Xəzər jurnalı

Azərbaycan Tərcümə Mərkəzinin nəşri

Jurnal 1989-cu ildən çıxır


Redaksiya kollegiyası

V.Bayatlı

Elçin

E.Şıxlı

Ə.Əylisli

K.Abdulla

N.Qasımoğlu

R.Rövşən

S.Rüstəmxanlı

C.Yusifli

Redaksiya

Baş redaktor:

A.Məsud

Baş redaktor müavini

S.Budaqlı

T.Abdin

Yaşar

Q.Toğrul

Bədii texniki tərtibat redaktoru: N.Veysəloğlu

Azərbaycan Bədii Tərcümə Ədəbi Əlaqlər Mərkəzi

Tuesday, November 23, 2010

SƏHNƏ ƏDƏBİYYATI


MİXAİL BULQAKOV


Yazıçı cəsarəti

vrünün keşməkeşlərindən baş çıxarmaq, içində olduğu, yaşadığı hadisələri saf-çürük eləyib nəyin düz, nəyin səhv olduğunu anlamaq və bunu qələmə almaq hər yazıçının işi deyil. Bəzən yazıçılar özlərinə bəraət vermək üçün hadisələrin üstündən vaxt keçməli olduğunu deyirlər. Bəlkə də elədi. Ancaq «yazıçı cəsarəti» anlamı da var ki, onu da unutmaq olmaz. Heç də hər yazıçı hiss elədiklərini, öz dövrü, öz dövrünün insanları haqqında düşüncələrini, necə deyərlər, isti-isti qələmə alıb özünü zərbə altında qoymaq istəməz.
Görkəmli rus yazıçısı Mixail Afanasyeviç Bulqakov (1891 – 1940) da yəqin bu təhlükəni hiss etməmiş deyildi. Ancaq M. Bulqakov öz taleyindən qaçmadı, çap olunub-olunmayacağını, hansı əzab-əziyyətlərlə üzləşəcəyini düşünmədən bir insan kimi taleyini odun-alovun içinə atıb, öz yazıçı taleyini yaratdı, bir vaxt ona baş ağrısı, indisə ona şöhrət gətirən əsərlərini yazdı.
«Master və Marqarita», «Ağ qvardiya» romanlarının, «İt ürəyi» povestinin müəllifi «Qaçış» pyesində də öz vətəninin təəssübünü çəkən bir rus ziyalısı, rus yazıçısı kimi insan talelərini alt-üst edən bolşevik çevrilişinin faciələrini, vətəndaş müharibəsinin doğurduğu ağrı-acıları qələmə almışdır.














QAÇIŞ



Səkkiz yuxu


Dörd pərdəli pyes



Nurlu, sakit bir sahil tək əbədiyyat
Çəkir bizi ağuşuna, can atırıq ona sarı.
Başa vardımı yolun – toxta, uyu, rahat yat!

Cukovski


İ Ş T İ R A K E D İ R L Ə R

Serafima Vladimirovna Korzuxina – peterburqlu gənc xanım.
Sergey Pavloviç Qolubkov – peterburqlu idealist professorun oğlu.
Afrikan – Simferopol və Karasubazar arxiyepiskopu, məşhur ordunun arxipastırı, həmçinin kimyaçı M a x r o v.
Paisi – rahib.
Q o c a i g u m e n.
Bayev – Budyonunun süvari alayının komandiri.
B u d y o n o v ç u.
Qriqori Lukyanoviç Çarnota – əslən zaporoceli, süvari, ağların ordusunda general-mayor.
Barabançikova – yalnız general Çarnotanın xəyalında yaşayan xanım.
Lyuska – general Çarnotanın ordudakı arvadı.
Krapilin – Çarnotanın çaparı, dilinin ucbatından həlak olan şəxs.
De Brizar - ağların qusar alayının komandiri.
R o m a n V a l e r y a n o v i ç X l u d o v.
Qolovan – yasovul, Xludovun yavəri.
S t a n s i y a k o m e n d a n t ı.
S t a n s i y a r ə i s i.
Nikolayevna – stansiya rəisinin arvadı.
Olqa – stansiya rəisinin qızı, 4 yaşında.
Paramon İliç Korzuxin – Serafimanın əri.
Tixiy – əkskəşfiyyatın rəisi.
Qurin, Skunski – əkskəşfiyyatda qulluq eləyənlər.
A ğ l a r ı n o r d u s u n u n b a ş k o m a n d a n ı.
Kassadakı qadın.
Artur Arturoviç – tarakanlar padşahı.
D ə y i r m i ş l y a p a q o y m u ş i n t e n d a n t p a q o n l u ş ə x s.
T ü r k a n a s ı.
G ö z ə l f a h i ş ə.
A r v a d b a z y u n a n.
A n t u a n Qrişenko – Korzuxinin nökəri.
Rahiblər, ağların qərargahındakı zabitlər, baş komandanın mühafizəsindəki kazaklar, əkskəşfiyyatçılar, yapıncılı kazaklar, ingilis, fransız və italyalı dənizçilər, türk və italiya polisi, türk və yunan oğlanlar, pəncərədən görünən erməni və yunanlar, Konstantinopol camaatı.

Birinci yuxu 1920-ci ilin oktyabrında Şimali Tavriyada; ikinci, üçüncü və dördüncü yuxu 1920-ci ilin noyabrın əvvəlində Krımda; beşinci və altıncı yuxu 1921-ci ilin yayında Konstantinopolda; yeddinci yuxu 1921-ci ilin payızında Parisdə; səkkizinci yuxu 1921-ci ilin payızında Konstantinopolda baş verir.



Birinci pərdə
Birinci yuxu

…Yuxuda monastr görmüşəm…

Zirzəmidə astadan xor oxuyan rahiblərin səsi eşidilir: «Müqəddəs Nikolay ata, bizdən ötrü dua elə…»
Qaranlıqdı, sonra ikonaların böyrünə bərkidilmiş xırda şamların zəifcə işıqlandırdığı monastr kilsəsinin içi görünür. Öləziyən alov şamlar satılan hündür stolu, onun yanındakı enli skamyanı, barmaqlıqlı pəncərəni, müqəddəsin qəhvəyi rəngli simasını, mələklərin solğun qanadlarını, qızıl çələnglərini işıqlandırır. Çöldə cansıxıcı oktyabr axşamıdı. Çulu başına qədər çəkmiş Barabançikova skamyada uzanıb. Kürk geyinmiş kimyaçı Maxrov özünə pəncərənin qabağında yer eləyib, bayırda nəsə görməyə çalışır… Əynində qara kürk olan Serafima hündür igumen kreslosunda oturub. Sifətindən xəstə olduğu sezilir. Serafimanın ayaq ucunda, çamadanın yanında qara paltolu, əlcəkli, görünüşündən peterburqluya oxşayan gənc Qolubkov əyləşib.
Q o l u b k o v (xora qulaq asır). Eşidirsiniz, Serafima Vladimirovna? Aşağıda zirzəmi olduğunu anladım… Əslində bütün bunlar necə də qəribədi! Doğru sözümdü, hərdən mənə elə gəlir yuxu görürəm! Artıq bir aydı, Serafima Vladimirovna, sizinlə kəndbəkənd, şəhərbəşəhər dolaşırıq, nə qədər çox qaçırıq, hər şey bir o qədər anlaşılmaz olur… Görürsünüz, kilsəyə də gəlib çıxdıq! Bu gün baş verən bütün bu həngamələrdən sonra, allah haqqı, Peterburq üçün darıxdım! Kabinetdəki yaşıl lampanı birdən elə aydınca xatırladım ki…
S e r a f i m a. Bu ovqat təhlükəlidi, Sergey Pavloviç. Belə sərgərdən dolaşanda çalışın darıxmayın. Bəlkə qalsanız yaxşı olar?
Q o l u b k o v. Yox, yox, geriyə döndü yoxdu, qoy nə olur olsun! Bir də axı bu çətin yolumu nəyin gözəlləşdirdiyini siz artıq bilirsiniz… Yadınızdadı, isidilən yük vaqonunda fənərin altında təsadüfən görüşdüyümüz vaxtdan əslində elə də çox keçməyib, ancaq mənə elə gəlir sizi lap çoxdan tanıyıram! Sizi düşünmək payız qaranlığındakı bu uçuşu asanlaşdırır. Sizi Krıma çatdırıb ərinizə təhvil versəm xoşbəxt olaram. Sonra darıxacağımı bilsəm də, sizin sevincinizə şərik olacağam.
Serafima əilini dinməzcə Qolubkovun çiyninə qoyur.
(Onun əlini sığallayır.) Bağışlayın, sizin istiliyiniz var?
S e r a f i m a. Yox, boş şeydi.
Q o l u b k o v. Necə yəni boş şeydi? Allah haqqı, istiliyiniz var!
S e r a f i m a. Boş şeydi, Sergey Pavloviç, keçib gedəcək…
Uzaqdan top səsi eşidilir. Barabançikova qımıldanıb inildəyir.
Qulaq asın, madam, sizə yardım lazımdı. Bizdən kimsə qəsəbəyə gedər, orda yəqin mamaça olar.
Q o l u b k o v. Mən qaçıb gedərəm.
Barabançikova dinməzcə onun paltosunun ətəyindən çəkir.
S e r a f i m a. Niyə axı istəmirsiniz, əzizim?
B a r a b a n ç i k o v a (nazla). Lazım deyil.
Serafima və Qolubkov çaşqınlıq içindədilər.
M a x r o v (sakitcə Qolubkova). Olduqca müəmmalı qadındı!
Q o l u b k o v (pıçıltıyla). Siz fikirləşirsiniz ki…
M a x r o v. Heç nə fikirləşmirəm… hərcmərclikdi, cənab, kimlərə rast gəlmirsən ki! Hansısa bir xanım kilsədə uzanıb…
Zirzəmidən eşidilən xorun səsi kəsilir.
P a i s i ( səssizcə peyda olur, qaşqabaqlıdı, qorxub). Sənədlərinizi hazırlayın, hörmətli cənablar! (Birindən başqa şamların hamısını üfürüb keçirir.)
Serafima, Qolubkov və Maxrov sənədlərini çıxarır. Barabançikova əlini çıxarıb pasportu çulun üstünə qoyur.
B a ye v (daxil olur, əynində yarımkürk, üst-başı çirkab içində, həyəcanlıdı. Onun arxasınca əlində fənər tutmuş Budyonovçu daxil olur). Bu rahibləri görüm lənətə gəlsinlər! Özlərinə əməllicə yuva düzəldiblər! Ey, müqəddəs atacığaz, zəng qülləsinə dolama qalxan pilləkən hardadı?
P a i s i. Burdadı, burda…
B a y e v (Budyonovçuya). Get bax.
Budayonovçu əlində fənər dəmir qapı arxasında yoxa çıxır.
(Paisiyə.) Qüllədə işıq yanıb?
P a i s i. Siz nə danışırsınız! Nə işıq?
B a y e v. İşıq yanıb-sönüb! Əgər qüllədə bir şey tapsam, o ağbaş şeytanla bir yerdə hamınızı divara söykəyəcəyəm! Siz fənərlə ağlara işarə veribsiniz!
P a i s i. İlahi! Siz nə danışırsınız!
B a y e v. Bəs bunlar kimdi? Axı deyirdin monastrda bir nəfər də kənar adam yoxdu!
P a i s i. Onlar qaçqındılar, qa…
S e r a f i m a. Yoldaş, qəsəbədə hamımız gülləbarana düşdük, ona görə qaçıb monastra girdik. (Barabançikovanı göstərir.) Bu qadın indi doğacaq…
B a y e v (Barabançikovaya yaxınlaşır, pasportunu götürüb oxuyur). Barabançikova, evlidi…
P a i s i (bərk hirslənib pıçıldayır). İlahi, ilahi, bizi bu bəladan hifz elə! (Qaçmağa hazırlaşır.) Ən müqəddəs əzabkeş Dmitrii…
B a y e v. Ərin hanı?
Barabançikova inildəyir.
B a y e v. Doğmağa yer tapıb! (Maxrova.) Sənədini!
M a x r o v. Budur! Mən kimyaçıyam, özüm də Mariupoldanam.
B a y e v. Cəbhə xəttində siz kimyaçılar yaman çoxsunuz!
M a x r o v. Mən ərzaq almağa gəlmişdim, xiyar…
B a y e v. Xiyar!
B u d y o n o v ç u (qəfil peyda olur). Yoldaş Bayev! Zəng qülləsində heç nə tapmadım, ancaq… (Bayevin qulağına pıçıldayır.)
B a y e v. Nə danışırsan! Hardan?
B u d y o n o v ç u. Düz deyirəm. Şübhəli məsələdi, yoldaş komandir.
B a y e v. Di yaxşı, yaxşı, getdik. (Öz sənədini uzadan Qolubkova.) Vaxt yoxdu, yoxdu, sonra. (Paisiyə.) Rahiblər yəqin ki, vətəndaş müharibəsinə qarışmırlar?
P a i s i. Yox, yox, yox…
B a y e v. Yalnız dua eləyirsiniz? Maraqlıdı, kimin üçün dua eləyirsiniz? Qara barona, ya Sovet hakimiyyətinə? Di yaxşı, tezliklə görüşənədək, sabah ayırd eləyərik! (Budyonovçu ilə birlikdə gedir.)
Bayırda əmr verildiyi eşidilir və heç nə olmayıbmış kimi sakitlik çökür.
Paisi tez-tez xaç çəkir, şamları yandırıb gedir.
M a x r o v. Pərən-pərən düşdük… Nahaq yerə deyilməyib ki, onların qollarına, ya alınlarına nişan qoyulsun… Ulduzları beşguşəlidi, fikir verdiniz?
Q o l u b k o v (pıçıltıyla Serafimaya). Mən anlaya bilmirəm, axı bu yer ağların əlindəydi, bəs qırmızılar hardan çıxdı? Qəfil döyüş?.. Nəyə görə belə oldu?
B a r a b a n ç i k o v a. Ona görə oldu ki, general Krapçikov general deyil, zibildi! (Serafimaya.) Üzr istəyirəm, xanım.
Q o l u b k o v (qeyri-iradi). Nə?
B a r a b a n ç i k o v a. Necə yəni nə? Ona teleqram göndəriblər ki, qırmızıların süvari dəstəsi arxadadı, o başına daş düşmüş isə şifrəni açmağı sabaha saxlayıb, oturub vint oynamağa.
Q o l u b k o v. Doğrudan?
B a r a b a n ç i k o v a. Qısa qırmızı toxmaq oynamağı təklif elədi.
M a x r o v (astadan). Oho, çox maraqlı qadındı!
Q o l u b k o v. Bağışlayın, siz, görünür, məsələdən xəbərdarsınız. Məndə olan məlumata görə burda, Kurçulanda general Çarnotanın qərargahı yerləşməliydi…
B a r a b a n ç i k o v a. Sizin ətraflı məlumatınız varıymış! Qərərgah olub, niyə də olmasın. Ancaq yoxa çıxıb.
Q o l u b k o v. Bəs hara gediblər?
B a r a b a n ç i k o v a. Bataqlığa batıblar.
M a x r o v. Bunları hardan bilirsiniz, xanım?
B a r a b a n ç i k o v a. Hər şeyi bilməyə yaman həvəslisən, arxipastır!
M a x r o v. Bağışlayın, siz niyə məni arxipastır adlandırırsınız?
B a r a b a n ç i k o v a. Di yaxşı, yaxşı, bu darıxdırıcı söhbətdi, məndən əl çəkin.
Paisi qaçıb gəlir, yenə birindən başqa bütün şamları keçirib
pəncərədən boylanır.
Q o l u b k o v. Yenə nə olub?
P a i s i. Ah, cənab, heç özümüz də bilmirik allah indi bizə kimi göndərib, sabaha sağ-salamat çıxa biləcəyikmi! (Elə yoxa çıxır, sanki yerə batır.)
At ayaqlarının tappıltısı eşidilir, pəncərədə alov şölələri oynaşır.
S e r a f i m a. Yanğındı?
Q o l u b k o v. Yox, məşəllərdi. Heç nə anlamıram, Serafima Vladimirovna! Ağların qoşunudu, and içirəm, ağların qoşunudu! Baş tutdu! Serafima Vladimirovna, allaha şükür, yenə ağların əlindəyik! Paqonlu zabitlər!
B a r a b a n ç i k o v a (çula bürünüb oturur). Lənətə gəlmiş intelligent, ağzını yum! «Paqonlar», «paqonlar»! Bura Peterburq deyil, Tavriyadı, qəddar məmləkətdi! Əgər sənə paqon taxıblarsa, hələ o demək deyil ki, ağlardansan! Bəlkə dəstə geyimini dəyişib? Onda nə olsun?
Birdən qüllədəki zəng vurur.
Hə, zəng vurmağa başladı! Gicbəsər rahiblər oyandılar! (Qolubkova.) Onların şalvarı nə rəngdədi?
Q o l u b k o v. Qırmızı!.. Budur bir dəstə də gəldi, onların şalvarlı göydü, yanlarında qırmızı zolağı var…
B a r a b a n ç i k o v a. «Zolaqlılar gəldi»!.. Lənət şeytana! Zolaqlı?
De Brizarın əmri eşidilir: «Birinci eskadron, atdan düş!»
Bu nədi! Ola bilməz? Onun səsidi! (Qolubkova.) Di indi qışqır, çəkinmədən qışqır, icazə verirəm! (Üstündən çulu və cır-cındırı atıb, general Çarnota görkəmində yerindən sıçrayır. Əynində gümüşü paqonları əzilmiş çərkəzi çuxa var. Əlindəki tapançanı cibinə soxur; qaçıb pəncərəni taybatay açaraq qışqırır.) Salam, qusarlar! Salam, donlular! Polkovnik Brizar, yanıma!
Qapı açılır, ilk olaraq başında şəfqət bacısının ləçəyi, əynində dəri gödəkçə, ayağında şporlu hündürdaban çəkmə olan Lyuska qaçıb gəlir. Onun arxasınca saqqal basmış de Brizar və çapar Krapilin əlində məşəl daxil olur.
L y u s k a. Qrişa! Qri-Qri! (Çarnotanın boynuna tullanır.) Gözlərimə inanmıram! Sağsan? Xilas olmusan? (Pəncərəyə sarı qışqırır.) Qusarlar, eşidin, general Çarnotanı qırmızıların əlindən almışıq!
Bayırda səs-küy eşidilir.
L y u s k a. Biz sənin üçün yas verməyə hazırlaşırdıq.
Ç a r n o t a. Ölümü sənin ləçəyin qədər yaxından gördüm. Qərargaha Krapçikovun yanına gələn kimi it oğlu məni oturtdu vint oynamağa… qısa qırmızı toxmaq… birdən-birə pulemyotlar başladı şaqqıldamağa! Budyonnu elə bil göydən düşdü! Qərargahı büsbütün biçdilər! Atışa-atışa pəncərədən atılıb bostanların içiylə özümü qəsəbəyə müəllim Barabançikovun evinə saldım, dedim, sənədlərini ver! O isə tələsikdə götürüb mənə başqa sənədlər verib! Sürünüb özümü bura, monastra salanda baxıram ki, arvadının – xanım Barabançikovanın sənədidi, bir də hamiləlik haqqında arayış! Hər yan qırmızılardı, dedim, məni kilsədə uzadıb üstümü örtün! Uzanıb doğuram, mahmızların səsini eşidirəm – şaq, şaq!..
L y u s k a. Kimiydi?
Ç a r n o t a. Budyonovçu komandir.
L y u s k a. Vay!
Ç a r n o t a. Fikirləşirəm, nə şaqqıldadırsan, budyonovçu? Axı sənin ölümün çulun altında uzanıb! Di qaldır onu, tez qaldır! Səni musiqiylə dəfn eləyəcəklər! Pasportu götürdü, ancaq çulu qaldırmadı!
Lyuska cığırır.
(Qapıya sarı qaçıb qışqırır.) Kazaklara eşq olsun! Salam, yerlilər!
Qışqırıqlar eşidilir. Çarnotanın arxasınca Lyuska da qaçır.
D e B r i z a r. Ancaq mən çulu qaldıracağam! Əgər kef üçün bu monastrda kimisə asmasam lənətə gəlim! Bunları yəqin qırmızılar tələsiklikdə yaddan çıxarıblar! (Maxrova.) Səndən heç sənəd soruşmağa belə dəyməz. Saçlarından bilinir hansı yuvanın quşusan! Krapilin, buraya işıq sal!
P a i s i (özünü qaçaraq içəri salır). Siz nə eləyirsiniz? Müqəddəs atadı! Müqəddəs ata Afrikan!
D e B r i z a r. Sən nə çərənləyirsən, qaraquyruq şeytan?
Maxrov papağını və kürkünü çıxarıb atır.
(Diqqətlə Maxrovun sifətinə baxır.) Bu nə işdi? Müqəddəs ata, doğrudan sizsiniz?! Bura hardan gəlib çıxıbsınız?
A f r i k a n. Don korpusuna xeyir-dua vermək üçün Kurçulana gəlmişdim, qəfil hücum zamanı qırmızılar əsir götürdülər. Sağ olsunlar, rahiblər sənəd düzəltdilər.
D e B r i z a r. Gəl baş çıxar da! (Serafimaya.) Qadın, sənədlərini ver!
S e r a f i m a. Mən ticarət nazirinin müavinin arvadıyam. Peterburqda yubandım, ərim isə artıq Krımdadı. Onun yanına gedirəm. Bu saxta sənədlərdi, bu da əsl pasport. Mənim familiyam Korzuxinadı.
D e B r i z a r. Mille exsuses, madame!
[i] Bəs siz, mülkü paltarlı soxulcan, siz də birdən ober prokuror olarsınız?
Q o l u b ko v. Mən soxulcan deyiləm, heç ober prokuror da deyiləm! Mən idealist professor Qolubkovun oğluyam, özüm də privat dosentəm, Peterburqdan siz ağların yanına qaçıram, çünki Peterburqda işləmək mümkün deyil.
D e B r i z a r. Çox xoşdu. Nuh gəmisidi!
Döşəmədəki dəmir lyuk açılır, qoca İgumen və onun arxasınca
əllərində şam tutmuş rahiblərin xoru çıxır.
İ g u m e n (Afrikana). Möhtərəm müqəddəs ata! (Rahiblərə.) Qardaşlar! Allah üzümüzə baxdı, müqəddəs atanı günahkar sosialistlərin əlindən xilas edib qorudu!
Rahiblər həyəcanlanmış Afrikanın əyninə mantiya geyindirirlər, əlinə əsa verirlər.
Müqəddəs ata! Əsanı götürüb yenə öz dindarlarını başına yığ…
A f r i k a n. Hər şeydən agah olan, allah, bizə xeyir-dua ver!
R a h i b l ə r (birdən oxuyurlar). Ey yeri, göyü yaradan!..
Qapıda Çarnota ilə Lyuska görünür.
Ç a r n o t a. Nədi, müqəddəs atalar, başınız xarab olub? Heç bu mərasimin yeridi! Qurtarın duanı!.. (Əlinin işarəsiylə göstərir – «gedin».)
A f r i k a n. Qardaşlar! Çıxın!
İgumen və rahiblər zirzəmiyə qayıdırlar.
Ç a r n o t a (Afrikana). Möhtərəm zati-aliləri, bu nə ibadətdi təşkil eləyibsiniz? Qaçmaq lazımdı! Korpus dabanbasma arxamızca gəlir! Budyonnu bizi dənizə sıxışdırır! Bütün ordu gedir! Krıma gedirik! Roman Xludova pənah aparırıq!
A f r i k a n. Mərhəmətli allah, bu nədi başımıza gəlir? (Öz kürkünü götürür.) İkitəkərli arabanızsa var? (Gedir.)
Ç a r n o t a. Xəritəni mənə verin! Krapilin, işıqlandır! (Xəritəyə baxır.) Hər yan bağlıdı! Qəbirdi!
L y u s k a. Ay səni, Krapçikov, Krapçikov!..
Ç a r n o t a. Dayan! Tapdım! (De Brizara.) Öz alayını götürüb gedərsən Almanayka. Onları bir az özünə tərəf çəkərsən, sonra su boğazınıza çatsa da keçərsiniz Babiy Qaya! Səndən sonra xutordakı donluların yanına gedərəm, səndən gec olsa da Arbat yoluna çıxaram, orda birləşərik. Beş dəqiqə sonra yola düş!
D e B r i z a r. Oldu, zati-aliləri.
Ç a r n o t a. Tfu!.. Polkovnik, bir qurtum ver içək.
Q o l u b k o v. Eşidirsiniz, Serafima Vladimirovna? Ağlar gedirlər. Biz də gərək onlarla gedək, yoxsa yenə qırmızıların əlinə düşəcəyik. Niyə cavab vermirsiniz, Serafima Vladimirovna, sizə nə olub?
L y u s k a. Mənə də ver.
De Brizar mehtərəni Lyuskaya uzadır.
Q o l u b k o v (Çarnotaya). Cənab general, yalvarıram sizə, bizi də özünüzlə götürün! Serafima Vladimirovna xəstələnib… Biz Krıma gedirik… Sizin lazaret var?
Ç a r n o t a. Siz universitetdə oxumusunuz?
Q o l u b k o v. Əlbəttə…
Ç a r n o t a. Tamamilə savadsız adam təsiri bağışlayırsınız. Əgər Babiy Qayda başınıza güllə dəysə, lazaret çoxmu sizin dadınıza çatacaq? Hələ gərək soruşaydınız ki, rentgen kabinetiniz varmı. İntelligentlər!.. Yenə konyak ver!
L y u s k a. Götürmək lazımdı. Gözəl qadındı, qırmızılara qalacaq.
Q o l u b k o v. Qalxın, Serafima Vladimirovna! Getmək lazımdı!
S e r a f i m a (astadan). Bilirsiniz, Sergey Pavloviç, deyəsən, doğrudan xəstələnmişəm… Siz tək gedin, mən monastrda uzanaram… nəsə canım od tutub yanır…
Q o l u b k o v. İlahi! Serafima Vladimirovna, bunu ağlınıza da gətirməyin! Qalxın, Serafima Vladimirovna!
S e r a f i m a. Su istəyirəm… Peterburqa getmək…
Q o l u b k o v. Bu nə olan işdi?..
L y u s k a ( fəxrlə). Nə olasıdı, yatalaqdı.
D e B r i z a r. Xanım, getməyiniz məsləhətdi, qırmızıların əlinə düşsəniz yaxşı olmayacaq. Ancaq mən danışmağın ustası deyiləm. Krapilin, sən dildən pərgarsan, xanımı yola gətir!
K r a p i l i n. Elədir ki var, getmək lazımdı.
Q o l u b k o v. Serafima Vladimirovna, getmək lazımdı…
D e B r i z a r (qol saatına baxır). Vaxtdı! (Qaçır.)
Onun əmri eşidilir: «Atlara!» - sonra at ayaqlarının səsi gəlir.
L y u s k a. Krapilin! Onu zorla qaldır!
K r a p i l i n. Oldu! (Qolubkovla birlikdə Serafimanı qaldırıb, qolundan tutaraq aparırlar.)
L y u s k a. İkiatlı arabaya mindirin!
Gedirlər.
Ç a r n o t a ( təkdi, konyakı içib saatına baxır). Vaxtdı.
İ g u m e n (lyukdan çıxır). Ağ general! Hara gedirsən? Doğrudanmı sənə sığınacaq, nicat vermiş monastrı müdafiə eləməyəcəksən?
Ç a r n o t a. Nədi, niyə qanımı qaraldırsan? Zəngi çalma, otur zirzəmidə! Əlvida! (Gedir.)
Onun səsi eşidilir: «Atlara! Atlara!» - sonra at ayaqlarının tappıltısı gəlir və sakitlik çökür. Paisi lyukdan çıxır.
P a i s i. İgumen ata! Ay igumen ata! Biz nə eləyək? Axı qırmızılar indi çapıb gələcəklər! Biz isə ağlara işarə vermişik! İndi ölümü gözümüzün altına alaq?
İ g u m e n. Bəs müqəddəs ata hanı?
P a i s i. İkitəkərli arabada çapıb getdi!
İ g u m e n. Ləyaqətsiz çoban!.. Öz sürüsünü atıb gedən ləyaqətsiz çoban! (Zirzəmiyə sarı səslənir.) Qardaşlar! Dua edin!
Zirzəmidən zorla eşidilir: « Müqəddəs Nikolay ata, bizdən ötrü allaha dua et…»
Monastr zülmətə qərq olur. Birinci yuxu sonna çatır.

İkinci yuxu

… Yuxularım get-gedə mənə daha çox əziyyət verir…

Krımın şimalında yerləşən naməlum və böyük bir stansiyanın zalı, zalın arxa planında qeyri-adi ölçüdə pəncərə, pəncərədən mavi elektrik fənərləri yanan qaranlıq gecə görünür.
Noyabrın əvvəllərində Krıma görünməmiş şaxtalar düşüb. Sivaş, Çonqar, Perekop və bu stansiya donub. Pəncərələrin şüşəsi buz bağlayıb və hərdən-hərdən ötüb-keçən qatarların işığı buz güzgüdə sürüşüb itir. Qara dəmir sobalar və stolların üstündə neft lampaları yanır. Əsas perrona çıxışın üstündə köhnə əlifba ilə yazılıb: «Əməliyyat şöbəsi». Şüşə arakəsmə, onun arxasında adi yaşıl lampa və konduktor fənərlərinin yırtıcı gözünə bənzəyən iki yaşıl işığı. Onun yanında, qopub tökülmüş tünd fonda ağ geyimli oğlan pulcuqlu əcdahanı nizəylə öldürür. Bu oğlan Georgi Pobedonosesdi, onun qarşısında alabəzək qəndil yanır. Zal ağların qərargah zabitləri tərəfindən tutulub. Soyuqdan qorunmaq üçün onların əksəriyyəti başlıqdadı və qulaqlıq taxıb. Saysız-hesabsız səyyar telefonlar, bayraqcıqlı qərargah xəritələri, yazı makinaları görünür. Tez-tez cingildəyən telefonların rəngbərəng işıqları yanıb sönür.
Cəbhə qərargahı üç gündü bu stansiyada qərar tutub və üç gündü yatmır, ancaq maşın kimi işləyir. Yalnız diqqətli, təcrübəli adam gözlərdəki narahatçılığı görə bilər. Bu gözlər nə vaxtsa birinci dərəcəli vaqonun bufeti olmuş səmtə dikiləndə onlarda həm də qorxu və ümidi sezmək olar.
Hündür şkafla hamıdan ayrılmış həmin yerdə Roman Valeryanoviç Xludov stolun arxasındakı kətildə büzüşərək oturub. Bu şəxsin sifəti sümük kimi ağdı, qara saçları tən ortadan zabitsayağı ayrılıb, Xludov Pavel kimi dikburundu, üzü aktyor kimi tərtəmiz qırxılıb, ətrafındakılardan cavan görünsə də gözləri qocadı. Əynindəki əsgər şinelinin kəmərini arvadlar kimi, ya mülkədar xələti kimi düyünləyib. Mahud parçadan olan paqonlarına səliqəsiz halda general xətləri tikilib. Tutqun kokardalı xaki rəngdə furaşkası çirklidi, əllərinə əlcək geyinib.
Xludovun üstündə silah yoxdu.
Bu adam xəstədi. Üz-gözünü turşudur, hərdən çiyinlərini atır, səsinin tonunu dəyişməyi xoşlayır. Özü-özünə suallar verir, özü də cavab verir. Gülümsəmək istəyəndə dişlərini ağardır.
Görkəmi qorxu oyadır. Roman Valeryanoviç xəstədi. Xludovun yanında, bir neçə telefon olan stolun arxasında, ona hədsiz rəğbət bəsləyən çalışqan yasovul Qolovan oturub yazır.
X l u d o v ( Qolovana diqtə eləyir). «… Vergül. Ancaq Frunze manevrlərdə özünü düşmən kimi göstərmək istəmədi. Nöqtə. Bu nə şahmatdı, nə də unudulmaz Çarskoe Selo. İmza – Xludov. Nöqtə».
Q o l o v a n ( yazını kiməsə verir). Şifrələnib Baş komandana göndərilsin.
B i r i n c i r a b i t ə ç i (telefonun yanıb sönən işığı üzünə düşür, bezmiş halda telefona deyir). Bəli, eşidirəm… eşidirəm… Budyonnı?.. Budyonnı?..
İ k i n c i r a b i t ə ç i (bezmiş halda telefona deyir). Taqanaş… Taqanaş…
Ü ç ü n c ü r a b i t ə ç i (bezmiş halda telefona deyir). Yox, Karpov qobusuna…
Q o l o v a n (telefonun yanıb sönən işığı üzünə düşür, dəstəyi Xludova verir). Zati-aliləri…
X l u d o v (dəstəyə). Bəli. Bəli. Bəli. Xeyr. Bəli. (Dəstəyi Qolovana qaytarır.) Komendantı yanıma!
Q o l o v a n. Komendantı!
Səs-səsə verirlər: «Komendantı, komendantı!» Komendant, rəngi qaçmış, özünü itirmiş qırmızı furackalı zabit stolların arasıyla qaçaraq Xludovun qarşısında dayanır.
X l u d o v. Bir saatdı «Zabit» zirehli qatarının Taqanaşa çatmasını gözləyirəm. Nə məsələdi? Nə məsələdi? Nə məsələdi?
K o m e n d a n t (üzgün səslə). Zati-aliləri, stansiya rəisi dedi ki, «Zabit» keçib gələ bilmir.
X l u d o v. Stansiya rəisini yanıma çağırın.
K o m e n d a n t (qaça-qaça kiməsə ağlamsınan səslə deyir). Mən axı neyləyim?
X l u d o v. Faciəmiz başlayır. Zirehli qatarı iflic vurub. Zirehli qatar sürünür, ancaq keçib gələ bilmir. (Zəngi çalır.)
Divarda «Əks-kəşfiyyat» sözləri işıqlanır. Zəng səsinə divardan Tixiy çıxır, sakitcə Xludovun yanında dayanır.
X l u d o v (ona müraciət edir). Bizi heç kim sevmir, heç kim. Bunun da ucbatından teatrda olduğu kimi faciə baş verir.
Tixiy sakitdi.
X l u d o v(hirslə). Soba xıs eləyir nədi?
Q o l o v a n. Qətiyyən yox, xıs eləmir.
Komendant, onun arxasınca stansiya Rəisi Xludovun qarşısında dayanır.

X l u d o v (stansiya Rəisinə). Siz demisiniz ki, zirehli qatar keçə bilmir?
S t a n s i y a r ə i s ( danışır və hərəkət eləyir, ancaq bir gündü bu adam ölüb). Elədir ki, var, zati-aliləri. Güc, imkan yoxdu! Vaqonları açıb necə gəldi yollarda buraxıblar, yol tamam bağlanıb!
X l u d o v. Deməli, soba da xıs eləyir?
Q o l o v a n. Bu dəqiqə! (Kiməsə deyir.) Su töküb sobanı söndürün!
S t a n s i y a r ə i s i. Xıs, xıs.
X l u d o v (stansiya Rəisinə). Nəyə görəsə mənə elə gəlir siz bolşeviklərə yaxşı münasibət bəsləyirsiniz. Qorxmayın, mənimlə açıq danışın. Hər bir adamın öz əqidəsi var, o da bunu gizlətməməlidi. Hiyləgər!
S t a n s i y a r ə i s i (cəfəngiyyat danışır). Zati-aliləri, bu şübhələr nə üçündür? Mənim uşaqlarım var… hələ hökmdar imperator Nikolay Aleksandroviçin vaxtında… Olya, Pavlik, uşaqlar… otuz saatdı yatmıram, - allaha and olsun! – şəxsən Dövlət Dumasının sədri Mixail Vladimiroviç Rodzyankoya məlumdu. Ancan mən Rodzyankoya rəğbət bəsləmirəm… Mənim uşaqlarım var…
X l u d o v. Səmimi adamdı, hə? Yox? Sevgi lazımdı, müharibədə sevgisiz heç nə eləyə bilməzsən! (narazı halda Tixiyə.) Məni sevmirlər. (Soyuq tərzdə.) İstehkamçılar verin, yolu açın. «Zabit»in çıxış semaforunu keçməsi üçün on beş dəqiqə vaxt verirəm! Əgər bu müddət ərzində əmr yerinə yetirilməsə komendant həbs olunsun! Stansiya rəisi isə semafordan asılsın, altından da «Sabotac» yazılsın.
Bu vaxt uzaqdan həzin vals eşidilir. Haçansa bu valsın sədaları altında gimnaziya ballarında rəqs eləyərdilər.
S t a n s i y a R ə i s i (süst halda). Zati-aliləri, mənim uşaqlarım hələ məktəbə getmirlər…
Tixiy stansiya Rəsinin qoluna girib aparır. Komendant onların arxasınca gedir.
X l u d o v. Vals?
Q o l o v a n. Zati-aliləri, Çarnota yaxınlaşır.
S t a n s i y a R ə i s i (şüşə arakəsmə arxasında canlanıb telefona qışqırır). Xristofor Fyodoroviç! Allah xatirinə, dördüncü, beşinci yoldan qatarların hamısını Taqanaşa göndər gəlsin! İstehkamçılar olacaq! Nə eləyirsən elə, ancaq göndər! Allahın xatirinə!
N i k o l a y e v n a (stansiya Rəisinin yanında peyda olur). Nə olub, Vasya?
S t a n s i y a R ə i s i. Of, müsibətdi, Nikolayevna! Ailəmizə bədbəxtlik üz verib! Olqanı, Olqanı gətir bura!
N i k o l a y e v n a. Olqanı? Olqanı? (Gedir.)
Vals kəsilir. Qapı perron tərəfdən açılır, Çarnota əynində yapıncı, başında papaq Xludova yaxınlaşır. Çarnota ilə birlikdə qaçıb gələn Lyuska qapının yanında qalır.
Ç a r n o t a. Zati-aliləri, toplu süvari diviziyası Çonqar keçidindən gəlib.
Xludov susaraq Çarnotaya baxır.
Zati-aliləri! (Uzağı göstərir.) Siz axı nə edirsiniz? (Birdən papağını çıxarır.) Roma! Sən baş qərargahda oturubsan! Sən axı nə edirsən? Roma, bəsdir!
X l u d o v. Sus!
Çarnota papağı başına qoyur.
Arabaları qoyun burda, gedib Karpov qobusunda duracaqsınız.
Ç a r n o t a. Oldu. (Aralanır.)
L y u s k a. Hara?
Ç a r n o t a (tutqun halda). Karpov qobusuna.
L y u s k a. Mən də səninlə gedirəm. Yaralıları da, ytalağa tutulmuş Serafimanı da atıram.
Ç a r n o t a (tutqun halda). Səni öldürə bilərlər.
L y u s k a. Allaha çox şükür! (Çarnota ilə gedir.)
Cingilti, taqqıltı, sonra zirehli qatarın gurultusu eşidilir. Nikolayevna örpəyə bürünmüş Olqanı darta-darta tələsik arakəsmənin arxasına girir.
N i k o l a y e v n a. Budur, Olqanı gətirmişəm!
S t a n s i y a R ə i s i (telefona). Xristofor Fyodroviç, gətirə bildin?! Sağ ol, sağ ol! (Olqanın əlindən tutub, Xludovun yanına qaçır.)
Tixiy və Komendant onun arxasınca gedir.
X l u d o v (stansiya Rəisinə). Nədi, əzizim, keçib gəldi? Gəldi?
S t a n s i y a R ə i s i. Keçib gəldi, zati-aliləri, gəldi!
X l u d o v. Bu nə uşaqdır?
S t a n s i y a R ə i s i. Oleçka… qabiliyyətli qızdı. İyirmi ildi qulluq eləyirəm, iki gündü də yatmıram.
X l u d o v. Hə, qız… Serso
1. Serso oynayır? Hə? (Cibindən karamel konfetti çıxarır.) Qız, götür! Papiros çəkməyi həkimlər qadağan eləyiblər, əsəblərim pozulub. Ancaq karamel də kömək eləmir, yenə elə çəkirəm.
S t a n s i y a Rəisi. Götür, Olyuşenka, götür… General xeyirxah adamdı.
Olyuşenka, «mersi» de… (Olqanı qucağına götürüb, arakəsmənin arxasına aparır və Nikolayevna Olqayla gedir.)
Yenə vals çalınır və səs get-gedə uzaqlaşır. Çarnotanın gəldiyi yox, başqa qapıdan Paramon İliç Korzuxin daxil olur. Avropalı görünüşü olan bu eynəkli adamın əlində portfel, əynində bahalı kürk var. Qolovana yaxınlaşıb vizit kartını ona təqdim edir. Qolovan vizit kartını Xludova verir.
X l u d o v. Eşidirəm.
K o r z u x i n (Xludova). İcazənizlə özümü təqdim edim. Ticarət nazirinin müavini Korzuxin. Zati-aliləri, Nazirlər Soveti mənə səlahiyyət verib ki, üç sual ilə sizə müraciət edim. İndicə Sevastopoldan gəlirəm. Birinci: mənə tapşırılıb ki, həbs olunub Simferapoldan sizin əmrinizlə buraya, qərargaha gətirilən beş fəhlənin taleyindən xəbər tutum.
X l u d o v. Belə. Hə, siz axı başqa perrondan daxil olmusunuz! Yasovul! Həbs olunanları cənab nazir müavininə göstərin.
Q o l o v a n. Xahiş edirəm arxamca gələsiniz. (Hamının gərgin baxışları altında Korzuxini arxa plandakı əsas qapıya aparır və qapını açaraq yuxarını göstərir.)
Korzuxin diksinir. Qolovanla Xludovun yanına qayıdır.
X l u d o v. Birinci sualı bitmiş sayaq? İkincini eşidirəm.
K o r z u x i n (həyəcanlı) İkinci sual bilavasitə mənim nazirliyimə aiddi. Burda stansiyada xüsusi təyinatlı yüklər qalıb. Bu yükləri təcili Sevastopola çatdırmaq üçün siz zati-alilərindən icazə və yardım istəyirəm.
X l u d o v (yumşaq tərzdə). Məhz hansı yük?
K o r z u x i n. Xaric üçün nəzərdə tutulmuş xəz.
X l u d o v (gülümsəyir). Xaric üçün xəz! Bəs yük hansı vaqonlardadı?
K o r z u x i n (kağızı uzadır). Buyurun.
X l u d o v. Yasovul Qolovan! Burda göstərilən vaqonları dalana çəkin, neft töküb yandırın!
Qolovan kağızı götürüb gedir.
(yumşaq tərzdə) Qısa eləyin, üçüncü sual?
K o r z u x i n (yerində quruyub). Cəbhədə vəziyyət?..
X l u d o v (əsnəyir). Cəbhədə vəziyyət necə ola bilər ki! Hərcmərclikdi! Toplardan atırlar, xıs verən sobanı cəbhə komandanının burnunun altına soxurlar, Baş komandan kubanlıları mənə hədiyyə göndərir, onlar isə ayaqyalındılar. Nə restoran var, nə də qızlar! Qəm-qüssə basıb. Tutuquşular kimi kətildə oturmuşuq. ( Səsinin tonunu dəyişib deyinir.) Vəziyyət? Cənab Korzuxin, gedin Sevastopola, deyin ki, arxadakı bitlər çamadanlarını yığışdırsınlar! Qırmızılar sabah burda olacaqlar! Bir də deyin ki, xarici fahişələr samur xəzindən mancet görməyəcəklər! Xəz!
K o r z u x i n. Biabırçılıqdı! (Acıqlı-acıqlı döyükür.) İcazənizlə bu barədə Baş komandana məlumat verərəm.
X l u d o v (nəzakətlə). Buyuracaqsınız.
K o r z u x i n (dalı-dalı yan qapıya gedərək yolda soruşur). Sevastopola indi hansı qatar gedəcək?
Ona heç kim cavab vermir. Qatarın yaxınlaşdığı hiss olunur.
S t a n s i y a R ə i s (üzgün halda Xludovun qarşısında dayanır). Kerman Kemalçidən xüsusi təyinatlı qatar gəlib!
X l u d o v. Farağat! Cənab zabitlər!
Qərargahdakıların hamısı ayağa durur. Korzuxinin çıxdığı qapıda tünd qırmızı geyimli iki mühafizəçi kazak, onların arxasınca papağını arxaya sürüşdürmüş, əynində şinel, qafqaz qılıncı qurşamış Ağ qvardiyanın Baş komandanı, onun arxasınca isə qərargaha xeyir-dua verən müqəddəs ata Afrikan görünür.
B a ş k o m a n d a n. Salam, cənablar!
Q ə r a r g a h d a k ı l a r. Əleykəssalam, möhtərəm zati-aliləri!
X l u d o v. İcazənizlə möhtərəm zati-alilərinə məxfi məlumat çatdırım.
B a ş k o m a n d a n. Bəli. Hamı otağı tərk etsin. (Afrikana.) Müqəddəs ata, cəbhə komandanı ilə mənim məxfi söhbətim olacaq.
A f r i k a n. Xeyirli olsun! Xeyirli olsun!
Hamı gedir və Xludov Baş komandanla tək qalır.
X l u d o v. Üç saat əvvəl düşmən Yuşunu ələ keçirib. Bolşeviklər Krımdadı.
B a ş k o m a n d a n. Bitdi?!
X l u d o v. Bitdi.
Sükut.
B a ş k o m a n d a n (qapıya tərəf). Müqəddəs ata!
Afrikan həyəcanlı halda gəlir.
Müqəddəs ata! Qərbi Avropa dövlətləri tərəfindən tərk edilmiş, məkrli polyaklar tərəfindən aldadılmış bizlər bu dəhşətli vaxtda yalnız allaha pənah aparırıq!
A f r i k a n (bədbəxtlik baş verdiyini anlayır). Ay-ay-ay!
B a ş k o m a n d a n. Müqəddəs ata, dua edin!
A f r i k a n (Georgi Pobedonoseçin qarşısında). İlahi! Nəyə görə? Nəyə görə allahın yolunda döyüşən övladlarını təzədən sınaqdan keçirirsən? Allah bizimlədir, onun gücüylə düşməni məhv edəcəyik.
Şüşə arakəsmənin arxasında qorxudan özünə yer tapa bilməyən stansiya Rəisinin sifəti görünür.
X l u d o v. Müqəddəs ata, bağışlayın ki, sözünüzü kəsirəm, ancaq nahaq yerə allahı narahat eləyirsiniz. O çoxdan bizdən üz döndərib. Axı necə ola bilər? Heç vaxt olmamışdı, ancaq indi suyu Sivaşdan qovdu, bolşeviklər də sanki parket üstündən keçdilər. Georgi Pobedonoseç gülür!
A f r i k a n. Nə danışdığınızdı, cəsur general?!
B a ş k o m a n d a n. Mən bu tərzdə danışmağın qəti əleyhinəyəm. Siz xəstəsiniz, general, mən heyfsilənirəm ki, məsləhətimə qulaq asıb yayda müalicə üçün xaricə getmədiniz.
X l u d o v. Deməli belə! Bəs, zati-aliləri, kimin sayəsində sizin əsgərlər Perekop səddini qoruyub saxladılar? Kimin sayəsində Çarnota bu gecə musiqilə Çonqardan Karpov qobusuna hücuma keçdi? Bəs kim asardı? Zati-aliləri, kim asardı?
B a ş k o m a n d a n (qaşqabaqlı). Bu nə deməkdi?
A f r i k a n. İlahi, sən onların gözünü aç, onlara güc ver! Yoxsa səltənət tezliklə bölünüb məhv olar!..
B a ş k o m a n d a n. İndi bunun vaxtı deyil…
X l u d o v. Bəli, vaxtı deyil. Siz təcili Sevastopola qayıtmalısınız.
B a ş k o m a n d a n. Bəli. (Zərfi çıxarıb Xludova verir.) Xahiş eləyirəm dərhal açasınız.
X l u d o v. Aha, artıq hazırdı! Əvvəlcədən hiss etmişdiniz? Bu yaxşıdı. Əlahəzrət, sizin günahınızdan keçirəm… Oldu. (Qışqırır.) Baş komandana qatar! Mühafizə! Qərargah!
S t a n s i y a R ə i s i (arakəsmənin arxasında telefona tərəf atılır). Kerman Kemalçi! Yolu açın! Yolu açın!
Mühafizəçi kazaklar və qərargahdakıların hamısı gəlir.
B a ş k o m a n d a n. Cəbhə komandanı…
Qərargahdakılar farağat dururlar.
… sizə mənim əmrimi elan edəcək. Bu rus hərcmərcliyinə qatlanmaq üçün tanrı sizə güc və ağıl versin! Hamını, hər kəsi xəbərdar edirəm ki, bizim Krımdan başqa torpağımız yoxdur.
Qapı qəfil açılır və başı tənziflə sarınmış De Brizar içəri girib Baş komandanın qarşısında dayanır.
D e B r i z a r. Salam, İmperator həzrətləri! (Qərargahdakılara müəmma ilə.) «Qrafinya, bir görüşün xatirinə, çox güman ki, sizə adını deyərəm…»
B a ş k o m a n d a n. Bu kimdir?
Q o l o v a n. Qusar alayının komandiri qraf De Brizar başından kontuziya alıb.
X l u d o v (yuxudaymış kimi). Çonqar… Çonqar…
B a ş k o m a n d a n. Mənimlə Sevastopola gedəcək! (Mühafizəçi kazakların müşayiətilə tələsik gedir.)
A f r i k a n. İlahi! İlahi! (Gərargahdakılara xeyir-dua verib tələsik gedir.)
D e B r i z a r(qərargahdakılarla gedə-gedə). Təqsirkaram!.. «Qrafinya, bir görüşün xatirinə…)
Q ə r a r g a h d a k ı l a r. Sevastopola, qraf, Sevastopola…
D e B r i z a r. Təqsirkaram!.. Təqsirkaram!.. (Gedir.)
X l u d o v (zərfi açır. Oxuyub dişini qıcardır. Qolovana.) Təyyarəçiləri Karpov qobusuna general Barboviçin yanına göndər. Əmr – düşməndən aralanıb cəld Yaltaya gedərək gəmilərə minmək!
Qərargahda pıçıltı gəzir: «Amin, amin…» Sonra dərin sükut çökür.
General Kutepova – Sevastopola gedib gəmilərə minmək. Fostikova – kubanlılarla Feodosiyaya. Kalininə – donlularla Kerçə. Çarnotaya – Sevastopola! Hamı gəmilərə! Hərargah dərhal yığışıb Sevastopola köçsün! Krım təhvil verilib!
Q o l o v a n (tələsik çıxaraq). Təyyarəçiləri! Təyyarəçiləri!
Qərargahdakılar yavaş-yavaş gedirlər. Xəritələr yığışdırılır, telefonlar yoxa çıxır.
Qatarın gurultuyla getdiyi eşidilir. Vurnuxurlar, əvvəlki nizam-intizam artıq yoxdur. Bu vaxt Çarnotanın çıxdığı qapı taybatay açılır və yapıncı geyinmiş Serafima görünür. Serafimanın arxasınca onu saxlamağa çalışan Qolubkov və Krapilin gəlir.
Q o l u b k o v. Serafima Vladimirovna, özünüzə gəlin, bura olmaz! (Təəccüblənən qərargahdakılara.) Qadın yatalağa tutulub!..
K r a p i l i n. Elədir ki, var, yatalaqdı.
S e r a f i m a (ucadan). Roman Xludov kimdir?
Bu yersiz sualdan sonra sükut çökür.
X l u d o v. Eybi yox, buraxın gəlsin. Xludov mənəm.
Q o l u b k o v. Ona qulaq asmayın, o xəstədi!
S e r a f i m a. Peterburqdan qaçırıq, elə hey qaçırıq… Hara? Roman Xludova sığınmağa! Hamının dilində Xludovdu, Xludov, Xludov… Hətta yuxuda da Xludovu görürük! (Gülümsəyir.) Axır ki, görmək qismət oldu: kətildə oturub, hər tərəfdən də torbalar asılıb. Torbalar, torbalar!.. Vəhşi! Çaqqal!
Q o l u b k o v (ümidsiz halda). O yatalaqdı! O sayıqlayır!.. Biz eşalondanıq!
Xludov zəngi çalır, divardan Tixiy və Qurin çıxır.
S e r a f i m a. Gördünüz! Onlar gəlib sizin axırınıza çıxacaqlar!
Qərargahdakılar arasında pıçıltı gəzir: « A-a… kommunistdi!»
Q o l u b k o v. Nə danışırsınız! Nə danışırsınız! O, nazir müavininin arvadı Korzuxinadı! Nə danışdığını özü də bilmir!
X l u d o v. Belə yaxşıdı, çünki ölçüb-biçib danışanda, doğru-düzgün bircə söz də eşitməzsən.
Q o l u b ko v. O Korzuxinadı!
X l u d o v. Dayan, dayan! Korzuxina? Xəz mal? Bu yaramazın hələ arvadı da kommunistdi? Xoşbəxt təsadüf! Mən indi onunla haqq-hesab çürüdərəm! Əgər getməyə macal tapmayıbsa, onu yanıma gətir!
Tixiy Qurinə işarə eləyir və Qurin gedir.
T i x i y (yumşaq tərzdə Serafimaya). Adınız, atanızın adı?
Q o l u b k o v. Serafima Vladimirovna… Serafima…
Qurin Korzuxini gətirir. O ağappaq ağarıb, fəlakət baş verdiyini hiss eləyir.
Paramon İliç Korzuxin sizsiniz?
K o r z u x i n. Bəli, mənəm.
Q o l u b k o v. Allaha şükür qarşılaşdıq! Nəhayət ki!
T i x i y (mehribanlıqla Korzuxinə). Həyat yoldaşınız Serafima Vladimirovna Peterburqdan yanınıza gəlib.
K o r z u x i n (Tixinin və Xludovun gözünün içinə baxıb, burda bir kələk olduğunu hiss eləyir). Serafima Vladimirovna adlı adam tanımıram, bu qadını ilk dəfədi görürəm, Peterburqdan heç kimi gözləmirəm, bu yalandı.
S e r a f i m a (tutquq nəzərlərlə Korzuxinə baxır). Aha, dandın! Ay, mundar!
K o r z u x i n. Bu, şantacdı!
Q o l u b k o v (ümidsiz halda). Paramon İliç, siz nə edirsiniz?! Ola bilməz!
X l u d o v. Səmimi adamdı, hə? Bəxtiniz gətirdi, cənab Korzuxin! Xəz mal! İtil!
Korzuxin gedir.
Q o l u b k o v. Yalvarıram, bizi sorğu-sual edin! Onun arvadı olduğunu mən sübut edərəm!
X l u d o v (Tixiyə). Aparıb ikisini də dindirin!
T i x i y (Qurinə). Sevastopola götür.
Qurin Serafimanın qolundan tutur.
Q o l u b k o v. Siz ki mədəni adamlarsınız!.. Mən sübut edərəm!..
S e r a f i m a. Yolda yalnız bir insan adama rast gəldim… Ax, Krapilin, sən ki, sözün düzünü deyənsən, bəs niyə müdafiə etmirsən?
Serafima və Qolubkovu aparırlar.
K r a p i l i n (Xludovun qarşısında dayanır). Elədir ki, var. Kitablarda yazıldığı kimi: çaqqal! Təkcə asmaqla müharibəni udmaq olmaz! Yırtıcı, vəhşi, nəyə görə Perekopda əsgərləri doğradın? Bir insan, qadın çıxdı qarşına. Asılan adamlara vur-tut yazığı gəldi... Ancaq sənin gözündən heç nə yayınmaz, heç nə yayınmaz! Adamı tutdunmu, salırsan torbaya! Cəmdəklə qidalanırsan.
T i x i y. Zati-aliləri, icazə verin onu aparaq?
X l u d o v. Yox. Onun sözlərində müharibə haqqında ağıllı fikirlər var. Danış, əsgər, danış.
T i x i y ( kimisə barmağıyla çağırır və əks-kəşfiyyat şöbəsinin qapısından iki əks-kəşfiyyatçı çıxır. Pıçıtıyla.) Lövhəni gətir.
Əlində bir parça faner Üçüncü əks-kəşfiyyatçı görünür.
X l u d o v. Sənin familiyan nədi, əsgər.
K r a p i l i n (özündən lap çıxır). Familiya nəyinə lazımdı? Mənim familiyam məşhur deyil – çapar Krapilin! Ancaq sən, çaqqal, azğın vəhşi, qanovlarda çürüyəcəksən! Bircə öz kətilində oturub gözlə! (Gülümsəyir.) Ancaq yox, yox, Konstantinopola qaçacaqsan! Sən yalnız qadınları, çilingərləri asmağın qoçağısan!
X l u d o v. Səhv eləyirsən, əsgər, mən Çonqara musiqiylə getmişəm, Qatda iki dəfə yaralanmışam.
K r a p i l i n. Bütün quberniya sənin musiqinə tüpürür! ( Birdən diksinib ayılır, diz çökərək yazıq-yazıq deyir.) Zati-aliləri, Krapilinə rəhminiz gəlsin! Ağlım başımda deyil!
X l u d o v. Yox! Pis əsgər! Sən yaxşı başlamışdın, ancaq pis qurtardın. Ayaq altda sürünürsən? Onu asın! Ona baxa bilmirəm!
Əks-kəşfiyyatçılar bir anda onun başına torba keçirib aparırlar.
Q o l o v a n (gəlir). Zati-alilərinin əmri yerinə yetirildi. Təyyarəçilər uçdular.
X l u d o v. Gənablar, hamı qatara minsin. Yasovul, mənə mühafizəçilər ayır, bir də vaqon hazırla!
Hamı gedir.
(Təkdi, telefonun dəstəyini götürüb deyir.) Danışan cəbhə komandiridir. «Zabit» zirehli qatarına çatdırın ki, bacardığı qədər cəbhə xəttinə yaxınlaşıb atəş açsın! Taqanaşı topa tutsun! Gethagetdə qoy torpağın altını üstünə çevirsin! Sonra özünə yol açıb Sevastopola getsin! (Dəstəyi yerinə qoyur, kətildə büzüşüb oturur.)
Uzaqdan zirehli qatarın gurultusu eşidilir.
Xəstəliyim nədir? Mən xəstəyəm?
Zirehli qatardan yaylım atəşi açılır. Atəş o qədər güclüdü ki, az qala səsi eşidilmir, ancaq stansiyanın zalında elektrik işığı bir anlığa sönür və donmuş pəncərə şüşələri qopub tökülür. İndi perronun önü açılır. Mavi elektrik fənərləri görünür. Birinci fənərin dəmir dirəyindən uzun qara torba asılıb, onun altında fanerə kömürlə yazılıb: «Çapar Krapilin – bolşevik».
İkinci dirəkdən başqa torba asılıb, sonra heç nə görünmür.
(Yarıqaranlıqda tək dayanıb asılmış Krapilinə baxır.) Mən xəstəyəm, mən xəstəyəm. Ancaq bilmirəm xəstəliyim nədi.
Yarıqaranlıqda həyəcanlanmış Olqa görünür. Keçə çəkmələrini yerlə sürüyür.
S t a n s i y a R ə i s i (yarıqaranlıqda axtarır və yuxulu-yuxulu mızıldayır). Səfeh, səfeh Nikolayevna… Olqa. Olqa hanı? Oleçka, Olya, axmaq, axı qızı neylədin? (Olyanın əlindən tutur.) Gəl, gəl atanın qucağına… Ancaq ora baxma… (Nəzərə çarpmadığına görə xoşbəxtdi, qaranlıqda yox olur və ikinci yuxu sona çatır.)

Birinci şəklin sonu



İkinci şəkil
Üçüncü yuxu

…Yuxuda iynə közərir…

Həzin bir işıq. Payız toranlığı. Sevastopolə əks-kəşfiyyatının kabineti. Bir pəncərə, yazı stolu, divan. Küncdəki balaca stolun üstünəqəzetlər qalaqlanıb. Şkaf. Qapı və pəncərə pərdələri. Tixiy mülkü paltarda yazı stolunun arxasında oturub. Qapı açılır və Qurin Qolubkovu içəri ötürür.
Q u r i n. Bura… (Yoxa çıxır.)
T i x i y. Buyurun, əyləşin.
Q o l u b k o v (əynində palto var, şlyapasını əlində tutub). Minnətdaram. (Oturur.)
T i x i y. Siz, məncə, ziyalısınız?
Qolubkov çəkinə-çəkinə öskürür.
Mən əminəm ki, bizə, eləcə də komandanlığa həqiqəti bilməyin nə qədər vacib olduğunu başa düşürsünüz. Qırmızılar əks-kəşfiyyat haqqında iyrənc şaiyələr yayırlar. Əslində isə bu idarə dövləti bolşeviklərdən qorumaq üçün çətin, həm də tamamilə qüsursuz iş görür. Siz bununla razısınız?
Q o l u b k o v. Bilirsiniz, mən…
T i x i y. Siz məndən qorxursunuz?
Q o l u b k o v. Bəli.
T i x i y. Axı niyə? Məgər bura, Sevastopola gətirənə kimi sizə nəsə bir pislik eləyiblər?
Q o l u b k o v. Yox, yox, belə bir şey deyə bilmərəm!
T i x i y. Buyurun, çəkin. (Papiros təklif edir.)
Q o l u b k o v. Minnətdaram, mən çəkən deyiləm. Yalvarıram, deyin, ona nə olub?
T i x i y. Sizi kim maraqlandırır?
Q o l u b k o v. O… Serafima Vladimirovna, mənimlə bir yerdə həbs olunan. And içirəm ki, bu mənasız bir əhvalatdı. Onun tutması olmuşdu, o, ağır xəstədi!
T i x i y. Həyəcanlanırsınız, sakit olun. Onun haqqında bir az sonra danışacağam.
Sükut.
Özünüzü privat dosent göstərməyiniz kifayətdir! Bu komediya məni bezdirdi! Əclaf! Kimin qarşısında oturubsan? Ayağa qalx! Farağat!
Q o l u b k o v (ayağa qalxır). İlahi!
T i x i y. Bura bax, sənin əsl familiyan nədir?
Q o l u b k o v. Mən mat qalmışam… mənim əsl familiyam Qolubkovdu!
T i x i y (tapançasını çıxarıb Qolubkovu nişan alır. O, əlləriylə üzünü qapayır). Başa düşürsənmi ki, mənim əlimdəsən? Heç kim sənin köməyinə çatmayacaq! Başa düşdün?
Q o l u b k o v. Başa düşdüm.
T i x i y. Deməli, şərt kəsirik: ancaq əsl həqiqəti danışacaqsan. Bura bax. Əgər yalan danışsan, bu iynəni elektrik cərəyanına qoşub ( iynəni elektrik cərəyanına qoşur, iynə qızıb közərməyə başlayır), sənə toxunduracağam. (İynəni elektrik cərəyanından ayırır.)
Q o l u b k o v. And içirəm ki, həqiqətən…
T i x i y. Sus! Ancaq suallara cavab ver. (Tapançanı gizlədir, qələm götürüb həvəssiz-həvəssiz deyir.) Xahiş eləyirəm, oturun. Adınız, atanızın adı, familiyanız?
Q o l u b k o v. Sergey Pavloviç Qolubkov.
T i x i y (həvəssiz-həvəssiz yazır). Daimi yaşayış yeriniz?
Q o l u b k o v. Petroqrad.
T i x i y. Sovet Rusiyasından ağların mövqeyinə nə məqsədlə gəlibsiniz?
Q o l u b k o v. Mən çoxdan Krıma can atırdım, çünki Petroqrada həyat şəraiti elədir ki, işləyə bilmirəm. Qatarda isə Serafima Vladimirovna ilə tanış oldum, o da bura gəlirdi, birlikdə ağların yanına gəldik.
T i x i y. Özünü Serafima Korzuxina adlandıran şəxslə niyə ağların yanına gəldin?
Q o l u b k o v. Mən qəti.. mən bilirəm ki, o həqiqətən Serafima Korzuxinadı!
T i x i y. Sizin yanınızda, stansiyada Korzuxin bunun yalan olduğunu dedi.
Q o l u b k o v. And içirəm ki, yalan deyirdi!
T i x i y. Niyə yalan deməliydi ki?
Q o l u b k o v. O qorxdu, anladı ki, onu nəsə bir təhlükə gözləyir.
Tixiy qələmi yerə qoyub, əlini iynəyə uzadır.
Siz nə edirsiniz? Mən doğru deyirəm!
T i x i y. Sizin əsəbləriniz pozulub, cənab Qolubkov. Gördüyünüz kimi sizin ifadənizi yazmaqdan başqa heç nə etmirəm. Çoxdan kommunist partiyasının üzvüdü?
Q o l u b k o v. Bu mümkün deyil!
T i x i y. Belə. (Qolubkova tərəf bir vərəq kağız itələyir, qələm verir.) İndi verdiyiniz ifadənin hamısını yazın, mən diqtə eləyərəm, belə sizin üçün rahat olar. Xəbərdarlıq eləyirəm, əgər dayansanız iynəni sizə toxunduracağam. Dayanmasanız, heç nədən qorxmayın, sizi heç nə təhdid etmir. (Közərən iynə kağızı işıqlandırır, diqtə eləyir.) «Mən aşağıda imza edən…
Qolubkov deyilənləri yazmağa başlayır.
… Qolubkov Sergey Pavloviç 31 oktyabr 1920-ci ildə cəbhə komandanının qərargahında əks-kəşfiyyat şöbəsindəki istintaqda ifadə verdim iki nöqtə Paramon İliç Korzuxinanın arvadı…» - dayanmayın! – «… kommunist partiyasının üzvü olan Serafima Vladimirovna Korzuxina Petroqrad şəhərindən Cənubi Rusiyanın silahlı qüvvələri tərəfindən tutulan rayona kommunist təbliğatı aparmaq və Sevastopol şəhərində gizli fəaliyyət göstərənlərlə əlaqə yaratmaq üçün gəlib nöqtə. Privat dosent… imza». (Qolubkovun qarşısından vərəqi götürür, iynəni cərəyandan ayırır.) Cənab Qolubkov, səmimi qəlbdən ifadə verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin günahkar olmadığınıza tamamilə əminəm. Əgər sizinlə hərdən bir qədər sərt danışmışamsa, məni bağışlayın. Siz azadsınız. (Zəngi çalır.)
Q u r i n (gəlir). Mən!
T i x i y. Həbs olunan bu şəxsi küçəyə çıxarıb buraxın, o azaddı.
Q u r i n (Qolubkova). Gedək.
Qolubkov şlyapasını unudub Qurinlə birlikdə çıxır.
T i x i y. Poruçik Skunski!
Skunski gəlir. Çox pərtdi.
T i x i y (stolüstü lampanı yandırır). Sənədə qiymət qoyun! Canını qurtarmaq üçün Korzuxin neçə verər?
S k u n s k i. Burda gəmiyə qalxan pilləkənin yanında? On min dollar. Konstantinopolda az. Korzuxinanın etirafını almağı məsləhət görürəm.
T i x i y. Hə. Hər hansı bir bahənəylə Korzuxinin gəmiyə minməsini yarım saat ləngidin.
S k u n s k i. Mənim payım?
Tixiy barmağıyla göstərir – iki.
İndi agenturanı göndərərəm. Korzuxina məsələsini tez həll edin. Gecdi, artıq süvari dəstə gəmiyə minməyə gedir. (Gedir.)
Tixiy zəngi çalır. Qurin gəlir.
T i x i y. Həbs olunan Korzuxinanı gətirin. Huşu özündədi?
Q u r i n. İndi elə bil yaxşıdı.
T i x i y. Gətirin.
Qurin çıxır, bir az sonra Serafimanı gətirir. Serafimanın hərarəti var. Qurin gedir.
Siz xəstəsiniz? Sizi çox saxlamayacağam, divanda oturun, oraya, oraya.
Serafima divanda oturur.
Təbliğat üçün gəldiyinizi boynunuza alın, mən sizi azad edərəm.
S e r a f i m a. Nə?.. A?.. Nə təbliğat? İlahi, mən nə üçün bura gəldim?
Vals çalınır, get-gedə yaxınlaşır, onunla birlikdə at ayaqlarının tappıltısı eşidilir.
Niyə vals çalınır?
T i x i y. Çarnotanın süvari dəstəsi limana gedir, söhbətdən uzaqlaşmayın. Sizin yoldaşınız Qolubkov ifadəsində göstərdi ki, bura təbliğat üçün gəlibsiniz.
S e r a f i m a (divanda uzanıb ağır-ağır nəfəs alır). Hamınız otaqdan çıxın, yatmağıma mane olmayın…
T i x i y. Yox. Oxuyun. (Qolubkovun yazdığını Serafimaya göstərir.)
S e r a f i m a (gözlərini qıyıb oxuyur). Peterburq… lampa… o dəli olub… (Birdən sənədi götürüb əzir, pəncərəyə sarı qaçaraq dirsəyilə şüşəni sındırıb qışqırır.) Kömək edin! Kömək edin! Burda cinayət baş verir! Çarnota! Köməyə gəlin!
T i x i y. Qurin!
Qurin qaçıb gələrək Serafimanı tutur.
Sənədi əlindən al! Lənətə gəlsin!
Vals kəsilir. Pəncərədə papaqlı bir baş gözə dəyir. Səs: «Burada nə baş verir?» Səslər eşidilir, qapı çırpılır, hay-küy qalxır. Qapı açılır, yapıncılı Çarnota, onun arxasınca da iki yapıncılı adam görünür. Sukinski qaçıb gəlir. Qurin Serafimanı buraxır.
S e r a f i m a. Çarnota! Sizsiniz? Çarnota! Yardım edin! Görün onlar mənim başıma nə oyun açırlar! Görün onu nələr yazmağa məcbur eləyiblər!
Çarnota sənədi alır.
T i x i y. Xahiş edirəm əks-kəşfiyyatın otağını dərhal tərk edəsiniz!
Ç a r n o t a. Yox, necə yəni tərk edim? Bu qadından nə istəyirsiniz?
T i x i y. Poruçik Skunski, qarovulu çağırın!
Ç a r n o t a. Qarovulu mən sizə göstərərəm! (Tapançasını çıxarır.) Bu qadından nə istəyirsiniz?
T i x i y. Poruçik Skunski, işığı söndürün!
İşıq keçir.
(Qaranlıqda.) Bu sizə baha başa gələcək, general Çarnota!
Qaranlıq çökür. Yuxu sonna çatır.

Dördüncü yuxu

… Və müxtəlif tayfadan olan xeyli adam
da onlarla getdi…

Alaqaranlıq. Sevastopolda sarayda bir kabinet. Kabinetin qəribə görünüşü var: pəncərənin bir pərdəsi yarıya qədər cırılıb, divarın iri hərbi xəritə asılan yerində kvadratşəkilli ağ ləkədi. Döşəmədəki taxta yeşiyin içində, deyəsən, kağızlardı. Buxarı yanır. Başı sarğılı De Brizar buxarının böyründə oturub. Baş komandan daxil olur.
B a ş k o m a n d a n. Başınız necədi?
D e B r i z a r. Ağrımır, zati-aliləri. Həkim piramidon verdi.
B a ş k o m a n d a n. Piramidon? (Fikri dağınıqdı.) Sizcə mən Makedoniyalı İsgəndərə oxşayıram?
D e B r i z a r (təəccüblənmədən). Zati-aliləri, təəssüflər olsun ki, mən çoxdandı əlahəzrətin portretini görməmişəm.
B a ş k o m a n d a n. Kimin haqqında danışırsınız?
D e B r i z a r. Makedoniyalı İsgəndər haqqında, zati-aliləri.
B a ş k o m a n d a n. Əlahəzrət?.. Hm… Bilirsiniz, polkovnik, sizə istirahət lazımdı. Sizə sarayda sığınacaq verdiyimə görə çox şadam, siz vətən qarşısında borcunuzu vicdanla yerinə yetiribsiniz. İndisə gedin, vaxtdı.
D e B r i z a r. Hara getməyimi əmr edirsiniz, zati-aliləri?
B a ş k o m a n d a n. Gəmiyə. Mən xaricdə qayğınıza qalaram.
D e B r i z a r. Oldu. Qırmızılar üzərində qələbə qazanılanda, Kremldə əlahəzrətin qarşısında ilk olaraq farağat durmaqdan məmnunluq duyacağam!
B a ş k o m a n d a n. Polkovnik, məsələni belə kəskin qoymaq düzgün deyil. Siz çox ifrata varırsınız. Sizə təşəkkür edirəm, gedin.
D e B r i z a r. Oldu, zati-aliləri. (Çıxışa doğru gedəndə dayanıb dodağının altında oxuyur.) «Qrafinya, bir görüşün xatirinə…» (Gözdən itir.)
B a ş k o m a n d a n (onun arxasınca qapıya tərəf deyir). Görüşə gələnlərdən kim qalıbsa, üç dəqiqədən bir dalbadal yanıma buraxın. Bacardığım qədər qəbul edəcəyəm. Kazakı göndərin polkovnik De Brizarı gəmiyə mənim yanıma ötürsün! Gəmiyə həkimə yazın ki, piramidon dərman deyil! O ki açıq-aydın qeyri-normaldı! (Buxarının yanına qayıdıb fikrə gedir.) Makedoniyalı İsgəndər… Yaramaz!
Korzuxin daxil olur.
Sizə nə lazımdı?
K o r z u x i n. Nazir müavini Korzuxin.
B a ş Ko m a n d a n. Aha! Vaxtında gəlibsiniz! Bu hərcmərcliyə baxmayaraq sizi yanıma çağırmaq istəyirdim. Cənab Korzuxin, mən Makedoniyalı İsgəndərə oxşayıram?
Korzuxin mat qalıb.
Ciddi soruşuram, oxşayıram? (Buxarının üstündən qəzeti götürüb, az qala Korzuxinin gözünə soxur.) Bu qəzetin redaktoru sizsiniz? Deməli burda çap olunanlara siz cavabdehsiniz? Məgər bu sizin imzanız deyil – redaktor Korzuxin? (Oxuyur.) «Baş komandan Makedoniyalı İsgəndər kimi perronda gəzişir…» Bu murdar hoqqabazlıq nə deməkdi? Makedoniyalı İsgəndərin dövründə perron olub? Mən də oxşayıram? Sonra! (Oxuyur.) «Onun şən çöhrəsinə baxanda ən xırda şübhə qurdu belə dağılır…» Qurd nə buluddu, nə də batalyon, o dağıla bilməz! Bəs mən şənəm? Mən çox şənəm? Cənab Korzuxin, bu savadsız söz yığınını hardan tapmısınız? Fəlakətə iki gün qalmış bu biabırçılığı çap etməyə siz necə cəsarət etmisiniz? Konstantinopolda məhkəməyə verəcəyəm! Başın ağrıyırsa, piramidon iç!
Qonşu otaqda telefon bərk cingildəyir. Baş komandan qapını çırpıb çıxır.
K o r z u x i n (dərindən nəfəs alır). Sizə bu da azdı, Paramon İliç! Axı mənim bu sarayda nə itim azmışdı? Bir dəlidən o birisinə şikayət etmək üçün? Serafima Vladimirovnanı tutublar, mən neyləyə bilərəm ki? Öləcək, di allah rəhmət eləsin! Ondan ötrü özümü qurban verməliyəm? Nəzakətsiz Makedoniyalı İsgəndər!.. Məhkəməyə verəcək? Bağışlayacaqsınız, Paris Sevastopol deyil! Parisə! Görüm hamınızı lənətə gələsiniz! (Qapıya doğru yönəlir.)
A f r i k a n (daxil olur). Amin. Cənab Korzuxin, nələr baş verir, hə?
K o r z u x i n. Bəli, bəli, bəli… (Sivişib gedir.)
A f r i k a n (yeşiklərə baxır). Vay-vay-vay! İlahi, ilahi! Və uşaqlardan başqa altı yüz israil övladı Raamsesdən Sokxofa yola düşdü… Ax, ax… Və müxtəlif tayfadan olan xeyli adam da onlarla getdi…
Xludov tələsik gəlir.
Sizsiniz, zati-aliləri? Cənab Korzuxin indicə burda idi, qəribədi…
X l u d o v. Mənim üçün qərargaha Bibliyanı siz hədiyyə göndərmişdiniz?
A f r i k a n. Əlbəttə, əlbəttə…
X l u d o v. Yadımdadı, gecə kupedə darıxanda oxudum. «Sən üfürdün və dəniz onları örtdü… Onlar böyük sularda qurğuşun kimi batdılar…» Kimin haqqında deyilib? Hə? «Qovub çataram, qəniməti bölərəm, könlüm-gözüm doyar, qılıncımı siyırıb onları biçərəm…» Necədi, yaddaşım yaxşıdı? O isə şər atır, guya başım xarab olub! Siz burda nə axtarırsınız?
A f r i k a n. Axtarıram! Roman Valeryanoviç! Mən Baş komandanı gözləyirəm…
X l u d o v. Gözləyən görər. Bu sizin Bibliyanın üslubundadır. Bilirsiniz siz burda nəyi görəcəksiniz?
A f r i k a n. Nəyi?
X l u d o v. Qırmızıları.
A f r i k a n. Belə tezliklə?
X l u d o v. Hər şey ola bilər, biz burda oturub Müqəddəs kitabı yada salırıq, bu vaxt isə, təsəvvür edin, süvari qoşun şimaldan Sevastopola yaxınlaşır… (Afrikanı pəncərəyə sarı aparır.) Baxın…
A f r i k a n. Qızarır! İlahi!
X l u d o v. Özüdür ki, var. Tez gəmiyə gedin, müqəddəs ata, gəmiyə!
Afrikan tez-tez xaç çəkib gedir.
Rədd oldu!
B a ş k o m a n d a n (gəlir). Allaha şükür! Səbirsizliklə sizi gözləyirdim. Nədi, hamı çıxa bildi?
X l u d o v. Yolda süvari dəstəni bir xeyli didişdirdilər. Ancaq hesab etmək olar ki, çıxa bildilər. Mən isə rahat gəldim. Kupedə bir küncə sığındım, nə mən kiminsə xətrinə dəydim, nə kimsə mənim. Ümumiyyətlə, mətbəxdə olduğu kimi alaqaranlıqdı, zati-aliləri.
B a ş k o m a n d a n. Başa düşmürəm, siz nə danışırsınız?
X l u d o v. Uşaqlıq xatirəsidi. Bir dəfə alaqaranlıqda mətbəxə girmişdim, pilətənin üstündə tarakanlar var idi. Kibriti çəkən kimi qaçdılar. Kibrit birdən söndü. Eşidirəm ki, xışıltıları gəlir… Bizdə də elədi – zülmət, bir də xışıltı. Fikirləşirəm: hara qaçırlar? Tarakanlar kimi mətbəx stolundan tıppıltıynan vedrəyə.
B a ş k o m a n d a n. General, böyük strateci istedadınızla Krım üçün etdiyiniz hər şeyə görə sizə öz təşəkkürümü bildirirəm, gedə bilərsiniz. İndi elə mən də mehmanxanaya köçürəm.
X l u d o v. Suya yaxın?
B a ş k o m a n d a n. Əgər yenə həddinizi aşsanız, sizi həbs edərəm.
X l u d o v. Hiss eləyirdim. Mənim mühafizəm vestibüldədi. Böyük qalmaqal baş verər, məni hamı tanıyır.
B a ş k o m a n d a n. Yox, xəstəliyin buna dəxli yoxdu. Düz bir ildi murdar hoqqabazlıqla mənə olan nifrətinizi ört-basdır edirsiniz.
X l u d o v. Gizlətmirəm, nifrət edirəm…
B a ş k o m a n d a n. Paxıllıq? Hakimiyyət xiffəti?
X l u d o v. Yox, yox. Məni bu işlərə cəlb etdiyinizə görə nifrət edirəm. Vəd olunan müttəfiq qoşunları hanı? Rus imperiyası hanı? Gücsüz olduğunuz halda niyə onlarla mübarizəyə girişdiniz? Başa düşürsünüzmü, nə eləsə də heç nə alınmayacağını bilən adam necə nifrət eləyə bilər? Mənim xəstəliyimin səbəbkarı sizsiniz! (Sakitləşir.) Amma indi bunun vaxtı deyil, ikimiz də heçsizliyə gömülürük.
B a ş k o m a n d a n. Məsləhət görürəm ki, sarayda qalasınız, heçsizliyə gömülməyiniz üçün ən yaxşı yol budu.
X l u d o v. Pis fikir deyil. Ancaq bu haqda hələ necə lazımsa düşünməmişəm.
B a ş k o m a n d a n. Gedə bilərsiniz, general.
X l u d o v. Sadiq nökərinizi qovursunuz? «Fasiləsiz döyüşlərdə hətta qan su kimi axdı…»
B a ş k o m a n d a n (əlini stula çırpır). Təlxək!
X l u d o v. Makedoniyalı İsgəndər qəhrəmandı, ancaq stulu qırmaq nəyə lazım?
B a ş k o m a n d a n («Makedoniyalı İsgəndər» sözündən qəzəblənir). Əgər bir kəlmə də danışsanız!.. Əgər siz…
M ü h a f i z ə ç i (birdən peyda olur). Zati-aliləri, süvari qoşun məktəbi Simferopoldan gəlib çatdı. Hər şey hazırdı!
B a ş k o m a n d a n. Hə? Gedək! (Xludova.) Biz hələ görüşəcəyik! (Çıxır.)
X l u d o v (təkdi, buxarının böyründə arxası qapıya tərəf oturur). Heç kəs yoxdur, ona görə də çox yaxşıdır. (Birdən həyəcanlanıb durur, qapını açır, çilçıraqların qara kiseyi torbalara salındığı iç-içə açılan kimsəsiz otaqlar görünür.) Ey, burda kim var? Heç kim yoxdu. (Oturur.) Bəlkə qalım? Yox, bu mənim məsələmi həll etmir. (Dönüb kiməsə deyir.) Sən gedəcəksən, ya yox? Axı bu cəfəngiyyatdı! Dünən oxla dumanı deşdiyim kimi sənin içindən keçib gedə bilərəm. (Elə bil nəyinsə içindən keçir.) Bax səni basıb əzdim. (Oturub susur.)
Qapı sakitcə açılır və Qolubkov daxil olur. Əynində palto var, şlyapasızdı.
Q o l u b k o v. Allah xatirinə, icazə verin bir dəqiqəliyə gəlim!
X l u d o v (çönüb baxmadan). Buyurun, buyurun, gəlin.
Q o l u b k o v. Son dərəcə ədəbsizlik etdiyimi bilirəm, ancaq söz veriblər ki, məni məhz sizin yanınıza buraxacaqlar. Ancaq hamı dağılışdı, mən də içəri girdim.
X l u d o v (çönüb baxmadan). Məndən nə istəyirsiniz?
Q o l u b k o v. Əlahəzrət, mən bura gəlməyə cəsarət etmişəm ki, əks-kəşfiyyatda baş verən dəhşətli cinayətlərdən xəbər verəm. Mən general Xludovun törətdiyi qəddar cinayətlərdən şikayətlənməyə gəlmişəm.
Xludov dönüb baxır.
(Xludovu tanıyıb daldalı çəkilir.) A-a…
X l u d o v. Maraqlıdı. Müsaidənizlə, axı siz sağsınız, ümid edirəm ki, sizi asmayıblar? Nədən narazısınız?
Sükut.
Xoş təəssürat oyadırsınız. Sizi haradasa görmüşəm. Lütfən, deyin, nədən narazısınız? Rica edirəm, özünüzü qorxaq göstərməyin. Danışmağa gəlibsiniz, di danışın.
Q o l u b k o v. Yaxşı. Srağagün stansiyada siz bir qadını həbs etdirdiniz…
X l u d o v. Hə, yadımdadı. Yadımdadı. Xatırladım. Sizi tanıdım. Müsaidənizlə, burda məndən kimə şikayət eləmək istəyirdiniz?
Q o l u b k o v. Baş komandana.
X l u d o v. Gecdi. O yoxdu. (Pəncərəni göstərir.)
Uzaqda işıqlar sayrışır, qızartı görünür.
Su dolu vedrə. O həmişəlik heçliyə gömüldü. Xludovdan şikayətlənməyə daha heç kim yoxdu. (Stola yaxınlaşır, telefonlardan birinin dəstəyini götürüb deyir.) Vestübüldü?.. Yasovul Qolovanı… Qulaq as, yasovul, mühafizəçi götürüb əks-kəşfiyyata get, orada mən həbs etdirdiyim qadın var… (Qolubkova.) Korzuxina?
Q o l u b k o v. Bəli, bəli, Serafima Vladimirovna!
X l u d o v (telefona). Serafima Vladimirovna Korzuxina. Əgər güllələnməyibsə, tez onu saraya yanıma gətir. (Dəstəyi qoyur.) Gözləyək.
Q o l u b k o v. Siz dediniz – əgər güllələnməyibsə? Əgər güllələnməyibsə?.. Onu güllələyiblər? Əgər bunu edibsinizsə… (Ağlayır.)
X l u d o v. Özünüzü kişi kimi aparın.
Q o l u b k o v. Ax, siz hələ istehza da edirsiniz! Yaxşı… O əgər sağ deyilsə, mən sizi öldürəcəyəm!
X l u d o v (həvəssiz). Nə etmək olar, bəlkə bu ən yaxşı çıxış yoludu. Ancaq yox, təəssüf ki, siz heç kimi öldürməyəcəksiniz. Susun.
Qolubkov oturub susur.
(Üzünü Qolubkovdan yana çevirib kiməsə deyir.) Əsgər, əgər sən mənim yol yoldaşım olubsansa, mənimlə danış. Məncə sənin cingiltili səsin var, ancaq danış, sükutun məni sıxır. Danışmırsansa, onda məndən əl çək. Sən bilirsən ki, mən böyük iradə sahibiyəm, ilk qarabasmadan təsir altına düşmərəm, belə şeydən sağalırlar. Anla ki, sən, sadəcə, təkərin altında qaldın, o da sümüklərini sındırdı. Arxamca sürünmək mənasızdı. Eşidirsənmi, mənim düz danışan sədaqətli çaparım?
Q o l u b k o v. Siz kiminlə danışırsınız?
X l u d o v. Hə? Kiminlə? İndi bilərik. (Əlini havada gəzdirir.) Heç kimlə, öz-özümlə danışıram. Hə. O sizin nəyinizdi, məşuqənizdi?
Q o l u b k o v. Yox-yox! Təsadüfən rastlaşmışıq, ancaq onu sevirəm. Ax, mən miskin divanəyəm! Niyə axı onu monastrda xəstə vəziyyətdə dilə tutdum ki, gəlib bu iblis cənginə keçsin… Ax, mən miskin adamam!
X l u d o v. Doğrudan da, niyə əl-ayağıma dolaşırdınız? Sizi nə çəkib bura gətirdi? İndi maşın sınandan sonra gəlib mənim verə bilməyəcəyim şeyi tələb edirsiniz. O yoxdu, olmayacaq da. Onu güllələyiblər.
Q o l u b k o v. Cani! Cani! Nə elədiyini bilməyən cani!
X l u d o v. İki tərəfdən üstümə düşüblər: biri diri, gülünc, o biri susqun çapar. Mənə nə olub? Elə bil ikiləşmişəm, sözlər də mənə zorla çatır, sanki qurğuşun kimi batdığım suyun içindən eşidirəm. Hər iki lənətə gəlmiş ayaqlarımdan sallanıb məni zülmətə çəkirlər, zəlmət də məni çağırır.
Q o l u b k o v. Aha, mən indi anladım! Sən dəlisən! İndi hər şeyi başa düşürəm! Çonqarın buzunu da, qara torbaları da, şaxtaları da! Fələk! Sən niyə mənə əzab verirsən? Axı mən niyə öz Serafimamı qoruya bilmədim? Bax budur, budur onun cahil qatili! Əgər ağlı çaşıbsa, daha ondan nə gözləyəsən!
X l u d o v. Al, qəribə adam! (Tapançanı Qolubkova tərəf atır.) Buyurun, atəş açın. (Boşluğa.) Di məndən əl çək. Bəlkə, heç olmasa, o atəş açdı.
Q o l u b k o v. Yox, sənə atəş aça bilmərəm, sən miskin, qorxunc, mundar adamsan!
X l u d o v. Bəsdirin, bu nə oyundu belə çıxarırsınız?
Uzaqdan addım səsləri eşidilir.
Dayanın, dayanın, gəlirlər! Bəlkə odur? İndi hər şeyi bilərik.
Qolovan daxil olur.
Güllələnib?
Q o l o v a n. Xeyr.
Q o l u b k o v. Sağdı? Sağdı? Bəs o hanı, hardadı?
X l u d o v. Sakit! (Qolovana.) Bəs niyə onu gətirmədiniz?
Qolovan əyri-əyri Qolubkova baxır.
Onun yanında deyin.
Q o l o v a n. Oldu. Bu gün gündüz saat dörddə general-mayor Çarnota əks-kəşfiyyatın otağına hücum çəkib, silahla hədələyərək həbs olunmuş Korzuxinanı aparıb.
Q o l u b k o v. Hara? Hara?
X l u d o v. Sakit. (Qolovana.) Hara?
Q o l o v a n. «Vityaz» gəmisinə. Saat beşdə «Vityaz» reydə çıxıb, beşdən sonra isə açıq dənizə.
X l u d o v. Kifayətdir. Sağ ol. Deməli sağdı. Sizin qadınınız Serafima sağdı.
Q o l u b k o v. Hə, hə, sağdı, sağdı…
X l u d o v. Yasovul, mühafizə dəstəsini, bayrağı götürüb «Svyatitel»ə minin, mən indi gəlirəm.
Q o l o v a n. Cəsarət edib bildirim ki…
X l u d o v. Mənim ağlım yerindədi, gələcəyəm, qorxmayın, gələcəyəm.
Q o l o v a n. Oldu. (Gedir.)
X l u d o v. Ola bilsin Konstantinopola gedir.
Q o l u b k o v (key kimi). Hə, hə, hə, Konstantinopola. Mən onsuz da sizdən əl çəkməyəcəyəm. İşıqlara baxın, limandakı işıqlardı, baxın. Məni də Konstantinopola aparın.
X l u d o v. Ah, lənət, lənət, lənət…
Q o l u b k o v. Xludov, tez gedək!
X l u d o v. Sus. (Mızıldayır.) Axır ki, birini razı saldım, indi səninlə rahat danışa bilərəm. (Boşluğa.) Sən nə istəyirsən? Qalmağımı istəyirsən? Yox, cavab vermir. Rəngi qaçır, geri çəkilir, qaranlığa qarışıb uzaqda dayandı.
Q o l u b k o v (darıxır). Xludov, sən xəstəsən! Xludov, sən sayaqlayırsan! Ondan əl çək! Biz tələsməliyik! Axı «Svyatitel» gedər, biz gecikərik!
X l u d o v. Lənət… lənət… Hansısa bir Serafima… Konstantinopola… Di gedək, gedək! (Tez çıxır.)
Qolubkov onun arxasınca gedir.
Zülmət. Yuxu sona çatır.

İkinci şəklin sonu


Üçüncü şəkil
Beşinci yuxu

…Yeniçəri yerişini itirir!…

Qəribə simfoniya. Türk havası oxunur, ona şarmankada çalınan «Ayrılıq», küçə alverçilərinin səsləri, tramvayların uğultusu qarışır. Qürub edən günəş birdən Konstantinopolu işıqlandırır. Uca minarələr, evlərin damları, üstünə fransız, ingilis və rus dillərində iri hərflərlə «Dayan! Konstantinopolda sensasiya! Tarakan yarışı!!! «Polisin icazəsiylə rus qumar oyunu» yazılmış karuselə oxşayan qeyri-adi bir tikili görünür.
Tikili müxtəlif ölkələrin bayraqları ilə bəzədilib. «Adi» və «Xüsusi» sözləri yazılmış kassa. Kassanın üstündə fransız və rus dillərində «Başlayır axşam saat beşdə» yazılıb. Böyürdə havadan asılan çəlləklərdəki qızılı dəfnə ağaclarının altında restoran. Restoranın üstündə yazılıb: «Rus delikatesi – çapaq balığı. Bir pay 50 piastr». Ondan yuxarıda faner parçasına tarakan şəkli çəkilib. Əynində frak olan tarakan əlində köpüklənən pivə parçı tutub. Altında qısaca yazılıb: «Pivə».
Tikilidən yuxarıda və arxada bürkülü dar küçə öz həyatını yaşayır: çarşablı türk qadınları, qırmızı fəsli türk kişiləri, ağ geyimli xarici dənizçilər, hərdən zənbillər şələlənmiş eşşəklər keçir. Hindqozu satılan dükanlar görünür. Köhnə hərbi paltarda ruslar gözə dəyir.
Limonad satanların gur səsləri eşidilir. Hardasa oğlan uşağı qışqırır: «Press dyu suar!
[ii]»
Çarnota əynində paqonsuz çərkəzi çuxa, istiyə baxmayaraq içkili və qanıqara halda qucağındakı xırdavat qutusuna yığdığı rezin şeytanlarla, atılıb-düşən cürbəcür oyuncaqlarla dalanın çıxışında alver edir.
Ç a r n o t a. Sınmır, qırılmır, ancaq mayallaq aşır! Öz mələk balalarınızı əyləndirmək üçün qırmızı komissar alın! Madam! Madam! Aşte pur votr anfan
[iii]!
T ü r k a n a s ı. Bunun fiatı nədir? Komben
[iv]?
Ç a r n o t a. Senkan piastr, madam, senkan!
[v]
T ü r k a n a s ı. Yox! Bu bahalıdır! (Keçib gedir.)
Ç a r n o t a. Madam! Qırx! Səni görüm lənətə gələsən! Sənin heç uşağın yoxdu! Qeen zi!.. Qeen zi!..
[vi] Hərəmxanaya get! İlahi, nə əclaf şəhərdi!
Konstantinopol Çarnotanın başı üzərində uğuldayır. Kimsə «Limon suyu! Limon suyu!», kimsə yoğun səslə «Qaymaq, qaymaq!» qışqırır. Bürküdü. Kassada qadın çöhrəsi görünür. Çarnota kassaya yaxınlaşır.
Marya Konstantinovna, ay Marya Konstantinovna!
K a s s a d a k ı q a d ı n. Sizə nə lazımdı, Qriqorii Lukyanoviç?
Ç a r n o t a. Bilirsiniz nə məsələdi… Olarmı bu gün borca Yeniçəriyə pul qoyum?
K a s s a d a k ı q a d ı n. Əfv edin, Qriqori Lukyanoviç, mənlik deyil.
Ç a r n o t a. Nədi, mən fırıldaqçıyam, Konstantinopol farmazonuyam, ya sizin tanımadığınız adamam? Sizinlə yanaşı öz ticarət obyekti olan generala yəqin ki, inanmaq olar.
K a s s a d a k ı q a d ı n. Elə olmağına elədi… Artur Arturoviçə özünüz deyin.
Ç a r n o t a. Artur Arturoviç!
A r t u r. (frakın yaxasını düymələyə-düymələyə pərdə arxasından çıxan kukla kimi karuseldə peyda olur). Nə məsələdi? Kimdi soruşan? Aha!.. Nəyə yardımçı ola bilərəm?
Ç a r n o t a. Bilirsiniz, sizdən xahiş eləmək istəyirdim ki…
A r t u r. Yox! (Gözdən itir.)
Ç a r n o t a. Bu nə ədəbsizlikdi! Sözümü deməmiş hara yoxa çıxdın?
A r t u r (qayıdır). Axı mən sizin nə deyəcəyinizi bilirəm.
Ç a r n o t a. Maraqlıdı, nə deyəsiydim?
A r t u r. Mənim sizə deyəcəyim daha maraqlıdı.
Ç a r n o t a. Maraqlıdı, nə deyəcəksiniz?
A r t u r. Heç kimə borca oynamaq olmaz! (Gözdən itir.)
Ç a r n o t a. Heyvanın biri heyvan!
İki fransız dənizçisi restoranda peyda olub qışqırırlar: «Un bosk! Un bosk!»
[vii]
K a s s a d a k ı q a d ı n. Üstünüzdə taxtabiti gəzir, Qriqori Lukyanoviç, öldürün.
Ç a r n o t a. Cəhənnəm olsun, vecimə də deyil. Qoy gəzsin, mənə mane olmur. Ay, şəhər!.. Nə qədər şəhərlər görmüşəm, ancaq beləsini… Hə, çox şəhərlər görmüşəm, gözəl şəhərlər!..
K a s s a d a k ı q a d ı n. Hansı şəhərləri görmüsünüz, Qriqori Lukyanoviç?
Ç a r n o t a. İlahi! Bəs Xarkov! Bəs Rastov! Bəs Kiyev! Eh, Kiyev gözəllər gözəlidi, Marya Konstantinovna! Dağda monastr bərq vurur, hələ Dnepr çayı, Dnepr çayı! Təmiz hava, işıq! Yaşıllıq, ot qoxuyur, dağların döşü, dərələr, Dnepr sahilindəki yarğanlar…! Kiyev ətrafındakı gözəl döyüş yadımdadı! İstiydi, günəş, isti, ancaq yandırmırdı, Marya Konstantinovna. Əlbəttə, bit də var idi… Bit – bax buna həşarat deyərlər!
K a s s a d a k ı q a d ı n. Uf, nə murdar şeylər danışırsınız, Qriqori Lukyanoviç!
Ç a r n o t a. Murdar niyə olur? Həşaratlardan baş çıxarmaq lazımdı. Bit həşaratların hərbçisidi, döyüşkəndi, taxtabiti isə tüfeylidi. Bit qoşun kimi sırayla, axınla gəlirlər, onda bilirsən ki, böyük döyüş olacaq! (Kədərlənir.) Artur!
Artur (frak geyinib). Niyə qışqırırsınız!
Ç a r n o t a. Sənə baxıb heyran oluram, Artur! Frak da geyinibsən. İnsan deyilsən, təbiətin möcüzəsisən, tarakanlar padşahısan. Bəxtin gətirir! Sizin millətin, ümumiyyətlə, bəxti üzdədi!
A r t u r. Yenə burda antisemitizm təbliğatı aparsanız, sizinlə söhbət etməyəcəyəm.
Ç a r n o t a. Sənə nə düşüb axı? Sən ki, deyirdin macarsan.
A r t u r. Dəxli yoxdu.
Ç a r n o t a. Deyirəm da, siz macarların bəxti gətirir! Bilirsiniz, Artur Arturoviç, mən öz müəssisəmi ləğv etmək istəyirəm. (Xırdavat qutusunu göstərir.)
A r t u r. Əlli.
Ç a r n o t a. Nə?
A r t u r. Piastr.
Ç a r n o t a. Nə danışırsan, məni məsxərəyə qoyursan? Mən dənəsini əllidən satıram.
A r t u r. Get sat da!
Ç a r n o t a. Qaniçənliyi davam elətdirmək fikrindəsiniz?
A r t u r. Mən sizi məcbur etmirəm.
Ç a r n o t a. Xoşbəxt adamsınız, Artur Arturoviç, Şimali Tavriyada əlimə keçməmisiniz!
A r t u r. Allaha şükür, bura Şimali Tavriya deyil!
Ç a r n o t a. Vəznəni götür. Gümüşdü.
A r t u r. Yeşiklə bir yerdə vəznəyə iki lirə yarım verirəm.
Ç a r n o t a. Götür! (Yeşik və vəznəni Artura verir.)
A r t u r. Buyurun. (Pulu Çarnotaya verir.)
Üç nəfər qolsuz köynəkdə, papaqlarında tovuz quşu lələyi, əllərində qarmon karuselə gəlirlər.
(Gözdən itir, sonra bir də boylanıb qışqırır.) Saat beşdə! Başlayırıq! Buyurun, cənablar!
Karuselin üzərinə üçrəngli rus bayrağı qaldırılır. Karuseldə marş çalınır. Kassaya hamıdan əvvəl Çarnota yönəlir.
Ç a r n o t a. Marya Konstantinovna, iki lirə yarım Yeniçəriyə qoyuram!
Camaat kassaya tərəf axışır. Bir dəstə italyan hərbi dəniz donanması əsgəri, arxalarınca ingilis matrosları, onlarla bir yerdə gələn gözəl fahişə və cürbəcür fırıldaqçılar kassaya tərəf soxulur. Aralarında zənci gözə dəyir. Marş guruldayır. Restoranda lakey qaçaraq pivə paylayır. Artur əynində frak, başında silindr karusel üzərində görünür. Marş kəsilir.
A r t u r. Cənablar, xanımlar! Yarış başlayır! Dünyanın heç bir yerində olmayan rus saray oyunu! Tarakan yarışı! Mərhum imperatriçanın Çarskoe Selodakı sevimli əyləncəsi!
İki polis – italyan və türk polisi gəlir.
Birinci qaçış! Qaçırlar: birinci nömrə – Qara Mirvari, ikinci nömrə – favorit Yeniçəri.
İ t a l y a n m a t r o s l a r ı (əl çalıb qışqırırlar). Evviva!
[viii]
İ n g i l i s m a t r o s l a r ı (fit çalıb qışqırırlar). Away! Away![ix]
Dəyirmi şlyapa qoymuş intendant paqonlu Şəxs həyəcanlı və tərli halda özünü içəri salır.
Ş ə x s. Gecikmişəm? Qaçdılar?
Səs: «Çatarsan!»
A r t u r. Üçüncü – Baba Yaqa! Dördüncü – Ağlama, bala! Alma qurdu!
Qışqırıqlar: «Urra!», «Ağlama, bala!», «İt is a swindle! İ tis a swindle!»
[x]
Altıncı – Xuliqan! Yeddinci – Düymə!
Fit səsləri. Qışqırıqlar: «A trap!», «A trap!»
[xi]
Ay beq yop pardon![xii] Heç bir fırıldaq yoxdu! Tarakanlar kağız minicilərlə açıq taxta üzərində qaçırlar! Tarakanlar bolşeviklərin əlindən zorla qaçıb qurtulmuş Kazan imperator universitetinin entomologiya professorunun nəzarəti altında möhürlənmiş yeşikdə yaşayırlar! Beləliklə, başlayırıq! (Yoxa çıxır.)
Oyunçular karuselə cumur. Daş hasarın üstünə uşaqlar dırmaşır. Karuseldə hay-küydy, sonra sükut çökür. Sonra qarmonda «Ay işıq saçır» çalınır; tarakanlar musiqi sədalaı altında qaçışır. Karuseldə kimsə var-gücüylə qışqırır: «Qaçdılar!» Dəcəl yunan oğlan uşağı hasarın üstündə oynaya-oynaya çığırır: «Qaçdılar, qaçdılar!» Karuseldə kimsə qışqırır: «Yeniçəri yerişini itirib!» Uğultu qopur.
Ç a r n o t a (kassanın yanında). Necə ki, yerişini itirib? Elə şey ola bilməz!!!
Karuseldə səs: «Ağlama, bala!» Başqa səs: «Qaç, qaç, qaç!»
Arturkanı öldürmək də azdı!
Kassadakı qadın narahat halda başını çölə çıxarır. Polislər narahat olub karuselə tərəf boylanırlar.
Ş ə x s (karuseldən çıxıb qaçır). Fırıldaq! Arturka Yeniçəriyə pivə içirdib!
Artur karuseldən yel kimi çıxır. Frakının ətəkləri qopub, silindri fətirə dönüb, yaxalığı yoxa çıxıb. Üz-gözü qandı. Oyunçular arxasınca düşüb.
A r t u r (bağırır). Marya Konstantinovna, polis çağırın.
Kassadakı qadın gözdən itir. Polislər fit çalır.
İ t a l y a n m a t r o s l a r (qışqırırlar). Ladro! Scroccone! Tqufatore!
[xiii]
G ö z ə l f a h i ş ə. Canni, Arturu vur! (Artura.) İngannatore![xiv]
İ n g i l i s m a t r o s l a r ı. Hir, hip, hurrah! Long live Pugovitza![xv]
G ö z ə l f a h i ş ə. Qardaşlar! Düymənin udması üçün kimsə Arturu satın alıb! Favoritin ayaqları əsir, əməllicə sərxoşdu! Nə vaxt görünüb ki, Yeniçəri yerişini itirə?!
A r t u r (ümidsiz halda). Siz haçansa kefli tarakan görmüsünüz? Polis! Polis! Köməyə gəlin!
G ö z ə l f a h i ş ə. Yalandı! Hamı Yeniçəriyə pul qoymuşdu! Vurun bu fırıldaqçını!
İ t a l y a n m a t r o s (Arturun boğazından yapışıb qışqırır). A, marmalia!
[xvi]
İ t a l y a n l a r (qışqırırlar). Canalia![xvii]
A r t u r (halsız halda). Öldürürlər…
İ n g i l i s b o s m a n (italyalıya). Stop! Keep bask!
[xviii] (italiyalıdan yapışır.)
Ş ə x s. Qulağının dibinə ilişdir!
G ö z ə l f a h i ş ə (ingilisə). Aha, demək tərəfini saxlayırsınız?!
İngilis italiyalını vurur, o yıxılır.
G ö z ə l f a h i ş ə. Qardaşlar, köməyə gəlin! Qardaşlar, ingilisləri vurun! İtalyalılar, köməyə gəlin!
İngilislərlə italyalılar əlbəyaxa olurlar. İtalyalılar bıçaq çıxarırlar. Bıçaqı görən adamların hərəsi bir yana qaçır. Yunan oğlan hasarın üstündə oynaya-oynaya qışqırır: «İngilisləri doğrayırlar!!!» İtalyan və türk polisləri əllərində tapança fit çala-çala döngədən çıxırlar.
Yuxu birdən dağılır. Zülmət çökür. Sakitlik olur və yeni yuxu başlayır.


Altıncı yuxu

… Ayrılıq, ay ayrılıq!..

Sərv ağacları bitmiş həyət və şüşəbəndli ikimərtəbə ev. Daş hasarın dibində hovuz, aramla su damcılayır. Darvaza qapısının ağzında daş skamya. Evdən yuxarıda kimsəsiz əyri-üyrü küçə. Günəş minarənin arxasında batır. Axşamqabağı ilk kölgələr düşür. Sakitlikdi.
Ç a r n o t a (həyətə girir). Lənətə gəlmiş Düymə! İntəhası, məsələ Düymədə deyil, məsələ ondadı ki, mən biryolluq batdım… O mənim canımı alacaq. Bəlkə qaçım? Ancaq Qriqori Lukyanoviç, mümküsə soruşaq, hara qaçacaqsınız? Bura sizin üçün Tavriya deyil, qaçmaq olmaz. Vay-vay-vay!
Şüşəbəndin qapısı açılır və Lyuska görünür. Səliqəsiz geyinib. Lyuska acdı, ona görə gözləri parıldayır, çöhrəsində isə ötüb-keçmiş gözəlliyin izləri sezilir.
L y u s k a. Salam, zati-aliləri! Boncur, madam Barabançikova!
Ç a r n o t a. Salam, Lyusenka!
L y u s k a. Nə tez qayıdıbsınız? Sizin yerinizə olsam gecəyə qədər gəzərdim, üstəlik də evdə çox darıxdırıcıdı, nə ərzaq var, nə pul. Zəhmət çəkib pul verin, Serafima ilə mən dünəndən heç nə yeməmişik. Lütfən verin.
Ç a r n o t a. Bəs Serafima hanı?
L y u s k a. Neynirsən. Paltar yuyur. Di pul ver.
Ç a r n o t a. Fəlakət baş verib, Lyusenka.
L y u s k a. Doğrudan? Vəznə hanı?
Ç a r n o t a. Lyuska, mən onu satmağı fikirləşmişdim, götürüb yeşiyə qoydum, Qran-Bazarda bir dəqiqəliyə yeşiyi əlimdən yerə qoymuşdum ki…
L y u s k a. Oğurladılar?
Ç a r n o t a. Aha…
L y u s k a. Əlbəttə, qarasaqqal kişi oğurladı, düzdü?
Ç a r n o t a (heysiz). Qarasaqqal kişinin nə dəxli?
L y u s k a. Çünki o, Qran-Bazarda həmişə yaramaz adamlardan oğurluq edir. De vicdan haqqı oğurlayıblar?
Çarnota başını tərpədir.
Bəs belə. Bilirsən sən kimsən, Qrişa?
Ç a r n o t a. Kiməm?
L y u s k a. Əclafın yekəsi!
Ç a r n o t a. Sən nə cürət edirsən?!
Serafima əlində vedrə daxil olub dayanır. Mübahisə edənlər onu görmürlər.
L y u s k a. Cürət edirəm, çünki yeşik mənim pulumla alınmışdı.
Ç a r n o t a. Sən mənim arvadımsan, pulumuz da ümumidi.
L y u s k a. Ərin qazancı oyuncaq satmaqdandı, arvadın qazancı isə tamam başqa şey satmaqdan!
Ç a r n o t a. Nə dedin?
L y u s k a. Özünü gic yerinə qoyma! Keçən həftə fransızla zəbur surəsi oxumağa getmişdim? Kimsə məndən soruşdu ki, beş lirəni hardan almışam? Beş lirəyə bir həftə dolandıq, sən də, mən də, Serafima da! Bu hələ hamısı deyil! Vəznəni qoyduğun yeşik Qran-Bazarda yox, tarakan yarışında qalıb! Di gəl yekun vuraq. Qoçaq cəngavər general Çarnota əks-kəşfiyyatı darmadağın etdi, məcbur oldu ordudan qaçsın, indi isə Konstantinopolda ac-yalavac qalıb, mən də onunla birlikdə!
Ç a r n o t a. Nədi, qadını ölümdən qurtardığıma görə məni məzəmmət edirsən? Simkaya görə məzəmmət edirsən?
L y u s k a. Yox! Ancaq onu, Simkanı qınayıram! (Coşur.) Qoy Serafima xəbərsiz-ətərsiz yoxa çıxan Qolubkovuna görə heyfsilənə-heyfsilənə namusla yaşasın, qoy şan-şöhrətli general da pozğun Lyuçkanın hesabına yaşasın.
S e r a f i m a. Lyusya!
L y u s k a. Xəlvətcə qulaq asmaq sizə yaraşmaz, Serafima Vladimirovna!
S e r a f i m a. Qulaq asmaq fikrim olmayıb, adətim deyil. Təsadüfən eşitdim, elə yaxşı oldu ki, eşitdim. Niyə axı beş lirə barədə mənə heç nə deməmişdin?
L y u s k a. Kimə kələk gəlirsən, Serafima, nədi, korsan?
S e r a f i m a. And içirəm ki, heç nə bilməmişəm. Fikrləşirdim beş lirəni o gətirib. Ancaq narahat olma, Lyusya, əvəzini çıxaram.
L y u s k a. Rica edirəm, minnət qoyma!
S e r a f i m a. Hirslənmə, gəl dalaşmayaq. Vəziyyəti aydınlaşdıraq.
L y u s k a. Aydınlaşdırılası bir şey yoxdu. Sabah yunanlar bizi evdən qovacaq, yeməyə heç nə yoxdu, hər şey satılıb. (Yenə qızışır.) Yox, sakitləşə bilmirəm! Məni özümdən çıxaran budur! (Çarnotaya.) Cavab ver, uduzdun?
Ç a r n o t a. Uduzdum.
L y u s k a. Ay səni!..
Ç a r n o t a. Özünü mənim yerimə qoy! Mən oyuncaq, şeytan-meytan sata bilmirəm! Mən döyüşmüşəm!
S e r a f i m a. Lyusya, bəsdir, bəsdir… Di bəsdir! Bir-iki lirə bizim nəyimizə yarayacaq?
Sükut.
Elə bil tale bizimlə oynayır!
L y u s k a. Yenə hissiyyata qapıldı!
Ç a r n o t a (qəfildən Lyuskaya). Sən fransızla görüşübsən?
L y u s k a. Cəhənnəm ol başımdan!
S e r a f i m a. Sakit, sakit! Dalaşmayın, mən indi şam yeməyi gətirərəm.
L y u s k a. Bəsdir, Simka, bacarmadığın işə girişmə. Sən mənim sözümdən incimə. Mən onsuz da bu yolla gedəcəyəm. Mən ac qalmaram, mənim prinsiplərim yoxdu!
S e r a f i m a. Mən də ac qalası deyiləm, ancaq başqasının hesabına yeyən də deyiləm. Billə-bilə ki, sən gedib qazanırsan, burda oturmağın özü elə alçaqlıqdı! Hər şeyi gərək mənə deyəydin! Bir yerdə quyuya düşmüşük, bir yerdə də hərəkət etməliyik!
L y u s k a. Çarnota tapançasını satar.
Ç a r n o t a. Lyusenka, şalvarımı sataram, hər şeyi sataram, bircə tapançanı yox! Mən tapançasız yaşaya bilmərəm!
L y u s k a. Onda get qadınların hesabına yaşa!
Ç a r n o t a. Məni özümdən çıxartma!
L y u s k a. Barmağını mənə toxundursan, gecə səni zəhərləyərəm!
S e r a f i m a. Bəsdirin! Bütün günü niyə didişirsiniz? Deyirəm ki, şam yeməyi olacaq! Bunların hamısı aclıqdandı!
L y u s k a. Nə eləmək istəyirsən, səfeh?
S e r a f i m a. Səfeh-zad deyiləm, ancaq doğrudan da səfeh olmuşam! Nə satmağın fərqi yoxdu. Hamısı boş şeydi! (Şüşəbəndə keçib başında şlyapa qayıdır. Gedə-gedə.) Məni gözləyin, bircə, xahiş eləyirəm, dalaşmayın.
Şarmankada «Ayrılıq» çalınır.
L y u s k a. Simka! Simka!
Ç a r n o t a. Sima!
Sükut çökür.
L y u s k a. Ax, mundar şəhər! Ax, taxtabitilər! Ax, Bosfor!.. Sənsə…
Ç a r n o t a. Mumla.
L y u s k a. Özümə də, sənə də, bütün ruslara da nifrət edirəm! Tüfeylilər! (Şüşəbəndə keçir.)
Ç a r n o t a (tək). Parisə, ya Berlinə, hara əkilim? Bəlkə Madridə? İspan şəhəri… Orda olmamışam. Ancaq mərc gələrəm ki, cansıxıcı yerdi. (Çöməlib sərv ağacının altını axtararaq papiros kötüyü tapır.) Bu yunanlar nə xəsis xalqdı, it uşaqları lap dibinə kimi çəkirlər! Yox, mən onunla razılaşmıram, bizim ruslar daha yaxşıdılar. (Papiros kötüyünü yandırıb şüşəbəndə keçir.)
Qolubkov həyətə girir, ayağında dolaq, əynində ingilis frenci, başında türk fəsi var. Əlindəki şarmankanı yerə qoyub, «Ayrılığı» çalır.
(Şüşəbənddən qışqırır.) Türk köpəyoğlu, ürəyimi üzdüyün bəs deyil?
Q o l u b k o v. Nə? Qri… Qriqori Lukyanoviç?! Deyirdim ki, tapacam! Tapdım da!
Ç a r n o t a. Kimdi? Privat dosent?
Q o l u b k o v (hovuzun kənarında əyləşir, həyəcanlıdı). Tapdım.
Ç a r n o t a (onun üstünə qaçır). Tapmağına tapdın… Səni türk bilmişdim. Salam! (Qolubkovu öpür.) Bu nə sir-sifətdi?! Eh, qocalıbsan! Fikirləşirdik ki, bolşeviklərin yanında qalmısan. Yarım ildi hardaydın?
Q o l u b k o v. Əvvəlcə düşərgədə veylləndim, sonra yatalaq xəstəliyinə tutuldum, iki ay xəstəxanada yatdım, indi isə Konstantinopolu gəzirəm, Xludov sığınacaq verib. Sən bilirsən, onun rütbəsini alıb ordudan qovublar!
Ç a r n o t a. Eşitmişəm. Qardaş, mən özüm də indi mülkü adamam. Burda çox şey görmüşük… Ancaq şarmanka ilə gəzən hələ görməmişdik.
Q o l u b k o v. Şarmanka ilə mənə çox rahatdı. Həyətləri gəzib onu axtarıram. Düzünü söylə, o ölüb? De, qorxma. Mən hər şeyə alışmışam.
Ç a r n o t a. Serafimanı deyirsən? Niyə ölür? Sağalıb, sağ-salamatdı!
Q o l u b k o v. Tapdım! (Çarnotanı qucaqlayır.)
Ç a r n o t a. Əlbəttə, sağdı. Ancaq onu deyim ki, çətin vəziyyətə düşmüşük, dosent! Hər-şey alt-üst oldu! Axırımız çatıb!
Q o l u b k o v. Bəs Serafima hanı?
Ç a r n o t a. Burdadı. Gələcək. Kişi tapmaq üçün Peruya gedib.
Q o l u b k o v. Nə?!
Ç a r n o t a. Gözünü niyə bərəldirsən? Acından ölürük. Vəznə yox, pul yox.
Q o l u b k o v. Necə yəni Peruya gedib? Yalan deyirsən!
Ç a r n o t a. Niyə yalan olur? Yarım gündü papiros çəkməmişəm. Nəsə məni Madridə çəkir… Bütün gecə Madrid yuxuma girib…
Səslər eşidilir. Serafima, onun arxasınca əlində elədiyi bazarlıq və butulkalar həyətə Arvadbaz yunan girir.
S e r a f i m a. Yox, yox, belə çox rahat olacaq, oturub laqqırtı vurarıq… Doğrusu, biz qaraçı kimi yaşayırıq…
A r v a d b a z y u n a n (aksentlə danışır). Çox xoşdu, çox xoşdu! Qorxuram narahat olasınız, madam.
S e r a f i m a. İcazənizlə, sizi tanış edim..
Çarnota arxasını ona çevirir.
Hara gedirsiniz, Qriqori Lukyanoviç, ayıbdır!
A r v a d b a z y u n a n. Çox xoşdu, çox xoşdu!
S e r a f i m a (Qolubkovu tanıyır). İlahi!
Qolubkov üz-gözünü turşudur, hovuzun kənarından qalxıb Yunana yaxınlaşaraq ona şillə vurur. Aldıqları Arvadbaz yunanın əlindən tökülür, çox pərt olur. Pəncərələrdə təşvişə düşmüş yunan və ermənilərin başları görünür. Lyuska şüşəbəndə çıxır.
A r v a d b a z y u n a n. Bu nədi? Nədi bu?..
S e r a f i m a. Allah!.. Biabır oldum, biabır oldum!
Ç a r n o t a. Cənab yunan!
A r v a d b a z y u n a n. Aha, mən tələyə düşmüşəm! (Kədərlidi.)
S e r a f i m a. Allah xatirinə, cənab, məni bağışlayın! Bu dəhşətdi, anlaşılmazlıqdı!..
Ç a r n o t a (tapançasına əl atıb, pəncərəyə sarı dönür). Bu dəqiqə rədd olun!
Başlar yoxa çıxır, pəncərələr bağlanır.
A r v a d b a z y u n a n (qüssəli). Ay allah…
Q o l u b k o v (ona tərəf gedir). Siz…
A r v a d b a z y u n a n (pul kisəsini və saatını çıxarır). Qoçaq adam, pul kisəsini də, saatı da götür! Həyatım mənim üçün daha qiymətlidi, mənim ailəm, mağazam, uşaqlarım var… Polisə heç nə deməyəcəyəm… Yaşa, xeyirxah insan, allaha dua elə…
Q o l u b k o v. İtil burdan!
A r v a d b a z y u n a n. Ax, İstambul, gör nə günə düşdün!..
Q o l u b k o v. Aldıqlarını götür!
Arvadbaz yunan aldıqlarını götürmək istəyir, ancaq Qolubkovun sifətinə baxıb qaçır.
L y u s k a. Cənab Qolubkov? Heç bir saat deyil sizi xatırlamışıq! Fikirləşirdik ki, Rusiyadasınız. Ancaq sizin gəlişinizi çox təntənəli hesab etmək olar!
Q o l u b k o v. Serafima Vladimirovna, bu nə işdi siz görürsünüz?! Mən uzun-uzun yollar keçmişəm, xəstəxanaya düşmüşəm, görürsünüz, başım qırxılıb… Yalnız sizə görə gəlmişəm! Bəs siz burda nə işlə məşğulsunuz?
S e r a f i m a. Kim sizə ixtiyar verib məni təqsirləndirəsiniz?
Q o l u b k o v. Mən sizi sevirəm, arxanızca gəlmişəm ki, bunu sizə deyəm!
S e r a f i m a. Əl çəkin məndən. Daha heç nə eşitmək istəmirəm! Hər şeydən bezmişəm! Niyə yenə qarşıma çıxdınız? Biz hamımız kasıbıq! Sizdən ayrılıram!.. Tək məhv olmaq istəyirəm! Allah, nə biabırçılıqdı! Nə rüsvayçılıqdı! Əlvida!
Q o l u b k o v. Yalvarıram, getməyin!
S e r a f i m a. Heç vəclə qayıtmaram! (Gedir.)
Q o l u b k o v. Bəs belə! (Çarnotanın xəncəlini qapıb Serafimanın arxasınca cumur.)
Ç a r n o t a (onu tutub xəncəri alır). Nədi, dəli olmusan? Həbsxanaya düşmək istəyirsən?
Q o l u b k o v. Burax! Nə olur-olsun onu tapacağam, onu saxlayacağam! Yaxşı! (Hovuzun kənarında oturur.)
L y u s k a. Əməlli-başlı tamaşadı! Yunanlar mat qalıblar. Kifayətdi. Çarnota, bağlamanı aç, mən acam.
Q o l u b k o v. Bağlamaya əl vurmağa qoymaram!
Ç a r n o t a. Yox, açmaram.
L y u s k a. Demək belə! Daha səbrim tükəndi! Konstantinopolda çəkdiyim əzab-əziyyət bəsimdi! (Şüşəbənddən şlyapasını və nəsə bir bağlama götürüb çıxır.) Hə, Qriqorii Lukyanoviç, di sağ-salamat qall. Bizim birgə həyatımız sonna çatdı. Lyuskanın şərq ekspresində tanışı var, Lyuska axmaqdı ki, yarım ildi burda qalıb! Əlvida!
Ç a r n o t a. Hara gedirsən?
L y u s k a. Parisə! Parisə! Əlvida! (Döngədə yoxa çıxır.)
Çarnota və Qolubkov hovuzun kənarında oturub susurlar. Türk oğlan kimisə əlinin işarəsiylə çağırıb deyir: «Buraya, buraya!» Oğlanın arxasınca mülkü paltarda Xludov gəlir. Xludov qocalıb, saçları ağarıb.
Ç a r n o t a. Bu da Roman. O da gəlib çıxdı. Nəyə baxırsan, vəznə yoxdu? Mən də sənin kimi sərbəst adamam.
X l u d o v. Görürəm. Salam, Qriqori Lukyanoviç. Beləcə bir-birimizin arxasınca gəzirik. (Qolubkovu göstərir.) Mən onu müalicə elədim, indi o məni müalicə eləmək fikrinə düşüb. Arada da şarmanka çalır. (Qolubkova.) Nədi, yenə nəticəsiz oldu?
Q o l u b k o v. Yox, tapdım. Ancaq məndən heç nə soruşma. Heç nə soruşma.
X l u d o v. Soruşmuram. Öz işindi. Mən yalnız bilmək istəyirəm – tapdın?
Q o l u b k o v. Xludov! Səndən bircə şey xahiş edəcəyəm, bunu təkcə sən bacararsan. Get ona çat, o məni tərk elədi, onu saxla, qoru ki, pis yola düşməsin.
X l u d o v. Bunu özün niyə eləmirsən?
Q o l u b k o v. Burda, hovuzun kənarında qəti qərara gəldim ki, Parisə gedim. Gedib Korzuxini tapacağam, o, varlı adamdı, Serafimaya kömək eləməyə borcludu, Serafimanı o məhv eləyib.
X l u d o v. Necə gedəcəksən? Səni kim Fransaya buraxar?
Q o l u b k o v. Gizli gedəcəyəm. Bu gün limanda şarmanka çalırdım, kapitan mənim dərdimə acıdı, dedi ki, səni anbara götürərəm, anbarda da Marselə apararam.
X l u d o v. Onun çoxmu keşiyini çəkməliyəm?
Q o l u b k o v. Mən tezliklə qayıdacağam, and verirəm ki, bir də səndən heç nə xahiş etməyəcəyəm.
X l u d o v. O stansiya mənə baha başa gəldi. (Dönür.) Yox, yoxdu.
Ç a r n o t a (pıçıltıyla). Əcəb keşikçi tapmısan!
Q o l u b k o v (pıçıltıyla). Ona baxma, bununla mübarizə aparır.
X l u d o v. O indi hara getdi?
Ç a r n o t a. Bunu bilmək asandı. Şişliyə komisyon mağazasına gedib ki, yunandan üzr istəsin. Mən o yunanı tanıyıram.
X l u d o v. Yaxşı.
Q o l u b k o v. Bircə pis yola düşməsin!
X l u d o v. Mənim yanımda? Mənim yanımda pis yola düşməz. Bir çapar nahaq deməmişdi ki, sənin gözündən heç nə yayınmaz… Ancaq xatırlamasaq yaxşıdı… Özün rəhm elə, ilahi! (Qolubkova.) Pulun var?
Q o l u b k o v. Pul lazım deyil!
X l u d o v. Axmaqlama. İki lirəni al, indi bundan artığı yoxumdu. (Saatdan medalyonu açır.) Medalyonu götür, ehtiyacın olsa satarsan. (Gedir.)
Kölgələr qatılaşır. Minarədən azançının səsi ucalır: «La ilahə illallah…»
Q o l u b k o v. Gecəyə az qaldı… Dəhşətli şəhərdi! Dözülməz şəhərdi! Bürkülü şəhərdi! Hə, axı mən niyə oturmuşam? Vaxtdı! Gecə anbarda gedəcəyəm.
Ç a r n o t a. Mən səninlə gedəcəyəm. Pul tapa bilməyəcəyik, buna ümid də eləmirəm, ancaq harasa getmək lazımdı. Fikirləşirdim Madridə gedəm, ancaq Paris daha yaxşıdı. Gedək. Yunan ev sahibləri təəccüblənəcəklər, həm də sevinəcəklər!
Q o l u b k o v (gedir). Sərinlik deyilən şey yoxdu, nə gündüz, nə gecə!
Ç a r n o t a (onunla gedir). Neyləyək, qoy Paris olsun!
Türk oğlan şarmankaya tərəf qaçıb dəstəyini fırladır. Şarmankada marş çalınır. Azançının səsi minarədən ətrafa yayılır. Orda-burda işıqlar yanır. Göydə solğun qəmər görünür. Sonra zülmət çökür. Yuxu sonna çatır.

Üçüncü şəklin sonu


Dördüncü şəkil
Yeddinci yuxu
…Üç kart, üç kart, üç kart!..

Parisdə payız qürubu. Şəxsi malikanəsində cənab Korzuxinin kabineti. Kabinet mebellərlə bəzənib. Yanmayan kassa gözə dəyir. Yazı stolundan savayı, qumar stolu da var. Qumar stolunun üstünə kart və iki yanmayan şam qoyulub.
K o r z u x i n. Antuan!
Yaşıl önlüklü lakey Antuan qəşəng fransız geyimində daxil olur.
Monsieur Marchand mavait averti quil ne viendra pas aucourdhui. Ne remuez pas la table. Ce me servirai rlus tard.
Sükut.
Repondez-done quelque chose!
[xix] Deyəsən, heç nə başa düşmədiniz?
A n t u a n. Elədir ki, var. Başa düşmədim, Paramon İliç.
K o r z u x i n. «Elədir ki, var» fransızca necə deyilir?
A n t u a n. Bilmirəm, paramon İliç.
K o r z u x i n. Antuan, siz rus tənbəlisiniz. Yadınızda saxlayın ki, Parisdə yaşayan adam bilməlidi ki, rus dili yalnız ədəbsiz söyüşlər söyməyə, ya bundan da betər, nəsə təxribatçı şüarlar deməyə yarayır. Öyrənin, Antuan, belədə cansıxıcıdı. Que faites-vous a ce moment? Hal-hazırda nə ilə məşğulsunuz?
A n t u a n. Ce… Bıçaqları təmizləyirəm, paramon İliç.
K o r z u x i n. «Bıçaq» necə deyilir, Antuan?
A n t u a n. Le kuto, Paramon İliç.
K o r z u x i n. Düzdü. Öyrənin, Antuan.
Zəng çalınır.
(Picamasını düymələyir, gedə-gedə deyir.) Qəbul et. Bəlkə partnyor ələ düşdü. Ce suis a la maison
[xx]. (Çıxır.)
Antuan gedib Qolubkovla qayıdır. Onun əynində qara matros şalvarı, köhnə boz pencək, əlində isə kepka var.
Q o l u b k o v. Ce voudrais parler a monsieur Korzuxin
[xxi]
A n t u a n. Lütfən öz vizit kartınızı göstərin, votr kart.
Q o l u b k o v. Necə? Siz russunuz? Mənsə sizi fransız bilmişdim. Çox şadam!
A n t u a n. Elədir ki, var, mən rusam. Qrişenkoyam.
Qolubkov Antuanın əlini sıxır.
Q o l u b k o v. Bilirsiniz, mənim vizit kartım yoxdu. Sadəcə deyin ki, Konstantinopoldan Qolubkov gəlib.
A n t u a n. Oldu. (Gedir.)
K o r z u x i n (indi əynində pencək var, mızıldayır). Nə Qolubkov?.. Qolubkov… Mənə görə qulluğunuz?
Q o l u b k o v. Yəqin məni tanımadınız? Sizinlə bir il əvvəl Krımda, stansiyadakı o dəhşətli gecə görüşmüşük, onda arvadınızı tutmuşdular. Arvadınız indi Konstantinopolda fəlakət qarşısındadır.
K o r z u x i n. Nə qarşısında? Bağışlayın, birincisi, mənim arvadım yoxdu, ikincisi də, elə bir stansiyanı xatırlamıram.
Q o l u b k o v. Necə yəni? Gecə… bərk şaxta düşmüşdü, Krım alınan vaxt şaxtalar yadınıza gəlir?
K o r z u x i n. Təəssüflər ki, xatırlamıram. Siz səhv edirsiniz.
Q o l u b k o v. Siz axı Paramon İliç Korzuxinsiniz, siz Krımda olubsunuz, mən ki, sizi tanıdım!
K o r z u x i n. Doğrudur, mən bir müddət Krımda yaşamışam, səyvənd generalların əsib coşduğu vaxtlarda. Ancaq bilirsinizmi, mən elə o vaxt çıxıb getdim, Rusiya ilə heç bir əlaqəm yoxdu, olmasını da istəmirəm. Mən fransız təbəəliyini qəbul etmişəm, evli olmamışam, sizə onu da bildirirəm ki, fransız təbəəliyini qəbul etmiş Frecol familyalı rus mühaciri artıq üç aydı katibəm kimi mənim evimdə yaşayır. Bu füsunkar varlıq mənim ürəyimi o qədər mütəəsir edib, öz aramızda sizə deyim ki, tezliklə onunla evlənmək fikrindəyəm, bu səbəbdən də guya arvadım olduğu haqqında söz-söhbət xoşuma gəlmir.
Q o l u b k o v. Frecol… Deməli siz canlı adamdan imtina edirsiniz! Axı o sizin yanınıza gəlirdi! Onu həbs etdilər, yadınıza gəlir? Şaxta, pəncərə, fənər dirəkləri - xatırlayırsınız?..
K o r z u x i n. Əlbəttə, fənər dirəkləri, şaxta… Əkskəşfiyyat artıq bir dəfə hansısa kommunist arvadıma görə məni şantac eləməyə cəhd göstərmişdi. Cənab Qolubkov, təkrar eləyirəm, bu söhbət mənim xoşuma gəlmir.
Q o l u b k o v. Vay-vay-vay! Hər şey mənə yuxu kimi gəlir!..
K o r z u x i n. Heç şübhəniz olmasın.
Q o l u b k o v. Anladım. O sizə mane olur, çox yaxşı. Qoy sizin arvadınız olmasın. Belə daha yaxşıdı. Mən onu sevirəm, bunu başa düşün! Onu kasıbçılıqdan qurtarmaq üçün də əlimdən gələni edəcəyəm. Xahiş edirəm ona, heç olmasa, bir müddət kömək eləyəsiniz. Siz varlı adamsınız, hamı bilir ki, sərvətiniz xaricdədi. Mənə min dollar borc verin, özümüzü tutan kimi son qəpiyinə qədər qaytararam. İşləyib ödəyərəm! Bunu həyatımın məqsədi edərəm.
K o r z u x i n. Bağışlayın, msyö Qolubkov, mən elə bu cür də guman eləyirdim ki, arvadım olması barədə uydurma söz-söhbət axırda məhz dolların üstünə gətirib çıxaracaq. Min? Səhv eşitməmişəm ki?
Q o l u b k o v. Min. Qaytaracağıma and içirəm!
K o r z u x i n. Ax, cavan oğlan! Min dollardan danışmazdan əvvəl mən sizə bir dolların nə olduğunu deyim. (Dollar haqqında ballada söyləməyə başlayır və get-gedə cuşa gəlir.) Dollar! Ey hər şeyə qadir olan möhtəşəm güc! O hər yerdədi! Ora baxın! Odur, uzaqda, damın üstündə ay şölə saçır, onun yanında donqar qara pişik – əcdaha görünür! Dollar həm də ordadı! Əcdaha onun keşiyini çəkir! (Döşəməni göstərir.) Anlamaq olmur, nə səsdi, nə səda, elə bil qabarmış torpağın nəfəsidi: torpağın üstüylə qatarlar ox kimi uçur, o qatarlar da dollar daşıyır. İndi gözünüzü yumun, dalğaların dağ kimi şahə qalxdığı zülməti təsəvvürünüzə gətirin. Zülmət və su – okean! O vahiməlidi, o udacaq. Ancaq okeanda ağzından od püskürə-püskürə, tonlarla suyu yara-yara yırtıcı gəlir! Gəlir, tövşüyür, özüylə od gətirir! Yırtıcı çətinlik çəkir, çılpaq ocaqçıların qaladığı kürədə o öz sevimli uşağını, ilahi ürəyini – dolları gətirir! Birdən dünyanı vahimə bürüyür!
Uzaqdan hərbi musiqinin sədaları eşidilir.
Onlar artıq gəlirlər! Gəlirlər! Onlar minlərlədi, milyonlarladı! Başlarında polad dəbilqələr var. Onlar gəlirlər! Sonra irəli atılırlar! Sonra bağıraraq tikanlı məftillərin üstünə atılırlar! Niyə atılırlar? Çünki hardasa ilahi dolları təhqir ediblər! Ancaq dünyada artıq sakitlikdi, hər yerdə, hər şəhərdə borular qələbədən xəbər verir! Onun qisası alınıb! Onlar dolların şərəfinə sevinclə qışqırırlar!
Musiqi uzaqlaşır.
Beləliklə, cənab Qolubkov, düşünürəm ki, tanımadığım cavan adama min dollar verməyim üçün daha təkid etməyəcəksiniz?
Q o l u b k o v. Bəli, təkid etməyəcəyəm. Ancaq, cənab Korzuxin, xudahafizləşmədən əvvəl sizə demək istəyirəm ki, siz mənim rastlaşdığım ən rəhmsiz, ən qorxunc adamsınız. Siz haçansa cəzanızı alacaqsınız! Başqa cür ola bilməz! Əlvida! (Getmək istəyir.)
Zəng çalınır. Antuan daxil olur.
A n t u a n. Ceneral Çarnota.
K o r z u x i n. Hm… Rus günüdü. Dəvət edin, dəvət edin.
Antuan gedir. Çarnota daxil olur. Əynində çərkəzi çuxa var, ancaq gümüş kəməri və xəncəri yoxdu. Limon rəngli alt tumandadır. Üzünün ifadəsindən görünür ki, Çarnotanın itirməli bir şeyi qalmayıb. Sərbəstdi.
Ç a r n o t a. Xoş gördük, Paramoşa!
K o r z u x i n. Məgər biz görüşmüşük?
Ç a r n o t a. Suala bax da! Sənə nə olub, Paramon, xəyala gedibsən? Bəs Sevastopol?
K o r z u x i n. Hə,hə… Çox xoşdu. Bağışlayın, sizinlə bruderşaft
[xxii] içmişik?
Ç a r n o t a. Allah bilir, xatırlamıram… Əgər görüşmüşüksə, yəqin içmişik.
K o r z u x i n. Bağışlayın.., siz, deyəsən, alt tumandasınız?
Ç a r n o t a. Bu səni niyə təəccübləndirir? Mən axı qadın deyiləm, onlar hələ bu geyim növünə yiyələnməyiblər.
K o r z u x i n. Siz… General, sən bu görkəmdə Parisin küçələrindən keçibsən?
Ç a r n o t a. Yox, küçədə şalvarda idim, sənin dəhlizində soyundum. Nə axmaq sualdı!
K o r z u x i n. Pardon, pardon!
Ç a r n o t a (yavaşdan Qolubkova). Verdi?
Q o l u b k o v. Yox. Mən gedirəm. Gedək burdan.
Ç a r n o t a. İndi gedəsi yerimiz var? (Korzuxinə.) Sənə nə olub, Paramon? Səndən ötrü bolşeviklərlə vuruşan həmyerlilərin qarşında dayanıb, sənsə cüzu bir məbləği onlara qıymırsan. Sən başa düşürsənmi ki, Serafima Konstantinopolda aclıq çəkir?
Q o l u b k o v. Xahiş eləyirəm sus. Gedək, Qriqori!
Ç a r n o t a. Bilirsən, Paramon, mən günaha batmış adamam, yalnız səni güllələmək üçün qəsdən bolşevik olardım. Güllələyib o dəqiqə də üzvlükdən çıxardım. Dayan, bu kart sənin nəyinə lazımdı? Oynayırsan?
K o r z u x i n. Bunda təəccüblü bir şey görmürəm. Oynayıram, oynamağı da çox sevirəm.
Ç a r n o t a. Oynayırsan! Bəs hansı oyunu oynayırsan?
K o r z u x i n. Doqquzluğu, özü də çox xoşlayıram.
Ç a r n o t a. Onda gəl oynayaq.
K o r z u x i n. Məmnuniyyətlə oynayardım, ancaq bilirsinizmi, mən yalnız nağd pula oynamağı xoşlayıram.
Q o l u b k o v. Özünü çoxmu alçaldacaqsan, Qriqori? Gedək!
Ç a r n o t a. Burda alçaldıcı bir şey yoxdu. (Pıçıltıyla.) Sənə deyildi axı? Ən pis günümüzdə? Bundan da pis günümüz olmayacaq. Xludovun medalyonunu bəri ver!
Q o l u b k o v. Götür, indi mənim üçün fərqi yoxdu. Mən gedirəm.
Ç a r n o t a. Yox, bir yerdə gedəcəyik. Səni bu sir-sifətlə buraxa bilmərəm. Gedib özünü hələ Senaya da atarsan. (Medalyonu Korzuxinə uzadır.) Neçə verirsən?
K o r z u x i n. Hm… Yaxşı şeydi… On dollar.
Ç a r n o t a. Ancaq, Paramon, bu daha qiymətlidi, görünür, sənin başın çıxmır. Olsun, razıyam! (Medalyonu Korzuxinə verib, on dolları alır. Kart stolunun arxasında oturur, qolunu çırmalayıb kart açıb qarışdırır.) Nökərinin adı nədi?
K o r z u x i n. Hm… Antuan.
Ç a r n o t a (gur səslə). Antuan!
Antuan gəlir.
Əzizim, mənə qəlyanaltı, gətir.
A n t u a n (təəccüblənsə də hörmətlə gülümsəyir). Oldu… A lenstan!
[xxiii](Gedir.)
Ç a r n o t a. Neçəyə gedirsən?
K o r z u x i n. Həmin on dollara. Kart çəkin.
Ç a r n o t a. Doqquz.
K o r z u x i n (pulu verir). Hamısına.
Ç a r n o t a (qarışdırır). Doqquz.
K o r z u x i n. Yenə hamısına.
Ç a r n o t a. Kart istəyirsiniz?
K o r z u x i n. Hə. Yeddi.
Ç a r n o t a. Məndə isə səkkizdi.
K o r z u x i n (gülümsəyir). Qismət belə imiş, hamısına.
Q o l u b k o v (birdən). Çarnota! Sən nə eləyirsən? Axı o ikiqat artırır, bu saat səndən hamısını geri alacaq!
Ç a r n o t a. Əgər oyunu məndən yaxşı bilirsənsə, əvəzimə oyna.
Q o l u b k o v. Mən bacarmıram.
Ç a r n o t a. Onda işıqdan çəkil! Kart verim?
K o r z u x i n. Hə, verin. Ax, lənət olsun, yandı!
Ç a r n o t a. Məndə üçdü.
K o r z u x i n. Siz üçün üstünə əlafə kart almırsınız?
Ç a r n o t a. Baxır vəziyyətə…
Antuan qəlyanaltı gətirir.
(İçir.) Qolubkov, bir qədəh içirsən?
Q o l u b k o v. İstəmirəm.
Ç a r n o t a. Bəs sən, Paramon?
K o r z u x i n. Mersi, mən artıq səhər yeməyini yemişəm.
Ç a r n o t a. Aha… Kart lazımdır?
K o r z u x i n. Hə. Yüz altmış dollara.
Ç a r n o t a. Olsun. «Qrafinya, bir görüşün xatirinə…» Doqquz.
K o r z u x i n. Görünməmiş şeydi! Üç yüz iyirmi dollara gedirəm!
Ç a r n o t a. Xahiş edirəm nəğd olsun.
Q o l u b k o v. Bəsdi, Çarnota, yalvarıram! Daha qurtar!
Ç a r n o t a. Lütfən başını bir şeylə qarışdır. Alboma-zada bax. (Korzuxinə.) Xahiş edirəm nağd olsun!
K o r z u x i n. Bu dəqiqə. (Kassanı açanda zəng çalınır, zəngin səsi hər yerdə eşidilir.)
İşıq sönüb dərhal da yanır. Antuan əlində tapança gəlir.
Q o l u b k o v. Bu nədi?
K o r z u x i n. Oğrulardan qorunmaq üçün siqnalizasiyadı. Antuan, sən azadsan, mən açmışdım.
Antuan gedir.
Ç a r n o t a. Ç ox yaxşı şeydi. Getdik! Səkkiz!
K o r z u x i n. Altı yüz qırx dollara getmək olar?
Ç a r n o t a. Olmaz. Bank bu pulu qəbul eləmir.
K o r z u x i n. Siz yaxşı oynayırsınız. Neçəyə getmək olar?
Ç a r n o t a. Əlliyə.
K o r z u x i n. Getdik. Doqquz!
Ç a r n o t a. Mən yandım.
K o r z u x i n. Verin.
Ç a r n o t a. Buyurun.
K o r z u x i n. Beş yuz doxsana!
Ç a r n o t a. Eh, Paramoşa, sən qızğın oyunçusan! Bax sənin zəif cəhətin bundadı!
Q o l u b k o v. Çarnota, yalvarıram, gedək!
K o r z u x i n. Kart! Məndə yeddidi!
Ç a r n o t a. Yeddi yarım. Zarafat eləyirəm, səkkiz.
Qolubkov birdən qulaqlarını tutub inildəyərək divana uzanır. Korzuxin açarla kassanı açır. Yenə zəng çalınır, işıq sönüb yanır. Artıq səhnədə gecədi. Qumar stolunun üstündə çəhrayi örtüklü şamlar yanır. Korzuxin pencəyini çıxarıb, saçları pırtlaşıb. Pəncərədən Parisin işıqları görünür, hardasa musiqi səslənir. Korzuxinlə Çarnotanın qarşısında valyuta qalaqlanıb. Qolubkov divanda yatıb.
Ç a r n o t a (züm-zümə eləyir). «Ölümcül zərbə alacaqsan… üç kart, üç kart, üç kart…» Yandı.
K o r z u x i n. Dörd yüz verin! Üç minə gedirəm!
Ç a r n o t a. Oldu. Nağd eləyin!
Korzuxin kassaya cumur. Yenə zəng səsinin və musiqinin münaiyətilə qaranlıq olur. Sonra işıq yanır. Parisdə səhər açılır. Sakitlikdi. Heç bir musiqi eşidilmir. Korzuxin, Çarnota və Qolubkov kölgəyə oxşayırlar. Döşəmədə boş şampan şüşələri görünür. Qolubkov pulları ciblərinə dürtür.
Ç a r n o t a (Korzuxinə). Bükmək üçün səndə qəzet var?
K o r z u x i n. Yoxdu. Bilirsiniz, nağd pulu mənə verin, mən sizə çek verim!
Ç a r n o t a. Nə danışırsan, Paramon? Hansı bank alt paltarda gələn adama iyirmi min dollar verər? Yox, sağ ol!
Q o l u b k o v. Çarnota, medalyonu geri al, onu qaytarmaq istəyirəm!
K o r z u x i n. Üç yüz dollar!
Q o l u b k o v. Götür! (Pulu üstünə atır.)
Korzuxin də medalyonu onun üstünə tullayır.
Ç a r n o t a. Di salamat qal, Paramoşa. Yaman çox oturduq, getmək vaxtıdı.
K o r z u x i n (qapının ağzını kəsir). Yox, dayan! Mənim istiliyim var, heç nə anlamıram… Siz mənim xəstəliyimdən istifadə edibsiniz?! Bilirsiniz, pulu qaytarın, hərənizə beş yüz dəbbə pulu verərəm!
Ç a r n o t a. «Sən zarafat edirsən», - məkrli yırtıcı qışqırdı!...»
K o r z u x i n. Əgər belədisə, bu saat polisə zəng vuracağam ki, məni soyubsunuz! Siz dərhal tutarlar! Səfillər!
Ç a r n o t a. Sən eşitdin? (Tapançasını çıxarır.) Hə, Paramon, sən Parisdəki Məryəm anana dua elə, sənin ölümün çatıb!
K o r z u x i n. Qarovul! Qarovul!
Onun fəryadına alt tuman-köynəkdə Antuan qaçıb gəlir.
Hamı yatır! Bütün villa yatır! Məni necə soyduqlarını heç kim eşitmir! Qarovul!
Qapının pərdəsi çəkilir və Lyuska görünür. Əynində picama var. Çarnotanı və Qolubkovu görüb duruxur.
Əzizim Lyusi, siz yatırsınız, ancaq həmin vaxt sizin patronu rus quldurları soyurlar!
L y u s k a. İlahi, ilahi! Görünür, hələ mənim başıma çox bədbəxtliklər gələcək!.. Guya istirahət eləməyə haqqım çatırdı, ancaq yox, yox… Bu gün yuxuda tarakanlar görməyim əbəs deyilmiş! Məni maraqlandıran odur ki, buraya necə gəlib çıxıbsınız?
Ç a r n o t a (mat qalıb). Odur?
K o r z u x i n (Çarnotaya). Siz madumazel Frecolu tanıyırsınız?
Lyuska Korzuxinin arxasında diz çöküb, yalvarırmış kimi əllərini sinəsinə sıxır.
Ç a r n o t a. Hardan tanıyasıyam? Tanıyıb eləmirəm.
L y u s k a. Onda tanış olaq, cənablar! Lyusi Frecol.
Ç a r n o t a. General Çarnota.
L y u s k a. Cənablar, niyə mübahisə edirsiniz? (Korzuxinə.) Simic bala, niyə belə bərkdən qışqırırdın, kim sənin xətrinə dəyib?
K o r z u x i n. O mənim iyirmi min dollarımı udub! İstəyirəm ki, qaytarsın!
Q o l u b k o v. Misli görünməmiş əclaflıqdı!
L y u s k a. Yox, yox, quzubala, bu mümkün deyil! Neyləmək olar, uduzubsan! Uşaq ha deyilsən!
K o r z u x i n. Antuan kartı hardan alıb?!
A n t u a n. Özünüz alıbsınız, Paramon İliç.
L y u s k a. Antuan, rədd ol cəhənnəmə! Bu görkəmdə gözümün qabağında dayanırsan?
Antuan gedir.
Cənablar! Pul sizindi, başqa söz-söhbət də ola bilməz. (Korzuxinə.) Get yat, mənim balam, get yat. Gözlərinin altı qaralıb.
K o r z u x i n. Bu axmaq Antuanı qovacağam! Mənim evimə bir də rusları buraxmasınlar! (Ağlamsınaraq gedir.)
L y u s k a. Öz həmvətənlərimi görməyə çox şad oldum, heyfsilənirəm ki, bir də heç vaxt görüşməyəcəyik. (Pıçıltıyla.) Uddunuz, di dabanınıza tüpürün! (Bərkdən.) Antuan!
Antuan qapıdan boylanır.
Cənablar gedirlər, onları ötürün.
Ç a r n o t a. O revuar, mademuazel
[xxiv].
L y u s k a. Adyo!
[xxv]
Çarnota və Qolubkov gedirlər.
Allah, sənə şükür, getdilər! İlahi! Mən nə vaxtsa dincələ biləcəyəmmi!
Kimsəsiz küçədə ayaq səsləri eşidilir.
(Oğruncasına ətrafına baxaraq qaçıb pəncərəni açır, yavaşdan deyir.) Əlvida! Qolubkov, Serafimadan muğayət ol! Çarnota! Özünə şalvar al!
Sonra zülmət çökür. Yuxu sona çatır.

Səkkizinci və sonuncu yuxu

…On iki quldur varıydı…

Xalılar döşənmiş otaq, alçaq divan, qəlyan. Arxa planda boyaboy şüşə divar və şüşə qapı. Şüşənin arxasında Konstantinopol minarəsi, dəfnə ağacları və Arturun karuselinin üstü görünür. Payız günəşi qüruba enir…
Xludov xalının üstündə bardaş qurub və kiminləsə danışır.
X l u d o v. Sən kifayət qədər mənə əzab verdin. Ancaq indi fikrim aydınlaşıb. Hə, aydınlaşıb. Axı unutmaq lazım deyil ki, mənim ətrafımda təkcə sən deyilsən. Sağlar da var, ayağımdan sallanıb onlar da nəsə tələb eləyirlər. Hə? Tale bizi eyni bağla bağlayıb, indi onları məndən qopartmaq olmaz. Mən artıq bununla barışmışam. Bircə səni anlaya bilmirəm. Fənər dirəklərinin uzun cərgəsindən tək sən necə qopa bildin? O dünyadan necə gəldin? Axı sən tək deyildin. Yox, siz çoxuydunuz… (Mızıldanır.) Allah özü rəhm eləsin… Yadımıza salmayaq. (Fikrə gedir, büzüşür, düşgünləşir.) Hə. Deməli, bunların hamısını nahaq eləmişəm. Sonra nə oldu? Sadəcə zülmət oldu, biz də çıxıb getdik. Sonra bürkü, hər gün də karusel fırlanır. Ancaq sən zirəksən! Arxamca gör haralara gəlib çıxmısan, axır ki, məni yaxaladın, yaxalayıb torbaya saldın! Daha mənə əzab vermə, başa düş ki, qərara almışam, and içirəm. Qolubkov qayıdan kimi gedəcəyəm. Di ürəyimi sakitləşdir, başını tərpət. Bir dəfəsə başını tərpət, düz danışan çapar Krapilin! Belə! Tərpətdin! Qərara alındı!
Serafima sakitcə daxil olur.
S e r a f i m a. Nədi, Roman Valeryanoviç, yenə?
X l u d o v. Nə olub?
S e r a f i m a. Kiminlə danışırdınız? Axı otaqda sizdən başqa heç kim yoxdu!
X l u d o v. Qulağınız səsə düşüb. Amma mənim öz-özümə danışmağım var. Əminəm ki, bu heç kimə mane olmur, elədir?
S e r a f i m a (xalının üstündə Xludovla yanaşı oturur). Dörd aydı divarın o üzündə gecələr sizin danışığınızı eşidirəm. Sizcə buna dözmək asandı? Belə gecələrdə mən də yata bilmirəm. İndi gündüzlər də başladınız? Bədbəxt adam, bədbəxt adam…
X l u d o v. Yaxşı. Mən sizə başqa otaq tutaram, ancaq elə bu məhəllədə ki, mənim nəzarətim altında olasınız. Üzüyümü satmışam, pul var. İşıqlı otaqdı, pəncərəsi Bosfora baxır. Daha yaxşısını, əlbəttə, təklif eləyə bilmirim. Özünüz görürsünüz, hər şey alt-üst oldu. Uduzub atıldıq. Bəs nə üçün uduzduğumuzu bilirsiniz? (Ehmalca arxa tərəfi göstərir.) Biz isə hər şeyi bilirik. Sizinlə bir yerdə yaşamaq mənə də narahatçılıq yaradır, ancaq verdiyim sözə əməl etməliyəm.
S e r a f i m a. Roman Valeryanoviç, Qolubkovun getdiyi günü xatırlayırsınız? Mənə çatıb zorla geri qaytardınız, yadınızdadı?
X l u d o v. Adam ağlını itirəndə, güc işlətmək lazım gəlir. Hamınızın ağlı çaşıb.
S e r a f i m a. Mənim sizə yazığım gəldi, Roman Valeryanoviç, yalnız buna görə qaldım.
X l u d o v. Mənə dayə lazım deyil, ancaq sizə lazımdı!
S e r a f i m a. Əsəbiləşməyin, özünüzə ziyan eləyirsiniz.
X l u d o v. Hə, doğrudu, doğrudu… Mənim daha heç kimə ziyanım dəyə bilməz. Bəs yadınızdadı – gecə, qərargah… Xludov – vəhşi, Xludov – çaqqal? Hə?
S e r a f i m a. Bütün bunlar keçib gedib, mən də unutmuşam, siz də xatırlamayın.
X l u d o v (mızıldanır). Hə, hə, hə… Yox, mən xatırlamalı oluram. Ancaq allah rəhm eləsin… xatırlamayaq.
S e r a f i m a. Roman Valeryanoviç, bütün gecəni fikirləşmişəm… Nəsə bir qərara gəlməliyik. Deyin, nə vaxta qədər beləcə oturacağıq?
X l u d o v. Qolubkov gələn kimi hər şey həll olunacaq. Sizi ona təhvil verərəm, sonra hər kəs özü bilər. Vəssalam. Bürkülü şəhərdi!
S e r a f i m a. Ax, niyə onu qoydum getməyə! Bunu heç vaxt özümə bağışlamayacağam! Ax, ondan ötrü necə də darıxıram! Lyuska, Lyuska təqsirkardı… Onun danlağından başımı itirdim… İndi isə sizin kimi mən də yata bilmirəm, yəqin haralardasa itib batdı, bəlkə də ölüb.
X l u d o v. Bürkülü şəhərdi! Bu tarakan yarışı da bir rüsvayçılıqdı! Hər şeydə məni təqsirkar bilirlər, guya ağlımı itirmişəm. Doğrudan, axı siz onu niyə qoydunuz getsin? Sizin ərinizin pulu-zadı var?
S e r a f i m a. Mənim heç bir ərim yoxdu, onu unutmuşam, lənətə gəlsin!
X l u d o v. Di yaxşı, nə eləyək?
S e r a f i m a. Həqiqətin gözünün içinə düz baxaq: Sergey Pavloviç ölüb. Bu gecə qərara almışam. Kazaklara geri dönməyə icazə verdilər, mən də xahiş edib onlarla Peterburqa qayıdacağam. Mən ağılsız axı niyə gəldim?
X l u d o v. Çox ağıllı fikirdi. Siz bolşeviklərə heç nə eləməyibsiniz, rahatca qayıda bilərsiniz.
S e r a f i m a. Bircə şeyi bilmirəm, bircə şey məni saxlayır – sizin axırınız necə olacaq?
X l u d o v ( onu barmağının işarəsiylə çağırır. Serafima yaxınlaşanda qulağına pıçıldayır). S…s…s… sizə dəxli yoxdu, ancaq əks-kəşfiyyat məni addım-addım izləyir, onlar İy bilir… (Pıçıldayır.) Mən də Rusiyaya gedəcəyəm, elə bu gecə getmək olar. Gecə gəmi yola düşəcək.
S e r a f i m a. Başqa adla gizlicə getmək istəyirsiniz?
X l u d o v. Öz adımla. Gedib deyəcəyəm: mən, Xludov, gəlmişəm.
S e r a f i m a. Ağlınızı başınıza yığın, sizi o saat güllələyərlər!
X l u d o v. Dərhal! (Gülümsəyir.) Elə o dəqiqə. Hə? Çit köynək, zirzəmi, qar… Vəssalam! Mənim vaxtım azalır. Baxın, o gedib uzaqda dayandı.
S e r a f i m a. Aha! Demək öz-özünüzə bu haqda danışırsınız! Siz ölmək istəyirsiniz? Divanə! Burda qalın, bəlkə sağalacaqsınız?
X l u d o v. Mən bu gün sağalmışam. Tamamilə sağlamam. Tarakan deyiləm, vedrədə üzməyəcəyəm. Mən ordunu, döyüşləri, qarı, dirəkləri, dirəklərdəki fənərcikləri xatırlayıram… Xludov fənərciklərin altından keçəcək.
Qapı bərk-bərk döyülür. Dərhal da açılır, Qolubkov və Çarnota daxil olur. Hər ikisi qəşəng geyinib. Çarnotanın əlində kiçik çamadan var.
Sükut.
S e r a f i m a. Seryoca!.. Seryoca!
Ç a r n o t a. Salam! Niyə susursunuz?
X l u d o v. Bu da onlar. Gəldilər. Mən axı sizə dedim…
Q o l u b k o v. Sima! Salam, Sima!
Serafima Qolubkovu qucaqlayıb ağlayır.
X l u d o v (üz-gözünü turşudur). Çarnota, gedək eyvanda söhbət eləyək. (Çarnota ilə şüşə divarın arxasına keçir.)
Q o l u b k o v. Di ağlama, ağlama. Niyə ağlayırsan, Serafima? Bax, mən gəlmişəm…
S e r a f i m a. Fikirləşirdim ki, ölübsən! Ah, bilsən necə darıxmışam!.. İndi mənə hər şey aydındı… Axır ki, səni gördüm! Sən daha heç yana getməyəcəksən, mən səni getməyə qoymayacağam.
Q o l u b k o v. Əlbəttə, heç yerə, heç yerə getməyəcəyəm! Hər şey qurtardı! İndi hər şeyi götür-qoy edərik! Mənsiz burda necə yaşamısan, Sima? Nəsə bir kəlmə söz de!
S e r a f i m a. Taqətim qalmayıb, yata bilmirəm. Sən gedən kimi elə bil ayıldım, səni buraxdığıma görə özümü bağışlaya bilmirdim! Bütün gecəni oturub işıqlara baxırdım, təsəvvür eləyirdim ki, sən ac-yalavac Parisdə gəzirsən… Xludov isə xəstədi, ancaq çox qorxuncdu!
Q o l u b k o v. Bəsdir, Sima, bəsdir!
S e r a f i m a. Ərimi gördün?
Q o l u b k o v. Gördüm, gördüm. O səndən imtina etdi, təzə arvadı var, arvadının kimliyi ilə maraqlanmağa dəyməz… Belə yaxşıdı, sən azadsan! (Qışqırır.) Xludov, sağ ol!
Xludov və Çarnota qayıdırlar.
X l u d o v. İndi hər şey qaydasındadı, hə? (Qolubkova.) Sən onu sevirsən? Ürəkdən? Hə? Hara desə oraya getməyini məsləhət görürəm. İndi isə salamat qalın! (Paltosunu, şlyapasını və kiçik çamadanını götürür.)
Ç a r n o t a. Mümkünsə, deyin, hara gedirsiniz?
X l u d o v. Bu gecə gəmi yola düşəcək, mən də gedəcəyəm. Bircə heç nə deməyin.
Q o l u b k o v. Roman! Ağlını başına yığ! Belə şey eləmə!
S e r a f i m a. Dedim axı, onu saxlaya bilməzsiniz.
X l u d o v. Çarnota! Bilirsən nədi? Mənimlə gedək?
Ç a r n o t a. Dayan, dayan, dayan! İndi başa düşdüm! Hara? Oraya, hə? Gözəl düşünülüb! Nədi, yeni bir ağıllı plan fikrləşmisən? Əbəs yerə baş qərargahda işləməmisən! Yoxsa elədiklərinin cavabını verməyə gedirsən? Hə? Roman, onda bil ki, səni gəmidən düşürüb yaxınlıqdakı divara söykəyənə qədər yaşayacaqsan! Özü də möhkəm mühafizə altında aparacaqlar ki, səni yolda parçalamasınlar! Qardaş, səndən xeyli xatirə qalıb. Mən allah bəndəsini də səninlə bir yerdə apararlar… Mənim də az zibilim yoxdu! Amma doğrudu, mən özümdən sonra dirəklər qoyub gəlməmişəm!
S e r a f i m a. Çarnota! Gör xəstə adama nə deyirsən.
Ç a r n o t a. Onu saxlamaq üçün deyirəm.
Q o l u b k o v. Roman! Qal, sənə getmək olmaz!
X l u d o v. Sən xiffət eləyəcəksən, Çarnota.
Ç a r n o t a. Eh, dedi da. Qardaş, mən çoxdan xiffət eləyirəm. Kiyevdən ötrü burnumun ucu göynəyir, monastrı, döyüşləri xatırlayıram… Mən ölümdən qaçmamışam, ancaq billə-bilə ölümün arxasınca bolşeviklərin yanına da gedəsi deyiləm. Sənə də rəhmim gəldiyi üçün deyirəm ki, getmə.
X l u d o v. Di əlvida! Salamat qalın! (Gedir.)
Ç a r n o t a. Serafima, onu saxla, peşman olacaq!
S e r a f i m a. Heç nə eləyə bilmərəm.
Q o l u b k o v. Onu saxlaya bilməyəcəksiniz, mən onu tanıyıram.
Ç a r n o t a. Ruhu rahatlıq tapa bilmir! Neyləmək olar, olacağa çarə yoxdu! Bəs siz?
S e r a f i m a. Sergey, gedək yalvar-yaxar eləyək. Mən fikirləşmişəm, gecə vətənə qayıdaq!
Q o l u b k o v. Gedək, gedək! Sərgərdan dolaşmaqdan bezdim!
Ç a r n o t a. Sizə olar, sizi buraxarlar. Gəlin pulu bölək.
S e r a f i m a. Nə pul? Yəqin Korzuxinin pullarıdı.
Q o l u b k o v. O, Korzuxindən iyirmi min dollar udub.
S e r a f i m a. Heç vəchlə götürmərəm!
Q o l u b k o v. Mənə də lazım deyil. Bura gəlib çatdım, kifayətdi. Birtəhər Rusiyaya gedib çıxarıq. Verdiyin pul bizə bəs eləyər.
Ç a r n o t a. Axırıncı dəfə təklif eləyirəm. Yox? Alicənablıq? Di yaxşı. Tale yollarımızı ayrırdı. Kimsə dar ağacına, kimsə Piterə, bəs mən hara? Mən indi kiməm? Mən bundan sonra didərgin cuhudam! Aqasferəm. Uçan hollandiyaliyam! Mən – köpəyoğluyam!
Saat beşi vurur. Karuselin üstündə bayraq qalxır və qarmonun müşayətilə Arturun tarakan yarışında xor oxunyur: «On iki quldur və Xudayar ataman varıydı…»
Baho! Eşidirsiniz? Fırlanğıc yaşayır, işləyir! (Eyvanın qapısını açır.)
Xor daha aydın eşidilir: «…çox quldurlar namuslu xristianların qanını axıdıb…»
Tarakanlar padşahı Artur, yenə salamlar olsun! General Çarnota öz cah-cəlalıyla qarşında peyda olanda məəttəl qalacaqsan! (Gedir.)
Q o l u b k o v. Bu şəhəri daha görmək istəmirəm! Onun hay-küyünü eşitmək istəmirəm!
S e r a f i m a. Bu il yarımda gördüklərimiz nəydi, Seryoca? Yuxuydu? Məni başa sal! Hara, niyə qaçdıq? Perrondakı dirəklər, qara torbalar… sonra bürkü! Mən yenə Karavannıya getmək istəyirəm, yenə qar görmək istəyirəm! Heç nə olmamış kimi, mən hər şeyi unutmaq istəyirəm!
Xor daha gur səslənir: « Allaha dua eləyək, qədim əhvalatları yada salaq!..»
Uzaqdan azançının səsi eşidilir: « La ilahə illallah…»
Q o l ub k o v. Heç nə, heç nə olmayıb, hamısı xəyalıymış! Unut, unut! Ay ötəcək, biz ora çatacağıq, biz ora qayıdacağıq, onda qar yağıb bizim izimizi örtəcək… Gedək, gedək!
S e r a f i m a. Gedək! Hər şey bitdi!
Qaçaraq Xludovun otağından çıxırlar. Konstantinopol gözdən itməyə başlayır və tamamilə görünməz olur.

S O N
(1925 – 1928)

Tərcümə etdi: Saday BUDAQLI

[i] Dönə -dönə üzr istəyirəm, madam! (Frans.)
1 Serso – çənbər oyunu
[ii] “Presse du soir” – “Axşam qəzeti”(Frans.)
[iii] Achetez pour votres enfants! – Uşaqlarınız üçün alın! (Frans.)
[iv] Neçəyədir? (Frans.)
[v] Cinquante piastres, madame, cinquante! – Ялли пиаjтр, мадам! (Франj.)
[vi] Gehen sie!.. Gehen sie!.. – Çıx get! Çıx get!.. (alm.)
[vii] “Bir parç pivə! Bir parç pivə” (Frans.)
[viii] Yaşasın!
[ix] Rədd olsun! Rədd olsun! (ingilis.)
[x] Fırıldaq! Fırıldaq! (ingilis.)
[xi] Kələk Kələk! (ingilis.)
[xii] İ beg your pardon! – Üzr istəyirəm! (ingilis.)
[xiii] Fırıldaqçı! Dələduz! Kələkbaz! (ital.)
[xiv] Yaramaz (ital.)
[xv] Hip, Hip, urra! Yaşasın Düymə! (ingilis.)
[xvi] Zibil! (ital.)
[xvii] Yaramaz (ital.)
[xviii] Dayan! Geri çəkil! (ingilis.)
[xix] Msyö Matşan xəbər göndərdi ki, by gün gəlməyəcək. Stolun üstünü yığışdırma. Mən gec nahar edəcəm. Di cavab ver! (Frans.)

[xx] Mən evdəyəm (Frans.)
[xxi] Mən msyö Korzuxinlə danışmaq istəyirəm… (frans.)
[xxii] Dostluq əlaməti olaraq qollaırnı bir-birinə keçirib içmək.
[xxiii] A Linsant! – Bu dəqiqə! (Frans.)
[xxiv] Au revoir, maemoiselle. – Hələlik. (Frans.)
[xxv] Adieu! – Əlvida! (Frans.)

Contributors