.
- O elələrindən deyil. Mən ona hörmət eləyirəm.
Culiya içini bürüyən hisslərdən birini də üzünə çıxarmırdı. Səsinin tonundan heç kimin ağlına gəlmzədi ki, bu ondan ötrü ölüm-dirim söhbətidi. Sanki o, imperiyaların süqutundan, yaxud kralların ölümündən danışırdı.
- Bilirsən, mən nə deyərdim? Deyərdim ki, sən ona dəlicəsinə vurulmusan.
Tom hələ də onun baxışlarından qaçırdı.
- Sən təsadüfən onunla nigah bağlamamısan?
- Yox.
Tom indi gözünü ona dikmişdi, amma düşmən baxışlarla.
- Sənə ərə gəlməsini ondan xahiş etmisən?
- Mən niyə belə elədim?! Mən ən iyrənc adamam!..
O elə çılğın danışırdı ki, hətta Culiyanı da heyrətləndirdi.
- Səni anda verirəm, de görüm, bu nə sayıqlamadı?
- Niyə gizlənqaç oynayaq, axı? Mən abırlı bir qıza necə evlənmək təklifi eləyə bilərəm? Mən özüm kiməm? Başqasının saxladığı bir kişi. Həm də Tanrı şahiddi ki, bu sənə başqalarından daha yaxşı məlumdu.
- Dəlilik eləmə. Zəhrimara qalmış o bir-iki hədiyyənin söhbəti nə uzun çəkdi.
- Mən onları səndən götürməli deyildim. Lap əvvəldən bilirdim ki, düz iş tutmuram. Hər şey elə yavaş-yavaş oldu ki, iş işdən keçənəcən nə baş verdiyini özüm də anlamadım. Məni içinə itələyib saldığın həyat cibimə uyğun deyildi. Vəziyyətdən necə çıxacağımı bilmirdim. Ona görə də səndən pul almalı oldum.
- Niyə də almayasan? Mən onsuz da çox varlıyam
- Sənin o var-dövlətinə lənət olsun!
Bir badə viskini Tom əlində tutmuşdu. Qəflətən onu haldan çıxaran bu hiddətin diqtəsiylə onu sobaya çırpdı. Badə cilik-cilik oldu.
Culiya gülümsünüb:
- Hər halda, xoşbəxt ailə ocağını sönjürmək lazım deyil, - dedi.
- Bağışla. Mən istəmirdim.
Tom təzədən özünü kresloya yıxıb üzünü çevirdi.
- Özüm-özümdən xəcalət çəkirəm. Özümə azca da hörmətim qalmayıb. Elə bilirsən, bu adama xoş gəlir?
Culiya susmuşdu, deməyə söz tapa bilmirdi.
- Dara düşəndə sənə kömək eləmək mənə təbii bir şey kimi görünürdü. Mənə bu, sadəcə, məmnunluq gətirirdi.
- Hə, sən həmişə incə hərəkət eləmisən. Sən məni əmin eləmişdin ki, borclarımı ödəməyinə icazə verəndə, az qala sənə xidmət göstərmiş oluram. Sən mənim əclaflığa gedən yolumu hamarlamışdın.
- Əgər belə düşünürsənsə, çox təəssüf.
Tom beləcə sancmağındaydı və Culiya artıq əsəbiləşirdi.
- Sənin təəssüflənməyinə ehtiyac yoxdu. Sən məni almaq istəyirdin, məni də aldın. Mənim bu qədər aşağılanıb özümü satışa çıxarmağım sənin yox, mənim bədbəxtliyimdi.
- Çoxdan özünü bu cür hiss eləyirsən?
- Lap əvvəldən.
- Düz deyil.
Culiya bilirdi ki, ona bu vicdan əzabını çəkdirən özünün məsum saydığı o qıza olan məhəbbətidi. Axmaq adam! Doğrudanmı o, dərk eləmirdi ki, əgər ondan rol alacağına əmin olsa Evis Krayton lap rejissorun ikinci köməkçisiylə də yatağa girər.
- Əgər Evis Kraytona vurulmusansa, niyə məndən gizləyirsən?
Tom məzlum baxışlarını ona dikib susdu.
- Olmaya qorxursan mən onun yeni pyesimizdə iştirakına pəl vururam? Sən məni bu vaxtacan kifayət qədər yaxşı tanımalıydın. Anlamalıydın ki, mən hisslərimin işlərimə mane olmasına imkan vermərəm.
Tom qulaqlarına inanmadı.
- Nəyi nəzərdə tutursan?
- Elə bilirəm, Evis tapıntıdı. Maykla deyəcəyəm ki, o bizə tamamilə uyğun gəlir.
- Ah Culiya, sən bir dənəsən! Sənin belə misilsiz qadın olduğunu təsəvvür belə eləməzdim!
- Məndən soruşsaydın, deyərdim.
Tom dərindən nəfəs aldı.
- Mənim əzizim! Sənə elə örəşmişəm ki.
- Bilirsən, elə mən də. Səninlə gəzmək elə xoşdu ki. Zövqlə geyinirsən, özünü aparmağı bacarırsan, istənilən adam səninlə fəxr eləyə bilər. Səninlə bir yatağa girmək mənim xoşuma gəlir, elə bilirəm, sənin də xoşuna gəlir, amma həqiqətin gözünün içinə baxmaq lazımdı. Sən mənə vurulmadığın kimi, mən də heç vaxt sənə vurulmamışam. Bilirdim gec-tez əlaqələrimiz kəsilməlidi. Sən nə vaxtsa kiməsə vurulmalıydın, bu da təbii ki, hər şeyin sonu olmalıydı. Bu, indi baş verdi, hə?
- Hə.
Culiya özü bu sözləri ondan eşitmək istəyirdi, amma bu iki hərflik sözün ağrısı dözülməz idi. Bununla belə dostcasına gülməyindən qalmadı.
- Biz vaxtımızı heç də pis keçirmədik, amma sənə elə gəlmirmi ki, artıq dükanı bağlamaq vaxtıdı?
Culiya elə təbii və məzəli tərzdə danışırdı ki, indi onun bu dözülməz dərddən ürəyinin tikə-parça olduğunu heç kim ağlına gətirməzdi. Culiya cavabı onu havalandırmaq həddinə gətirən vahiməylə gözləyirdi.
Tom həyəcan dolu baxışlarını ona zilləyib:
- Çox təəssüf eləyirəm, Culiya, amma mən özümə hörmət hissini özümə qaytarmalıyam, - dedi. – Mənə qarşı acıqlı deyilsən ki?
Culiyanın gözləri hiyləgər təbəssümlə əyildi:
- Nəyə görə? Ona görə ki, sən öz havalı hisslərini məndən Evis Kraytona ötürdün? Əlbəttə yox, əzizim. Birdə ki, axı sən aktyor tayfasına xəyanət eləməmisən.
- Mənə elədiklərinə görə sənə elə minnətdaram ki. İnkar eləməyi ağlına da gətirmə.
Culiya ayağa qalxıb:
- Bəsdi, balaca, boş-boş çərənləmə, - dedi. – Amma indi doğrudan da yatmaq vaxtıdı. Sənin sabah idarədə ağır iş günündü, mən də it kimi yorulmuşam.
Tomun elə bil çiynindən yük boşaldı. Amma ürəyin nəsə bir şühbə yeyirdi. Onu Culiyanın səsindəki ton narahat eləmişdi: xeyirxah, amma bununla yanaşı həm də azacıq kinayəli. Tomda elə bir hiss vardı ki, bəs onu axmaq yerinə qoyublar. O, Culiyaya yaxınlaşıb yatmazdan öncə öpmək istədi. Culiya bir anlıq tərəddüd elədi, sonra dost təbəssümüylə növbəylə hər iki yanağını ona uzatdı. Qurduğu əsnəmək səhnəsində əliylə ağzını tutub:
- Sən yəqin öz otağının yerini tanıyırsan, - dedi. – Mən elə yatmaq istəyirəm ki!
Tom çıxanda Culiya işığı söndürüb pəncərəyə yaxınlaşdı. Gizlincə pərdə arxasından çölə baxdı. Çöl qapısı çırpıldı və Tom küçədə göründü. Ətrafa baxdı. Culiya başa düşdü ki, o, taksi axtarır. Görünür, gözünə taksi dəymədiyindən Tom piyada parka tərəf addımladı. Culiya bilirdi ki, o, bu şad xəbəri çatdırmaq üçün Evis Kraytonun olduğu şənliyə tələsir. Culiya kresloya yıxıldı. O, bütün axşamı oynamışdı, bütün ömrü boyu oynamadığı bir şövqlə oynamışdı və indi özünü tamamilə əzgin hiss eləyirdi. Göz yaşları – bu dəfə özündən başqa heç kimin görmədiyi göz yaşları yanaqlarıyla axdı. Ah, o necə də bədbəxtdi! Əgər onu əsl ifanın nə olduğunu təsəvvür belə eləməyən üçüncü dərəcəli bir aktrisaya dəyişən o axmaq oğlana qarşı onda indi heç cür qarşısını ala bilmədiyi bu dəhşətli nifrət olmasaydı, Culiya bu ağrıya çətin dözərdi. Bu, inanılası deyildi. Evis Krayton nəinki əlini gizlətməyə yer tapa bilmir, hətta o, səhnədə yeriməyi də hələ bacarmır.
«Əgər yumor hissim məni tərk eləməsəydi, yıxılanacan gülərdim. Bundan gülməli şey görməmişəm». Culiya ağladı.
Maraqlıdı, görən, Tom nə fikirləşir? Rübün sonunda mənzil haqqı ödənilməlidi. Demək olar ki, mebellər hamısı ona məxsusdu. Çətin ki, o, Tevistok-skverdəki o kasıb otağına qayıtmaq istəsin. Culiyanın yadına düşdü ki, onun köməkliyilə Tom özünə yeni dostlar qazanıb. O, onlarla münasibətlərində ağıllı hərəkət eləyirdi, onlara faydalı olmaq istəyirdi. Onlar onu darda qoymazlar. Amma Evisi istədiyi hər yerə aparmaq ona asan başa gəlməyəcək. O şirin qızcığaz kifayət qdər həris məxluq, Tomun pulu sovrulan kimi Evisin o adda Adamı yaddaşından siləcəyinə Culiya şübhə eləmirdi. Gərək nə qədər ağılsız olasan ki, onun qarmağına keçəsən. Onun mömün insanına bir bax! Uşaq da bilir ki, o, «Siddons-teatr»da rol almaq üçün ondan istifadə eləyib və istədiyinə çatan kimi ona qapını göstərəcək. Culiya bu fikirdən diksindi. Toma Evis Kraytonu «İndiki zəmanə»yə götürməsinin səbəbini onun özünün qurduğu mizansəhnəyə uyğun gəlməsiylə izah eləmişdi. Amma Culiya, sadəcə, söz demişdi, vəssalam. Bir də ki, belə şeylərin əleyhinə olmaq üçün onun həmişə ehtiyatda Mayklı var idi.
Culiya ucadan:
- Lənət şeytana, o, bu rolu alacaq, - dedi və sonra qisas hissiylə gülüb əlavə etdi. – Tanrı da şahiddi ki, mən kin saxlayan qadın deyiləm, amma hər şeyin həddi var.
Tomla Evis Kraytona öz hərəkətləriylə cavab vermək yaman ləzzətli olacaq. Culiya eləcə qaranlıqda oturub qalmışdı. O, bu işin daha münasib yollarını arayırdı. Amma ara-sıra təzədən gözündən yaş axırdı, çünki yaddaşının dərinliklərində ona işgəncə verən şəkillər üzə çıxırdı. Cudiya Tomun ona sarılan gənc, biçimli bədənini, qızğın çılpaqlığını, dodağının heç nəyə bənzəməyən dadını, utancaq, eyni zamanda hiyləgər təbəssümünü, qıvrım saçlarının qoxusunu yadına salırdı.
«Dəliyəm, dəliyəm, niyə axı, mumlamadım! Onu çoxdan tanımalıydım. Bu onun növbəti məşğuliyyətidi. Keçib gedəcəkdi və o, təzədən mənim yanıma qayıdacaqdı».
Culiya yorğunluqdan yarımcan olmuşdu. Öz yataq otağına qalxdı. Yuxu dərmanı atdı. Yatağına girdi.
Ardı var
. Tərpənin (fransızca).
. Azartlı kart oyunu (fransızca).
. Jüli Rekamye (1777-1845) – məşhur fransız gözəli, o dövrlərin tanınmış yazıçılarının toplaşdığı nüfuzlu Paris salonunun sahibəsi.
Kobud ilməli nazik pambıq parça.
. Təlxəklik (italyanca)
. Hərfi anlamda dəyişik geyim; burada isə maskarad (italyanca).
. Qabriel Rejan (1857-1520) fransız aktrisa .
. Uilyam Şekspir “VII Henrix”.
.Miladda nökər-naibin hədiyyə aldığı ikinci gün.
.İngiltərədə zadəgan titulu.