Xəzər jurnalı

Azərbaycan Tərcümə Mərkəzinin nəşri

Jurnal 1989-cu ildən çıxır


Redaksiya kollegiyası

V.Bayatlı

Elçin

E.Şıxlı

Ə.Əylisli

K.Abdulla

N.Qasımoğlu

R.Rövşən

S.Rüstəmxanlı

C.Yusifli

Redaksiya

Baş redaktor:

A.Məsud

Baş redaktor müavini

S.Budaqlı

T.Abdin

Yaşar

Q.Toğrul

Bədii texniki tərtibat redaktoru: N.Veysəloğlu

Azərbaycan Bədii Tərcümə Ədəbi Əlaqlər Mərkəzi

Tuesday, November 23, 2010

NOBEL KÜRSÜSÜ


Yasunari Kavabata
(1899 – 1972)

«Yapon düşüncə tərzini ustalıqla ifadə etdiyinə görə» 1968-ci ildə Nobel mükafatına layiq görülən görkəmli yapon yazıçısı Yasunari Kavabata milli ədəbi ənənələrlə bağlılığıyla seçilir. Yapon dəyərlərini samuraylıqda görən bir çox yapon yazıçısından fərqli olaraq onun əsərlərində qəhrəman döyüşçü obrazı yoxdur. Kavabata adi adamların daxili dünyasını göstərməyə çalışıb.
Kosmos əsrində yapon adət-ənənələrinin itmək təhlükəsindən qorxan yazıçı öz əsərlərində xalqının özünəməxsus mədəniyyətini, mənəvi saflıq və zəriflik saydığı gözəllik haqqında təsəvvürlərini qabarıq şəkildə ifadə etmişdir.
Yasunari Kavabatanın «Minqanadlı durna», «Qarlı diyar», «Dağın səsi», «İdzulu rəqqasə» və bir çox başqa əsərləri, qəribə də olsa, zaman keçdikcə öz ölkəsində daha maraqla oxunur.




YASUNARİ KAVABATA

NOBEL NİTQİ


Yaponiya gözəlliyindən doğulanlar
(ixtisarla verilir)

Yazda – çiçəklər,
Yayda – qu quşu.
Payızda – Ay.
Ağappaq soyuq qar – qışda.

Dzen sənətkarı Dogen (1200 – 1253) yazdığı bu şeirin adını «Əzəli obraz» qoyub.

Qışda doğan Ay,
Buludların arxasından çıxıb
Məni ötürürsən.
Qar səni üşütmür?
Külək səni titrətmir?

Bu şeir isə müqəddəs Möenindir (1173 – 1232). Xatirə üçün nə isə yazmağımı xahiş eləyəndə, mən bu şeiri yazıram.

Mən də dağın arxasından çıxaram.
Sən də gəl, Ay.
Bu gecəni, gecələri
Birlikdə keçirək.

Gecəyarısından sübhə qədər «qışda doğan Ay haqqında» Möe üç şeir yazıb. Sayqe deyib: « Şeir yazanda, yazdığın barədə düşünmə». Möe açıq ürəklə bir dostu kimi, yaxın bir adamı kimi Ayla söhbət eləyir.
«Aya baxanda mən Ay oluram… Mənim baxdığım Ay mənə çevrilir. Mən təbiətin seyrinə dalıb ona qovuşuram».
Bu şeirləri ona görə xatirə kimi yazıram ki, onlarda insana, təbiətə qarşı xeyirxah duyğular var, onlar yapon qəlbinin zərifliyini ifadə eləyir.
Bottiçellinin dünyada tanınmış tədqiqatçısı, Şərq və Qərb incəsənətinin bilicisi professor Yasiro Yukio bir dəfə deyib ki, yapon incəsənətinin xüsusiyyətini vur-tut bir poetik cümlə ilə ifadə etmək olar: «Yaxın dostun haqqında heç vaxt qara, çiçəyə, Aya baxanda olduğu qədər düşünmürsən». Qarın, Ayın gözəlliyindən zövq alanda, ilin dörd mövsümünə heyran olanda, gözəlliklə qarşılaşmaq ürəyini çırpındıranda dostun üçün daha çox darıxırsan: sevincini onunla bölüşmək istəyirsən. Bir sözlə, gözəlliyin seyrinə dalmaq şəfqət və sevgi hissləri oyadır və onda «insan» sözü «dost» kimi səslənir.
Altmış səkkiz yaşlı qoca Rökan iyirmi doqquz yaşlı rahibəylə rastlaşıb ona dəlicəsinə vurulur.

Bir yerdəyik…
Bundan artıq nə arzulayaq?

Bu şeir çoxdan arzuladığı sevginin sevinci haqqındadı.
Rökan mənim «Qarlı diyar» povestində təsvir etdiyim Etiqo əyalətində doğulub. Yaponiyanın şimalında yerləşən bu əyalətə Sibirin Yapon dənizindən keçən soyuq küləkləri gəlib çatır. O, ömrü boyu bu əyalətdə yaşıyıb. Rökan yetmiş dörd yaşında vəfat edib. Mənə elə gəlir ki, son baxışında rahib şairə şimal təbiəti xüsusiylə gözəl görünüb. Mənim «Son baxış» adlı essem var. Orada intihar etmiş Akutaqava Rünöskenin (1892 – 1927) son məktubundan məni sarsıdan bəzi cümlələr misal gətirilir: «Mən yəqin heyvani qüvvə adlanan yaşamaq instiktindən tədricən məhrum olmuşam. Mən əsəblərin iltihablaşdığı buz kimi şəffaf dünyada yaşayıram… İntihar etmək fikri məndən əl çəkmir. Ancaq təbiət heç vaxt mənə bu qədər gözəl görünməyib! Sizə yəqin gülməli görünür: təbiətin gözəlliyinə heyran olan adam intihar haqqında düşünür. Ancaq təbiət ona görə belə gözəldi ki, mənim son baxışımda əks olunur».
1927-ci ildə otuz beş yaşında Akutaqava intihar elədi. Mən onda «Son baxış»da yazmışdım: «Bu dünya nə qədər yad olsa da, intihar könlü işıqlandırmır. Özünü öldürən adam nə qədər mərd olsa da, ona müdrik deyə bilmərəm. Nə Akutaqavanı, nə müharibədən sonra intihar edən Dadzay Osamunu (1909 – 1948), nə bir başqasını mən anlamıram və ona rəğbət bəsləmirəm. Mənim avanqardist rəsam dostum varıydı. O da cavan öldü, o da tez-tez intihar haqqında düşünürdü. «Son baxış»da onun da sözləri var. O təkrar eləməyi xoşlayırdı: «Ölümdən böyük sənət yoxdur», ya «Ölmək yaşamaq deməkdir». Budda məbədində doğulan, Budda məktəbini bitirən bu adam ölümə Qərbdə olduğundan fərqli baxırdı. «Düşünən adamlar arasında kim axı intihar haqqında düşünməyib?» Yəqin elədi. Elə rahib İkkyunu (1394 – 1481) götürək. Deyilənə görə, iki dəfə özünü öldürmək istəyib. Bu adamı hətta uşaqlar tanıyır, onun haqqında çoxlu lətifələr var. İkkyu səmimi, xeyirxah rahib olub. Deyirlər, o, imperatorun oğlu olub. Altı yaşında onu Budda məbədinə veriblər, elə o vaxtlarda poetik istedadı üzə çıxıb. İkkyu həyat və din haqqında düşünürdü. «Əgər allah varsa, qoy məni xilas eləsin! Əgər yoxdusa, qoy məni gölün dibindəki balıqlar yesin». O doğrudan da özünü gölə atıb, ancaq onu xilas eləyiblər. O öz şeirlər kitabını «Köun» («Dəli buludlar») adlandırıb və bunu özünə təxəllüs götürüb. Bu kitabda dzen poeziyasına xas olmayan elə erotik şeirlər var ki, hətta adamı tər basır. İkkyu dzen qadağalarına məhəl qoymurdu: balıq yeyirdi, çaxır içirdi, qadınlarla görüşürdü. Azadlığı xatirinə monastr qaydalarını pozurdu. Bəlkə həmin iğtişaşlar dövründə adamlarda ruh yüksəkliyi yaratmaq üçün əsl insanın necə yaşamalı olduğunu göstərmək istəmişdi.
Kiotodakı Daytokudzi məbədi indi də çay mərasimlərinin keçirildiyi ən sevimli yerdi. Çay otağının taxçasındakı İkkyunun xəttatlıq nümunələri müştəriləri buraya cəlb eləyir. Həmin nümunələrdən ikisi də məndə var. Birində yazılıb: «Buddanın dünyasına girmək asandı, şeytanın dünyasına girmək çətindi». Bu sözlər məni təqib edir. Mən onları da tez-tez yazıram. Bu sözləri müxtəlif cür başa düşmək olar. Onların mənası genişdi. Ancaq «Buddanın dünyasına girmək asandı» sözlərinin arxasınca «şeytanın dünyasına girmək çətindi» sözlərini oxuyanda, İkkyu öz dzen mahiyyətilə mənim ürəyimə girir. «Həqiqət, Xeyirxahlıq və Gözəlliyi» axtaran sənət adamları «şeytanın dünyasına girmək çətindi» sözlərində gizlənən istəyi, həvəsi həmişə hiss eləyirlər. «Şeytanın dünyası» yoxdursa, «Buddanın dünyası» da yoxdu. «Şeytanın dünyasına» girmək çətindi. Ruhən zəif olan adamların buna gücü çatmaz.
«Buddayla qarşılaşsan, buddanı öldür. Patriarxla qarşılaşsan, patriarxı öldür» - məşhur dzen şüarıdır. Budda məktəbləri kənardan xilasa (tariki) və öz mənəvi gücünün səyəsində (dziriki) xilasa inananlara bölünürlər. Dzen təbii ki, sonuncuya aiddi. Həmin sərt sözlər burdan doğur.
Ardıcılları kənardan xilasa inanan Sinsyu (Həqiqət) təriqətinin yaradıcısı Sinran (1173 – 1262) bir dəfə deyib: «Əgər yaxşı adamlar cənnətdə təzədən doğulurlarsa, bilmirəm onda pis adamlar haqqında nə deyim?!» Sinranın və İkkyunun «buddanın dünyası», «şeytanın dünyası» sözləri arasında yaxınlıq – könül və fərq var. Sinran həm də deyib: «Bir şagirdin də olmasın». «Patriarxla rastlaşsan, patriarxı öldür». «Bir şagirdin də olmasın», - sənətin acı taleyi bu deyilmi?
Dzen məktəblərinə ibadət təsvirləri yaddı. Doğrudu, dzen məbədlərində Buddanın təsvirləri var, ancaq məşq yerlərində və meditasiya üçün zallarda buddanın heykəli və təsviri yoxdur. Şəxsi «məni» itib «Heç nə» başlayana qədər gözüyumlu, hərəkətsiz otururlar. Bu Qərbdə başa düşülən «Heç nə» deyil. Bu, hər şeyin sərhədsiz olduğu Boşluqdu. Bu, ucsuz-bucaqsız Könül dünyasıdı.
Deyirlər ki, Çinin ilk patriarxı ulu Bodhidharma doqquz il mağarada üzü divara tərəf oturaraq satorini (qəlbin işıqlanmasını) hiss eləyib. Dzendə oturaraq meditasiya eləmək Bodhidharmadan başlayıb.
Tszin-Nun deyib: «Əgər budağı məharətlə çəksən küləyin necə uğuldadığını eşidərsən». Dzen müəllimi Dogen isə deyib: «Məgər qəlbin işıqlanmasına gedən yol bambuğun səsindən keçmirmi? Könlün işıqlanması sakuranın çiçəkləməsində deyilmi?»
Yapon bağları təbiətin əzamətinin simvoludur. Əgər Avropa bağları simmetrik prinsiplərə uyğun salınırsa, yapon bağları, adətən, asimmetrikdir. Simmetriyadan çox asimmetriya hüdudsuzluğu və forma müxtəlifliyini təcəssüm etdirir. Doğrudur, assimmetriya yaponlara xas zəriflik və gözəlliklə tarazlaşdırılır.
Gülün gözəlliyini bir gül yüz güldən daha artıq hiss elətdirir.
Hələ Rikyu ikebana üçün açılmış qönçəni götürməməyi öyrədirdi. Yaponiyada indi də çay mərasimləri vaxtı çay otağının taxçasına bir dənə açılmamış qönçə qoyurlar. Gülləri mövsümə uyğun seçirlər. Bir dənə ağ qönçə götürürlər. Qönçədə şeh olmalıdı. Gülə su çiləmək olar. Ümumiyyətlə, gül qoymamışdan əvvəl çini güldana da su çiləmək lazımdır. Su çiləyəndə onlar elə bil cana gəlirlər. Çay mərasimində istifadə etməmişdən əvvəl təbii parıltısını alması üçün, adətən, piyaləni də isladırlar.
Təxminən min il əvvəl tan mədəniyyətini qəbul edən Yaponiya çox gözəl Xeyan mədəniyyətini yaradıb. Xeyan dövründə səkkiz əsr ərzində ədəbiyyata təsir edən yapon gözəllik ənənələrinin əsası qoyulub. «Gendzi monoqatari» yapon nəsrinin bütün dövrlər üçün zirvəsidi. Artıq xaricdə də çoxları hələ X əsrdə belə gözəl və müasir ruhda əsər yaranmasını möcüzə adlandırırlar. Uşaqlıqda qədim dili elə də yaxşı bilmirdim, buna baxmayaraq, xeyan ədəbiyyatını oxuyurdum və bu povest ürəyimi yerindən oynatmışdı. Yapon ədəbiyyatı həmişə ona can atıb. Tətbiqi incəsənətdən tutmuş bağların salınmasına qədər, poeziyadan heç danışmağa dəyməz, bütün incəsənət növləri «Gendzi»də gözəlliyin mənbəyini tapıblar.
Xeyan mədəniyyəti saray mədəniyyəti idi. «Gendzi monoqotari» və «Makura-no sosi» dövrü bu mədəniyyətin çiçəklənmə dövrüdü.
Az sonra imperator sarayı o qədər zəiflədi ki, hakimiyyət zadəganlardan döyüşçülərə – samuraylara keçdi. Kamakura dövrü (1192 – 1333) başladı. Samurayların hakimiyyəti yeddi yüz il – Meydziyə qədər (1868) davam etdi. İntəhası, nə imperator sistemi, nə saray mədəniyyəti məhv edilmədi.
Möe və Sayqe poeziya haqqında fikirlərini bölüşürdülər. «Rahib Sayqe hər dəfə gələndə şeir haqqında söhbət eləyirikdik. Mənim poeziyaya öz baxışım var, - o deyirdi. – Mən çiçəkləri, ququ quşunu, qarı, Ayı vəsf eləyirəm. Əslində isə bütün bunlar gözlərimizin qabağını örtən, qulaqlarımızı dolduran eyni görüntüdü. Məgər bizim yazdığımız şeirlər Həqiqi sözlər deyilmi? Çiçəkdən yazanda axı onun, doğrudan da, çiçək olduğunu düşünmürsən. Ayı vəsf eləyəndə, onun, doğrudan da, Ay olduğunu düşünmürsən. Fürsət düşür, bir ovqata köklənirsən və şeir yazılır. Göyqurşağı doğur, adama elə gəlir, bomboş səma rənglənib. Gün çıxır və bomboş səma işığa bələnir. Ancaq axı səma öz-özünə rənglənmir, öz-özünə işıqlanmır. Biz də bu səma kimi müxtəlif şeyləri cürbəcür rənglərə boyayırıq. Yalnız belə poeziya Buddanın Həqiqətini ifadə eləyir».
Bu sözlərdən yapon, daha doğrusu, Şərq ideyası olan «Heçlik», «Yoxluq» duyulur. Tənqidçilər mənim əsərlərimdə də «Heçliyi» tapırlar. Ancaq bu heç də Qərbdə nihilizm kimi tanınan anlayış deyil. Məncə, bizim mənəvi köklərimiz fərqlidi.
Dogenin ilin dörd mövsümünü vəsf edən «Əzəli obraz» şeiri elə məhz dzendir.





İDZULU RƏQQASƏ


(novella)


1

Yol dolana-dolana qalxırdı və Amaqi aşırımına az qalmışdı ki, dağın ətəyindəki kriptomeri meşəsini döyəcləyən şıdırğı yağış məni haqladı.
İyirmi yaşındaydım. Başımda ali məktəbin formalı furackası, əynimdə pambıq parçadan zolaqlı kimono və xakama
[i] var idi. Tələbə portfelini çiynimə atıb tək-tənha İdzuya gedirdim. Artıq dörd gündü yoldaydım. İlk gecəni Syudzendzinin, qalan iki gecəni Yuqasimanın mədən sularında keçirmişdim, indi isə ayağımda ucuz geta[ii] Aqami aşırımını qalxırdım. Payızın hökmranlıq elədiyi yamaclara, meşələrə və qaranlıq dərələrə heyranlıqla baxırdım, ancaq ürəyimi titrədən ümid məni tələsdirirdi…
Yağışdan qorunmaq üçün dolama yolla diki qaça-qaça qalxmağa başladım. Dağın zirvəsinin şimal tərəfində kiçik çay evi varıydı. Təngnəfəs özümü içəri saldım və… donub qaldım. İnanılası deyildi, ancaq ümidim doğrulmuşdu: gəzərgi aktyorlar truppası çay evində dincəlirdi.
Kandarda quruyub qaldığımı görən rəqqasə altındakı döşəkçəni götürüb çevirərək mənim yanıma qoydu.
- E-e-e…
Özümü döşəkçənin üstünə yıxanda bircə bunu deməyə heyim çatdı. Heyrətdən və təngnəfəs olduğumdan «sağ ol» deyə bilmədim.
Rəqqasənin lap yanında oturduğumdan özümü tamam itirdim və qoltuq cibimdən siqaret çıxarıb yandırdım. O, qonşu qadının qarşısındakı külqabını mənə tərəf itələdi. Yenə heç nə deyə bilmədim.
Rəqqasənin on yeddi yaşı olardı. Köhnə qaydada daranmış saçları qəribə tərzdə dalğa-dalğa burulub qalxmışdı. Uzunsov sifəti balaca olsa da saçının formasına çox uyğunuydu. Heç vaxt belə saç forması görməmişdim. Mənə elə gəldi ki, belə qəribə saç forması olan qız qədim rəvayətlərdən ilhama gəlmiş rəssamın tablosundan çıxıb. Truppada rəqqasədən başqa qırx yaşlarında bir qadın, iki qız və gödəkcəsinin arxasına Naqaoka mehmanxanasının emblemi vurulmuş iyirmi beş-iyirmi altı yaşlarında bir kişi varıydı.
Artıq iki dəfə idi rəqqasə və onların truppası ilə rastlaşırdım. Birinci dəfə Yuqasimaya gedən yoldakı Yuqava körpüsündə qarşılaşmışdıq. Onda truppada gənc bir qadın da varıydı. Rəqqasə əlində iri təbil tutmuşdu. Mən elə hey geri boylanıb onların arxasınca baxırdım və mənə elə gəlirdi ki, bu bir yolçunun başqa yorğun yolçulara olan adi marağıdı. Sonra Yuqasimada onları yenə gördüm. Onlar mehmanxanadakı adamları əyləndirirdilər. O, vestibülün taxta döşəməsində rəqs eləyirdi, mən isə pilləkəndə dayanıb gözümü çəkmədən ona baxırdım və ürəyim ona doğru can atırdı. Onda fikirləşdim ki, bir az əvvəl Syudzendzidə olublar, indi buradadılar, sabah isə yəqin aşırımdan keçib cənuba Yuqano mədən sularına gedəcəklər… Sonra bütün yol boyu tələsdim, onlara çatacağıma inanırdım – axı yeddi ri
[iii] elə də uzun məsafə deyildi.
Bir az keçmiş yaşlı sahibə gəlib məni qapısız və södzisiz
[iv] bir hücrəyə apardı. Görünür, burdan istifadə eləmirdilər. Mən aşağı baxdım – dibi görünməyən bir dərə idi. Tüklərim biz-biz olmuşdu, dişim dişimə dəyirdi, titrətməm kəsmirdi.
- Oy, cənab, siz islanmısınız? Xahiş eləyirəm bura keçin, paltarınızı qurudun, qızının. Buyurun, buyurun! – Qarı məni, az qall, zorla öz otağına apardı.
Orada ocaq yanırdı və södzilər yana çəkilən kimi canıma istilik yayıldı. Ancaq astanada dayandım. Suda boğulmuş adam kimi bədəni şişib gömgöy olmuş bir qoca ocağın böyründə uzanmışdı. O, bulanlıq sarımtıl gözlərini mənə zillədi. Ətrafında bir yığın köhnə məktub və kağız bağlama qalaqlanmışdı, az qala, bu zir-zibilin içində itib batmışdı. Mən bu hərəkətsiz uzanmış yarıdiri bədheybət canlıya yaxınlaşmaq istəmirdim.
- Bu mənim qocamdı, - sahibə dedi, - bizi üzürlü bilin! Öz ağrısını göstərmək ayıbdı. Ancaq hirslənməyin, cənab, o tərpənmir, tamam hərəkətdən qalıb…
Qarı danışdı ki, əri uzun illərdi iflicdən yatağa düşüb, bu yaxınlarda isə iflic onu tamamilə məhv eləyib. Kağız qalaqları iflicdən müalicə olunmaq üçün məsləhətlər və dərman bağlamalarıdı. Qocaya bütün əyalətlərdən məktublar yazır, dərmanlar göndərirlər. Əri bütün ölkə ilə məktublaşır, hər yerdən, hətta Yaponiyanın ən ucqarlarından ona dava-dərman yollayırlar… Kim bilir, bəlkə bu kağız qalağının içində yaşamaq onun üçün asandı, hər halda, başını qatır…
Mən başımı aşağı dikib ocağın böyründə oturmuşdum və qarıya necə təsəlli verəcəyimi bilmirdim. Niyə qocanı bu aşırımda saxlayırdılar? Onu aşağı aparaydılar, burda hələ indi soyuqdu, tezliklə isə hər yan qara bürünəcək… Ev titrədi – yaxınlıqdan maşın keçirdi. Paltarımdan buğ qalxırdı, ocaq çox gur yanırdı. Qarı çayxanaya qayıdıb, truppadakı qadınla danışdı.
- Bu qız… keçən dəfə səninlə gələndi?.. Əməllicə böyüyüb. Gör necə gözəldi!.. Əzizim, sənin bəxtin gətirib… Gör ha, qızlar necə tez böyüyür…
Bir saata yaxın keçmişdi. Çayxanadan səs-küy eşidildi – aktyorlar getməyə hazırlaşırdılar. Yerimdən sıçrayıb arxalarınca qaçmaq istədim, ancaq utancaqlıq əl-ayağımı bağlamışdı. Ocağın böyründə oturub qalmışdım. Eybi yox, uzağa getməzlər, yeriməyə adət eləsələr də, hər halda, qadındılar. Nə böyük işdi, uzağı iki-üç tö
[v] geri qalaram… Bir nəfəsə onlara çataram… Yanan ocaqdan və səbirsizlikdən istilənmişdim. Onlar gedəndən sonra fikrimi cəmləşdirməyə çalışdım. Qarı aktyorları yola salıb qayıtdı. Mən soruşdum:
- Bu adamlar harda gecələyəcəklər?
- Nə biləsən, cənab… Belə gəzərgi adamlar harda gecələyəcəklərini heç özləri də bilmirlər. Bir müştəri çıxacaq, onun yanında da qalacaqlar. Onlar üçün hamısı birdi.
Qarının səsində açıq-aşkar nifrət duyulurdu, ancaq onun sözləri mənim üçün göydəndüşmə oldu. Lap gözəl, mən fikirləşdim, əgər belədisə, rəqqasəni öz nömrəmə dəvət eləyərəm…
Yağış seyrəldi, aşırım aydınlaşdı. Qarı məni saxlamağa çalışırdı – on dəqiqədən sonra göy tamam açılacaqdı, ancaq mən artıq otura bilmirdim.
- Baba, özünüzdən muğayət olun, tezliklə soyuqlar düşəcək, - qocaya cansağlığı arzulayıb yerimdən qalxdım.
Qarı mənə çatıb təzim edə-edə bərkdən dedi:
- Cənab, cənab, siz çox pul qoymusunuz!.. Məgər belə şey olar!.. Bu qədər pul götürmək mənə ayıbdı…
O mənim portfelimi qapıb sinəsinə sıxdı və nə qədər çalışsam da qaytarmaq istəmədi. Eləcə də ayaqlarını sürüyə-sürüyə arxamca gəldi. Artıq yüz metrə yaxın getmişdik, o isə hələ də dalımca gələ-gələ donquldanırdı:
- Mən bu qədər haqq almağa layiq deyiləm… Ayıbdı! Mərhəmətli cənab, mən axı necə lazımsa qulluğunuzda durmamışam. Eybi yox, mən sizi unutmaram. Bu yolla geri qayıdanda bizə baş çəkin, yaxşılığınızın əvəzini çıxaram. Xahiş eləyirəm, geri qayıdanda mütləq bizə gəlin…
Mən sıxılırdım, həm də mütəəssir olmuşdum. Əlli senə
[vi] görə belə minnətdarlıq! Ancaq rəqqasəni tezliklə görmək istədiyimdən, ayaqlarını zorla sürüyən qarı məni əsəbiləşdirirdi. Buna baxmayaraq, qarı mənimlə aşırımdakı tunelə qədər gəldi.
- Çox sağ olun, nənə! Xahiş eləyirəm, evə gedin, axı baba orda tamam təkdi, - dedim və o, axır ki, portfeli mənə qaytardı.
Mən tunelə girdim. Onun tağtavanından tək-tək soyuq damcılar düşürdü.
İrəlidən işıq gəlirdi – İdzunun cənubuna çıxış idi.

2

Ağ rəngə boyanmış daş sürahi ilə uçurumdan ayrılan dağ yolu tuneldən çıxan kimi qəfil aşağı enirdi. Aktyorların xırda maketə oxşayan fiqurları uzaqdan görünürdü. Bizi altı tödən çox olmayan bir məsafə ayırırdı və mən tezliklə onlara çatdım. Dərhal ayağımı yavaşıtmaq yaxşı çıxmazdı, ona görə özümü soyuqqanlı göstərib qadınları ötdüm. Bir az irəlidə gedən kişiylə bərabərləşəndə o dedi:
- Ayaqdan itisiniz!.. Ancaq yaxşı oldu, hava tamam açıldı.
Mən rahatca nəfəs alıb, onunla yanaşı getdim. O mənə müxtəlif suallar verirdi. Söhbət elədiyimizi görüb, qadınlar bizə çatdılar.
Kişi çiyninə söyüd budaqlarından hörülmüş səbət almışdı. Qırx yaşlarındakı qadın əlində it tutmuşdu. Qızların ikisinin də əlində yük varıydı; böyük qız düyünçə, o biri səbət aparırdı. Rəqqasənin çiynindən təbil və onun altlığı asılmışdı.
Böyük qız astadan rəqqasəyə dedi:
- Bu cənab tələbədi.
Mən onlara sarı döndüm.
- Doğru deyirəm? – o soruşdu. – Mən o saat başa düşdüm, axı bizim adaya tələbələr gəlir.
Onlar demə Osima adasındakı Xabu liman şəhərindəniymişlər. Yazda yola çıxıblarmış, indi artıq geri dönməliydilər – qışa hazırlıqları yox idi. Hələ on gün Simodada qalıb, İto mədən sularından evə yollanacaqdılar.
Osima adası… Məni poeziyanın havası vurdu, ancaq yenə rəqqasənin qeyri-adi saç formasına tamaşa eləməyə başladım.
- Çimmək üçün bizə çoxlu tələbə gəlir, - rəqqasə öz yol yoldaşına dedi.
Mən ona baxdım:
- Yayda?
O tutuldu, astadan nəsə, deyəsən: «Qışda da…» - dedi.
- Qışda da? – mən təzədən soruşdum.
O, yol yoldaşına baxıb bərkdən güldü.
Mən öz sualımı təkrar elədim:
- Demək, orada qışda da çimmək olur?
O, qıpqırmızı olub, birdən ciddiləşərək başını tərpətdi.
- Səfeh qızsan! – qırx yaşlı qadın gülümsədi.
Yuqanoya təxminən üç ri məsafə varıydı. Kavadzu dərəsi boyu gedən yol eniş idi. Aşırımdan sonra rənglər dəyişdi – göyün, dağların rəngi cənubdakı kimi oldu. Biz kişiylə yaxın adamlar kimi söhbət eləyirdik.
Kiçik kəndlər – Xaqino, Nasimoto və başqaları – geridə qaldı. Aşağıda Yuqanonun küləş damları göründü. Nəhayət özümdə cəsarət tapıb onlarla birlikdə Simoda qədər getmək istədiyimi kişiyə dedim. O çox sevindi.
Ucuz mehmanxananın qarşısında dayananda, qırx yaşlı qadının sifətindən mənimlə xudahafizləşmək istədiyi duyuldu. Yenə özümü itirdim, ancaq kişi mənim işimi yüngülləşdirdi. O dedi:
- Bu cənab bizimlə getmək istəyir.
- Hə? Çox gözəl! Səfərdə yol yoldaşı dərdi bölüşməyə bərabərdi. Biz savadsız adamlarıq, buna baxmayaraq, hərdən adamları darıxmağa qoymuruq… Cənab tələbə, buyurun, bizimlə dincəlin. – O, mehribancasına mənə təzim etdi.
Qızlar mənə baxdılar, ancaq heç nə demədilər. Olsun, burda nə var ki – onların sifətində yazılmışdı. Ancaq, deyəsən, bir az sıxılırdılar.
Onların arxasınca ikinci mərtəbəyə qalxdım. Öz yüklərini bir küncə qoydular. Tatami
[vii] ilə fusuma[viii] köhnə və çirkli idi. Rəqqasə aşağı düşüb çay gətirdi. O mənim qarşımda oturanda birdən yanaqları allandı, titrəyən əlində nəlbəki yırğalandı, fincan az qaldı yerə düşsün və qırılmasın deyə tataminin üstünə qoydu. Çay çalxalanıb töküldü. Rəqqasənin belə karıxması məni təəccübləndirdi.
- Ay səni yöndəmsiz! Lap uşaqsan, gözün haralardadı… - Qadın qaşqabağını töküb dəsmalı rəqqasəyə tulamazladı.
Doğrudan hirslənib, yoxsa yalandan özünü elə göstərir?..
Qız dəsmalı tutub tatamini silməyə başladı. Hərəkətlərində bir qətiyyətsizlik var idi.
Qadının kobud sözləri məni özümə gətirdi. Çayxanadakı qarının gəzərgi aktyorlar barədə dediyi sözlərdən sonra göylərdə uçan xəyallarım sabun köpüyü kimi partladı…
Qadın diqqətlə məni süzüb, yanında oturan qıza tərəf dönərək dedi:
- Cənab tələbənin gör nə qəşəng kimonosu var. Kasurisi
[ix] gözəldi. Rəsmləri də Tamidzidə olduğu kimidi. Onun kimonosu yadındadı? Həmin rəsmlərdi, elədi?
Sonra yenə mənə göz gəzdirdi.
- Bilirsiz, cənab tələbə, sizin kimononun kasurisi mənim oğlumunkundandı. Mənim oğlum var… Orada, evdədi… Məktəbdə oxuyur… Sizin kimononu görəndə onu xatırladım… İndi hər şey bahadı, göy kasuri də, dəhşətdi…
- Oğlunuz hansı məktəbdə oxuyur?
- İbtidai məktəbdə, beşinci sinifdədi.
- Beşinci sinifdədisə, demək, hələ uşaqdı. Mən isə artıq…
- Hə, hə… Kofuda oxuyur… Mən artıq çoxdandı Osimada yaşayıram, ancaq Kay əyalətindən, Kofudanıq.
Bir az dincəldik və təxminən bir saat sonra kişi mənə mədən suları olan başqa mehmanxanaya ötürmək təklifi elədi. Mən isə onlarla birlikdə ucuz otaqda gecələməyə hazırlaşırdım…
Baş küçədən dönüb daş döşənmiş cığırla getdik, sonra daş pillələri qalxdıq. Kiçik çayın üstündə tikilən ümumi hamamın yanındakı körpünü keçdik. Mədən suları olan mehmanxana körpünün arxasındaydı.
Mən dərhal hovuza yollandım. İsti suda oturanda kişi yenə peyda oldu və yenə söhbət eləməyə başladıq. O bir az özü haqqında danışdı – iyirmi dörd yaşı var, evlidi, arvadı ilk hamiləliyində uşağı salıb, sonra vaxtından əvvəl doğuş olub… Mən qulaq asa-asa onun mehmanxana emblemi olan gödəkçəsinə baxırdım. Naqaoka yəqin onun vətəniydi. Danışığından, geyimindən oxumuş adama oxşayırdı. Maraqlıdı, bu səyyar truppaya necə düşüb? Sənətə olan sevgisinə, ya hansısa qıza vurulduğuna görə?.. Onlarla gəzib yüklərini daşımağa kömək eləyir.
Hovuzdan çıxan kimi nahar eləməyə getdim. Hələ saat üç olmamışdı. Vaxt necə tez keçir – səhər səkkizdə Yuqasimadan çıxmışdım… İkinci mərtəbədəki nömrəmə qalxdım. Kişi həyətdə dayanıb əl eləyərək mənimlə sağollaşırdı. Ona pul büküllmüş düyünçə atdım.
- Pəncərədən tulladığıma görə bağışlayın. Dadlı bir şey alın… Persimonu xoşlayırsınız?
Pulu götürmək istəməyib çıxışa doğru getdi, sonra düyünçənin yerdə qaldığını görüb geri qayıtdı.
- Xahiş eləyirəm, belə şeylər eləməyin! – O, düyünçəni mənə atdı.
Düyünçə mənə çatmadı, birinci mərtəbənin küləş damına düşdü. Mən yenə ona pul atdım. Daha qayıtmadı, düyünçəni götürüb getdi.
Axşam leysan yağdı. Dağlar zorla seçilirdi. Mehmanxananın qarşısından axan kiçik çay bir anın içində bulanlıq selə döndü.
Belə yağışda truppa işləməyəcək, rəqqasə bu gün rəqs eləməyəcək…
Bir yerdə otura bilmədiyimdən bir neçə dəfə hovuza getdim. Nömrəm yarıqaranlıq idi. Fusumanın küncündən açılmış deşikdən asılan lampa iki otağı birdən işıqlandırırdı.
Uzaqdan yağışın batırdığı təbil səsi eşidildi. Qarşımda düşməni görübmüş kimi cəld pəncərəyə tərəf atıldım, pəncərə taxtasını çəkib başımı çölə çıxartdım. Deyəsən, səs yaxınlaşırdı. Yağış başıma döyəcləyirdi. Gözümü yumub qulaq asdım… İndi təbil hansı tərəfdədi? Birdən syamisen
[x] səsi də eşidildi. Onların arxasınca qadın qışqırığı gəldi. Bir az sonra gülüş və şən səslər eşidildi. Deməli, aktyorları dəvət edən tapılıb. Onlar ucuz nomrəli mehmanxananın qarşısındakı yapon restoranında idilər… Yenə kişi və qadın səsləri eşidildi. Mən yenə qulaq asıb bir xeyli gözlədim. Bəlkə orada çalmağı bitirib bura gəldilər. Ancaq gəlmirdilər. Yapon restoranındakı qonaqlıq, deyəsən, adi əyləncədən kef məclisinə çevrilmişdi. Hərdən qadın çığırtısı gecənin bağrını dəlirdi. Əsəblərim tarıma çəkilmişdi. Pəncərə taxtasını örtmədən dayanmışdım. Hər dəfə yağış şırıltısının arasından təbil səsini eşidəndə ürəyim toxtayırdı: deməli, rəqqasə hələ də işləyir, təbilini döyəcləyir…
Sonra təbil səsini eşidə bilmədim, üstümə dalğa-dalğa ayaq tappıltıları gəlirdi. Orada nə eləyirlər – bir-birlərinin dalınca qaçırlar, ya rəqs eləyirlər?.. Birdən sükut çökdü. Gözlərimi geniş açdım. Zülmətin içindən bu sükutu görmək istəyirdim. Doğrudanmı… bu gecə balaca rəqqasə üçün dəhşətli olacaq?.. Ürəyim göynədi. Doğrudanmı bu gecə kimsə onu murdarlayacaq?..
Pəncərə taxtasını endirib yatağa uzandım. Ürəyimin göynərtisi keçmirdi. Yenə hovuza getdim. Hirsimdən suyu döyəclədim.
Yağış kəsdi. Ay çıxdı. Yuyunub təmizlənmiş gecə rahatca uyuyurdu.
Bəlkə ora qaçıb gedim… ayaqyalın… elə indi?.. Yox, onsuz da kömək eləyə bilmərəm…
Artıq gecə saat üç idi.

3

Səhər doqquza işləmiş kişi mənim nömrəmə gəldi. Yenicə durmuşdum, birlikdə hovuza getdik. Yenicə girmiş payızın mülayim bir səhəriydi. Pəncərədən buludsuz səma və leysandan daşmış çay görünürdü. Su gün işığını sevinclə canına hopdururdu. Gecə çəkdiyim əzab mənə pis yuxu kimi gəlirdi, ancaq yenə soruşdum:
- Dünən gec yatdınız? Şənlik, deyəsən, uzun sürdü?
- Yoxsa eşidilirdi?
- Gəlsin də eşidilməsin!
- Yerlilərin hoqqasıydı. Şənlik nədi, darıxdırıcı bir şeydi! Dəli kimi oxuyub bağırırdılar… Başqa cür bacarmırlar.
Dünənki içki məclisi, deyəsən, onu heç də narahat eləmirdi.
- Bax, bax! Oraya, o tərəfdəki çimilən yerə… Gülürlər… Yəqin bizi görüblər.
Mən çayın o tərəfindəki ümumi hamama baxdım. Buğun arasından çılpaq bədənlər gözə dəyirdi.
Elə həmin an hamamın qaranlığından çılpaq bir qız sıçrayıb çıxdı, açıqlıqdakı geyinmə yerinə qədər qaçaraq əllərini qabağa uzadıb nəsə qışqırdı. Tamam çılpaq idi, hətta dəsmal da götürməmişdi. Bu, rəqqasə qız idi. Mən onu tamam gördüm – çılpaq, uzun ayaqlı, qamətli. Üzümə elə bil təmiz bulaq suyu çilədilər. Dərindən nəfəs alıb güldüm. Uşaq ki uşaq! Bizi görüb hər şeyi unudaraq günün qabağına çıxdı. Budur, barmaqlarının ucuna qalxıb, əlini bizə uzadaraq dayanıb. Ürəyim sevinclə çırpınırdı. Bədənimdə yüngüllük duyurdum. Gülümsəyə-gülümsəyə baxırdım.
Nə axmağam, fikirləşdim, on yeddi, hətta on səkkiz yaşı olar. Hamısı da təmtəraqlı saç formasına görə. Böyüklər kimi bəzəyib geyindirirlər.
Kişi ilə mənim otağıma qayıdandan bir az sonra böyük qız həyətə gəlib xrizantem ləklərinə baxmağa başladı.
Bu vaxt artıq paltarını geyinmiş rəqqasə körpünün ortasına çatmışdı. Qadın ümumi hamamdan çıxıb ona tərəf baxırdı. Rəqqasə büzüşdü, sanki demək istəyirdi: «payımı verəcək» və gülümsəyib geriyə döndü. Onlar körpüdən düşəndə qadın qışqırdı:
- Gəlin, qonağımız olun!
- Gəlin, qonağımız olun! – böyük qız da onun sözlərini təkrar edib birlikdə uzaqlaşdılar.
Kişi axşama qədər yanımda qaldı.
Axşam səyyar kağız topdan satışı taciriylə yapon daması oynayırdım. Birdən həyətdə təbil səsi eşidildi.
- Gəzərgi aktyorlar gəldilər! – Mən qalxmaq istədim.
- Aktyorlar… hm… Onları qovun, çox elə lazımdılar… - Oyuna başı qarışmış tacir diqqətlə taxtaya baxırdı.
- Oynayın, sizin gedişdi.
Mən fikrimi toplaya bilmirdim – onlar axı gedəcəklər, əlbəttə, gedəcəklər!.. Kişi aşağıdan qışqırdı:
- Axşamınız xeyir!
Mən sıçrayıb şüşəbəndə çıxdım. Əlimlə onları çağırdım. Pıçıldaşıb giriş qapısına tərəf yönəldilər: qabaqda kişi, arxasınca üç qız. Qızlar geyşalar kimi barmaqlarını döşəməyə toxundurub təzim etdilər: «Axşamınız xeyir!»
Mən tez dama taxtasına baxdım – aha, deyəsən, uduzuram! Əladı!
- Təslim oluram, təslim oluram! Daha heç nə eləyə bilmərəm…
- Nə danışırsınız! Mənim vəziyyətim daha pisdi. Düşünün, xeyli mürəkkəb vəziyyətdi…
Tacir hətta aktyorlara tərəf baxmadı da. Taxtaya sarı əyilib diqqətlə xanalara baxaraq hər gedişi düşünürdü. Aktyorlar təbili və syamiseni bir küncə qoyub oturaraq beş dama oynamağa başladılar. Qələbə lap yaxında olduğu vaxt oyunu uduzdum. Tacir əl çəkmirdi:
- Bir dəfə də oynayaq! Bircə oyun, hə? Vur-tut bir oyun!
Ancaq mən yalnız başımı yırğalayıb mənasız-mənasız gülümsəyirdim. O, ümidini üzüb getdi. Qızlar yaxında oturdular.
- Siz bu gün yenə işləməlisiniz? – mən soruşdum.
- Əslində işləməliyik… - Kişi qızlara baxdı.
- Nə edək? Bəlkə cənabın icazəsiylə dincələk, heç hara getməyək?
- Oy, yaxşı olar! Çox yaxşı olar!
- Bəs sizə söz gəlməz?
Kişi əlini yellədi:
- Eh, nə fərqi! Onsuz da daimi müştərilərimiz yoxdu.
Gecə saat birə kimi oturub beş dama oynadıq.
Onlar gedib rəqqasə qapının arxasında yoxa çıxanda, özümü lap gümrah hiss elədim. Gözümdə yuxu deyilən şey yox idi. Koridora çıxıb çağırdım:
- Cənab tacir!.. Ay cənab tacir…
Bu altmış yaşlı təmkinli kağız taciri uşaq cəldliyilə otağından sıçradı.
- Sizsiniz! Əla! Deməli, oynayırıq? Düz səhərə kimi!
Mən də indi onu udmaq həvəsindəydim.

4

Səhər tezdən yola düşməyə hazırlaşırdıq. Danışdıq ki, düz saat səkkizdə görüşək. Mən buradan, ümumi hamamın yanından aldığım təzə kepkada, tələbə furackamı içinə atdığım həmişəki portfeldə təyin edilmiş vaxtda yolun kənarındakı ucuz mehmanxanaya gəldim. İkinci mərtəbədə bütün pəncərə taxtaları və södzilər açıq idi. Çox düşünmədən pilləkənlə şüşəbəndə qalxdım və təəccübdən quruyub qaldım. Aktyorlar hələ yatırdılar.
Kiçik qızla lap qapının ağzında yatan rəqqasə qıpqırmızı olub əliylə üzünü örtdü. Dünənki qrimin izləri hələ üzündə qalırdı. Dodaqlarında və göz qapaqlarının kənarlarındakı qırmızı boya azca yayılmışdı. Qız yataqda – necə şirin xəyaldı… Məni həyəcan bürüdü. Rəqqasə gözünə işıq düşürmüş kimi eləcə də əlləri üzündə o biri yanı üstə çönüb, ədyalın altından çıxdı, döşəmədə oturaraq, ədəblə başını aşağı dikdi.
- Dünənki axşama görə sizə çox minnətdaram…
Mən lap karıxdım.
Kişi böyük qızla uzanmışdı. Yalnız indi, bir yataqda görəndə onların ər-arvad olduğunu anladım.
Qadın dedi:
- Siz bizi bağışlayın. Razılaşmışdıq bir yerdə yola düşək, ancaq bu axşam şam yeməyinə dəvət ediləcəyimizə ümid yaranıb. Bir gün də ləngimək qərarına gəlmişik. Əgər bu gün yola düşsəniz, Simodada görüşək. Biz «Kosyuya» mehmanxanasında qalacağıq. Oranı tapmaq asandı.
Özümü rədd edilmiş hiss elədim.
- Bəlkə siz də qalasınız? –kişi dedi. – Biz bu gün də gedərdik, ancaq anam qalmaq qərarına gəlib, indi onu fikrindən çətin ki, döndərəsən… Yoldaşlı getmək yaxşıdı, bizə də, sizə də xoş olar. Doğrudu? Gəlin sabah yola düşək, hə?
- Əlbəttə! – qadın onun sözünə qüvvət verdi. – Bizi bağışlayın! Siz bizi şərəfləndirdiniz, bizimlə yol yoldaşı olmaq istədiniz, biz də guya özümüzü naza qoymuşuq. Sabah göydən daş yağsa da, hökmən gedəcəyik!.. Bilirsiniz, axı səfərdə bizim uşağımız ölüb, sabah onun qırx doqquzuncu günüdü. Ona ehsan vermək üçün çoxdan həmin gün Simodada olmağı fikirləşirdim. Pis-yaxşı mütləq ehsan verəcəyik. Buna görə həmişə tələsiyirdim, başqalarını da tələsdirirdim, indi isə ləngiyəsi olduq, belə bir fürsət düşüb… Sizinlə isə təsadüfən tanış olduq, görünür, taledi… Srağagün bizimlə körpənin ruhuna rəhmət oxumağa yəqin etiraz etməzsiniz.
Mən qalmağı qərara aldım. Aşağı düşdüm. Kişini gözləyənə qədər qapıçıyla söhbət elədim. Sonra o gəlib təklif elədi ki, bir az gəzək. Mərkəzi küçə ilə cənuba tərəf getdik. Yaxınlıqda çox gözəl bir körpü var idi. Körpüyə qalxıb sürahiyə söykənərək dayandıq. Kişi yenə özü haqqında danışdı. Danışdı ki, bir vaxtlar Tokioda Yeni teatr məktəbinin truppasında olub. Demə, indi də hərdənbir Osimada tamaşa hazırlayır, banketlərdə teatr tamaşaları təşkil edir. Doğrudan da, mən elə ilk gün kiminsə uzun ayaqları kimi boxçadan çıxan qılınc qınlarını görmüşdüm. Onun sözlərinə görə, səbətlərdə mətbəx ləvazimatlarından savayı teatr əlbisələri də var idi.
- Bax beləcə də yaşayırıq, - bir az sükutdan sonra dedi. – Mən özümü məhv etdim, tamam ruhdan düşdüm, intəhası, böyük qardaşım hörmətli adamdı. Kofudakı evimiz ona qaldı, təsərrüfatı yaxşı idarə eləyir. Mən orada lazımsız adamam. Sanki artığam…
- Mən isə elə bilirdim, siz Naqaokadan, mədən sularındansınız.
- Yox, nə danışırsınız!.. Bu qızların ən böyüyü arvadımdı. O məndən bir yaş kiçikdi, onun on doqquz yaşı var. Yolda vaxtından əvvəl doğdu. Körpə vur-tut bir həftə yaşadı. Arvadım bundan sonra özünə gələ bilmir… Qadınların ən yaşlısı onun anasıdı. Ən kiçiyi, rəqqasə isə mənim doğma bacımdı…
- Rəqqasə? On dörd yaşı olan?.. Deyəsən, onun on dörd yaşı olduğunu demişdiniz…
- Hə. Bacımı gəzərgi aktrisa eləmək istəməzdim, heç istəməzdim, ancaq başqa çıxış yolu yoxuydu.
Sonra öz adının Eykiti, arvadının Tioko, bacısının Kaoru olduğunu dedi. Truppada yalnız bir qız – Yuriko – onlara doğma deyil, muzdla işləyir. Eykiti kövrəlib kədərləndi. Onun sürətlə axan çaya dikilmiş gözləri yaşardı.
Sonra mehmanxanaya qayıtdıq. Yuyunmuş, boyasız, pudrasız Kaoru yolun kənarında dizi üstə oturub itin başını sığallayırdı. Öz nömrəmə getməyə hazırlaşanda ona dedim:
- Mənə qonaq gəlin.
- Sağ olun, ancaq məni tək…
- Qardaşınızla gəlin.
- Yaxşı, biz gələrik…
Eykiti çox keçmədən gəldi.
- Bəs qalanları hanı?
- Anamız ciddi adamdı…
Oturub beş dama oynamağa başladıq. Oynadığımız vaxt bir-birinin ardınca Tioko və Yuriko gəldi. Onlar çayın üstündəki körpünü keçib şüşəbəndə qalxdılar, ədəblə təzim edərək döşəmədə oturdular. Otağa keçməyə utandılar. Nəhayət, Kaoru yuxarı qalxıb təbəssümlə dedi:
- Xahiş eləyirəm, keçin, bu mənim otağımdı!
Onlar bir saata yaxın oturub hovuza çimməyə getdilər. İsrarla məni də dəvət etdilər, ancaq sonra gələcəyimi dedim. Üç gənc qadınla çimməyə utanırdım. Çox keçməmiş Kaoru qayıdıb mənə Tiokonun sözünü çatdırdı:
- Böyük bacım xahiş edir siz də gələsiniz. Onlar sizin belinizi sürtərlər.
Mən yenə imtina edib, Kaoru ilə beş dama oynamağa başladım. O, əla oynayırdı. «Uduzan çıxır» oynayanda qardaşını və bütün qadınları udurdu. Mən əsl oyunçu idim və az qala, uduzmaq nə olduğunu bilmirdim. Ancaq rəqqasə hətta mənim üçün də layiqli rəqib idi. Məxsusi onun üçün asan gedişlər etməyimə ehtiyac yox idi, bu da mənə xoş gəlirdi. Əvvəl-əvvəl bir az sıxılırdı – axı biz tək qalmışdıq – və damanı uzaqdan sürüşdürürdü, ancaq sonra oyuna başı qarışıb yaxına gəldi və hər dəfə damanı sürüşdürəndə taxtanın üstünə əyilirdi. Onda gözəl saçları, az qala, sinəmə toxunurdu. Birdən qıpqırmızı oldu.
- Oy, məni danlayacaqlar! Bağışlayın…
Damanı atıb otaqdan qaçdı.
Qadın ümumi hamamın yanında göründü. Tioko və Yuriko hovuzdan çıxıb mənim nömrəmə qalxmadılar, öz qaldıqları yerə tərəf qaçdılar.
Eykiti həmin gün axşama qədər yanımda qaldı. Sadə, mehriban qadın olan mehmanxana sahibi bu cür kefcil adamla vaxt keçirməməyimi məsləhət görürdü.
Axşam onların ucuz nömrəsinə getdim. Qadının nəzarəti altında Kaoru syamisendə məşq eləyirdi. Məni görüb aləti kənara qoymaq istədi, ancaq qadın ondan davam eləməyi tələb elədi. Qız yenə simlərə toxunub, astadan oxumağa başladı. Səsini qaldıranda qadın ona məsləhət verirdi:
- Astadan, astadan! Adama neçə dəfə deyərlər!
Eykitini mehmanxananın qarşısındakı yapon restoranına dəvət eləmişdilər. O, ikinci mərtəbədəki kabinetdə oturmuşdu, burdan aydın görünürdü. Dodaqları tərpənirdi, elə bil böyürürdü.
- O neyləyir?
- «Utay» oxuyur.
- Şam süfrəsi arxasında «Utay» oxuyur, qəribədi.
- Kef eləyən kimdi ki!? Göysatan! Beləsinin ağlına hər şey gələr…
Onların otağını qonşu otaqdan ayıran fusuma yana çəkildi, bir kişi içəri boylanıb qızları qonaq etmək üçün öz otağına çağırdı. Həmişə mehmanxanada yaşayan quş satan idi.
Xasiləri
[xi] götürüb Kaoru və Yuriko onun otağına getdilər. Qazandan toyuğun artıq-urtuğunu necə yediklərini görürdüm. Sonra tacirlə birlikdə qayıtdılar. Otağa girəndə əlini yavaşca Kaorunun çiyninə vurdu. Qadın hirslə qışqırdı:
- Qıza toxunma! O hələ lap uşaqdı.
Kaoru kişini dilə tutmağa başladı ki, «Knyaz Mitonun şən səyahəti»ni bərkdən oxusun.
- Dayıcan, oxuyun!
Ancaq «dayıcan» dərhal öz otağına getdi. Kaoru birbaşa mənə müraciət etməyə utanıb, qadından xahiş elədi ki, mənə desin. Mən hekayələr kitabını ümidlə əlimə götürdüm. Və ümidim doğruldu – Kaoru durub mənim yanımda oturdu. Oxumağa başlayanda, o mənə lar yaxınlaşdı, maraq oxunan sifəti, az qala, çiynimə toxunurdu. O, görünür, həmişə belə qulaq asırdı. Quş satan oxuyanda görmüşdüm. Parıltılı iri gözləri mənə dəkilmişdi. Çöhrəsinə gözləri yaraşıq verirdi. Bir də çox qəşəng gülümsəməyi varıydı. Gül kimi açılırdı. Məhz gül kimi. Başqa cür ifadə eləmək də mümkün deyil. Bir az keçmiş restoranın qulluqçusu onun arxasınca gəldi. Kaoru bəzənib mənə dedi:
- Tez qayıdacağam. Xahiş eləyirəm, getməyin! Mən qayıdanda siz təzədən oxuyarsınız. Yaxşı?
Şüşəbənddə əlini döşəməyə toxundurub təzim etdi:
- İcəzə verirsiniz gedim?
- Bircə oxuma! – qadın dedi.
Kaoru ehmalca başını tərpədib təbilini götürdü. Qadın mənə tərəf döndü:
- İndi onun səsinin dəyişən vaxtıdı.
Qız restoranın ikinci mərtəbəsində oturmuşdu. Çox ciddi və çox ədəblə. Oturub təbilini döyəcləyirdi. Mən onun çiynini görürdüm. Elə bil lap yaxında, qonşu otaqda idi. Ürəyim təbilin taktına uyğun vururdu.
- Təbil məclisi necə də canlandırır! – rəqqasəyə baxan qadın dedi.
Tioko və Yuriko da restorana getdilər.
Təxminən bir saatdan sonra dördü də qayıtdı.
- Bax bu qədər oldu! – Kaoru yumruğunu açdı və əlli iyenlik gümüşü pullar cingiltiylə qadının ovcuna töküldü.
Mən bir qədər də «Şən səyahət»i oxudum.
Aktyorlar astadan öz aralarında danışırdılar. Ölən körpəni xatırlayırdılar. Onların sözlərinə görə körpə su kimi şəffaf doğulmuşdu. Hətta qışqırmağa da gücü yoxuydu. Bununla belə bir həftə yaşadı.
Bu adamlar məndən heç çəkinmirdilər. Görünür, səmimiliyimə, heç nəylə maraqlanmamağıma, təkəbbürlü olmamağıma görə onların rəğbətini qazanmışdım.
Vəziyyət elə gətirdi ki, onlar məni Osimadakı evlərinə dəvət elədilər. Mən, əlbəttə, razılaşdım və biz planlar qurmağa başladıq.
- Orada iki evimiz var, - onlar deyirdilər, - doğrudu, kiçikdilər, ancaq hamıya yer çatar. Dağdakı ev, demək olar, həmişə boşdu. Təkcə baba orada yaşayır. Siz orada qalarsınız. Ora genişdi, əgər baba sizə mane olsa, onun yerini dəyişərik. Sakitlikdə çalışa da bilərsiniz…
Onlar öz aralarında danışırdılar, mənə baxırdılar, öz mülahizələrini söyləyirdilər.
Qərara alındı ki, Yeni ildə Xabu limanında mənim köməkliyimlə tamaşa versinlər.
Tədricən onların necə yaşadığını anladım. Bəlkə heç elə də ağır və pis deyildi. Həmişə yoldaydılar… Ancaq bunun öz gözəlliyi var… qayğısızlıq… çöllərin qoxusu… Bir-birlərilə yola gedirdilər – onları qohumluq bağları birləşdirirdi. Bir ailə idi: ana qızıyla, qızının əri, onun kiçik bacısı. Bircə Yuriko qohum deyildi. Bu da hiss olunurdu: utancaq gənc qız çox vaxt susurdu, mən olanda üzü gülmürdü.
Ucuz mehmanxanadan gecəyarısı getdim. Qız məni yola salmaq üçün ayağa durdu. Kaoru getamı cütlədi. Qapını açıb aydın səmaya baxdı.
- Oy, Aya bax! Necə gözəldi!.. Sabah isə artıq Simodada olacağıq. Elə sevinirəm… Ehsan verəndən sonra anam mənə təzə daraq alacaq. Başqa yaxşı şeylər də alacaq. Anam məni kinoya aparacağına söz verib.
Simoda limanı onlar üçün həsrətini çəkdikləri yer idi. İdzu-Saqaminin mədən sularında dolaşıb, ora üçün doğma yerlərindən heç də az darıxmırdılar.

5

Hərə Amaqini keçəndə apardığı yükü götürdü. Qadın o dəfəki kimi iti əlinə almışdı: qabaq pəncələrini sallayan it bütün görkəmiylə səfərə hazır olduğunu göstərirdi. Yuqano arxada qalan kimi yol yenə dağa qalxmağa başladı. Uzaqda, dənizdən doğan günəş dağın bətnini qızdırırdı. Biz oraya – günəşin doğduğu səmtə, Kavadzu çayının mənsəbinə, işıqla yuyulan dəniz sahilinə gedirdik.
- Osimo odur!
- Görürsünüz, necə böyük adadı! Böyük olduğu burdan da bilinir, - Kaoru dedi. – Bizimlə gedək, yaxşı?
Səma payıza xas olmayan qədər açıq idi, günəş, az qala, suya toxunurdu və mayda olduğu kimi dənizdən buğ qalxırdı.
Məndən soruşdular ki, necə gedək – əsas yolla, ya cığırla. Əsas yolla getmək asandı, ancaq cığır yolu, az qala, iyirmi tö qısaldır. Mən, əlbəttə, kəsə yolu seçdim.
Ağacların altıyla dolana-dolana gedən, sürüşkən xəzəllə örtülən cığır o qədər dik idi ki, adamın bədəni ayaqlarını qabaqlayırdı. Nəfəsim təngidi, görünür, yoxuşu qalxanda əllərimlə ayaqlarıma kömək elədiyimdən addımlarımı yeyinlətmişdim. Tezliklə hamını ötdüm, yoldaşlarım geridə qaldı, onların səsi hardansa aşağıdan, ağacların arxasından eşidilirdi. Təkcə Kaora geri qalmırdı. Kimononun ətyini yığıb məndən iki-üç addım arxada həvəslə yoxuşu dırmaşırdı. Geri dönüb onunla danışanda dərhal dayanırdı. Üzünə bir az təəccüb yağan işıqlı təbəssüm qonurdu. O da nəsə deyəndə, yaxına gələcəyi ümidiylə mən də dayanırdım. Ancaq mən yerimdən tərpənənə qədər gözləyirdi. Beləcə ara saxlayaraq arxamca gəlirdi. Yoxuş lap sərtləşəndə mən addımlarımı yeyinlətdim. Ətraf sakitlik idi. Aktyorlar lap geri qalmışdılar, biz artıq onların səsini eşitmirdik.
- Sizin eviniz Tokionun harasındadı?
- Mənim Tokioda evim yoxdu, tələbə yataqxanasında yaşayıram.
- Mən bir dəfə Tokioya getmişəm. Sakuranın çiçəkləməsi bayramında rəqs eləmişəm… Ancaq heç nə xatırlamıram, lap balaca idim.
Kaoru hərdən mənə suallar verirdi:
- Bəs atanız var?
Ya:
- Bəs Kofuda olmusunuz?
Ölən körpə haqqında o mənə dönə-dönə danışdı. Simoda üçün darıxdı, kinoya getməyi arzuladı.
Nəhayət, dağı qalxdıq. Qurumuş otun arasında skamya var idi. Kaoru təbili onun üstünə qoydu, dəsmalla üzünü silib kimonosunun tozunu çırpmaq istədi, ancaq mənə baxıb dizləri üstə oturaraq, əlləriylə xakamamım tozunu çırpmağa başladı. Mən tələsik geri çəkildim, o, tarazılığını saxlaya bilmədi, dizləri yerə dəydi, ancaq yenə fikrindən dönmədi, dizin-dizin mənə tərəf gələrək üstümün tozunu çırpdı. Sonra ayağa qalxıb öz kimonosuna əl gəzdirdi. Mən ağır-ağır nəfəs alırdım. O dedi:
- Oturub dincəlin.
Bir dəstə quş uçub gəldi. Çox sakitlik idi. O qədər sakitlik idi ki, quşlar budaqdan budağa qonanda qurumuş yarpaqların xışıltısını eşidirdik.
- Niyə belə tez yeriyirdiniz?
Yəqin çox yorulmuşdu. Mən təbili döyəclədim. Quşlar pırıltıyla uçdular, budaqlar yırğalandı.
- Su içərdim…
- Gedib axtarım.
Kaoru kolların arxasında yoxa çıxdı, ancaq tezliklə əliboş qayıtdı.
- Bəs Osimada yaşayanda nəylə məşğul olursunuz? – mən soruşdum. Nəsə dolaşıq bir şey danışdı. İbtidai məktəbdə ikinci sinfə qədər oxuduğu hansısa qızları xatırladı… Deyəsən, Osimadan yox, Kofudan danışırdı.
On dəqiqə sonra Eykiti və qızlar gəldi. Bir müddət sonra isə ağacların arxasından qadın göründü.
Enişdə tələsmədim, qadınları qəsdən irəli buraxdım. Eykiti mənimlə yanaşı gedirdi, ordan-burdan söhbət eləyirdik. Bir az keçmiş Kaoru qaçıb yanımıza gəldi.
- Orda bulaq var. Xahiş eləyirəm, tez gəlin. Onlar sizsiz içməyəcəklər, dedilər, belə də çatdırım.
Su! Mən yerimdən götürüldüm. Qollu-budaqlı ağacların altında qayadan bulaq qaynayırdı. Qadınlar bulağın ətrafında dayanmışdılar.
- Biz sizi gözləyirik… Ovuclayıb içərik, birdən su bulanar, siz də iyrənib bizdən sonra içməzsiniz. Ona görə, buyurun, birinci için.
Mən sudan ovuclayıb doyunca içdim. Qadınlar bir xeyli bulağın böyründə dayandılar – su içdilər, dəsmallarını isladıb sifətlərini, boyun-boğazlarını sildilər.
Nəhayət, dağdan enib, Simoda yoluna çıxdıq. Ordan-burdan tüstü qalxırdı – kömür yandırırdılar. Bir az dincəlmək üçün yolun kənarındakı kərənlərin üstündə oturduq. Kaoru dizlərini yerə qoyub, çəhrayi daraqla itin tükünü daramağa başladı.
- Ehtiyatlı ol, darağın dişini qırarsan, - qadın ona təpindi.
- Heç nə olmaz, axı Simadoda mənə təzəsini alacaqsınız.
Çoxdandı bu darağı ondan yadigar kimi götürmək istəyirdim – Kaoru saçının qabağını həmin daraqla yığışdırırdı, - və indi onunla itin tükünü daramağı mənə xoş gəlmədi.
Yolun o biri tərəfinə bambuq şüvülləri atılmışdı. Eykitiylə hərəmiz birini götürmək qərarına gəldik – onunla yol getmək rahatdı. Ayağa qalxmaq istəyirdik ki, Kaoru bizi qabaqladı, tez yerindən sıçrayıb özündən uzun bambuq şüvülünü sürüyüb gətirdi.
- Beləsi sənin nəyinə lazımdı? – Eykiti soruşdu.
O özünü itirib pörtərək bambuqu mənə uzatdı.
- Sizin üçündü… Yaxşı paya olacaq. Ən qalınını seçmişəm…
- Lazım deyil, yerinə qoy. Çox qalındı. Görən olsa, oğurladığımızı başa düşəcək. Yaxşı çıxmaz.
O, şüvülü yerinə aparıb, nisbətən naziyini seçdi. Qaça-qaça da yanımıza qayıdıb şüvülü mənə verdi və bütün gücü tükənibmiş kimi, dərhal da arxası çəltik mərzlərinə tərəf, yerə çökdü. Qadınların durmağını gözləyirdi.
Yenə yola düşdük. Mən və Eykiti qabaqda gedirdik. Qulağıma Kaorunun səsi gəldi:
- Nə olar, çıxarıb yerinə qızıl salmaq olar…
O, Tioko ilə yanaşı gedirdi. Yuriko və qadın bir az geri qalmışdılar. Tioko dedi:
- O da doğrudu. Ona məsləhət görmək lazımdı…
Deyəsən, mənim haqqımda danışırdılar. Xarici görünüşümü müzakirə eləyirdilər. Yəqin Tioko mənim qabaq dişlərimin əyri olduğundan söhbət salmışdı, Kaoru isə demişdi ki, «qızıl dişlər qoymaq olar». Bu sözlər mənə toxunmadı, onları özümə o qədər yaxın bilirdim ki, hətta daha qulaq asmadım. Bir müddət astadan danışdılar, sonra yenə Kaorunun səsini eşitdim:
- Yaxşı adamdı…
- Hə, deyəsən, dağrudan da, yaxşı adamdı.
- Yaxşı olmağı yaxşıdı, hə?
Bu sözlər o qədər adi səsləndi ki! Öz fikrini uşaq səmimiliyilə ifadə eləmişdi. Bu sözlərə mən dərhal inandım: hə, mən yaxşı adamam! Mən yaxşıyam, ətrafdakı dağlar da yaxşıdı…Gözlərim göynədi. Mənə isə öz xarakterim yaşadığım iyirmi ildə nə qədər əzab çəkdirmişdi. Yetimlik həyatımı zəhərləmişdi, mən də bu zülmə dözməyib İdzunu gəzmək üçün səfərə çıxmışdım. İndi məni yaxşı adam hesab etdikləri üçün bu insanlara çox-çox minnətdarıydım. Dağlar lap işıqlaşdı, çünki dəniz yaxında idi. Əlimdəki bambuq payasını otlara çırpa-çırpa gedirdim.
Yolumuzun üstündəki bəzi kəndlərin girişinə taxta lövhələr vurulmuşdu:
«Dilənçilərə və gəzərgi aktyorlarına giriş qadağandır!»

6

«Kosyuya»nın ucuz nömrələri Simodanın lap kənarında, şimal girişinin yaxınlığında idi. Aktyorlarla bir yerdə adicə çardaq olan ikinci mərtəbəyə qalxdım. Tavan yox idi, çardaq isə küçəyə baxan pəncərənin üstünə əyilmişdi.
- Çiynin, əllərin ağrımır? – qadın narahatçılıqla Kaorudan soruşdu.
- Heç ağrımır! Çala bilərəm!
Kaoru əlini qaldırıb təbil çalırmış kimi rəvan hərəkətlə aşağı endirdi.
- Lap yaxşı…
Mən təbili qaldırmaq istədim.
- Gör ha, nə ağırıymış!
- Əlbəttə, ağırdı! Bəs siz nə bilmişdiniz? Sizin portfelinizdən xeyli ağırdı, - Kaoru güldü.
Mənim yol yoldaşlarım hay-küylə, deyə-gülə «Kosyuya»nın kirayənişləriylə tanış oldular. Burada onlara uyğun adamlar toplaşmışdılar – özləri kimi küçə aktyorları və sirk artistləri idi. Görünür, Simoda bu köçəri quşların sevimli sığınacaq yeriydi. Mehmanxana sahibəsinin körpəsi iməkləyə-iməkləyə gəlib otağa boylandı. Kaoru ona parıldayan mis pul verdi. Mən getməyə hazırlaşanda, Kaoru məndən əvvəl dəhlizə sıçrayıb getaları mənə uzadaraq astadan dedi:
- Xahiş eləyirəm, məni kinoya aparın…
Eykiti mənimlə, deyilənə görə, keçmiş şəhər başçısına məxsus olan mehmanxanaya getdi. Arxamıza düşən bir səfil yarı yolda bizdən əl çəkdi. Bir saata yaxın hovuzda oturub, sonra təzə balıq yedik.
Eykiti ilə xudahafizləşəndə ona balaca kağız bağlama verdim – orada çox az pul varıydı.
- Xahiş eləyirəm, sabahkı yas mərasimi üçün gül alasınız. Mənim adımdan mehraba qoyarsınız…
Pulum qurtarmaq üzrə idi, səhər paroxodu ilə Tokioya yola düşməli olacaqdım. Aktyorlara işim olduğunu dedim və onlar qalmağım üçün məni çox da dilə tutmadılar.
Nahardan üç saat sonra yenə aclıq hiss eləyib şam eləyərək gəzməyə getdim. Körpünü keçib şəhərin şimal hissəsində gəzişdim, buranın bir növ Fudziyaması olan dağa qalxdım. Bütün liman elə bil ovcumun içindəydi. Çox gözəl mənzərəydi.
Geri qayıdanda «Kosyuya» dəydim. Aktyorlar şam eləyirdilər. Düyü və soyutma toyuq tikələrini elə qazandan götürürdülər.
- Bir az dadına baxın! – qadın məni dilə tutdu. – Heç olmasa, bir qismət alın! Ola bilsin, qızların öz xasiləri ilə qazanda qurdalandıqları sizə xoş gəlməsin, ancaq iyrənməyin. Maraq üçünsə bir tikə götürün, gəzərgi aktyorlar ilə necə şam elədiyinizi sonralar danışarsınız…
Qadın səbətdən piyalə və xasi çıxartdı, Yurikoya dedi ki, onları yuyub mənə versin.
Sonra yenə məni dilə tutmağa başladılar ki, bir gün də ləngiyim, axı sabah yas mərasimidi, yazıq uşağın ölümünün qırx doqquz günü tamam olacaq. Mən işim olduğunu bəhanə elədim. Onda qadın dedi:
- Nə deyə bilərik… Heç olmasa, qış tətilində gəlin. Biz gözləyəcəyik. Sizin paroxodu qarşılamağa çıxacağıq. Cələndə xəbər verin. Mütləq gəlin! Mehmanxanada qalmağı ağlınıza gətirməyin, xətrimizə dəyərsiniz… Gəlin, sizi qarşılayacağıq.
Bir az sonra, otaqda yalnız Tioko və Yuriko qalanda mən onları kinoya baxmağa dəvət elədim. Rəngi qaçmış, üzgün Tioko əlini qarnına sıxıb dedi:
- Gedəsi halım yoxdu! Zorla nəfəs alıram. Yolun yorğunluğu canımdan çıxmayıb.
Yuriko başını aşağı salıb susurdu.
Kaoru aşağıda mehmanxana sahibəsinin uşağıyla oynayırdı. Məni görüb anasının üstünə qaçdı ki, mənimlə kinoya getməyə icazə versin. Sonra kefsiz halda yanıma gəlib getalarımı mənə uzatdı. Mən gedəndə, o, iti sığallayırdı, hətta başını da qaldırmadı. Elə bil heyi qalmamışdı. Elə qaşqabaqlıydı ki, onunla danışmağa ürək eləmədim.
Kinoya tək getdim. Qiraətçi qız kiçik lampanın işığında izahedici mətni oxuyurdu
[xii]. Mən dərhal qalxıb mehmanxanama qayıtdım. Pəncərənin qabağında oturub şəhərin gecə mənzərəsinə baxmağa başladım. Təkəmseyrək fənərlərin solğun işığını udan qaranlıqdan gözümü çəkmirdim. Mənə elə gəlirdi ki, təbilin uzaqdan gələn səsini eşidirəm. Heç nədən göz yaşlarına boğuldum.

7

Saat yeddidə səhər yeməyi yeyəndə Eykiti məni küçədən səslədi. Əyninə gerbli qara gödəkçə geyinmişdi. Yəqin məni ötürmək üçün ən yaxşı paltarını geyinmişdi. Qadınlar gəlməmişdi. Ürəyim sıxıldı.
- Sizi hamımız yola salmaq istəyirdik, - Eykiti dedi, - ancaq gecə çox gec yatdıq. Qadınlar lap yorulublar. Qalxmağa təqatləri yoxdu. Sizə üzrxahlıqlarını çatdırmağı xahiş elədilər. Bir də xahiş etdilər ki, qışda gələsiniz. Biz gözləyəcəyik.
Külək əsirdi. Hava sərin idi. Yolda Eykiti mənə dörd qutu «Sikisima» papirosu, persimon və «Kaoru» adlı ağzı sərinləşdirən ətirli noğullar aldı.
- Axı mənim bacımın da adı Kaorudu. – O gülümsədi. – Persimonlar isə sizə paroxodda lazım olar. Naringi bir şeyə yaramır. Deyirlər, persimon gəmi tutmasında gömək eləyir.
Mən təzə kepkamı çıxarıb onun başına qoydum.
- Bu da məndən sizə yadigar!
Sonra portfelimdən formalı əzik furackamı çıxarıb qırışlarını sığallayaraq başıma keçirdim.
İkimiz də güldük.
Limana çatanda sahildə büzüşmüş bir adamın qaraltısını gördüm. Ürəyim titrədi. Rəqqasə qız biz lap yaxınlaşana qədər yerindən tərpənmədi. O, dinməzcə mənə təzim etdi. Dünənki boya hələ də göz qapaqlarının küncündə qalmışdı… çox sevimliydi. Hirslənmiş uşaq kimi özünü qurutmuşdu…
- Qalanları da gələcək? – Eykiti soruşdu.
O, başını yırğaladı.
- Hələ yatırlar?
Kaoru başını tərpətdi.
Eykiti paroxoda bilet və katerə talon almaq üçün getdiyi vaxt Kaoru ilə danışmağa çalışdım. Ancaq o, gözünü bir nöqtəyə – kanalın dənizə töküldüyü yerə dikib susurdu. Susub elə hey başını tərpədirdi. Hətta sözümün axırına qulaq asmadan tərpədirdi.
Birdən kiminsə səsini eşitdim:
- Xalacan, bax bu münasib adamdı…
Görkəmindən qazmaçıya oxşayan bir adam mənə yaxınlaşdı.
- Cənab tələbə, - o təzim etdi, - sən Tokioya gedirsən?.. Səndən bir xahişimiz var… Hiss olunur ki, sənə güvənmək olar. Zəhmət olmasa, bu qarını Tokioya apar. Yazıq adamdı. Ona bədbəxtlik üz verib. Oğlu Rentaydzidə işləyirdi. İndi oğlu da, gəlini də ölüb. Bu… bir təhər adı var… influensa xəstəliyindən. Üç uşaqları qalıb. Bəs nənə bu uşaqları neyləsin? Belə məsləhət gördük ki, vətəninə yollayaq. Özü Mitodandı. Cənab tələbə, sən ondan muğayət ol, etiraz eləmə! Son vaxtlar nənə lap əldən düşüb. Reyqantoya çatanda Ueno vağzalında elektrik qatarına mindir… Əlbəttə, əziyyəti çoxdu, ancaq səndən xahiş eləyirik! Özün görürsən, yazığın biridi.
Qarı heysiz halda dayanmışdı. Çağanı belinə şələləmişdi. Üç və beş yaşlarında iki qız uşağı onun ətəyindən yapışmışdılar. Çirkli furosikidə düyü qoğalları və duza qoyulmuş gavalı varıydı. Yanındakı qazmaçılar ona ürək-dirək verirdilər. Qarını ötürməyə həvəslə razılaşdım. Mənə minnətdarlıq elədilər.
- Bizim dadımıza çatdın, cənab tələbə! Bütün ümidimiz sənədi.
- Çox sağ olun! Biz özümüz onu Mitoya aparmalıydıq, ancaq neyləyək…
Kater adamı atıb-tuturdu. Kaoru bir kəlmə də danışmadan dodaqlarını sıxıb bir nöqtəyə baxırdı. Paroxoda yaxınlaşanda mən kəndir trapdan yapışıb xudahafizləşməyə başlayanda, o, ağzını açdı, ancaq yenə heç nə deməyib yalnız başını tərpətdi.
Kater geri döndü. Eykiti kepkasını başından götürüb yellətdi. Onlar lap uzaqlaşanda Kaoru da nəsə ağ bir şeyi yellətdi.
Mən borta söykənib gəmi dənizə çıxana və İdzu yarımadasının cənubu gözdən itənə qədər Osima adasına baxdım. Balaca rəqqasə… əlvida… Hər şey çox-çox uzaqlarda, bir daha geri dönməyəcək keçmişdə qaldı.
Nənənin necə yerləşdiyini görmək üçün aşağı düşdüm. Adamlar onu dövrəyə alıb nəsə soruşurdular, təsəlli verirdilər. Rahatlanıb qonşu kayuta keçdim. Saqami boğazında dalğalar çox hündürüydü, gəmini atıb-tuturdu, mənim hətta böyürlərim ağrıdı. Matros gəlib hər ehtimala görə hamımıza ləyən payladı. Oturmaqdan bezib portfeli başımın altına qoyaraq uzandım. Ürəyimdə böyük bir boşluq yaranmışdı. Zaman yoxa çıxmışdı. Göz yaşlarımı saxlaya bilmədim. Portfel islanıb yanağımı üşütdü. Portfeli çevirəsi oldum. Kavadzudakı fabrik sahibinin oğlu məni söhbətə tutdu. O, ali məktəbə qəbul imtahanı vermək üçün Tokioya gedirdi. Mənim tələbə furackam ona təsir eləmişdi. Ağladığımı görüb soruşdu:
- Nəsə olub? Bir bədbəxtlik üz verib?
- Yox, heç nə olmayıb. Sadəcə, bir adamdan ayrılmışam, - mən utanıb çəkinmədən etiraf elədim.
Adamlar necə ağladığımı görürdülər. Ancaq bu məni narahat eləmirdi. Əksinə, göz yaşları məni sakitləşdirirdi.
Gecənin necə düşdüyünü hiss eləmədim. Sadəcə, uzaq Adziro və Atami sahillərində işıqlar sayrışanda artıq gecə olduğunu başa düşdüm. Üşümüşdüm, həm də acmışdım. Oğlan bambuq lifindən hörülmüş boxçasını açıb mənə susi
[xiii] uzatdı. Yemək mənim olmasa da, rahatca susilərdən yeyirdim. Sonra oğlanın örtüyünün altına girdim. Adamların hər cürə xeyirxahlığı mənə tamamilə təbii görünürdü. Mənim ovqatım eləydi – düşgünləşmişdim, özümə acıyırdım. Səhər çatan kimi nənəni Ueno vağzalına yola salacaqdım. Bu da aydındı. Dünya mənim üçün bütövləşmişdi.
Tavanın altındakı fənər söndü. Dənizin qoxusu gəlirdi. Yük anbarından təzə balığın iyi vururdu. Qızınmaq üçün oğlana sığındım. Qaranlıqda yenə ağladım. Məni xoş bir duyğu bürüdü. Hər şey yoxa çıxdı, göz yaşları axıdaraq özündən sonra heç bir iz qoymayan dupduru şəffaf suya çevrildim.




TƏBİƏT


(novella)


Mədən sularındakı mehmanxanada bir gəzərgi aktyorun öz həyatından danışdığı əhvalatı sizə söyləmək istəyirəm. Bu əhvalat sizə bəlkə də bir az romantik görünəcək, ancaq aktyorun elə öz həyatı gerçəklikdən çox əfsanəyə oxşayıdı.
Bu ilin iyununda Yamaqataya gedəndə yolüstü mədən sularına baş çəkməyi qərara aldım. Çünki Yamaqata prefekturasının dəniz sahilindəki kurortda mərhum dostum bir vaxtlar dincəlməyi xoşlayırdı. Ona görə Tokioya bir gün gec qayıdacaqdım, ancaq, hər halda, yolumun üstü idi.
Dostum buradakı qürubun, qum təpələrinin gözəlliyindən danışardı. Maşınım şam meşəsindən dəniz sahilinə çıxanda, mən doğrudan da qum təpələrini gördüm. Yenicə keçdiyim meşə də, ətrafdakı düzənlik də qumluq idi. Səthin azca dalğavari olması bir vaxtlar burda da qum təpələrinin olduğunu düşünməyə əsas verirdi. Görünür, sahili də, meşəni, düzənliyi də qum basmışdı.
Mehmanxananın ikinci mərtəbəsinə qalxıb, dərhal da dəhlizə çıxaraq dənizə tamaşa elədim. Günəş hələ batmamışdı, ancaq qarşımdakı qum təpələrinin gözəlliyini hiss eləmədim. Mənzərə mənə kədərli göründü. Hər yanda eşşəkqulağı bitmişdi, ancaq hələ çiçək açmamışdılar. Bundan başqa, xamayu da bitmişdi, ancaq onlar da çiçək açmamışdılar.
Yəqin qum təpələri ilin müəyyən çağlarında, müəyyən vaxtda və müəyyən işıq altında gözəl görünürdü. Ola bilsin, bəzən qumun öz rəngi bu mənzərəni gözəlləşdirir, qumun rəngi isə, az da olsa, səmanın və dənizin rəngindən asılıdır.
Çox vaxt bu yerlərdə dincələn dostum, yəqin qum təpələrinin və axşam şəfəqlərinin həqiqətən çox gözəl göründüyü saatlarda təbiəti seyr eləyib. Bu haqda düşünüb, dalğın-dalğın dənizə baxanda üfüqün qeyri-adi dərəcədə tutqun olduğu diqqətimi çəkdi. Bu mənzərə Tokionun qərb, ya cənub sahilində görməyə adət etdiyim mənzərədən tamam fərqli idi. Belə tutqun üfüqə heç harda rast gəlməmişdim. Ağacların yarpaqlarına görə nəticə çıxarmaq olardı ki, yay burada Tokio en dairəsiylə müqayisədə bir ay gecikir. Ancaq, hər halda, iyun idi və kurortdakılar yay kimonosunda gəzişirdilər. Elə dəniz də qışdakı dəniz deyildi. Sadəcə, yəqin şimal dənizi belə olmalıydı.
Yalnız üfüq yox, dənizin rəngi də tutqun idi. Öz nömrəmdən dənizə baxa-baxa dostumun tez-tez bura gəldiyini yenə xatırlayıb kədərləndim. Bəlkə şimal şəfəqini ona xatırlatdığı üçün bu yerlərin gözəlliyindən danışırdı?
Ancaq mənə şam yeməyi gətirən xidmətçi qadınla danışanda məlum oldu ki, mərhum dostum heç də pəncərəsi dənizə baxan otaqları xoşlamırmış, dəniz görünməyən otağa üstünlük verirmiş, - bu nəsə qəribə idi. Əvvəlcə təəccübləndim, sonra bunun bəlkə də təbii olduğunu düşündüm.
- Onun qaldığı otağı sonra sizə göstərərəm, - xidmətçi qadın dedi. – İndi orada bir artist qalır…
- Onda yaxşı çıxmaz, - cavabında dedim.
- Heç nə olmaz. Bu artist ədəbiyyat həvəskarıdı. Kisiyama-sanın tez-tez düşdüyü otaqda qaldığı üçün çox məmnundu.
Gələnlərin qeyd olunduğu kitabçadan mərhum dostum Kisiyama kimi mənim də yazıçı olduğumu xidmətçi qadın bilirdi. Onun sözlərinə görə həmişə Kisiyamaya xidmət göstərmişdi. Kisiyama müharibədən əvvəl, yəni on il əvvəl də bura tez-tez gəlirdi, ancaq xidmətçi qadın kifayət qədər cavan görünürdü.
- Kisiyama-sanın qızları indi xeyli böyük olarlar? – o dedi.
- Hə, - cavab verdim. – Böyük qız ərə gedib, keçən il uşağı oldu. Kiçiyi isə tələbədi, Amerikada oxuyur. Böyük qızı mən ərə vermişəm.
- Ah, hətta belə!.. Deməli, Kisiyama xanım indi tamam tək qalıb?.. Yəqin darıxır.
Xidmətçi otaqdan çıxdı və bir az keçmiş balaca fitoşəkillə qayıtdı. Şəkil Kisiyama öz ailəsiylə burada olduğu vaxt çəkilmişdi. Qızların saçı hələ uşaq kimi vurulmuşdu. Şəkildə bu xidmətçi qadını da gördüm.
- Burda hamı necə gəncdi, Kisiyama da… - mən dedim. – Böyük qızı indi də çox gözəldi.
Albomda Kisiyamanın xəttiylə yazılmış sözləri oxudum: «Min mənbədən on min axın yaranar». Solda boş yer qalmışdı və mən yazdım: «İstəklər axını kədəri yuyar», sonra əlavə elədim: «bir dəfə Kisiyama belə demişdi». Bu onun sözü deyildi, çin şeirindən bir misra idi. Kisiyama bu misranı nə vaxtsa mənə xatirə olaraq yazmışdı. Bu sözlərin mənasını mən ilk dəfə indi hiss elədim. Qəribəydi, guya Kisiyama ilə bura birlikdə gəlmişdik, eyni vaxtda bu qeydləri eləmişdik. Kisiyama yeddi, ya səkkiz il əvvəl ölmüşdü və bu yanaşı duran sətirlərə baxanda qəribə hisslər keçirirdim. Kisiyama ölümə gedən hücum dəstəsinin Kyusyudakı hərbi hava bazasında müəmmalı şəraitdə həlak olmuşdu.
- Cənab Kisiyamanın otağına baxmaq istəyirsiniz? – xidmətçi qadın məni fikirdən ayırdı. – Mən artisti xəbərdar eləmişəm, sizi görməyə çox şad olacağını dedi.
- O bura qastrola gəlib?
- Hə… Qonşu şəhərdə tamaşa verəndə, burdakı pampanla dostlaşıb. Truppadan çıxıb, tək qalıb, deyəsən, həmin qadın ona pul sarıdan köməklik göstərir. O çox gözəl kişidi… Küçəylə gedəndə, hamı qeyri-ixtiyari dönüb ona baxır. – Xidmətçi qadın albomu örtüb – mənim yazım artıq qurumuşdu, - əlavə elədi:
- Elə qadınları indi pampan adlandırırlar, ancaq əvvəllər, sadəcə, fahişə deyərdilər.
Xidmətçi qadınla aşağı düşdüm. Artistin nömrəsinin qarşısında dayanıb bərkdən dedi:
- Uryu-san, cənab Urakata gəlib.
Addım səsləri eşidildi, södzi yana çəkildi və ilk anda mənə elə gəldi ki, qarşımdakı insan sifəti yox, gözəl ağ çiçəkdi. Biz oturanda fikirləşdim ki, Uryunun sifəti, daha doğrusu, süni gülü xatırladır.
Mehriban görüşdən sonra aktyor dedi:
- Nə vaxtsa Kisiyama-sanın qaldığı otaqda yaşamaq mənə çox xoşdu. Mən onun kitablarını çox sevirəm, onları hələ kollecdə oxumuşam.
«Kollecdə oxuyan gəzərgi aktyor. Qəribədi!» - fikirləşdim, ancaq başqa şey dedim:
- Ancaq bağışlayacaqsınız, dəniz sahilindəki mehmanxanada yaşayırsınız, intəhası, dənizin görünmədiyi otaqda qalırsınız!..
- Çox doğru buyurursunuz, - həmsöhbətim tələsik razılaşdı. – Ancaq mənim ağır xəstəliyim var, ona görə səmaya, dənizə çox baxa bilmirəm. Gözümün qabağında qara dairələr oynaşıb hər yanı örtür… - Uryu kirpiklərini qırpıb kor adamı təqlid elədi. Ancaq özü də unamadan gözlərini süzdürdü. Mən bu gözlərin cizibədarlığını hiss elədim. Hətta mənə elə gəldi ki, belə gözəl gözləri olan qızı nə vaxtsa hardasa görmüşəm və onun məftunedici baxışları könlümdə əlçatmaz arzunun qüssəsini oyadıb. Onun gözləri elə bil qadın gözləriydi. Sanki kədər çökmüş bu gözlər eyni zamanda çox təmiz və işıqlı idi. Elə bil bu gözlərin arxasından sənə başqa bir cüt göz də baxırdı. Gözəl, həm də qəribə gözlərdə xoşagəlməz nəsə duyulurdu.
- … Gözümün qarşısında qara dairələr oynaşmağa başlayır… - Uryu təkrar elədi. – Hərdən mənə elə gəlir ki, - o, sözünə davam elədi, - bu mənim həyatımdı, günahlarım, biabırçılıqlarım qara ləkələr kimi üzə çıxıb hər yanı tutur…
Mən stolun üstündəki narıncı sağanaqlı gün eynəyinə baxdım:
- Bilirsiniz, ola bilsin, həmin xəstəliyin bir az yüngül forması məndə də var. Hərdən bu dairələr mənim də gözümün qabağında oynaşır. Deyəsən, Kisiyamada da varıydı.
- Mənim yadımdadı ki, - Uryu etiraz elədi, - cənab Kisiyama öz dzuyxitsuyunda
[xiv] gözünün qarşısında qara sap qırıqlarının əmələ gəldiyini yazırdı. Ancaq bu sap qırıqları hərəkətsiziydilər, eynəyin şüşəsindəki toz zərrəcikləri kimi, sadəcə, görməyinə mane olurdular, baxışlarının istiqamətini dəyişəndəcə tərpənirdilər.
- Doğrudu, - mən onun dediklərini təsdiqlədim.
Maraqlıdı, bu adamın neçə yaşı var? Yanaqlarının, boynunun hamarlığına baxanda onun hələ çox cavan olduğunu düşünərdin. Yəqin heç otuz yaşı da yoxdu. Belə fikirləşib həyətə baxdım.
- Doğrudanmı Kisiyama dənizə yox, bu həyətə baxmağa üstünlük verirmiş? – özlüyümdə düşünürmüş kimi bərkdən dedim. – Axı burada baxmalı bir şey yoxdu.
Qaranlıq ensiz həyət idi. Qarşıda bir dənə də ikimərtəbəli korpus varıydı. Həyətdə budanmış bir neçə xırda ağac bitmişdi. Dekorativ daşlar balaca idi. Görünür, Yamaqata prefekturasında rododendronlar və cırtdan ağaclar çoxuydu. Yolda çoxlu güllər görmüşdüm, ancaq burada gözə dəymirdilər.
- Məncə, Kisiyama-san həyətə baxmırmış, - Uryu dedi. – Bu pəncərə ona yalnız işıq üçün lazımıymış. Buradan heç nə görünmədiyinə görə elə bu otağı xoşlayırmış.
Söhbət məni maraqlandırdı və yenə diqqətlə bu gəzərgi aktyoru süzdüm. Nazik yay kimonosunun üstündən hündür yaxalıqlı köynək geyinmişdi. Bu köynəklər indi dəbdə idi, ancaq mən onların kimono ilə tutmadığını fikirləşirdim. Uryu əlini köynəyin yaxasına toxundurub, başını pəncərəyə tərəf çevirdi. Onun boynunun gözəlliyi məni heyrətləndirdi. Qadın boynunu xatırlatsa da, o qədər də zərif və dolu deyildi.
- Siz deyirsiniz ki, ola bilsin, Kisiyama buradan heç nə görünmədiyi üçün bu otağı xoşlayıb? Maraqlı fikirdi! Ancaq axı siz aktyorsunuz, yəqin təkcə göstərməyi yox, baxmağı da sevirsiniz.
- Sizə necə deyim… Mən yaşıllığı, ağacları sevirəm…
- Ağacları? İri ağacları mən də xoşlayıram.
- Mən balacalarını da, irilərini də xoşlayıram.
- Heç nəyə baxmamaq doqquz il üzü divara tərəf oturan Bodidarmaya oxşamaq kimi bir şeydi.
- Qocalar məhz elə yaşayırlar. Mən öz əcəlini gözləyən pirani qocaları nəzərdə tuturam.
- Ola bilsin, doğru deyirsiniz, - mən onunla razılaşdım.
- Mənim kənddəki qohumlarımın arasında doqsan yeddi yaşlı qoca kişi var. Bu kənddə ən uzunömürlü adamdı. Onun «kiçik baba» adlandırdığımız oğlunun yaşı yetmişi keçib. Mayda onlarla görüşməyə getmişdim, doxsan yeddi yaşı olan bütün günü yataqdadı, nə vaxt mürgülədiyini, nə vaxt oyaq olduğunu bilmək olmur. Artıq on beş ildi həyətdə ayrıca evdə qalır, ona yaşlı xidmətçi qadın təhkim olunub. Ancaq müharibədən sonra mülkədar torpaqları müsadirə edildiyindən, hər hansı icarədardan artıq işləmək lazım gəlir, başqa cür dolanmaq mümkün deyil. Ona görə yaşlı xidmətçi qadın indi qocaya baxmaqdan çox, çöl işləriylə məşğuldu. Hətta çox vaxt onun otağının pəncərə taxtalarını açmağı da unudur. İşıq düşsün deyə, ən yaxşı halda, azca aralayır. Pis havada heç açmır. Qışda bəlkə də belə yaxşıdı – isti olur. Ancaq məsələ başqadı – qoca pəncərə taxtalarının açıq olub-olmadığını hiss eləmir. Görünür, artıq gecəylə gündüzü ayırd eləyə bilmir. Məgər bu onun görmədiyini təsdiq eləmir?
- Ola bilsin. Ancaq bəlkə gözləri zəifləyib?
- Bilmirəm, intəhası, kataraktası yoxdu, qara gözləri işıqlıdı, hələ də qəşəngdi, belə ki, mənə elə gəlir görməlidi. Yəqin gözləri görür, ancaq başı, ola bilsin, artıq görmür. – Uryu qoca kişilər kimi dumanlı baxışlarla mənə baxdı: görünür, yaxşı aktyor idi.
- Gözəl gözləriniz var, - mən dedim, - yəqin nəsillikcədi.
- Qocanın doğrudan da qəşəng gözləri var, görünür, bizim nəslin damarlarında aynuların qanı axır. Deyilənə görə, qocanın cavanlıqda ağappaq dərisi olub, yaşlaşanda isə təmiz havada olmadığından get-gedə solub. Dərisi o qədər şəffaflaşıb ki, qoluna baxanda dərinin altında qanın necə axdığı görünür.
Sonra Uryu danışdı ki, qocanın saqqalı, saçı ağappaqdı. Yetmiş yaşlı oğlunun saçına hələ indi-indi dən düşür, onun öz atasının isə başında bir dənə qara tük tapmazsan.
- Ağ dərinin və gümüşü saçların, - Uryu sözünə davam elədi, - fonunda qara gözləri daha parlaq görünür, bu da qəribə təəssürat yaradır. Düşünəndə ki, bu qəşəng qara gözlər hər şeyə baxır, ancaq heç nə görmür, məni ağlamaq tutdu.
- Sizi anlayıram, - mən başımı tərpətdim. – Belə uzun ömür yaşamağın özü böyük şeydi, necə deyərlər, təbii xoşbəxtlikdi. Bu yaşa qədər yaşayıb, öz əcəliylə ölən adamların, görünür, Bodidarmanın meditasiyasına ehtiyacı yoxdu.
- Bəli, - Uryu mənimlə razılaşdı. – Müharibə vaxtı, təxminən on il əvvəl qoca da gərgin anlar yaşamalı olmuşdu. Mən… sizə necə deyim… həmin vaxt guya Yaponiyada yoxuydum. Mən özümü dirilərin siyahısından silmişdim, yoxa çıxıb elə vəziyyətə düşmüşdüm ki, nə vaxtsa öz əcəlimlə öləcəyimi, ya məni güllələyəcəklərini bilmirdim. Bir dəfə kənddən ötrü bərk darıxdım. Paltarımı dəyişib oraya yollandım. Gecənin qaranlığında xəlvətcə qocanın həyətdəki evinə yaxınlaşdım. Çalışırdım addım səslərim eşidilməsin. Evin södzisi örtülü idi. Birdən evin içindən səs eşidildi: «Kimdi? Kabusdu, ya oğru? Yoxsa sənsən, Momosuke?» Momosuke mənim adımdı. Mən nəfəsimi içimə çəkdim. Yəqin xidmətçini oyatmaq üçün qoca dedi: «Nənə! Qapını aç! Deyəsən, Momosukenin ruhu gəlib». Qorxudun büzüşüb qaçdım. Qoca məni necə görə bilərdi? «Deyəsən, Momosukenin ruhu gəlib…» Bu sözləri eşidəndə məni qorxu bürüdü, bunu heç vaxt unutmaram.
- Dediniz ki, özünüzü drilərin siyahısından silib yoxa çıxdınız?..
- Mən qadına çevrildim, - Uryu mızıldadı. – Kişi Momosuke yoxa çıxıb…
- Qadına çevrildi? – qeyri-ixtiyari təkrar elədim və heyrətlə hiss elədim ki, doğrudan da onun qadına oxşar cəhətləri çoxdu. Ancaq daha bu mövzuya toxunmamağı qərara alıb soruşdum:
- Bəs siz qocayla necə qohumsunuz?
- Bizim soy-adlarımız eynidi, ancaq çoxdan uzaqlaşmışıq və qan qohumluğundan, demək olar, heç nə qalmayıb.
Sonrakı söhbətdən bildim ki, Uryunun babası və atası öz doğma yurdlarını tərk eləyiblər. Babası Tokioya gedərək dövlət işinə girib. Mülkü satıb, evi sökərək Tokiodakı yeni yerdə qurublar. Uryunun sözlərinə görə, bombardmanlar zamanı ev azacıq da olsa zədələnməyib. Uryunun atası hərbçi olub, ancaq Momosuke, görünür, babasına oxşayıb, valideynlərinin iradəsinə xilaf çıxaraq evdən qaçıb. Onun ucbatından artileriya podpolkovniki olan atası istefa verərək, hərbi sənaye firmasında işə düzəlib.
- Oğlunun naxələfliyindən atam o qədər kədərlənib ki, - Uryu dedi, - xarakiri eləmək istəyib. Ancaq Yaponiya müharibəni uduzandan sonra ordudan çıxmaq onun xeyrinə olub. Heç olmasa, işi-gücü var… Bu ilin martında, - Uryu sözünə davam elədi, - qohumlarına baş çəkməkdən ötrü atam kəndə gedib. Qocaya təzim etmək üçün otağına girəndə onun yatdığını görüb. «Son vaxtlar nadir hallarda oyanır», - yaşlı xidmətçi qadın deyib. Ancaq elə bu vaxt qoca oyanıb. Atam öz adını bir neçə dəfə bərkdən təkrar eləyib. Qoca soruşub: «Kim? Toranosuke? Hansı? Körpülü?.. Olanların hamısını tamam unutmuşam». Bunları deyərək yenə yuxuya gedib. Atam və «kiçik baba» acı-acı gülümsəyib evə qayıdıblar. Onda atamla görüşmürdüm, bir ay sonra mən də kəndə gedəndə «kiçik baba» danışdı…
Bir az əvvəl dediyi kimi, Momosukenin atasının familiyası da Uryu olub. Ancaq kənddə bu familiyalı adam çoxuydu və ata-babalarının evi körpünün yaxınlığında olduğundan onları Körpülü Uryu, ya qısaca Xasimoto – Körpülü adlandırıblar, indi də belə familiya var. Uryunun əcdadlarının əslən olduqları kənd kiçik körfəzin sahilində yerləşir. Orada təpələr heyrətamiz dərəcədə yamyaşıl, dəniz gömgöydü. Kənd uzaqdan parlaq rənglərlə çəkilmiş mənzərəyə bənzəyir. Kəndin yarısı əkinçiliklə, yarısı balıqçılıqla məşğul olur. Tarlalar təpəliklərdə yerləşir. Doxsan yeddi yaşlı Uryunun ailəsi balıqçılıqla məşğul olmurdu.
- Qardaş, olanların hamısını mən tamam unutmuşam, - Uryu qocanın sözlərini təkrarlayıb əlavə etdi: - Bunu öz haqqımızda deyə bilsəydik, güman ki, bizim üçün qurtuluş olardı.
- Doğrudu, - mən onun sözlərini təsdiqlədim, - ancaq bu sözləri deyə bilmək üçün biz qırx il, ya hələ ondan da çox gözləməliyik. Bu da çox uzun müddətdi. Ancaq mərhum Kisiyamadan fərqli olaraq biz hələ sağıq, belə ki, bizim üçün ayrılacaq vaxt naməlumdu. Bunun neçə il olacağını bilmirik.
Uryu nədənsə qaşlarını çatıb, yenə danışmağa başladı:
- Qoca tez-tez deyirdi: «Mən martda öləcəyəm, mütləq martda öləcəyəm». Evdəkilər təbəssümlə ona etiraz eləyirdilər: «Baba, martda hələ qar yağır, çox soyuq olur. Heç olmasa, bir az ləngidin, sakuranın çiçəkləməyini gözləyin». Qoca isə qaşqabağını töküb cavab verirdi: «Yox, martda öləcəyəm». Bu ilin martında ona bərk soyuq dəydi, daha da zəiflədi, özünü bilmirdi, hamı fikirləşdi ki, sonu çatıb. Həm yaşı elə yaş deyildi, həm də həmişə martda öləcəyini deyirdi. Qısası, qocanı dəfn eləməyə hazırlaşırdılar. Qulluğunda elə də durmurdular. Ancaq qoca yaxşılaşmağa başladı. Hətta həkim də heyrətləndi, deyirdi ki, bu, sadəcə, möcüzədi. Qoca yaxşılaşandan bir az sonra atamla ona dəyməyə getdik… Daha mütləq martda öləcəyini demirdi. Ümumiyyətlə, daha ölməkdən danışmırdı. Bəlkə bu elə təbii ölümdü, ancaq qoca indi daha çox yatmağa başlamışdı. Yeməyi yaxşı idi. Doğrudu, adama elə gəlirdi ki, yemir, vur-tut çənəsini tərpədir və ona nə verdiklərini bilmir. Düşünmək olardı ki, yeməyin keyfiyyəti onu maraqlandırmır, təki çox versinlər. İntəhası, ucuz peçenye verəndə, dərhal gözlərini açıb deyirdi: «Dadlı bir şey yoxdu?» Deməli ağzının dadını itirməmişdi, elə deyil? Kənddə isə söz çıxartdılar ki, qoca ağlını itirib, «ikinci uşaqlığını yaşayır».
- İkinci uşaqlığını yaşayır – yaxşı deyilib, - mən gülümsədim.
- Qoca mənim barəmdə «deyəsən, Momosukenin ruhu gəlib» deyəndən sonra, hər dəfə ürəyimdə ağırlıq hiss eləyəndə onu xatırlayıram. Əziz qoca… Ancaq Kisiyama-san, belə yaxşı, belə istedadlı adam necə tez öldü! İstəyərdim ki, hələ yaşasın, yenə bu nömrədə qalsın, doxsan yeddi yaşına qədər yaşasın! Nə eybi, qoy lar həmin yaşda o da uşaqlaşaydı!
- Hm-m… - mən başımı tərpətdim, - on milyondan biri doxsan yeddi yaşına qədər yaşayır. Mən də elə uzun ömür yaşasam, yəqin qeyri-ixtiyari deyəcəyəm ki, nə vaxtsa yazdıqlarımın hamısını «tamam unutmuşam».
Mən söhbətin mövzusunu dəyişib soruşdum:
- Qadına çevrildiyinizi dediniz… Deməli, teatrda qadın rolları oynamısınız?
O, gözəl gözlərini aşağı dikib cavab verdi:
- Yox, sadəcə, qadın rolları oynamadım, aktrisa olub qadın həyat tərzi sürməyə başladım.
- Necə ki? – mən axmaq sual verdim. – Niyə? – Özlüyümdə isə Uryunun doğrudan da qadına çox oxşadığını fikirləşdim. Və qeyri-ixtiyari onun budlarına baxdım.
- Hərbi çağırışdan yayındım. Əsgər həyatından zəhləm gedirdi. Müharibədən qorxurdum.
Uryu həvəssiz cavab verirdi. Görünür, yaralı yerinə toxunmuşdum.
- Mən kollecdə oxuyurdum və ehtiyatda olmalıydım, ancaq istəmədim, qadına çevrilməyi qərara aldım.
- Axı necə? Bunu bacardınız?
- Deyəsən, bacardım. Axı əsgər olmadım…
- Elə?
- Bir vaxtlar mənim kimilərini curnal məqalələrində Amerika cəsusu adlandırırdılar. Ancaq indi hətta əsirlikdə olanlar da başlarını dik tutub yeriyirlər. Düşünürəm ki, çağırışdan yayınanlar da məzəmmət olunmamalıdılar. Üstəlik də, fərari olanda başıma çox bəlalar gəlib, bununla da günahımı yumuşam.
- Ancaq o vaxt yəqin elə də pis yaşamamısınız?
- Truppalarda oynayırdım, əyalətlərdə, kəndlərdə qastrollarda olurdum. Müharibə çoxlarının həyatını korladı, istədikləri kimi ola bilmədilər. Mən yəqin o vaxt qadına çevrilən yeganə kişi deyildim. Belələri çox idi.
- Siz «aktrisa» olanda axı truppada çalışırdınız. Nə yaxşı heç kim sizin sirrinizdən agah olmayıb?
- Görünür, bilməyiblər… Təkcə truppanın rəhbəri mənim haqqımda hər şeyi bilirdi. Başqaları məni ifşa etməsin deyə, rəhbərin rəğbətini qazanıb, onunla bir damın altında yaşadım. Səhnəyə çıxmaq üçün paltarımı dəyişəndə xüsusiylə çətin olurdu, çünki istər-istəməz sinəni açmalı olurdun… Ona görə həmişə tənziflə sarıyırdım… Ola bilsin, kimsə şübhələnmişdi, məndə nəsə qəribəlik hiss eləmişdi, ancaq, görünür, qadına çevrildiyimi ağlına gətirməmişdi. – Uryu qadın kimi nazla gülümsədi. – Çünki bunu hamı bacarmazdı.
- Əlbəttə, - onun sözünə qüvvət verdim, - sizin görkəminiz hamıda yoxdu.
- Məsələ hətta görkəmdə də deyil, mənim canımda həmişə bir qadın başlanğıcı olub… Əgər müharibə olmasaydı, yəqin onu içimdə boğardım. Müharibə sayəsində özünü daha çox biruzə verməyə başladı. Bir dəfə hətta dedilər ki, hardasa mənə çox oxşayan bir qız görüblər. Nəsə, o vaxt başıma çox işlər gəlib…
Uryu ayağa qalxıb işığı yandırdı. Həyətə artıq qaranlıq çökmüşdlü.
- Yəqin günəş batıb, - mən dedim. – Kisiyama deyirdi ki, buranın son dərəcə gözəl qürubu olur. Siz tamaşa eləmisiniz?
- Yox, - elə bil bu mövzuya xitam vurmaq üçün Uryu qısaca cavab verdi, ancaq sonra gözlənilmədən əlavə etdi: - Siz günəşin batmağına tamaşa eləmək istəyirdiniz? Baxışlayın ki, sizi yubatdım… Bunu sabaha saxlamalı olacaqsınız.
- Yox, səhər tezdən mən artıq gedirəm.
- Necə, sabah?.. – Uryu qara gözlərini qıyıb təəccübləndi. – Mənsə tarixçəmi axıra qədər dinləyəcəyinizə ümid eləyirdim…
- Məmnuniyyətlə sizə qulaq asardım, ancaq mərhum dostum tez-tez burda qaldığına görə yalnız qısa müddətə gəlmişəm.
- Başa düşürəm, - Uryu başını tərpətdi. – Bilirsiniz, doqquza işləmiş burda bir pampanla görüşəcəyəm. Saat ona kimi yanımda qalacaq. Ondan sonra sizinlə sahildə gəzişib söhbət eləyə bilərik. Ancaq siz yəqin səhər tezdən gedəcəksiniz? – Uryu yenə nazla soruşdu…
Fahişənin gələcəyini deyəndə, heç olmasa, bir az utanacağını düşünürdüm, ancaq utancaqlıqdan əsər-əlamət yoxuydu. Görünür, yanına ona maddi köməklik eləyən qadın gəlməliydi…
- Qadına çevrilməyi əvvəlcədən düşünmüşdüm, - Uryu söhbətinə davam elədi, - ona görə hələ kollecdə saçımı uzatmağa başlamışdım. O vaxtlar kollecdə nizam-intizam ciddi idi, məndən saçımı vurdurmağı tələb eləyirdilər. Qaçmaq lazımıydı, yoxsa məni məcbur eləyəcəkdilər, mən də qaçıb gizləndim. Bir müddət avaralanıb Asakusa parkında daldalandım. Ancaq ora tez-tez basqın eləyirdilər, məni istənilən vaxt tuta bilərdilər, ona görə öz yurduma getməyi qərara aldım. O yerləri yurdum adlandırsam da, əslində ata-babamın yurdudu, mən Tokioda anadan olmuşam, ona görə məni orada heç kim üzdən tanımırdı. «Deyəsən, Momosukenin ruhu gəlib…» Həmin aylı gecədə babamın otağının bağlı pəncərə taxtaları arxasından bu sözləri eşidəndə, mənə elə gəldi ki, doğrudan da, artıq sağ deyiləm…
- Aktrisa olmağa bu sizi vadar elədi?
- Bəli. Mən hələ orta məktəbdə teatrı xoşlayırdım, məktəb tamaşalarında həmişə qadın rollarını oynayırdım. Kollecdə də dram dərnəyində iştirak eləyirdim. Ona görə aktrisaya çevrilməyi qərara aldım… Baş qadın rollarını oynamaq üçün bir xeyli məşq elədim. Əyalətlərə qastrola gedən kiçik truppalarda müharibə vaxtı adam çatışmadığından məni dərhal qəbul elədilər. Gəzərgi aktyorların kişili-arvadlı hamısında ev kitabçasından çıxarış
[xv] varıydı, müəyyən vaxtda çağırış vərəqəsi alırdılar. Təkcə məndə belə çıxarış yoxuydu. Momosuke Uryu issiz-soraqsız yoxa çıxmışdı! Bilirsiniz, gəzərgi aktyorlar küləyin oynatdığı xəzan yarpağıdı, onların keçmişi heç kimi maraqlandırmır, onların özləri haqqında danışdıqlarının çoxu isə, adətən, uydurma olur.
- Özünüzü qadın yerinə qoyub, üstəlik də qadın rolları oynamısınız, bu ikiqat aktyorluqdu, elə deyilmi?
- İkiqat aktyorluq?.. Ola bilsin. Ancaq mən o vaxt bunu hiss eləmirdim. Dünyanı lənətləyərək mən onu ələ salırdım, hesab eləyirdim ki, o buna layiqdi. Mənə çox oxşayan bir qızı gördüyünü deyən gənc tələbə idi və ölümə gedən təyyarəçilər dəstəsinə yazılmışdı. Bizim truppa o vaxt qospitallarda tamaşa verirdi. Hərbi hava qüvvələrinin xüsusi təyinatlı hücum dəstələrinin Kyusyuda yerləşən bazasında da olduq.
Orada taxıl zəmisinin böyrü ilə çay axırdı, qarşı tərəf hündür meşəlik idi. Mən çayın kənarı ilə gedəndə həmin keçmiş tələbəylə qarşılaşdım. Aralanmağa macal tapmamışdıq ki, dönüb gözlərini mənə zillədi. Mən də qeyri-ixtiyari dayandım. O mənə yaxınlaşdı. Soruşdum ki, dünən tamaşada olubmu. Cavab verdi ki, olub, tamaşa onun xoşuna gəlib və birdən dedi: «Sən mənim sevdiyim qıza oxşayırsan». Cavab verdim ki, mənə çox xoşdu. Sonra aramızda belə bir söhbət oldu:
«İstəyirsiniz onun şəklini göstərim?»
«Buna görə sizi danlamaz?»
«Heç nə deməz, - sonra birdən soruşdu: - Bu çayın üstündən tullana bilərsən?»
«Yox, - cavab verdim, - mən axı qadınam!»
«Yaxşı, - o dedi, - onda səni keçirərəm».
«Nə danışırsınız, nə danışırsınız!» - mən etiraz elədim, ancaq oğlan məni qucağına alıb çayı keçirərək meşənin içərilərinə apardı.
Tələbə şəkli çıxartdı. Balaca şəkildəki qız mənə çox da oxşamırdı, ancaq bunu ona demədim. May idi, artıq hava qaralırdı. Gözlənilmədən oğlan mənim çiyinlərimdən tutub, dizinin üstündə oturtmaq istədi. Bunu eləsəydi, yəqin qadın olmadığımı dərhal başa düşəcəkdi. Mən onu itələdim.
- Bəs o nə elədi?
- Məni əlindən buraxdı və birdən soruşdu: «Sən hələ qızsan?» Nə cavab verəcəyimi bilmədiyimdən çaşıb qaldım. «Hə» desəm uğunub gedərdi. Çünki bakirə qıza yalnız gəzərgi aktyorların truppasında rast gəlməzdin. Qısası, qaşqabaqlı halda susub, yavaşca başımı yellədim. Cavabım qeyri-müəyyən idi, bunu oğlanın necə başa düşdüyünü bilmək maraqlıydı. «Belə deyin!» - o, mehribancasına çiynimi sığalladı. Sonra soruşdu, qoxmuram ki, axı burada aerodromu tez-tez bombalayırlar. Dedim, çox qorxuram, gözlərim yaşardı və göz yaşları içində onun dizləri üstünə yıxıldım. Mənim cavabımdan yəqin bakirə olduğumu düşünmüşdü və mənə yazığı gəldi. Necə də sadəlövh tələbə idi! O dedi ki, iki-üç gündən sonra daha geri dönməyəcəyi bir əməliyyata gedəcək. Fikirləşdim ki, qadına çevrilməsəydim yəqin mənim taleyim də elə olacaqdı. O məni yenə çaydan keçirib, vidalaşanda hədiyyə verdi… Sizcə nə vermiş olar?
- Hm… doğrusu, bilmək çətindi.
- Sianlı kalium.
- Sianlı kalium?
- Bəli. Onun zavoda işləyən sevgilisi çətin vəziyyətə düşəndə istifadə etmək üçün zəhər alıbmış. Müharibənin sonunda fəhlə qadınlar arasında bu, deyəsən, dəb halını almışdı. Tələbənin sevgilisi zəhərdən bir hissə də ona verib. Ancaq ölümə gedən təyyarəçi üçün ölüm elə zəhərsiz də labuddu, belə ki, ona ehtiyacı yoxdu.
- Əlbəttə, - mən dedim.
- Uşaqlaşan qocaya dəyməyə gedəndə mən bir daha həmin tələbəni xatırladım. Bildiyiniz kimi, o vaxta qədər yenə kişi görkəmimə qayıtmışdım. Onun otağına getdim. Qapı aralı, otaq alaqaranlıq idi. Artıq may olsa da, yatağın böyründə hələ də otaq kürəsi yanırdı. Məni müşayiət eləyən «kiçik baba» milçəkləri qovdu. Qurşağına qədər ədyalla örtülmüş doxsan yeddi yaşlı qoca sağ əlini yana açıb bərk yatmışdı. Onun ağappaq saçları, elə o cür də ağ saqqalı xeyli uzanmışdı; əgər üzündə əzab dolu ifadə olsaydı onu tərkidünya bir adama, ya mənəvi kamilliyin ən yüksək zirvəsinə çatmış zahidə oxşatmaq olardı. Ancaq təbiətə üstün gələn qoca günahsız körpə kimi məsum və rahat idi. Diqqətlə baxanda qocanın sağ əlinin dırnaqlarının qopduğunu gördüm. Qoca, deyəsən, tamam əldən düşmüşdü.
«Kiçik baba» onun qulağına qışqırdı:
- Ata! Körpülü Momosuke gəlib!
O nəsə mızıldayıb gözlərini açaraq mənə baxdı. Hələ də parıltısını itirməmiş qara gözlərini görəndə heyrətləndim.
Qoca sağ əlinə dayaqlanıb oturdu. Kimononun üstündən geyindirilən ağ krep qurşağı sinəsində qatlandı. «Tez adını de», - «kiçik baba» məni tələsdirdi. Ancaq mən qocaya diqqətlə baxana kimi o qalxdığı kimi yenə yüngülcə yatağına uzandı və sağ əlini yavaş-yavaş yanına salıb yenə yuxuya getdi. Görüşümüz bununla da bitdi. Qorxuram ki, bu bizim son görüşümüz olsun.
- Mümkündü, - mən onunla razılaşdım.
- Mən ağladım. Doğrudu, qoca öz əcəliylə öləcək. Daha o tələbə kimi yox… - Uryu qız kimi dolu dizlərini yana çəkib qaşqabağını tökərək öz qara gözlərini mənə zillədi. – Mən də təbiiliyə, təbiətə qayıtmaq istəyirəm, truppadan çıxıb indi tək yaşayıram… Bu artıq başqa truppa idi, müharibə vaxtı aktrisa olduğum deyildi. Həmin truppa məğlubiyyətdən sonra dağıldı. Ancaq bilirsiniz, mən öz kişi görkəmimə qayıdandan sonra da qadın rolları oynamağa davam elədim…
Uryunun qonağının gələcəyinə lap az qaldığından mən narahat oldum.
Uryu başını aşağı salıb oturmuşdu. O yenə çiçəyə oxşayırdı, ancaq solmuş çiçəyə.


Tərcümə: Saday BUDAQLI

[i] Xakama – enli yapon şalvarı
[ii] Geta – taxta başmaq
[iii] Ри – uzunluq ölçüsü, 3,927 km. Bərabərdir
[iv] Sюдзи – yapon evlərinə siyirməli çöl divarı
[v] Tö – uzunluq ölçüsü, 109 metrə bərabərdir
[vi] Sen – xırda pul vahidi
[vii] Tatami – yapon evlərində döşəməyə salınan 6-8 sm. qalınlığında möhkəm həsir
[viii] Fusuma – yapon evlərində siyirməli divar
[ix] Kasuri – pamblq parça
[x] Syamisen – simli musiqi aləti
[xi] Xasi –yemək çubuqları
[xii] Yaponiyada səssiz kinolar izahedici mətnlə müşayiət edilir.
[xiii] Susi – suda bişirilən düyü qoğalı
[xiv] Dzuyxitsu – qeyd, esse
[xv] Belə çıxarışlat Yaponiyada pasport əvəz eləyir.

Contributors