SƏHNƏ ƏDƏBİYYATI
Atur Miller
XX əsr dramaturgiyasının əfsanəsi
Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943-1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar.
Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dakı böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri tema anlamı səviyyəsinə qaldıra bilirlər.
Məhşur dramaturqun «Xəzər» oxucularına təqdim etdiyimiz 1968-ci ildə yazılmış «Qiymət» pyesi illuziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadı.
Bəxti gətirən adam
(pyes)
Üçpərdəli dram
İştirakçılar
Deyvid Bivz
Şori
Cey Bi Feller
Endrü Folk
Peterson Bivz
Ester Folk
Den Dibbl
Qustav Eberson
Oqi Belfast
Bell xala
Elə də keçmiş əyyamlar deyil.
Birinci pərdə. Birinci şəkil. Təmir emalatxanası kimi istifadə olunan sarayın içi. İkinci mənzərə. Saray sübh çağı öncəsi. İkinci pərdə. Birinci mənzərə. Təxminən üç ildən sonranın iyunu. Folkların qonaq otağı artıq Deyvidə məxsusdur. İkinci şəkil. Sabahkı gün. Qonaq otağı. Üçüncü pərdə. Birinci şəkil. Gələn ilin fevralı. Qonaq otağı. İkinci mənzərə. Bir ay sonra. Axşamcağı. Qonaq otağı.
BİRİNCİ PƏRDƏ.
Birinci şəkil.
Haradasa Mərkəzi Qərbin balaca şəhərlərindən birində olan saray. Tamaşaçı bu sarayı aşağı küncdən görür. Sarayın iri giriş qapıları ora-bura yellənir. Sağ tərəfi divar boyu tutan oyuqda avtomobil təmiri üçün lazım olan alətlər, ehtiyat hissələr, əski və başqa şeylər var. Oyuğun üzərindəki rəfdə qaykalar, nasos və başqa alətlər var. Divarın sol tərəfində normal ölçülü qapı Şorinin dükanına və sarayın bir hissəsi olan taxıl ambarına açılır. Bir qədər solda səhnənin arxası boyu uzanan tərəfdə olan divara o baş bu baş sement torbaları yığılıb. Onların qarşısındakı bir neçə çəlləkdə gübrə var.
Mərkəzdə, avansəhnədə balaca dəmir soba qızarır. Oyuğun üzərindən elektrik lampası asılıb. Döşəmədə iri domkrat və stul kimi istifadə edilən bir neçə köhnə çəllək var ki, onlardan da ikisi sobanın yanındadır. Avansəhnənin sağında iri spirt çəni var. Onun ətrafına dəmir-dümür səpələnib. Bu köhnə saraydan müəyyən qədər ambar, müəyyən qədər də avtomobil təmiri emalatxanası kimi istifadə edilir. Rəngsiz palıd dirəkələr bu saraya sanki bir istilik gətirir. Bu şəkildə əsas olan da elə bu ağacın öz təbii rəngidir. Sement torbalarının bozumtulluğunu da bu mənzərəyə əlavə etmək lazımdır. Pərdə qalxanacan avtomobillərin aramsız siqnal səsləri eşidilir. Onlardan biri köhnə "Ford"un bir vaxtlar çıxardığı təxminən özü kimi köhnə "qu-qa" səsidir.
Pərdə qalxır.
Deyvid skamyanı altına qoyub spirt çəninin kranını açıb doldurur. Onun iyirmi iki yaşı var. Belə baxanda ciddi şəhərli iş adamı təsiri bağışlayır. Amma bu təsəvvür özü elə istəyənəcən davam eləyir. Elə ki, kimliyini unudaraq, olduğu kimi görünməyə başlayır, o, qəribə, məzəli, sadəlövh, həmişə axtarışda olan bir gəncdir. O, əynini yüngül geyinib. Cey Bi Feller saraya daxil olur. O, qışa uyğun geyimdədir, enli sifətində müəyyən qədər zərif cizgilər olan əlli yaşlı kök bir kişidir. Çəkisinə baxmayaraq addımları yüngül atır.
Cey Bi. Deyvid, belə görürəm, sən əlini alkoqolla isidirsən! (Pəncəsi üstə yeriyir.) Belə şaxtada məhz belə eləmək lazımdır.
Deyvid. Elə bilirəm, bu gün hamı gələcək. Aprel! Nə komediya oldu!
Cey Bi (avansəhnədə başını bulayır). Mən tərəf elə soyuq idi ki, uşaq şöbəsini bağlamalı oldum. Gələn qış gərək fırlanan qapı qoydurtduram. (Oturur.) Nədən belə bəzənmisən?
Deyvid (bir dizüstə dayanıb bankanın ağır-ağır dolmasını müşahidə eləyir). Esterlə görüşüm var.
Cey Bi (narahatlıqla). Təklikdə?
Deyvid. İndi özü bura gələcək. Sonra onlara gedəcəyik. Ümid eləyirəm, nəhayət, ondan rəsmən qızını istəməyə özümdə cürət tapacağam. Əgər mənim qayınatam olmağa razıdırsa, gərək onunla birtəhər yollaşaq.
Cey Bi (eyni tonla). Ancaq onunla ehtiyatlı davran, hər addımına nəzarət elə.
Deyvid (kranı bağlayıb bankanı götürür və qalxır). İnanmıram ki, üstümə dava-qırğınla gələ. Səncə, gələr?
Cey Bi. O qoca Folkdan iblis də baş açmaz, Ceyv.
Sağ tərəfdən fit səsi gəlir.
Deyvid (əlindəki bankayla sağ tərəfə gedir). İndi kimdir orada? (Çıxır.)
Şori əlil arabasında saraya girir. O, nədənsə çox narazıdır. Otuz səkkiz yaşı var, amma tük deyilən şeydən tamam-kamal xali olmasına görə dazdır, hətta bığ-saqqal nədir, qaşı-kipriyi də yoxdur. Odur ki, onun yaşını müəyyənləşdirmək müşkül məsələdir. Şori ucadan qəhqəhə çəkə və eyni anda hiyləgərcəsinə qımışa bilər. Əlləri tünd göy odeyalla örtülüb. Əlil arabası dayanır. Şori yumruqlarını əsdirir. Danışmağa başlayanda fit səsi gəlir.
Şori. Onlar bu fit səsini nə vaxtsa kəsəcək, ya yox?! Bir dəqiqə ulaşmasalar olmaz?!
Cey Bi. Sakit, onlar axı onun müştəriləridir!
Şori (Cey Biyə sarı dönərək). Bəs, sən burda nə eləyirsən? Yaşayırsan?
Cey Bi. Məgər sən əleyhinəsən? (Sobaya sarı gedib əllərini isidir.) İlahi, o bu sazaqda necə işləyə bilər axı? Elə bil soyuducu kamerasıdır! Başqa nə ad vermək olar?
Şori. Belə piyli olasan, özün də üşüyəsən? Baş aça bilmirəm.
Cey Bi. Nədənsə, hamı elə bilir, kök adama həmişə istidir. Guya köklərin əsəbləri yoxdur.
Şori. Dükana get, ora istidir. Beyzik oynayarıq. (Geri dönüb qayıdır.)
Cey Bi. Bu gün Deyvid Folkla görüşür.
Şori (dayanır). Deyv bu gün Folkla görüşmür.
Cey Bi. İndicə özü mənə dedi.
Şori (təzədən dönərək). Qulaq as. O, bura gəlib məndən iş istədiyi elə birinci gündən onunla görüşüb. Ester barədə söhbət etmək istəyir. Budur, yeddi ildir o, görüşü təxirə salır, yəqin bu gün də təxirə düşər. Bir də ki, sənin nə işinə qalıb? Nədir, elçi-zadsan məgər? Yoxsa arvadın yenə səni evdən qovub?
Cey Bi. Yox, mən daha içmirəm. Doğrusu, çox içmirəm. (Çəlləyn üstə oturur.) Sadəcə, bu iki balanı düşünürəm. Axı bizim zəmanədə bir-birini lap uşaqlıqdan istəyən iki nəfərə çox nadir hallarda rast gəlinir. Bu, heç də boş məsələ deyil.
Şori. Hər halda, arvadınla aranda nə məsələdir?
Cey Bi. Heç... biz, sadəcə, razılaşdıq ki... əgər uşaq olmursa...
Şori (halına acıyaraq). Bəs həkim nə deyir?
Cey Bi. Çox gecdir. Bizim iri, gözəl mağazamız var. Zarafat deyil, otuz bir şöbə! Gözəl evimiz var, amma uşaq səsinə həsrətdir. Nə demək istədiyim çatır da. Sən ölürsən, ölən kimi də sənin qapıdakı adını rənglə silib yox eləyirlər. Bax, belə-belə işlər. (Qısa pauza. Dərindən nəfəs alaraq mövzunu dəyişir.) Mənə elə gəlir, Deyv üçün nəsə bir iş görə biləcəyəm.
Şori. Nədir, havalanmısan, yoxsa səndə Şaxta Baba kompleksi əmələ gəlib?
Cey Bi. Yox, sadəcə, o mənə kimisə xatırladır. Məsələn, elə mənim özümü. Amma onun yaşında mən bir yerdə qərar tuta bilmirdim. O isə sanki linoleum parçasıdır, özüyçün dayanıb qalıb. Səbəbini bilməsəm də hərdən onun yanına gələndə nədənsə mərdə belə bir hiss yaranır ki, elə bil sonunun yaxşı qurtaracağını əvvəlcədən bildiyin o köhnə filmlərdən birinə baxırsan... (Qəflətən Şorinin kürəyinə vurur.) Yəqin səbəb onun belə gənc olması, mənimsə dəhşətli bir sürətlə... qocalmağımdır...
Şori. Onu kimin yanında işə düzəltmək istəyirsən?
Cey Bi. Mənim Berlidəki qaynımın yanında. Den Dubbli deyirəm. Tanıyırsan da, rançosu da var, orada su samurları saxlayır.
Şori. Yox, indi ona ora getmək lazım deyil, indi...
Cey Bi. Məsələ burasındadır ki, onun maşını tez-tez xarab olur. Odur ki, yaxşı mexanik ona hava-su kimi lazımdır.
Şori. Əşi, o yekəbaş bir qəpiyindən də keçən deyil, əgər ona...
Küçədən mühərrikin səsi gəlir. Balaca qaykanın başı cibindən çıxan Deyvid daxil olur. O, daxil olanda maşınlar sürüb gedirlər. Deyvid kanistrə yaxınlaşıb onun içindəki benzinlə əllərini yuyur.
Deyvid. Elə bircə o birləşdirici kəməri qaldırmaq lazımmış. Saat neçədir, Con?
Şori. Hara hazırlaşırsan? Sənə Folkun evinə getmək lazım deyil.
Bell xala dükandan çıxır. Onun əlində kağıza bükülmüş çanta və köynək var. Bu qadın sanki heç vaxt cavan olmayıb. Bədəncə gombul, sifətdən quşa oxşayan bu qadın həmişə burnunu çəkir və burun dəsmalı da, deyəsən, heç vaxt əlindən düşmür.
Bell (Deyvidə). Elə bilirdim, sən dükandasan. Ester xahiş elədi, tələsəsən.
Deyvid (ona yaxınlaşaraq). Təşəkkür eləyirəm, Bell. (Köynəyin kağızını açaraq.) Məgər bu, təzədir?
Bell (dəhşət içində). Sən təzəsini istəyirdin?
Deyvid (köynəyə baxaraq). Ah Bell, haçan sənin huşun yerində olacaq? Ester sənə demişdi ki, mənə təzə köynək gətirəsən.
Bell (çantadan qaloşları çıxararaq). Əvəzində... əvəzində bir gör, sənə nə gətirmişəm.
Deyvid. Əşi, mən məgər qaloş geyinirəm?! Köynək də mən istəyən deyil, Bell! Sən hərdən lap...
Bell ağlayır.
Deyvid. Yaxşı, yaxşı, unutduq getdi.
Bell. Mən istəyirdim yaxşı olsun. Bir də ki, yeri gəlmişkən, mən sənin anan-zad deyiləm.
Deyvid (onu ovunduraraq). Bell xala, üzr istəyirəm. İndi isə bir də təşəkkür eləyirəm, gedə bilərsən.
Bell (hələ də içini çəkərək). Atan sənin qardaşın Eymosun küçəylə qaçdığını görəndə...
Deyvid. Hə, yaxşı... çox sağ ol.
Bell (burnunda dəsmalla). Məcbur elədi ki, ayağına qaloş geyinsin. Niyə səni məcbur eləmədi ki...
Deyvid (onun əlini tumarlayaraq). Esterə denən, mən bir az gec gələcəyəm.
Şori. Bell, heç bilirsənmi, nədən belə huşsuzsan? Çünki burnunu yaman çox çəkirsən. Burun da ki, birbaşa beyinlə əlaqəlidir. Odur ki, orda olanlar axıb burundan çıxır.
Deyvid. Bəsdir, Şori!
Bell içinı çəkə-çəkə çıxır.
Deyvid. Anam öləndən bəri o mənimlə uşaq kimi davranır. Elə bil mənim yeddi yaşım var! (Köynəyi götürür.)
Şori (həyəcanla). Qulaq as, qoca səni öldürər! (Köynəyi əlindən alıb altına basır.)
Deyvid (pərt olaraq, eyni zamanda inadkar təbəssümlə köynəyini geri almağa cəhd edir). Bura ver, əgər mən onunla görüşməyə qərar vermişəmsə, mütləq görüşəcəyəm.
Pet və Eymos küçədən içəri daxil olur. Pet təxminən qırx beş yaşlı bəstəboy, əsəbi bir kişidir. Eymosun iyirmi dörd yaşı var. O danışanda sözləri uzadır və yeriyəndə ayaqlarını yerə bərkdən vurmaq adəti var.
Pet (içəri girən kimi Deyvidə). Niyə sobanın yanında büzüşüb qalmısan? Bilmirsən ki, yüksək hərarət damarlara pis təsir edir?
Eymos (rezin topu əlində sıxaraq). Sən hara belə hazırlaşmısan, Deyv?
Şori (Petə). Ata, oğluna bir ağıl ver.
Pet. İndi verərəm. (Sanki indicə əmr verəcəkmiş kimi Deyvidə sarı dönür.) Sən nə qərar qəbul etmisən?
Deyvid. Qərara gəlmişkəm ki, elə indicə mister Endrü Folkun yanına gedib ona qızıyla evlənmək istədiyimi deyim.
Pet. Əla qərardır.
Şori. Əladan da əla. (Petə işarə eləyərək, Coy Biyə tərəf dönür.) Ataya da bir denən.
Cey Bi (onun Petə münasibəti Şoridən fərqlidir. Onun Petə ürəyi yanır). Məncə, kimsə ona qoşulub getməlidir.
Pet (qətiyyətlə Deyvidə). Əlbəttə, kimsə ona qoşulub getməlidir.
Eymos (Deyvidə). Mənə icazə ver. Əgər bir şey olsa, mən...
Deyvid (hamıya). Siz hamınız axır anlayacaqsnıız ki, lənət şeytana...
Pet (Deyvidə). Mən sənə söyüş söyməyi qadağan eləyirəm. Yaxanı bağla, Eymos. (Eymos barədə.) O, elə indicə iki mil qaçıb. (Eymosun paltosunda daha bir düyməni bağlayaraq Cey Bidən soruşur.) Bu yeni metodika necədir, bəyənirsən? Eymos, göstər ona.
Eymos (topu nümayiş etdirir). Rezin topu əlimdə sıxıram.
Cey Bi. Bu nədir, barmaqlar üçündür?
Deyvid diqqətlə qardaşına baxır.
Pet. Barmaq üçün yox, çiyin üçün. Çiyin möhkəm deyilsə, barmağın, əlin qiyməti sıfırdır.
Şori (Petə). Nədir, kömək eləyəcəksən, yoxsa qoyacaqsan onu o evdə öldürsünlər?
Pet. Kim öldürəcək? Hansı evdə? (Xatırlayaraq.) Hə, oh Deyv...
Şori (Ağzını əyərək). Hə, oh Deyv. Sən axı onun atasısan. Tanrı xətrinə...
Deyvid. Yaxşı, məsləhət kifayət eləyər. İndicə Ester gələcək. Biz onunla gedib birlikdə hər şeyi müzakirə edəcəyik. Əgər…
Şori. O Endrünün çoxdan ağlı azıb, onunla nə danışacaqsan? O səni istəyən adam deyil, özü də deyib ki, işdi-şayəd əgər evinə gəlsən səni öldürəcək. Xəstəxanada işləmək istəyib-istəmədiyini özün düşün və bir qərar qəbul et.
Pauza.
Deyvid. Siz mənə nə məsləhət verirsiniz? İstəyirsiniz, o, Esteri oxumağa göndərsin, biz bir də görüşməyək? Bilirəm, axırı necə olacaq.
Şori. Yox, bilmirsən. İki il mən belə bir gənc oğlanı gözləyə-gözləyə qaldım, ona iş verdim. Niyə axı, nəyə görə? Əlbəttə, mən bəlkə də səfehləyirəm, qoca kişiyəm, əldən-ayaqdan düşmüşəm. Amma orada, dənizlər arxasında öyrəndiklərim az olmayıb.
Deyvid. Məsələn, nə?
Şori. Məsələn, canı xata-bəladan necə qorumağı. Mən çox gözlədim, sən də gəlib çıxdın. İndi də sən bir az gözlə.
Pet. Deyv, mən də onunla razıyam.
Deyvid. Mən hələ lap uşaqlıqdan Esterlə ailə qurmaq arzusundayam! (Çəlləyin üstə oturur.) İlahi, siz axı hardan bilirsiniz ki, insan haçan gözləməli, haçan cürətə gəlib qərar qəbul etməlidir?
Şori, Tələsən təndirə düşər.
Deyvid. Cey Bi, sənin sözün nədir?
Cey Bi. Deyv, şəxsən mən çox gözləməyin əleyhinəyəm, amma, hər halda, sizin qoca Folkun dalınca sürünməyinizi görmək istəməzdim. Adam boğulmayacağına yüz faiz əmin olmadan dərin suya kəllə vurmamalıdır.
Pet (qabağa əyilib Deyvidə müraciət edir). Deyvid əminlik böyük şeydir. Məsələn, elə məni götür. Mən dənizdən qayıdanda…
Deyvid. Con, saat neçədir? Ata, üzr istəyirəm.
Cey Bi. Səkkizə iyirmi dəqiqə qalıb.
Deyvid (Şoriyə). Köynəyimi özün verəcəksən, yoxsa əlindən dartıb alım?
Pet (sözünə davam etmək istəyərək). Bax belə, mən ki, dənizdən qayıtdım…
Şori (Eymos barəsində). Sən o dənizinə gedənəcən, burada artıq bir oğlunun tərbiyəsini pozmuşdun.
Pet. Mənmi? Niyə pozmuşdum? Çünki sən elə düşünürsən ki, zirzəmidə məşq etmək olmaz, eləmi? Ötürmə verən ilk növbədə… traektoriyanı düzgün hesablamağı bacarmalıdır, əks halda, o…
Şori. Heç nədir.
Pet. Hə, nə qədər ki, yadımdan çıxmayıb bir şey soruşum. Bu spirtdən silgi vasitəsi kimi istifadə etmək olarmı? (Çəni göstərir.)
Deyvid. Olar. Amma orada bir şey qalmayıb, bir-iki damcı ola ya olmaya.
Eymos. Demək, sən hamısını bu gün satmısan? (Sevincək Petə.) Deyirdin axı, o, hamısını sata biləcək.
Şori. Yaxşı görək, qardaşından dahi düzəltmə, sadəcə, havaya görə belə alınıb. Adətən, apreldə günəş od kimi qızdırır.
Eymos. Bu gün isə şaxtadır.
Şori. Amma o haradan bilirdi ki, aprel belə soyuq keçəcək.
Cey Bi. Bəlkə bilirdi. Bilirdinmi, Deyv?
Deyvid. Belə də… güman eləyirdim.
Pet. Dahilər iki cür olur: qoluna görə və ağlına görə. Məsələn, Kristi Metyuson, yaxud Uolter Conson kimi beysbolçuları götürək. Onlar hər ikisi dahidir.
Şori. Bir kəlməylə həll etdi.
Pet (ilk öncə sıxılır, amma Eymosun və özünün müdafiəsinə qalxmaq istəyi get-gedə daha qabarıq görünür). Çünki onlar həyatdan nə istədiklərini yaxşı dərk eləyirlər. Heç də hamı belə deyil.
Şori (Deyvidə işarə eləyərək). Bax, bu, ən bariz nümunədir.
Pet (özünü buna inandırmağa çalışdığından get-gedə səsini qaldırır). Mən həmişə bilmişəm ki, Deyvid özünü toparlaya bilmir. Amma Eymos başqa məsələ. Mən dənizdən qayıdıb evə gələndə nə gördüm? Ananın qucağında bir uşaq gördüm. Ona əlimlə toxunan kimi başa düşdüm ki, o, güclü adam olacaq. Öz-özümə dedim: bu gənc həyatını bazara döndərməyəcək, eyni vaxtda on yeddi işlə məşğul olan yarımçıq papaqçılardan olmayacaq… Özümə dedim ki, o, beysbolçu olmalıdır. Odur ki, bu ideyaya mübtəlalıqla düz on iki il həftədə yeddi dəfə məşq eləyirdim. Bax, əsl toparlanmaq buna deyərlər! Bax, əsl inam buna deyərlər! Həyatı əlinə ala bildinsə, onun hansı şəklə istəsən sala bilərsən. Bunun mütləq səmərəsini görəcəksən. Özü də elə fikirləşməyin ki, kənardakılar bunu görmür.
Şori. Kim görmür ki?
Pet (qışqıraraq). Siz! Sizin ona münasibətiniz mənim xoşuma gəlmir.
Hamı susub ona baxır.
Pet. İndi hələ də qışdır. Qışda o, harada oynamalıdır?
Şori. Sən kimdən danışırsan?
Deyvid (kənara çəkilir. Bu, onun nəzərində darıxdırıcı və ikrahedici bir mənzərədir). Ata, o demədimi ki…
Pet. O heç nə deməli deyil. Deyəsən, siz elə düşünürsünüz ki, beysbol ona, sadəcə, başını qatmaq üçün lazımdır. İstirahət günləri topdur da, özü üçün qovur. Əsla! Beysbol onun həyatının mənası, mağazadan, təmir emalatxanasından və sairdən heç də aşağı olmayan daimi iş yeridir. İndi qışdır, oyunlar təxirə salınıb. Odur ki, o da beləcə evdə oturub gözləyir!
Cey Bi. Əlbəttə, Pet, işinin başqa adı nədir?
Pet. Elə isə niyə axı hamı ona elə baxır ki, elə bil… (Əlini alnına qoyur. Qəflətən belə qızışmağına görə utanıb xəcalət hissi keçirir. Araya sükut çökür.)
Deyvid (özünü saxlaya bilməyərək, Petə yaxınlaşır). Ata, əyləş. Əyləş. (Çəlləyi Petə tərəf itələyir.)
Pet baxışlarını bir nöqtəyə zilləyərək, halsız halda əyləşir.
Pet. Yox, mən, hər halda, heç cür anlaya bilmirəm. Vilayətin bütün qəzetləri onu fenomen adlandırır.
Deyvid hiss eləyir ki, bu mənzərəni müşahidə eləmək onun üçün ağırdır. Odur ki, bir neçə addım kənarlaşıb gözünü bir küncə zilləyir.
Pet. O, məğlubedilməzdir. O, güclülər dəstəsində çıxış etməyə hazırdır. Amma nədən axı onunla müqavilə imzalamırlar. Bunun səbəbini kim izah edə bilər?
Deyvid. Ata, mən də bu haqda çox düşünmüşəm. Bəlkə sən təzədən «Detroyt teykers»lə danışasan?
Eymos. (Nə vaxtdan içində qalan hikkəsini çölə çıxararaq). O heç vaxt onlarla danışmayıb!
Pet. Qulaq as, Eymos…
Deyvid (qınayıcı tərzdə). Ata…
Eymos. Heç vaxt da danışmayacaq. Mən bunu bilirəm, ona görə də istəyirəm…
Deyvid. Amma axı ötən yay sən deyirdin…
Pet. Mən onlara dəfələrlə zəng etmişəm, amma… istəyirdim, hər şey təbii alınsın. Bu gərək öz-özünə, təbii alına, Deyv.
Şori. O onların rədd cavabını eşitmək istəməyib.
Pet. Belə də… bəli, ola bilər (Deyvidə.) Əgər mən bu saat zəng vurub cavab tələb etsəm, «yox» deməli olacaqlar. Mən də istəmirəm ki, Eymos barədə belə bir söz eşidim. Burada psixoloji bir məqam var: bir dəfə rədd etdilərsə, ikinci cəhdin faydası yoxdur.
Deyvid. Amma, ata, bəlkə… bəlkə… onlar, sadəcə, unudublr. Onu yoxlamalı olduqlarını unudublar. Bəlkə elə düşünürlər ki, ona baxıblar. Sən onlara zəng vurub xəbər eləyəndə ki, gələn olmayıb, bu xatırlamaya görə hələ üstəlik sənə minnətdar olacaqlar. (Hamıya.) Sizə isə sözüm budur: gəlin gözləyək, olan olacaq, olmayan da olmayacaq.
Şori (əlini bir-birinə sürtərək). Belə, indi də gedək, beyzik oynayaq. Gedək! Con, Pet, gəlin!
Onlar dükanın qapısına tərəf gedirlər.
Cey Bi (saata baxaraq). Arvad məni öldürər.
Şori. Nəyə görə? Beyzik araq deyil, iyisi qalmır.
Pet. Eymos, istəyirəm, sən də baxasan. Beyzik, müəyyən mənada şüurun inkişafına çox yaxşı təsir göstərir. Di haydı, paltonun düymələrini aç.
Pet Şori və Cey Binin ardınca dükana tərəf gedir. Eymos da elə görünür ki, onların ardınca getmək niyyətindədir, amma qapının ağzındaca dayanıb qalır. Sonra qapını onların arxasınca örtüb Deyvidə yaxınlaşır.
Eymos. Deyv, səndən bir xahişim var. (Qapıya baxıb sonra astadan sözünə davam edir.) Məni irəli çək, yaxşımı?
Deyv ona baxır.
Eymos. Mənim üçün nəsə elə. Mən hələlik sakitcə oturub qalacağam, heç hara getməyəcəyəm. Amma and içirəm ki, mən sıxılıb eləmirəm.
Deyvid. Nə danışırsan, Eym, sən axı niyə…
Eymos. Heç də elə deyil. Mən oynamağa təzə-təzə başlayanda hamı deyirdi (Təqlid edərək.) «Eymos çox uzağa gedəcək. Eymos çox uzağa gedəcək. “Mən artıq beş ildir məktəbi bitirmişəm, amma hələ də həmin o pulları xərcləyirəm. Özümə bir qız tapmaq, evlənmək istəyirəm. Öz işimi qurmaq istəyirəm. Deyv, sən torpağın üstə özünü suda balıq kimi hiss eləyirsən, elə bil meydançadasan, nə elədiyini bilirsən. Məni də irəli çək, yaxşımı?
Deyvid. Amma mənim beysboldan atam bildiyinin yarısı qədər də başım çıxmır: nə məşqlərdən, nə də…
Eymos. Zərər yoxdur. Sənin maşından da başın çıxmırdı. İndi bir gör, nələr alınır.
Deyvid. Nələr alınır ki? Heç nə alınmır. Mənim hələ də bu işdən başım çıxmır.
Eymos. Başın çıxır. Hamı bilir ki, başın çıxır.
Deyvid. Əşi, onlar hamısı səfehləyir. Mənə həsəd aparma, Eym, əgər düzəltdiyim hansısa maşın sabah xarab olsa, hamı deyəcək, mən heç bir işə yaramıram. Bu da təbiidir. Mən Şorinin «ford»undan başlamışam, sonra başqa bir maşını düzəltdim. Beləcə, bu işi hələ öyrənib qurtarmamış mexanik kimi ad çıxardım. Amma axı bu işi mənə yox, sənə öyrədirdilər. Səndə nəsə var, Eym (Dərin rəğbət hissiylə onun əlindən tutur)… sən böyük adam olmalısan. Çünki buna layiqsən. Sən həqiqətən də bacarıqlısan. Mənə belə baxma. Elə günü sabah məni küçəyə atsalar, belə xoşbəxt görünməyəcəyəm. Atamıza da gülüb eləmə, Eym, sən onun həyatının mənasısan. Məni eşidirsən? Onunla tez-tez bir yerdə ol.
Eymos. Oldu, Deyv, onsuz da sən həmişə məni bu cür sakitləşdirirsən. (Qəflətən Pet kimi eyforiyaya qapılır.) Mən güclülər dəstəsində olanda, sənə alacağam… sənə tayı-bərabəri olmayan bir qaraj alacağam.
Ester daxil olur. O, tamamilə yetkin, yaşına uyğun olmayan qədərində yetişmiş bir qızdır. O, sürətlə qaça, uzun müddət üzə, hətta nə ağırlıq desən, qaldıra bilər. Həm də bu işləri özünü nümayiş elətdirmək üçün görmür, bu, ondan ötrü su içmək kimi bir şeydir. Hündürdən və yoluxdurucu tərzdə gülə bilər. Ondakı bu qadınlıq təravəti Deyvidi ehtirasla sevməsi səbəbindəndir. Deyvid yanında olmayanda sanki bütün bu xüsusiyyətləri də qeybə çəkilir. İndi özünü elə aparır ki, elə bil heç nə baş verməyib. Amma içəri girəndə nəfəsini güclə alır. Səbəb yolu qaça-qaça gəlməsi deyil, mühüm hadisələr öncəsi bunun həyəcanını yaşayır.
Ester. Oh, Deyvid, nə yaxşı ki, evdəsən! (Yaxınlaşıb onun başını tumarlayır.) Elə indicə qayıtmısan? Hazırsanmı? (Deyvidin yanından Eymosa baxır.) Salam, Eym, əlin necədir?
Eymos. Hər şey qaydasındadır, Es.
Ester. Sənə göstərdiyim hərəkətləri edirsənmi?
Eymos. Hə, xırda-xırla istifadə eləyirəm.
Ester. Çox xeyirlidir. Təzədən meydançaya qayıdıb hərəkətlərinin necə çevik olduğunu görəndə özün də anlayacaqsan. Deyvid, indi biz getməliyik.
Eymos (müəmmalı baxışlarla.) Di… sizə uğurlar. (Dükanın qapısına tərəf gedir.)
Deyvid. Təşəkkürlər, Eym.
Eymos əl eləyib dükana keçir və arxasınca qapını örtür.
Deyvid. Es, mən qorxuram. Bunu nahaq sənə desəm də bil ki, qorxuram.
Ester. Qorxursan, o səni döyər.
Deyvid. Özün bilirsən ki, mən belə şeylərdən heç vaxt qorxmamışam.
Ester. Amma biz həmişə bilmişik ki, gec-tez bunu onun üzünə deməliyik.
Deyvid. Elədir, amma mən həmişə düşünmüşəm ki, o vaxtacan nəyəsə nail olacağam. Sən də bilirsən axı...
Ester. Nail də oldun.
Deyvid. Sən onun tərəzisiylə ölç. O, varlı-hallı fermerdir, düz yüz on akr ən yaxşı torpağın yiyəsidir. Təsəvvür elə ki, mənə sual edəndə ona cavabım nə olur. Bu günkü gəlirim də daxil olmaqla üç yüz doxsan dörd dolların yiyəsiyəm, deyirəm.
Ester. Sən axı həmişə deyirdin ki, üç yüz əlli toplayan kimi onun yanına xahişə gedəcəyik.
Deyvid. İlahi, əgər mən vəkil, həkim, yaxud hətta mühasib olsaydım…
Ester. Mexanik heç də mühasibdən pis vəzifə deyil!
Deyvid. Elədir… amma mən hətta mexanik olduğuma da tərəddüd eləyirəm. (Onun əlindən tutur.) Qulaq as, Es, ola bilsin, bircə ildən sonra mən əsl biznesə girişdim ki, o hər şeyi görüb…
Ester. Bir il?! Deyvi, doğrudanmı sən…
Deyvid. Demək istəyirəm… gəl, heç ondan soruşub eləmədən elə günü bu gün evlənək.
Ester. Sənə demişdim axı, bacarmaram…
Deyvid. Əgər biz baş götürüb uzaqlara getsək…
Ester. Hara da getsək, həmişə qorxu-hürkü içində olacağam ki, o gəlib çıxacaq. Özün bilirsən ki, cin təpəsinə vursa ondan nə desən gözləmək olar. Anamın axırına o çıxmadımı… O bilməsə olmaz, Deyvi. Mənə elə gəlir ki, hələ uşaqlıqdan belə olacağını hiss etmişdim. Səninlə mətbəx pəncərəsindən danışmağı xoşlayandan, sən məni Şorinin maşınında karxanaya aparandan bəri duyuq düşmüşdüm. Hətta altıncı «B»də mənə «Sonuncu mogikan» kitabını oxumağa verdiyin də yadımdadır. O vaxtdan bilirdim ki, biz birlikdə yaşaya-yaşaya onun üstümüzə necə kəkələndiyini dinləməli olacağıq. Biz başqa cür eləyə bilmərik, Deyvi. (Sanki ona seçim imkanı vermək üçün kənara çəkilir.)
Deyvid (üzünə təbəssüm qonur). Bilirsənmi, Es, sən təkcə mənim sevgilim yox, həm də ən yaxın dostumsan.
Ester onun üstünə qaçıb öpür. Onlar elə bir-birlərini qucaqlamağa bənd imiş kimi, qəflətən kimsə içəri girir. Bu, balaca, günün altında qalmaqdan quruyan fermer Den Dibbldir. Əyin-başı səliqəlidir: əynində makintoş, başında şlyapa. Bir neçə saniyə susandan sonra sözə başlayır.
Dibbl. Bağışlayın, mən Cey Bi Felleri görmək istərdim. O, buradadır?
Deyvid. Cey Bi? Əlbəttə, buradadır. (Dükanın qapısını göstərir.) Oradadır.
Dibbl. Çox təşəkkür edirəm.
Deyvid. Hər şey qaydasındadır, Ser.
Dibbl şlyapasını qaldıraraq Esteri salamlayır, dükana tərəf bir neçə metr gedib dayanır və geri qanrılır.
Dibbl. Siz… siz mexanik Deyvid Bivz deyilsiniz?
Deyvid. Bəli, ser Deyvid mənəm.
Dibbl başını tərpədir və cəld dükana girib, arxasınca qapını örtməyi unutmur. Deyvid onun ardınca baxır.
Ester. Gedək, Deyvi.
Deyvid. Hə, qoy paltomu geyinim. (Paltosu asılmış asılqana tərəf gedib geyinməyə başlayır.) İlahi, köynəyi gərək dəyişəm. Şori götürüb, yəqin özündədir.
Ester (məsələdən hali adam kimi). O, hesab eləyir ki, sən gərək getməyəsən.
Deyvid. Yox əşi… o, sadəcə, səfehləyir. Bir dəqiqədən sonra qayıdacağam. (Dükana tərəf gedib qapıya yaxınlaşır.)
Cey Bi, Dibbl, Eymos dükandan çıxır, Şori də gəlib çıxır. Görünür ki, Cey Bi nədənsə həyəcanlanıb.
Cey Bi. Deyv bir bura gəl. (Denə.) Den, sən peşman olmayacaqsan. Deyv, mənim Berlidən gələn qayınımla tanış ol. Bu Den Dibbldir.
Deyvid. Ser, salam.
Cey Bi. Den təzə «marmonuyla» gəlib. Dəfn mərasiminə gəlib, mənim evimdə qalır.
Deyvid (Cey Biyə müəyyən qədər tərəddüdlə). Dedin ki, «marmonuyla» gəlib?
Cey Bi. Bəli, «marmonuyla». (Əminliklə.) Deyv, sənin «marmondan» başın çıxır?
Deyvid. Az-çox. (Denə.) Gətirsəniz, məmnuniyyətlə, baxaram. Amma təəssüf ki, indi getməliyəm.
Cey Bi. Den, hələlik, mənim maşınımın yanında gözlə. İndi mən ona bir-iki şeyi başa salacağam, sonra gəlim, gedərik.
Dibbl. Ancaq cəld ol, küçə soyuqdur. Sabaha qədər düzəltmək lazımdır. (Cey Biyə.) Bilirsənmi, məni necə silkələyir, yəqin təzədən bir də appendisit olacağam.
Cey Bi (onu qapıya ötürərək). Əgər bir dəfə appendesitini kəsiblərsə, çətin bir də əmələ gələ.
Dibbl. Birdən əmələ gəldi?! Bir də ömrümdə belə zibilə pul vermərəm! (Çıxır.)
Cey Bi (Deyvidin yanına qayıdaraq). Yeri gəlmişkən, o axmaq Berlinin ən varlı fermerlərindəndir. Sənə demişəmmi, o öz rançosunda su samuru saxlayır?
Deyvid. Qulaq as, mən axı «marmon» sarıdan hırla-zırı qanmıram.
Cey Bi. Elə o da sənin günündədir. Onun evində iki tozsoran ola-ola döşəməni hələ də süpürkəylə süpürür. İndi diqqətlə mənə qulaq as. O dedi ki, maşınının açar yerində nəsə problem var. Düz iki həftə dilə tutmuşam ki, gətirib sənə göstərsin. Nəhayət... Su samurlarından başqa onun ucu-bucağı görünməyən taxıl zəmiləri, beş traktoru var.
Ester. Beş traktor?
Cey Bi. O, axmağın biridir, amma həmin o samurlardan yaxşı pul qırır. Əgər sən onun «marmonunu» düzəldə bilsən, ştatın ən böyük fermasının yolu üzünə açıq olacaq. Yeri gəlmişkən, traktora görə də, özün yaxşı bilirsən ki, əməlli-başlı pul verirlər. Onun minlərlə dostu var, hər yerə onlarla gedir. Mənim yanıma da gətirib.
Deyvid. Demək belə, amma traktordan mənim heç başım çıxmır.
Ester. Lənət şeytana, başın çıxsın da!
Deyvid. Bircə onun öz traktorları olmasın.
Ester. Məhz onun…
Cey Bi. Mənə qulaq as, bəlkə də bu, sənin ən böyük şansındır… «Marmon» mənim evimdədir. O, qarda ümumiyyətlə onu sürməyə qorxur. Mən özüm sürüb gətirərəm, sən də bir əncam qılarsan. Oldumu?
Deyvid. Qulaq as, Con, mən…
Cey Bi. Səhər ertədən qalx, işə başla. Yaxşımı?
Ester (sevincək). Deyvid, bu ki, lap əla oldu!
Deyvid (tələsik). Məncə, yaxşısı budur, tələsməyin, Es. Altı aydan sonra, bəlkə də daha tez mənim də ona göstərməyə nəyimsə olacaq.
Ester. Əgər biz bu gün, elə indicə ora getməsək, mən bir həftədən sonra Normalda olacağam.
Şori. Sən onu məcbur eləyəcəksən, Ester.
Ester (qəflətən səsini qaldıraraq). Amma sən ona təzyiq eləmə! İnsan qurbağa deyil ki, nəsə baş verənəcən dinməzcə oturub gözləsin.
Şori. Əgər sən onu ora çəikb aparsan, atanla üz-üzə gələcək. Atan onu öldürə bilər!
Deyvid (təmkinlə Esterin əlindən tutur). Yaxşı, Es, gedək. (Cey Biyə.) Maşını sür gətir, mən tez qayıdacağam.
Qəflətən Cey Bi baxışlarını küçəyə dikir. Deyvid və Ester də onun bu hərəkətini tutaraq həmin tərəfə baxır. Ester hər ehtimala qarşı ondan bir neçə addım kənara çəiklir. Endrü Folk daxil olur. O, dəmir kimi möhkəm, hündürboylu, qəddi azca əyilmiş, görmə qabiliyyəti zəif olan bir kişidir. Küçədən mühərrikin səsi gəlir. Görünür, onun maşınına nəsə olub.
Cey Bi (bir neçə saniyədən sonra). Mən sən deyən kimi edəcəyəm, Deyvid. Beşcə dəqiqədən sonra.
Deyvid (tox səslə, amma əslində hələ də narahatdır). Oldu. Cey Bi, mən onu düzəldəcəyəm. Minnətdaram, Con!
Cey Bi çıxır və Endrü Folk gözlərini Esterə zilləyir. Ester üzünü çevirir. Deyvid Folka sarı dönüb ondan hansısa məlumat almaq istəsə də xeyri olmur. Elə bu vaxt Pet Şorinin dükanından çıxır.
Pet. Axşamınız xeyir, mister Folk! Şorinin yanına getmək istəməzsiniz? Burada stul da yoxdur.
Folk dönüb zənnlə ona baxır.
Pet. Siz mühərriki yanılı qoymusunuz. İstəyirsiniz, gedim söndürüm?
Folk. Bəlkə tərpədə də bilərsən?
Deyvid. Məgər akkumlyatoru yatıb?
Folk (qımışaraq). Mənim başım çıxmır, amma nədisə yerindən tərpənmir. (Esterə). Sən də tez evə.
Ester (təbəssümlə Folka yaxınlaşır, amma toxunmur). Atacan, biz elə indicə evə getməyə hazırlaşırdıq.
Folk. Bi-iz?! Tez evə, Ester!
Deyvid. Biz sizinlə danışmaq istərdik. Mister Folk. (Şorinin dükanını göstərərk.) Orada söhbət edə bilərikmi?
Folk. Ester, sənə nə dedim?! Tez evə!
Deyvid (özünə nəzarəti itirərək). Mən istərdim ki, o burada qalsın, mister Folk.
Folk (hətta Deyvidə sarı gözünün qırağıyla da baxmadan). Bu dəqiqə evə! (Esterin əlindən tutub aparmaq istəyir. Ester müqavimət göstərir.)
Ester (az qala ağlaya-ağlaya). Ata, niyə axı? (Düz onun gözlərinin içinə baxaraq əlindən çıxır və küçəyə qaçır.)
Folk nəfəsini dərib ağır-ağır Deyvidə sarı dönür.
Deyvid (hiddətlə). Daha belə olmaz, mister Folk. Biz uşaq-zad deyilik, özü də…
Pet (onları sakitləşdirməyə cəhd edərək). Qulaq as, Folk, niyə axı, biz…
Folk (Peti nifrət dolu baxışlarına qonaq edərək, Deyvidə). Ay uşaq, Bivz, bu barədə söhbətə son qoyduq. Yoxsa səni...
Deyvid. Bilirsinizmi, siz məni gözü götürməyən yeganə insansınız. Başqaları…
Folk. Mən sənin əsl sifətinin tanıyan yeganə insanam.
Şori (dükanın qapısından). Di de görüm, onun sifətində nə var? Burada nə oyun çıxarırsan…
Folk (ilk dəfə səsini qaldıraraq, Şoriyə). Sənin öz sifətin hamıya çoxdan tanışdır, o zəhrimar dilini də ağzında saxla, çölə çıxarma. Nə qədər ki, mən buradayam...
Şori (təşvişlə Deyvidə). Bir ona bax, ağlını tamam itirib! Sən də onunla danışmaq istəyirdin. Ümumiyyətlə, ona toxunma, bir halda, o…
Folk (hirslə Şorinin üstünə atılır). Sən mumla… murdar köpək. Axırıncı balanı da qovdun - çək, bu da sənə Tanrı cəzası!
Şori (xırıltılı hiddətlə). Mənə xox gəlmə, Folk. Sən düz iyirmi ildir, gəbərmisən! Niyə axı özünü torpağa basdırmırsan?
Folk gözlənilmədən sakitləşib aralanır, boynunu paltosunun yaxalığıyla örtmək üçün çiynini qaldırır. Küçədən gələn mühərrik səsi kəsilir. Folk pəncərəyə baxır.
Deyvid. Yəqin mühərrik söndü. Sizin üçün onu işə salım?
Folk. Mənim heç nəyimə əl vurma! (Pauza!) Mən səni Esterlə çayın qırağında yaxalayanda nə edirdiniz? Mənə cavab verməyə kişiliyin çatacaqmı?
Deyvid (yadına salaraq). Amma… biz axı onda lap uşaq idik… elə-belə zəvzəyirdik, vəssalam.
Folk. Gəlib məndən icazə istəmədən! Hər dəfə siçan kimi deşikdən çıxırsan.
Deyvid. Amma… Es həmişə sizə deməkdən qorxub, elə mən də… çox güman… ona qulaq asmışam.
Folk. Elə indi də qorxursan, eləmi? Özü də bilirsənmi niyə, Bivz? Bil ki, mən sənin dabbaqda gönünə bələdəm.
Deyvil. Gönüm necədir ki?
Folk. Səninmi? Sən məhv olmuş adamsan. Mən axı sənin buzun üstə oturub açdığın deşikdən necə balıq tutduğunu da görmüşəm. Tək-tənha oturmuşdun, uşaq sifətli qoca! Keldon meşəsində qaladığın ocağı necə, unutmamısan ki? Az qala, kilsəni yandıracaqdın.
Deyvid. Siz nə danışırsınız, mən o ocağın heç yaxınında belə…
Folk. Bu işi ancaq sən görə bilərdin! Bu mənə gün kimi aydındır!
Eymos. O yanğın olanda biz zirzəmidəydik.
Folk (Eymosa baxaraq). Bəyəm mən koram? (Yenidən Deyvidə.) Esteri alan kişi gərək kişi olsun. Gərək ona bel bağlaya bilim, bütün ömrüm boyu ərsəyə gətirdiklərimi ona etibar edə bilim. O gərək Tanrısını tanıya, billə ki, haradan gəlib, hara gedir. Sən o adam deyilsən. (Dönüb getmək istəyir.)
Deyvid. Mən Esterlə evlənəcəyəm, mister Folk.
Folk dayanıb dönür.
Deyvid. Üzr istəyirəm, amma biz evlənəcəyik.
Folk. Qulaq as, Bivz, əgər bir də mən tərəfə ayaq qoysan səni tikə-parça eləyəcəyəm. Mənim sözlərimi yadda saxla… Mən zarafat eləmirəm, Bivz. Bir də Esterə yaxın getməyəsən. (Şoriyə.) Bu murdar insanla kəlmə kəsən sənin kimilər də bundan sonra mənim gözümün düşmənidir! (Təzədən getmək istəyir.)
Deyvid. Mən Esterlə evlənəcəyəm, mister Folk! Görərsiniz!
Folk. Sən gözlə hələ bir ağzının südü qurusun. Mənim yaşım çoxdur, dünyalar görmüşəm, nə dediyimi bilirəm. Özünü gözlə! (Giriş qapısına sarı gedib açır və küçələdə maşınını saxladığı səmtə baxır.)
Deyvid tərəddüd içindədir, o, hələ də ona öz köməyini təklif etmək istəyir.
Şori (Deyvidə və addımlayıb həm də öz-özünə). Qoy özü işə salsın, ona-buna nökərçilik eləmə!
Folk tələsik çıxır.
Pet (Deyvidə). Hər halda, bəlkə ona kömək eləyəsən?
Şori. Lazım deyil, Deyv! (Addımlayaraq Deyvidlə qapı istiqamətinin arasında dayanır.)
Deyvid (pəncərəyə baxaraq). O, bacarmayacaq, Şori, bacarmayacaq! (Çölə çıxmaq istəyir.) Mən gərək ona kömək edim!
Şori (onu itələyərək). Geriyə! (Folka xitabən.) Belə, atacan, canına cəfa ver! İtələ onu, itələ! Bərk itələ, it oğlu! Buradan çox da uzaq deyil, cəmi yarım kilometr! Hə, belə, güc ver! (Ucadan və kinayə ilə gülür.)
Deyvid (kreslonu kənara eləyərək). Bəsdir, yetər!
Şori. Onunla danışma! Sənin məsələn aydındır: axmaqsan ki, axmaq!
Deyvid (gözlənilmədən). Gedək, Eym, gedək Esteri götürək. Ancaq gərək o evə çatanacan, ötürə bilək. Doğru sözümdür, belə lazımdır!
Eymos (nə etməli olduğundan ehtiraza gəlib topu səhnənin o başına atır). Getdik!
Pet (Deyvidi tutub saxlayaraq). Olmaz, Deyv!
Deydid (hiddətlə). Yox, ata, mən belə etməliyəm!
Pet. Mən sənə qadağan edirəm! (Eymosa.) Sənə də onunla getməyi qadağan edirəm! (Deyvidə.) Öz qızıdır, özü bilər, Deyvid.
Deyvid. Öz qızıdır? Axı o qız məni istəyir!
Pet. Onda qoy, ordan çıxsın. Ora sənlik deyil.
Deyvid. Axı, bilirsənmi ondan necə qorxur?! Biz ikimiz bilərik. Heç cür başa düşə bilmirəm, niyə axı o mənim olmasın?!
Şori (kinayə ilə). Məgər bunu izah etməyə ehtiyac var?
Deyvid (sanki projektorun işığından gözləri qamaşaraq, bir anlığa dayanır). Bəli, ehtiyac var. Mən bir kişi nə etməlidirsə, hamısını etdim. Pis bir iş tutmadım, özü də…
Şori. Tutmalı da, deyildin!
Deyvid heyrətlə ona baxır.
Şori. İnsan dalğanın aparıb gətirdiyi meduza kimi bir şeydir. Başına nə gəldiyindən hətta özünün də xəbəri olmur. Sən nə vaxt axı bütün bunları qanacaqsan?
Deyvid ona baxmaqda davam edir.
Pet. Yaxşısı budur, get evə, yat. Yuxu ən böyük həkimdir, bunu özün də yaxşı bilirsən.
Cey Bi hövlnak daxil olur.
Cey Bi. Den öz «marmonuyla» haradadır?
Pet. O bura gəlməyib.
Cey Bi. Ay eşşək! Ona dedim ki, mən sürüb gətirərəm, amma məgər Den Dibbl özündən başqa kimsəyə sükanını etibar edərmi?! Mən qayıtdım ki, Elliyə öz planlarımı deyəm, geri dönəndə onu yerində görmədim. (Sola tərəf gedir.) Ay səni, balqabaq…
Deyvid. Yəqin o öz Berlisinə qayıtmaq qərarına gəlib.
Cey Bi. Yox, əminəm ki, o hələ buradadır. Xudbin köpəyoğlu. Yəqin, haradasa palçıqlı yolla… (Qəflətən susur. Küçədə maşın qapısının bərkdən örtüldüyü eşidilir. Hamı çıxışa tərəf qaçır.)
Deyvid (həyəcanla). Ester! (Cəld çölə çıxır.)
Bir neçə dəqiqə Eymos, Pet və Şori donmuş vəziyyətdə oturub qalır. Sonra Eymos çıxıb, dərhal da Den Dibblin qolundan tutaraq geri qayıdır. Den Dibblin bütün bədəni əsir, özünü zorla saxlayır.
Dibbl (havalı şəkildə). Pərvərdigara, sən özün başımızın üstə… İlahi, xilas elə…
Ester hönkürtüylə içəri girir. Deyvid və Cey onun qolundan tutub. Deyvid onu sakitləşdirməyə çalışır.
Deyvid. Bəsdir, ağlama, de görək, nə məsələdir. Ester, bəsdir, de görək, nə olub? Cey Bi!
Dibbl (Tanrını köməyə çağıra-çağıra, dua eləyə-eləyə Esterə yaxınlaşır). Mən onu görə bilməzdim! Onun hətta faraları da yanmırdı.
Esterin ucadan gələn hönkürtüsü Dibblin səsini batırır.
Deyvid (Denə). Nə baş verib? Sən nə eləmisən?
Dibbl. Pərvərdigara, sən özün başımız üstə...
Cey Bi (yaxın gəlib onun əlini üzündən çəkir). Den… yetər! Səni and verirəm, de görüm, nə baş verib?
Dibbl. Bu qızın atası… qoca… mən onu görə bilməzdim… faraları sönmüş maşını itələyirdi. Ümumiyyətlə, gözə heç nə görünmürdü. O, qəflətən qaranlıqdan çıxdı, mən də… mən də maşını onun üstünə… sürdüm.
Esterin hönkürtüsü kəsilir, müəyyən müddət sakitlik yaranır. Ester Deyvidə, Deyvid də ona baxır və sonra Deyvid sanki yuxudan ayılır.
Deyvid (Denə). O, indi haradadır?
Dibbl (arxasına işarə edərək). Mən onu evə apardım… qızı da ordaydı. Hadisə onun evindən bir neçə metr aralıda baş verdi.
Deyvid (dəhşət içində). Niyə həkim çağırmamısınız? (Giriş qapısına tərəf gedir.)
Ester. Lazım deyil, Deyvi… o ölüb!
Deyvid daş kimi donub qalır və bir dəqiqə sonra cəld geri dönür. Lunatik kimi Esterə tərəf bir neçə addım atıb gözlərini ona zilləyərək dayanır.
Ester. O öldü.
Deyvid nəzərlərini ilk öncə Petə, sonra Eymosa, Şoriyə, Denə dikir. Yəni, bu xəbər doğrudurmu? Sonra yenə Esterə baxır və gedib içinə mıx yığılmış çəlləyin üstə oturur.
Deyvid (pıçıltıyla). Mən qarğışa gəlmişəm! (Esterə tərəf gedir.) Çox mütəəssir oldum!
Ester. Burada heç kimin günahı yoxdur, sadəcə, o yazığınkı da belə gətirdi.
Pet (Deyvidə yaxınlaşır). Yaxşısı budur, evə gedəsən, Deyv.
Deyvid (ayağa qalxır, Esterə yaxınlaşıb əlindən tutur). Es, mən doğrudan da çox mütəəssir oldum!
Ester başını qaldırır və birdən onun sifətində təbəssüm yaranır.
Deyvid (mərhəmət hissiylə Esteri qucaqlayıb ağlamsınır). Lazım deyil, Es, bəsdir ağladın. Xahiş edirəm! Con bu gün səni öz evinə götürəcək. Yaxşımı, Con?
Cey Bi. Mən elə də eləyəcəyəm (Esterin əlindən tutur.) Qız, gəl gedək. Hər şeyi mən özüm eləyəcəyəm.
Deyvid. Gecən xeyirə qalsın, Es. Amma bax, yat ha, oldumu?
Ester. Özünü günahkar hiss etmə, Deyvi.
Deyvid. Yəqin onu qızışdırıb özündən çıxarmaq lazım deyilmiş. Günahım ancaq budur. Amma o dedi ki, (səsində gülüş çalarlarıyla.) mənim heç nəyimə əl vurma.
Ester. Sənin günahın yoxdur, anlayırsan, heç bir günahın yoxdur!
Deyvid (tərəddüdlə başını tərpədir). Get yat, gedin.
Cey Bi (Esteri özüylə apararaq). Biz evə çatan kimi yatacaqsan.
Dibbl (onların ardınca səhnənin sağ tərəfinə gedir, sonra Deyvidə tərəf dönərək). Əgər maşında qan izləri olsa, silərsən, yaxşımı? Xahiş edirəm!
Den çıxır. Deyvid onun ardınca baxır.
Şori. Məni evə apar, Deyv.
Deyvid. Hə? Yox, bir azdan. Gərək onun maşınına bir baxam. Onu ötür, ata.
Pet (Şorinin kreslosunun arxasından tutur.) Əlbəttə. Gedək, Eymos.
Şori. Oyan, ey div yuxusuna getmiş! Vadidə yüz on akr ən əla torpaq! Pis deyil, hə?
Deyvid (hələ də məhəl qoymadan). Deyəsən, pis deyil.
Şori. Qardaş, belə fürsət bir də sənin əlinə düşməyəcək. (Təxminən zümzümə eləyərək.) Meduzalar üzmürlər. Dalğa özü onu gah o başa, gah bu başa sürüb aparır. Bu sözlərimi qulağına sırğa elə. (Petə.) Getdik, atacan.
Gedirlər. Deyvid hələ də çaşqınlıq içindədir, sanki ayaqüstəcə donub.
Pərdə.
İKİNCİ ŞƏKİL
Saray. Sübh qabağı. Deyvid «marmonun» buferi altındadır, yanında maşının kapotudur. Onun başından azca yuxarıda yanan lampa otağı işıqlandırır. Deyvid tələsik qaykanı burur. Sarayda verstakın üstündə başqa bir lampa da var, amma abajurludur. Bir neçə saniyədən sonra Deyvid maşının altından çıxıb dikəlir, mühərrikə baxır, əlini silir. Yoxlamaq üçün maşına əyləşmək istəyir ki, elə bu vaxt səhnə arxasından addım səsləri eşidilir. O, heyrətlə qaranlığa tərəf baxır.
Deyvid. Burada kim var? (Heyrətlə.) Ester…
Ester (Qaranlıqdan çıxaraq). Sən hələ işini qurtarmamısan?
Deyvid (maşına nəzər yetirərək). Sən burada neyləyirsən? Saat neçədir?
Ester. Təxminən səhər beş olar. Mən sənə evə zəng vurdum, yata bilmirdim. Bell dedi ki, hələ də saraydasan. Baxmaq olar?
Deyvid. Bura əməlli-başlı soyuqdur. Xəstələnərsən.
Ester (yaxınlaşıb, Deyvidin başını əliylə tutub üzündən öpür). Sən heç məni öpmədin də.
Deyvid (get-gedə artan əsəbiliklə). Yaxşı, oldu. Es, mən işi axıra çatdırmalıyam. İstərdim ki… istərdim, sən məni bir az tək buraxasan. Xahiş edirəm!
Ester (heyrət və təəssüf hissiylə). Məgər işini qurtarmamısan?
Deyvid. Demək olar, qurtarmışam, amma hələ… (sözünü dəyişir). Es, xahiş eləyirəm, məni tək qoy. (Aralanıb özünü elə aparır ki, guya mühərrikə baxır.)
Ester. Deyvi…
Deyvid. Eşidirəm.
Ester. Sən onu düzəldə biləcəksən, eləmi?
Deyvid. Bəs sən necə fikirləşirsən?
Deyvid. Mən bilirəm ki, sən bu işi bacaracaqsan.
Deyvid. Onda niyə soruşursan?
Ester. Çünki... çünki Berlidəki qarajlarda onu düzəldə bilən olmayıb.
Deyvid (belini dikəldir. Qısa pauza). Sən haradan bilirsən?
Ester. Cey Bi dedi. Sən bu səhər işini bitirəndən sonra sənə də deməlidir. Əvvəlcədən deyib səni qorxutmaq istəməyib.
Deyvid (get-gedə artan həyəcanla). Ola bilməz. Oradakı qarajlarda o qədər təcrübəli mexanik var ki…
Ester. Əvəzində… Mister Dibbl dedi ki, onlar bu iş üçün maşının hər yerini sökmək istəyiblər. Əmək haqqı kimi də ondan yüz əlli dollar tələb ediblər. Amma onlara o pulu verməyib, çünki…
Deyvid (ona yaxınlaşaraq). Niyə axı onlar hər yerini sökmək istəyiblər?
Ester (onun çaşqınlığının artdığını görərək). Bilmirəm, Deyvi…
Deyvid. Burada problem nədədir? Məgər yadından çıxıb ki…
Ester (hıçqırmağa başlayır). Mənim üstümə qışqırma, Deyvi, guya mənim maşından başım… (Ağlamağa başlayır.)
Deyvid (günah hissiylə). Ah Ester, bəsdir, ağlama, xahiş edirəm. İndicə onu düzəldəcəyəm, amma gərək əvvəlcə məsələnin nə yerdə olduğunu biləm… Bəsdir, ağlama, yaxşımı? (Esterin ona verdiyi əzabdan dönüb az qala, özünü maşına soxmaq istəyir. O özü havalanmaq dərəcəsindədir.) Heç vaxt mühərrikin belə səs çıxardığını eşitməimşəm. Mən qapağı fırladıb açdım, klapanları yoxladım, amma yenə bir şey anlamadım. Bilmirəm, harası nasazdır. Es, başa düşürsən, mən bacarmıram, tapa bilmirəm, bacarmıram!
Ester (hıçqırtısı kəsirlir, onun vəziyyətini anlayır). Hər şey qaydasındadır, Deyvi, hər şey yaxşı olacaq. Bəlkə yaxşısı budur, gedib yatasan? Elə yorğun görünürsən ki… Bu, o qədər də vacib…
Deyvid (toxtayaraq). İlahi, Es, bütün dünyanı gəzsən, sənin kimi ikincisini tapa bilməzsən! (Yaxınlaşıb onu öpür.) And içirəm ki, sənin kimisi heç vaxt olmayıb.
Ester. Deyvi, əgər dilxor olursansa, heç vaxt mənim şıltaqlığıma əhəmiyyət vermə.
Deyvid (onun yanağından öpərək. Cəld və qətiyyətlə). Sən get evə, yat. «Marmonu» mən özüm birtəhər həll edəcəyəm. Get.
Ester. Yaxşı, Deyvi, bilirsən, Cey Bi mister Dibblə səninlə bağlı nəsə mühüm bir şey deyib. Səhər özü sənə deyəcək.
Deyvid. Nə?
Ester. İşini bitirəndə deyərəm.
Deyvid. Es, nə olar, gizlətmə, nə deyib?
Ester. Yox, əvvəl işini gör. (Pauza.) Cey Bi özü demək istəyir. Mənə söz verib. Gecən xeyirə qalsın.
Deyvid. Xeyirə qarşı. Es.
Ester (əlini qaldıraraq vidalaşır). Heç nəyin də fikirini eləmə. Yaxşımı?
Deyvid. Yaxşı. (Onun ardınca baxır, sonra maşına tərəf dönüb gedir, aşağı əyilir və əlini alnına qoyaraq düşüncələrə qərq olur, sonra əli yumruğa dönür. Pıçıltıyla.) Lənət şeytana!
Səhnə arxasından addım səsəri gəlir. Kimsə ağır-ağır emalatxanaya girir. Deyvid dönüb içəri keçənin kimliyini bilmək istəyir. Bu, yaxşı ütülənmiş, amma bir qədər dar kostyum geyinmiş güclü bir kişi olan Qustav Ebersondur. Kostyumun altında ağ köynək, üstündə adi parçadan qəhvəyi palto var. O sanki qəfil gəlişinə görə, üzrxahlıq edərək, isti təbəssümlə gülür. Deyvid səssizcə onu müşahidə edir.
Qus (yüngül alman aksentiylə). Bağışlayın, mister Bivz sizsiniz?
Deyvid. Bəli. (Qısa pauza.)
Qus. Mənim soyadım Ebersondur, Qus Eberson… (Sanki üzr istəyərək başını tərpədir və sonra yenə gülümsəyir.) Siz məşğulsunuz, eləmi? Mən, əlbəttə, sonra da gələ bilərəm. Səhər dörd görüş üçün elə də münasib vaxt deyil.
Deyvid. Bəli, məşğulam… amma hər halda mənlik nə işiniz var?
Qus. Mən bu şəhərə dünən axşam gəlmişəm, səhərəcən gözləyə bilmərəm. Gördüm, işığınız yanır, fikrimdən keçdi, gəlim sizinlə tanış olum.
Deyvid (təsirlənib). Mən də çox şadam. Əvvəlcə elə bildim, quldurun birisiniz, məni öldürmək istəyirsiniz.
Qus. Mən sizi qorxutmaq istəmirdim. Məsələ burasındadır ki, bu küçənin o başında maşın təmiri emalatxanası açmaq istəyirəm.
Deyvid. Maşın təmiri emalatxanası? Maşın təmir etmək istəyirsiniz?
Qus (bir qədər həyəcanlı görünsə də əminliklə). Mister Bivz, sizə demək istəyirəm, əgər mən burada hər ikimizin işinin alınacağına əmin olmasaydım, heç vaxt bu boyda yolu qət edib gəlməzdim.
Deyvid (o, hələ bir qədər sıxılır). Hə, elədir, bura iki nəfərə kifayət edər. İş xirtdəkdəndir. Sizin emalatxana harada olacaq?
Qus. Poplar stritdə, univermağın yanında.
Deyvid. Tanıyıram, amma düzü, min ildi ora yolum düşməyib. Deyirlər, indi ora fahişəxanadır.
Qus. Ola bilər. (Dodağının altında qımışaraq.) Doğrusu, dəzgah sarıdan hələlik məndə kasadçılıqdır. Düzünü desəm… (xoşbəxt görkəmlə.) elə pul sarıdan da. Ona görə də, güman ki, mən sizi çox narahat etməyəcəyəm.
Deyvid (kifayət qədər əminliklə). Amma yəqin sizdə bir şey alınacaq. (Emalatxana barədə.) Çətin bir şey yoxdur. Siz uzaqdan gəlmisiniz?
Qus. Bəli. Bir neçə il Fordun yanında, «River ruj» zavodunda işləmişəm. Son bir il dörd ayı da «Xadson motor»da.
Deyvid (nəfəsini dərərək). Belə… hesab eləyirəm, siz işinizi əla bilirsiniz?
Qus (ona qarşı dərin inam hissiylə). Mən nə bilirəm, axı! Yəqin siz hər şeyi məndən də yaxşı bilirsiniz.
Deyvid. Yox, məsələ mənlik deyil, sadəcə, demək istəyirdim ki…
Qus. Var-dövlət sahibi ola bilməsəm də Detroytda işlərim yaxşı gedirli.
Deyvid. Onda niyə bura gəldiniz?
Qus. Təbiətim belədir. Bir yerdə qərar tuta bilmirəm, elə hey ora-bura qaçıram, qaçıram, işləyirəm, işləyirəm, ora-bura baş vururam. Düzünü desəm, Fordun yanında düz beş il işlədim, amma bir dost da qazana bilmədim. Ümid edirəm ki, burada daha geniş imkanlar olacaq. Balaca şəhərdir və sair və ilaxır. Mən avstriyalıyam, başa düşürsünüzmü? Qulaq asın, siz doğrudanmı mənim bu gəlişimi o qədər də təqdir etmirsiniz?
Deyvid (hərarətlə). Əlbəttə, edirəm, mən sizə yalnız uğurlar arzulaya bilərəm. Təqdir etməməyə heç bir əsas yoxdur. (Həvəslə əlini ona uzadır.)
Qus (onun əlini sıxaraq). Söhbət hansısa əsasın olub-olmamasından getmir. Arzuolunmaz şəxs qismində olmaq istəmirəm. Əks təqdirdə…
Deyvid (onun əlini sıxaraq, astadan). Xeyr, xeyr, xoş gəlmisiniz. Siz…
Qus. Təşəkkür edirəm, təşəkkür edirəm. (Astadan və minnətdarlıq hissiylə gülür. Əllər bir-birindən ayrılır. Üç yüz altmış dərəcə boyunca ağır-ağır dönüb emalatxanaya nəzər yetirir. Deyvid diqqətlə onu müşahidə edir. Nəhayət, avstriyalının baxışları yenidən onun baxışlarıyla toqquşur. Astadan.) Sizin neçə yaşınız var?
Deyvid. İyirmi iki.
Qus (maşın, emalatxana, ümumiyyətlə, hər şey barədə). Bəs haradan… siz haradan bütün bunları bilirsiniz? Mexanikanı hardasa öyrənmisiniz?
Deyvid (qürurla, amma yenə də müəyyən sıxıntıyla. Avstriyalı onun gözündə çox böyüyüb). Yox əşi, sadəcə, bu işə baş qoşmuşam. Amma yəqin ki, hələ çox şey öyrənməliyəm.
Qus. Xeyr, xeyr, yaxşı mexaniklər məhz belə olurlar. Əsas… sizə necə deyim… əsas elə baş qoşmaqdı. (Pauza. Onlar bir-birlərinə baxırlar. Bir dəqiqəlik qarşılıqlı anlaşma. Sonra avctriyalı ağır-ağır nəzərlərini «marmonun» üzərinə gətirib, artıq sanki təslim olaraq geri çəkilən, daha maşını bədəniylə örtməyən Devidə.) Problem var?
Deyvid (hələ də eyforiyada olsa da, hər halda, təbəssümlə də olsa etiraf etməlidir.) Siz məhz işin üstünə gəlib çıxmısınız. Bütün gecəni bununla əlləşmişəm.
Qus (ağır-ağır maşina yaxınlaşaraq). Dərdi nədir?
Deyvid (bir anlıq tərəddüd edir, sonra şübhələrinin son damlası da quruyur və o, etiraf edir). Gedəndə, nəsə qəribə şəkildə titrədir… elə bil içində nəsə çalxalanır.
Qus. Bəlkə, benzin buraxır.
Deyvid. Gülməlisi də elə budur: ox səkkizin üstündədir…
Pauza. Qus mühərrikə baxır. Deyvid baxışlarıyla onun sifətinin ifadəsini izləyir.
Qus. Əgər belə düşünürsünüzsə, maşını işə salın.
Deyvid (ona baxmaqda davam edir. Pauza.) Siz… siz məsələnin nə yerdə olduğunu bilirsiniz?
Qus. Bəs siz bilmirsiniz? Di haydı, işı salın!
Deyvid maşının qapısını açıb açarı fırladır. Avstriyalı bir neçə saniyə dayanıb qulaq asır, sonra əlini açara uzadıb mühərriki söndürür. Yenidən sakitlikdir. Deyvid ağır-ağır maşından düşüb gəlib avstriyalının yanında dayanır və ona baxır.
Qus. Bu cür təzə maşınlarda nadir hallarda belə olur, amma «marmonlarda» tez-tez baş verir.
Deyvid (astadan). Məhz nə?
Qus (dönüb düz ona baxaraq). Dirsəkli val.
Deyvid (bir xeyli avstriyalının üzünə baxır.) Siz haradan bildiniz… səsdən?
Qus. Burada da porşendəki kimidir. (Pauza) İndi işlətmək istəyirsiniz?
Deyvid (maşına baxaraq). Aha. (Cəld bamperdən qaykanı çıxarıb mühərrikə girişir, var gücüylə qaykanı fırladır.)
Qus (azca gözləyib, əlini Deyvidin kürəyinə qoyur). Çox güc vermək lazım deyil. (Deyvid dayanır.) Demək istəyirəm ki, bu, vacib deyil.
Deyvid fırlatmağı saxlayır, açar yerə düşür. O, çaşqınlıq içində avstriyalıya baxır. Avtriyalı qəflətən dönür.
Mən getdim.
Deyvid (onu saxlayaraq). Yox. Mən həmişə bilmişəm ki, zamanı gələndə bu, mütləq baş verəcək. Yəni, sizin kimi birisi gələcək… və mən heç nə olduğumu dərk edəcəyəm.
Qus. Boş şeydir. Siz o qədər maşın təmir etmisiniz ki. Siz əsl mexaniksiniz...
Deyvid. Heç də elə deyil. Mən metallardan, ötürücü mexanizmlərdən tam piyadayam, başqa şeylərdən də… Mən istəyirdim, Nyutondakı avtotəmir emalatxanasına gedim. Bəlkə siz mənə başqa nəsə göstərə bilərsiniz?
Qus. Məmnuniyyətlə.
Deyvid. Siz işləməyə razılıq verərdinizmi? Cəmi bir neçə dəqiqə.
Qus. İstəyirsiniz ki, mən…
Deyvid. Bilirsiniz, mən həmişə başqalarının necə işləməyinə tamaşa etməkdən zövq almışam.
Qus. Yaxşı, di haydı. Əvvəlcə onu açacağıq. Açarı ver. Orada nə qədər yağ var.
Deyvid (açarı taparaq). Az qalıb. İndi onu qurudarıq. (Cəld özünü maşının altına verib qaykayla fırladıb açır və bidonu döşəməyə qoyur.)
Qus. Siz evlisiniz?
Deyvid. Hələ ki, yox (Maşının altından.), amma az qalıb. Bəs siz?
Qus (artıq işləməyə hazır vəziyyətdə bir dizüistü maşının yanında dayanır). Yox, amma ümidim hələ ölməyib. Bu şəhərdə sarışınlar var? (Maşının altına girməyə artıq hazırdır.)
Deyvid (gülərək). O qız mütləq sarışınmı olmalıdır?
Qus. Hə, mən o rəngə üstünlük verirəm. Mənə həmişə elə gəlib, Amerikanın balaca şəhərləri sarışın qızlarla ağzınacan doludur. Ola bilsin, mənim balaca şəhərlərə sevgim də buradan irəli gəlir. Nə vaxta hazır olmalıdır? (Maşının altına girir.)
Deyvid (ona yer eləyərək çəkilir və bir kənarda əyləşir.) Mümkün olsa, sabah on birə. Sizcə əmələ gələr?
Qus. Bizim xirtdəyəcən vaxtımız var. Bu valı Nyutona aparmaq üçün maşın var?
Deyvid. Hə, küçədə «ford» var. Ya da kürəyimdə apararam.
Qus. Həyəcanlanmayın, toxtayın.
Deyvid (nəfəsini dərir). Siz necə də inamla işləyirsiniz! Min dəfə bu işi görsəm də, indi heyrət məni bürüyüb. Emalatxanada bu işi sizin kimi çevik görən adam yoxdur. Başa düşürsünüz, rəsmən belədir.
Qus. Çünki özün işləmək başqadır, başqasına baxmaq…
Deyvid (gülür). Elə mən də bu fikirdəyəm.
Pauza. Qus işləyir.
Lənət şeytana, necə də yorğunam! Bilirsinizmi, mən axı bütün gecəni burada olmuşam.
Qus. Onda gedin, yatın. İş qaydasına düşəndə, sizi oyadaram.
Deyvid. Ancaq elə düşünməyin ki, havayı işləyirsiniz. Siz qəbz alacaqsınız.
Qus (gülür). Boş şeydir! Bəlkə nə vaxtsa sizin də mənə köməyiniz dəydi. Əl əli yuyar. (Deyvidin başı sinəsinə əyilir. Qus bir neçə dəqiqə sakitcə işləyir. Deyvidin nəfəs almağı get-gedə dərinləşir. Qus, nəhayət, sezir ki, onun gözləri qapanıb.)
Mister Bivz (Deyvid yatıb. Qus maşının altından çıxır, öz paltosunu götürür, onunla Deyvidin üstünü örtür, sonra ona baxır. Qusun sifətində təbəssüm yaranır. O, belini dikəldib başını tərpədir və emalatxananı nəzərdən keçirir. Sonra özündən razı halda və ümid hissiylə pıçıldayır.) Amerika! (Sonra əyilib təzədən maşının altına girir.)
İşıq sönür və bir neçə saniyədən sonra yenidən yanır. Günəşin aydın şüaları pəncərəyə düşür. Deyvid yatdığı yerdəcə yatıb, palto hələ də üstündədir. Amma artıq maşın domkratın üstə dayanmayıb. Kapot bağlanıb, alətlər səliqəylə toplanıb. Cey Bi, Den Dibbl, Ester, Pet və Eymos daxil olur.
Cey Bi (içəri girərkən Denə). Biz çox ertədən gəlmişik. Odur ki, lazım gəlsə, gərək gözləyək. Den… (Deyvidə baxır. Astadan.) Nədir, məgər o, bütün gecəni burada olub?
Eymos. Belə görünür. Hər halda, o, işi çox olanda heç vaxt evə getmir.
Cey Bi (Denə). Gör rastınıza necə adam çıxıb. Ümid eləyirəm ki, qarşısında xəcalətli qalmayacaqsınız.
Dibbl (ehtiyatla maşının pərinə toxunur). Deyəsən, əmələ gəlib. Sizcə, düzəldə bilibmi?
Cey Bi (Deyvidə baxaraq). Narahat olmayın, hər şey qaydasındadır.
Ester (Deyvidə yaxınlaşaraq). Onu oyadım?
Cey Bi. Oyat. Mən indi hər şeyi ona deyəcəyəm.
Ester (Deyvidin üstünə əyilib, astadan onu tərpədir). Deyvi! Deyvi!
Deyvid. Hə?
Ester. Oyan daha, Cey Bi gəlib. Artıq səhərdir. (Gülür.) Bir ona bax.
Deyvid. Hə, hə. (Özünə gəlib Dibblə Cey Bini görür) Hə, hə. (Qalxıb üstünə örtülən paltoya baxır.)
Ester (Devidin yaxasını düzəldərək). Hər şey hazırdır?
Cey Bi. Cavanlıq yaxşı şeydir. Harada istəyirsən, yatırsan, kefin də həmişə yaxşı olur.
Deyvid. İndi saat neçədir?
Cey Bi. Onun yarısı olar.
Deyvid (heyrət və təşvişlə). Onun yarısı? Lənət şeytana, nə çox yatmışam! (Qalxır, onun narahatlığı get-gedə artır.)
Ester (gülərək). Sənin necə də gülməli görkəmin var!
Cey Bi. İş nə yerdədir, Deyv, hər şey hazırdır?
Cey Bi. Əgər hazır deyilsə, Den gözləyər.
Deyvid. Bircə dəqiqə… Mən… (Emalatxananı nəzərdən keçirir.)
Ester. Alətləri axtarırsan? Onlar burada, döşəmədədir.
Devid (bir müddət alətlərə baxaraq). Yaxşı. (Maşına elə nəzərlərlə baxır ki, elə bil indicə partlayacaq. Kapotu qaldırıb mühərrikə baxır.)
Cey Bi. Necədir, əla iş görülüb, hə?
Deyvid. Hə? Çox əladır.
Cey Bi. Məgər nəsə elə deyil?
Deyvid. Yox əşi, mən…(Dizüstə çöküb altdan mühərrikə baxır.)
Dibbl. Onu işə salmaq olar?
Deyvid (ayağa qalxıb maddım-maddım burda olanlara baxır). Hə, bir yoxlayın. Amma yox, gözləyin, mənə verin.
Dibbl (onun ardınca maşının qapısına tərəf gəlir). Amma üzünü ləkələməyin.
Cey Bi. Sən üzündən narahat olma. Sən dön, işində ol.
Dibbl. (maşının Cey Bi və Esterin dayandığı qabaq tərəfinə gəlir). Onlar həmişə içəri çirkli paltarla girirlər.
Mühərrik işə düşür, səsi aramla və astadan gəlir. Cey Bi əyilib səsə qulaq asan Denin üzünə baxaraq qürurla gülümsəyir. Ester ümidlə əvvəlcə Cey Biyə, sonra Denə baxır. Bir dəqiqə sonra mühərrik sönür. Deyvid maşından düşüb ağır-ağır ortaya gəlir. Onun gözləri bərəlib.
Pet (Denə oğlu barədə). Əla işdir, əla işdir!
Cey Bi (sevinc hissiylə Dibblə). Nədir, ay səfeh, gördün?
Dibbl (həyəcanla). Səs sarıdan… pis deyil. (Maşının yan-yörəsini dolaşır.)
Deyvid. Qulaq as Cey Bi, mən…
Cey bi (yumruğunu maşina vuraraq). Ay köpəyoğlu Deyv, mən həmişə demişəm! Bilirsənmi, sən neylədin?
Ester. Deyvi, Cey Bi istəyir ki…
Cey Bi (Ecterə) Mən buna pul verirəm, qoy bir sözümü özüm deyim! Den, əvvəl bir bura gəl, Deyvə de ki, Berlidə onun üçün nəyin var. Pet, Deyv qulaq asın. Mən istəyirəm ki, qulaq asasınız.
Pet və Eymos onlara yaxınlaşır.
Dibbl (pəri əliylə yoxlayaraq). Məncə, burası batıb.
Cey Bi. Əşi cəhənnəm olsun, gəl, sözünü de.
Dibbl yaxın gəlir.
Cey Bi. Berlidəki o cavan oğlan necə olsun?
Dibbl. Belədir də… Berlidə mənim traktor təmiriylə məşğul olan emalatxanam var. Amma o cavan oğlan işi bacara bilmir…
Cey Bi. Onun nə elədiyini danış.
Dibbl. Mən bu maşını ona göstərdim. Son vintinə qədər hər şeyi düzəltməyi mənim öhdəmə buraxdı. Axırda da mənim gördüyüm işə görə məndən yüz əlli yaşıl tələb etdi. Bundan sonra qərar aldım ki, daha bu emalatxananı maliyyələşdirməyim.
Pet. Ağıllı qərardır, mister Dibbl.
Deyvid. O sizə bu maşının dərdinin nə olduğunu dedimi? Həmin oğlan…
Dibbl. Hə, hə, dedi. O, həmişə nəsə deyir, amma mən... yox, bir dəqiqə… hə, dedi ki, məsələ dirsəkli valdadır. Ona nəsə olub.
Cey Bi (Deyvidə baxaraq gülür, sonra Denə). Gör ha, özü də təzə «marmon»da ha? Onun o valına nə gələ bilər axı?
Pet. Heç nə.
Deyvid. Qulaq as, Cey Bi, qoy mən deyim…
Cey Bi (əlini Deyvidin və Denin kürəyinə qoyaraq). De gəlsin, Deyvid, Den, sən də qulaq as. Bu, sənin mexanikin dilindən eşidəcəyin ilk düzgün söz olacaq. (Deyvidə.) Di haydı, sən işin nə yerdə olduğunu bu «alimə» başa sal.
Nə deyəcəyini bilməyən Deyvid dayanıb nəzərlərini qürurla ona dikən Cey Biyə baxır. Sonra Esterə sarı dönür.
Ester (həyəcanını zorla boğaraq, qürurla). De gəlsin, Deyvi!
Deyvid (Cey Biyə tərəf dönüb kökc ötürür). Belə, nə bilim, xeyli xırda detallar… olan oldu, vəssalam. (Pərə yaxınlaşıb dalğın halda onu silir. Bu, təvazökarlıq kimi də qəbul oluna bilər.)
Eymos indi yan tərəfdədir. O, ayağını bannerin üstünə qoyub heyrətlə baş verənləri müşahidə edir.
Cey Bi. Gördün? İndi sözün nədir, Denni? O, əsl mexanikdir!
Pet. (Denə Deyvid barədə). Altı yaşında o, çəngəllə ütünü düzəltmişdi.
Dibbl (Deyvidə yaxınlaşaraq). Qulaq as Deyvid, sənə təklifim var. Bir halda ki, mənim traktorlarımı hər an təhlükə gözləyə bilər, bu səbəbdən səni işlə təmin edib təminatını da yüksək...
Deyvid. Sizə çox minnətdaram, mister Dibbl, amma mənim traktordan başım çıxmır.
Cey Bi. Əşi sən də, bir dəqiqə gözlə!
Deyvid (gərgin vəziyyətdə az qala qışqırır). Qoy bir sözümü deyim də. Ağır mühərriklərlə, xüsusən də traktor mühərrikiylə işləmək üçün gərək yaxşı… Amma mənim onlardan başım çıxmır, həm də onların təmirinə mənim dəzgahlarım yaramaz.
Cey Bi (işgüzar tonla). Niyə yaramır?
Ester. Deyvi, ona qulaq as!
Deyvid Cey Biyə baxır.
Cey Bi. Çıxıb özünə nə lazımdır, alarsan. Sonra biz bu yeri təmir elətdirərik, bura beton yol çəkdirərik, haqq-hesabı mən ödəyəcəm, sənsə mənə qazancın bir faizini verəcəksən. (Sirli baxışlarla.) Mən də ömrümdə bir dəfə yaxşı iş görməliyəm, ya yox?
Deyvid (elə bil qızdırmalıdır, səsi qırılır). Özüm də bilmirəm, bu işə hazırammı… Cey Bi bu traktor haqda nəsə bir şey oxumalıyam… mən…
Cey Bi. Kim səni saxlayır, oxu da! Zamanı yetişib, Deyv, sən gəncsən, güclüsən…
Pet (Denə) O, çox güclüdür.
Dibbl (pullarını çıxararaq). Mənim ona borcum nə qədərdir?
Deyvid (Denə baxaraq). Sizin mənə?
Cey Bi. Özün de, Deyv. Düz altmış. Çünki biz elə bilirdik, ağır işdir. (Etiraz üçün yer qoymayan səslə danışır.) Düz altmış, Den.
Dibbl (diqqətlə sayır və əskinazları bir-bir pul almağa müqavimət göstərən Deyvidin əlinə qoyur). Bir, iki, üç. (Davam edir.)
Ester (sevincə, ehtirasla). Bütün əskinazlar bir dollarlıqdır!
Dibbl. Mən həmişə məhz belə ödəyirəm. Yoxsa çaşıram - bir dolların əvəzinə beşlik verirəm. (Saymaqda davam edir.) Hökumət gərək əskinazları müxtəlif ölçülərdə buraxa.
Cey Bi. Birdən-birə iki ulduz atası olmaq necədir, hə, Pet? (Əllərini göyə qaldırır.) Mən orada, havada iri qırmızı işarə görürəm. O ulduzlardan biri maşın-traktor istehsalını birləşdirəcək Deyv Bivzdi.
Ester (maşının yanında paltonu görərək, götürür). Deyvi, sən təzə palto almısan?
Dibbl hələ də Deyvidin uzatdığı əlinə pul qoymaqda davam edir. Deyvid paltoya baxır və hər şeyi anlayır. İndi Dibbl də paltoya baxır.
Eymos (paltoya toxunaraq). Sən onu haradan almısan?
Dibbl. Sakit dayanın! Əlli üç, əlli dörd, əlli…
Deyvid Eymosa, sonra pul dolu əlinə baxır, sonra yenə Eymosa, Eymos da ona baxır.
Eymos. Deyv, sənə nə olub?
Ester. Doğru de, Deyvi, nə baş verir?
Qəflətən Deyvid pulları Esterə verir.
Dibbl. Bu nədir?
Deyvid (elə bil bayaqdan əlini yandıran pullardan xilas olub. Esterə). Sən hamısını götürdün? Mən… (Uzaqları göstərir. Elə bil orada onu kimsə gözləyir. Sonra əlini aşağı salıb cəld hərəkətlə emalatxananı tərk edir.)
Ester (sarsılaraq). Deyvi… (Yerindən qopub onun arxasınca qaçır, amma sonra dayanıb durur.) O, niyə qaçdı? (Həyəcanla.) Deyvi, Deyvi! (Yeyin addımlarla emalatxanadan çıxır.)
Cey Bi, Pet və Denin ağzı açıla qalıb. Eymos ortada, avansəhnədə dayanıb?
Dibbl. Ona nə oldu? Mən heç pulun da hamısını verə bilmədim.
Hamı qapıya, Eymos isə paltoya baxır. Sonra paltonu götürüb o üz bu üzünü çevirərək diqqətlə baxır. Aydın görünür ki, o, müəmma içindədir.
Pərdə ağır-ağır enir.
İKİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
İyun. Üç il sonra. Folkların evinin qonaq otağı. İndi bu ev Deyvid Bivzə məxsusdur. Fermerin evindəki bu otaq çox ürəyəyatımlıdır. Sağ tərəfbdə küçəyə açılan ağır qapı var. Arxa divardan düz mərkəz tərəflə yuxarı, mətbəxə pilləkən qalxır. Sonda bir pəncərə var. Qalın mavi xalçaya, palıddan yığma mebelə həm təzə, həm də köhnə demək olar. Bir cüt geyilmiş rezin uzunboğaz qapının yanında necə gəldi atılıb qalıb. Səhnə boşdur. Gözəl bir yay günüdür, o qədər də isti yoxdur. Saat on ikidir. Səhnə açılandan bir neçə saniyə sonra zəng səsi gəlir.
Ester (yuxarıdan həyəcanla qışqırır). Gəldilər, Deyvi!
Deyvid (ağ köynəyinin düymələrini yoldaca bağlaya-bağlaya tələsik pilləkənlərıi düşür. Bundan savayı onun əynində ütülü şalvar, parıldayan yarımboğaz var. Saçı səliqəylə daranıb. Qışqırır). Eşitdim, düşürəm!
Ester yuxarı məhəccərin, deyəsən, düz tavana qədər uzandığı tərəfə baxır. Otağı gözdən keçirir. Deyvid artıq aşağıdadır.
Ester. Uzunboğazları buradan götür! Mən axı yeri süpürmüşəm!
Yenidən zəng çalınır.
Deyvid (qapıya sarı gedərək). Bircə dəqiqə. (Uzunboğazları yanaşı qoyur. Esterə.) Di geyin, gün günortadır. (Qapını açır.)
Ester. Uzunboğazları ora qoyma, çirklidir! Onları zirzəmiyə at!
Deyvid. Axı onlar elə həmişə burada olublar.
Ester. Sən söz vermişdin ki, təmir başa çatandan sonra…
Qus daxil olur…
Qus. Narahat olmayın, mən təkəm. (Onun əynində çimərlik paltarı olsa da, başında şlyapa yoxdur.)
Ester və Deyvid təəccüblə ona baxırlar. Ester pilləkənlə bir neçə addım aşağı düşür. Əynində sadə xalat, ayağında isə bahalı ayaqqabı var. Saçları yığılıb.
Ester. Oh, Qus, bu nə görkəmdir?!
Qus. Bu gün xüsusi bir gündür, odur ki, diqqəti cəlb etmək qərarına gəldim.
Ester. Özü də bu otaqla çox həmahəngsiniz.
Deyvid (Qusla bərabər gülür). Ehtiyatlı ol, bir də gördün, Ester səni də çərçivəyə salıb divardan asdı. (Ayağını yerə döyərək, Esterə işarə edir ki, geri qayıdıb əyninə don geyinsin.)
Ester (bir qədər utancaq tərzdə geri addımlayır, amma sonra yenidən dönərək məhəccərə dirsəklənir). Adaxlınızı küçədə qoymusunuz? Niyə gətirmədiniz?
Deyvid. Doğrudan da, sizin qız haradadır?
Qus (Esterə baxaraq). Biz onunla qərara aldıq ki, o heç vaxt Ester qədər gözəl görünməyəcək…
Ester. Yaxşı görək.
Qus (əfv olunmağını yalvaran məşuq kimi qollarını geniş açaraq). O nə vaxtacan ki, evdə bu cür səliqə-səhman yarada biləcəyini və sair buna bənzər işləri öhdəsinə götürməyəcək, mənimki olmayacaq. Odur ki, mən düz bir həftədir, onu görməmişəm. Hər halda, qərarım olduğu kimi qalır, mənə yalnız sarışın qız yaraşır.
Ester (Qusa). Ortada dayanın. Onlar içəri girəndə burada hər şey qadın jurnallarındakı şəkilləri xatırladacaq.
Deyvid (Esterə baxaraq). Geyin görək. Bizi hazır görməsə, atam narazı qalacaq.
Ester gülərək sevincək yuxarı qalxır.
Qus (otağı gözdən keçirərək). Hər şey necə lazımdır, o cürdür. Bilirsən, sizin eviniz bir verst o yandan görünür, hətta günəşin altında bərq vurur.
Deyvid. Ah, bu günəş, bir ona bax! (Pəncərəyə sarı gedir.) Tanrı gərək bu gün onun yaxasından tutub deyə ki, bu gün böyük beysbol günüdür!
Qus (divara toxunaraq). Ev deyilən şey həqiqədən də məhz buradır! Heyrətamizdir!
Deyvid (təbəssümlə). Bilirsənmi, bu səhər aşağı düşüb o pəncərədən baxanda uşaqlığımız yadıma düşdü. Mən xəlvəti pəncərənin altından Esterin necə dərslərini hazırladığına tamaşa edərdim. Sonra eləcə geri qayıdardım. Amma indi bura girib gündə əlli dəfə Esterə baxa bilərəm, hər gecə bu otaqda yata bilərəm! (Pəncərəyə baxır.) Gedim, qalstukumu taxım. (Pilləkənə tərəf gedir.)
Qus (otağı gözdən keçirməkdə davam edir). Kitabxana, mebel, təzə ayaqyolu… Buradan nə vaxt uşaq səsi gələcək?
Deyvid (pilləkənin üstə dayanaraq). Tələsmək nəyə lazım? Yoxsa, elə düşünürsən ki, qoca atları cavanlarıyla dəyişməyin vaxtı çatıb?
Qus. Mənmi? Məndən olsa, uşaqların yaxasından yapışıb… Amma onlarsız da nəsə… (Təmkinlə.) həyəcanlanmalı bir şey olmayanda adam darıxır. (Oturub ensiklopediya cildini əlinə alır.)
Deyvid (yuxarı baxır, sonra pilləkəndən aralanır.) Səndən bir şey soruşmaq istərdim.
Qus. Nə?
Deyvid (yubadır, sonra şən ovqatda). Sən kişiyə görə uşaqları olmayan cütlüklər barədə heç eşitmisən?
Qus. Əlbəttə, burada qeyri-adi nə var? Niyə axı sən özün Esterlə bu haqda danışmayasan?
Deyvid (utancaq baxışlarla gülür). Özüm də bilmirəm, necə edim. Yəqin hər şeyi necə varsa, o cür qəbul etmək lazımdır. Mənə elə gəlir ki, zamanı yetişəndə uşaq özü harada olsa gəlib çıxacaq.
Qus. Ya da həkimə get, özün bilirsən, hansına. Əlbəttə, əgər buna marağın varsa.
Deyvid. Əlbəttə, marağım var, amma bilmirəm, düzgün olarmı…
Qus. Düzgün olar! Düzgün olan nədir, olmayan nədir? Axtarma, bu dünyada ədalət deyilən şey yoxdur.
Deyvid (ona baxır, sonra təzədən pilləkənə tərəf gedib orada dayanır). Mən buna heç vaxt inanmaram, Qus. Əgər insan layiq olduğunu hansısa səbəblərdən ala bilmirsə, onda… onda bu dünya dünya yox, dəlixanadır.
Ester (yuxarıdan). Evin yanında maşın dayandı. (Düşərək.) Güman edirəm, uzunboğazları buradan götürmüsən?
Deyvid (fikirli halda). Hə, götürdüm! (Qapıya gedir.)
Ester (cəld düşərək). Yox, götürməmisən. (Otaq boyu uzunboğazlara tərəf gedir). O, bircə həftəyə buranı tövləyə döndərəcək.
Deyvid qapını açıb küçəyə çıxır.
Qus (Esterə). İndidən öyrəşsin, onsuz da elə ki, uşaqlar gəldi, səliqə-sahmana bir quş!
Ester (donub qalır. Sifəti qızarıb, bir cüt uzunboğaz eləcə əlindədir). Mister Eberson, sizə elə gəlmirmi ki, balalar üçün bura çox rahat olacaq.
Deyvid (Dibblə daxil olaraq). Xoş gördük, xoş gördük, mister Dibbl! Bu gün sizi burada görəcəyimizi gözləmirdik. Buyurun, keçin.
Den Dibbl ayağını girəcəkdəki əskiylə bərk-bərk silib içəri keçir.
Dibbl. Bu gün bir iş üçün Cey Biylə görüşməliydim. Düşündüm ki, niyə axı evinizin yanında ayaq saxlayıb sizinlə görüşməyim. Gün aydın, missis Bivz.
Ester. Salam, mister Dibbl. (Uzunboğazları aparır.)
Deyvid. Siz Qus Ebersonu tanıyırsınızmı? Mənimlə emalatxanada işləyir.
Dibbl. Əlbəttə. Salam, Qus! Düzü, siz mexanikdən çox, bankirə oxşayırsınız.
Deyvid. Bununla belə o, ən güclü mexanikdir.
Dibbl. Elə mən də onu deyirəm ki, insana heç vaxt zahiri görünüşünə görə qiymət vermə, bu, aldadıcı ola bilər. Sizə bir sualım var, Qus. Cey Bi haçansa mənə demişdi ki, sizin şəhərdə öz şəxsi emalatxananız da var. Məncə, hardasa, Poplar strit tərəfdədir.
Deyvid. Qusla biz indi bir yerdə işləyirik.
Qus. Bəli, məsələ həqiqətən belədir, mister Dibbl. Cəmi yeddi ay işləmişdim ki, pulumu da, müştərilərimi də itirdim. Artıq iki ildən çoxdur ki, mister Bivzin yanında işləyirəm.
Dibbl. İlk dəfədir eşidirəm ki, işə götürülən adam özünü bossuna bərabər, boss da özünü külli-ixtiyar sahibi hesab etməsin.
Qus (gülərək). Mister Bivz görünür, məsuliyyət hissinin ağırlığını yaxşı dərk edir.
Dibbl. Odur ki, mən samurlarıma baxa biləcək adam axtaranda yeganə seçimim o oldu. Sən bu haqda düşünmüsənmi, Deyvid?
Deyvid. Xeyli düşünmüşəm, mister Dibbl, amma təəssüf ki, hələ də bir qərara gələ bilməmişəm.
Dibbl. Mənim məlumatlarımı dinləməyə vaxtınız varmı?
Deyvid. Düzünü desəm, Şoriylə, Cey Bini gözləyirik. Bu dəqiqə gələcəklər. Berliyə gedirik, beysbola baxmağa. Siz mənim qardaşımı tanıyırsınız, eləmi?
Dibbl. Əlbəttə. Həm də Cey Bi mənə dedi ki, o bu gün hansısa güclü komandaya qarşı oynayacaq. Hələ onu da bilirəm ki, əgər qalib gəlsələr, onu güclülər dəstəsində oynayan komandalardan birinə dəvət edəcəklər.
Deyvid. Ümidvaram ki, bugünkü oyundan sonra Eymos Bivz «Detroyt taygers»də çıxış edəcək.
Dibbl. Məgər doğurdan, bu, mümkündür?
Deyvid. Ümidim var. Onların seleksioneri bu gün matçı izləyəcək.
Dibbl. Neynək, deməli, zaman yetişib.
Deyvid. Aha, həm də ümidvaram ki, o, hələ uzun müddət parlayacaq. Niyə axı siz də bizimlə matça baxmağa getməyəsiniz, mister Dibbl? Sonra böyük piknikimiz olacaq. Barbekyu-filan…
Ester peyda olur.
Dibbl. Təşəkkür edirəm. Çox istəyərdim, amma heyif ki, samurlarımı yedirmək üçün vaxtında qayıtmalıyam.
Ester. Elə Deyvid də indi bütün günü samurlardan danışır. (Əyləşir.) Başı ağ xallı o xırda gözəlçən hələ də dururmu?
Deyvid (Esterin onun yeni məşğuliyyətinə dərin marağını hiss edərək). O indi yəqin Nyu-Yorkun hansısa salonundadır, ona baxmağa gələnlərə zövq verir.
Hamı gülür.
Ester (həyəcanla Dibblə). Olmaya onu öldürmüsünüz?
Deyvid (Qusa və Esterə). Siz samurlara elə yanaşırsınız ki, elə bil onlar da adamdırlar: balaca, əsəbi adamcıqlar.
Dibbl. Özüm isə onları «mənim balaca bankirşalarım» çağırıram. Qəpik-quruşa alıb, yedirirsən, böyüdürsən, nəticədə onlar sənə qırx faizlik gəlir gətirir. Onlar bu zalım dünyanın ən etibarlı bankirşalarıdır.
Deyvid. Amma mister Dibbl əgər halları yoxdursa, onda gözlənilməz…
Dibbl. Samurların halları həmişə yaxşıdır.
Deyvid. Amma mister Dibbl…
Dibbl. Xeyr, olmur. Əlbəttə ki, əgər onların yiyəsi səfeh, ya da hər şeyə barmaqarası baxan birisi deyil. Bax, Deyvid, sənə baxanda, görürəm ki, elə mən deyənsən. Bax, elə sənin bu evin lap xəstəxana kimi tərtəmizdir. Samurlara da məhz belə təmizlik lazımdır. Mənim bəzi işçilərimlə vidalaşmaq qərarına gələndə ilk, həm də yeganə adam kimi səni düşündüm.
Deyvid. Bu yaxınlarda bəzi adamlarla bu mövzuda söhbət etdim. Mənə çox şey dedilər.
Dibbl. Sənin bu haqda məlumatlanmaq istəyin məni çox sevindirdi. Elə bu özü sənin ciddiliyini təsdiqləyir. Odur ki, mən sənə bəzi şeyləri deyəcəyəm. Samurun ölümü adi bir səbəbdən baş verir. Onların adi yelçəkəndən, ürək döyüntüsünün ritminin pozulmasından canları çıxa bilər, həzmetmənin pozulması, xarab diş, hətta cütləşmək həvəsi də onları öldürə bilər. Ən dəhşətlisi isə o su samurlarında, bu qarılarda olan çılğınlıq hissidir. Mən onlara baxmağa gedəndə, əynimdə nimdaş brezent plaş olur. Çünki əgər nəsə parıltılı bir şey geyinsəm, özlərindən çıxıb bir-birlərini didib yeyərlər. Bəli, bəli, məhz yeyərlər. Bərk hay-küy olanda ildırım çaxması, ya leysan yağışının səsi gələndə, yaxud nəcisi ortadan götürən kimi analıq vəzifəsi zamanı bir də görürsən, qəfəsin ortasındadırlar. Sonra bir də baxırsan ki, altısı, yaxud səkkizi bir-birinin üstündədir. Su samurlarının bir-birini necə öldürdüklərini, acından üzdüklərini az görməmişəm, onların, sadəcə fikir eləməkdən öldüklərini də görmüşəm. Amma mənim rançomda belə şey dünyasında ola bilməz, bu sarıdan mənim tayım-bərabərim yoxdur.
Deyvid (Qusa). Bax bu işdir, hə?
Qus. İş? Mən deyərdim, bütöv bir sənayedir. Amma bundan sənə nə var?
Deyvid. O var ki, Qus, sonra onların dərilərini Nyu-Yorka göndərəndə anlayırsan ki, bu işi görməyə dəyərmiş.
Qus. Amma axı sən özün də işsi-gücsüz oturub qalmamısan. Belə nəhəng emalatxana, maşın-traktor stansiyası yaratmaq. Hələ bu evi demirəm!
Deyvid (o qədər də həvəsli deyil, amma bununla belə hiss olunur ki, bu söhbət onu açır). Ola bilər. Amma məgər sən elə düşünürsən ki, əgər haradasa adın yazılıbsa, deməli, sən həqiqətən də iş-güc yiyəsisən? Nəyisə həqiqətən də dərindən öyrənmək əvəzinə niyə axı, sadəcə, başını qatasan. Su samurları başlarını qatmır: onlar ya yaşayır, ya da ölürlər. (Dibblə sarı dönərək.) Mister Dibbl, sizə demək istəyirəm…
Dibbl. Sənin düşünməyə hələ vaxtın var.
Deyvid. Hə, mən sizə zəng edərəm, xəbər verərəm.
Dibbl. Əlbəttə, əlbəttə, mən gözləyərəm. Ancaq bir şeyi yadda saxla: su samuru mantosu üstündə Nyu-Yorkda baş yarırlar. Su samuruna görə qadınlar bütün zinət əşyalarını satmağa hazırdırlar. Nyu-York qadınları su samuruna görə hər şeylərindən keçərlər!
Gülürlər. Küçədə iki maşın siqnal verir.
Deyvid (Dibblə). Qardaşım gəldi! (Qapını açmağa gedir.) Bu da o, ikinci Kristi Metyuson!
Eymos və Pet, onların ardınca Cey Bi daxil olur.
Ester (Eymosun əlindən tutaraq). Eym, əlin necədir?
Eymos (beysbol jesti edərək). Bir və düzəldi!
Pet (hər iki əlini göyə qaldıraraq). Tanrı özü sənə yar olsun!
Cey Bi (Esterə). Şori bizi maşında gözləyir. Getdik!
Ester. Çağır onu gəlsin, gəlin birlikdə badə qaldırıb Eymə uğurlar arzulayaq!
Onu heç kim eşitmir.
Deyvid. Ürəkli ol, ata! (Qəflətən Peti qucaqlayır.)
Ester. Bir badə viski iç, Deyvi!
Pet (hirslə Deyvidən kənarlaşaraq). Sən yəqin bizi boğmaq istəyirsən, eləmi? Tez elə pəncərəni aç! (Özü açmağa gedir.)
Deyvid (gülərək). Biz ki, bircə dəqiqəyə çıxırıq. Teleqram haradadır, Eym?
Eymos cavab vermək istəyir, amma Pet onu qabaqlayır.
Pet (pəncərədən). Qoy bu gün içəri keçsin! Necə bir gün! Necə bir il! Necə bir ölkə!
Ester (Petin ardınca qaçır). Sən teleqramı gətirdin? Teleqram hanı?
Pet. Mənim onu gətirməyimə ehtiyac yoxdur. Nə qədər ki, canım sağdır, bu teleqram həmişə mənimlə olacaq. (Teleqramı cibindən çıxarıb oxuyur). Petercon Bivz, 26 Merdok-strit. 16 iyun, bazar günü biz Berlidə «Blek caynts»ın oyununda olacağıq. Eymos Bivzin oyununu səbirsizliklə gözləyirik. Ən xoş arzularla Oqi Belfast, «Detroyt taygers». (Təkəbbürlü baxışlarla hamını gözdən keçirir.) Mən bu teleqramı düz iyirmi bir il gözləmişəm. Elə ayaq açdığı gün mən zirzəmidə ona məşq keçmişəm. Eymos məktəbdə aşağı qiymət alanda hamı gülürdü. Mən isə ona, - dərsləri yadından çıxar, - deyirdim, - topla yaşa, topla nəfəs al.
Cey Bi (təsirlənib, amma eyni zamanda belə getsə, Petin nitqinin kəsiləmyəcəyindən qorxur). Tanrı xətrinə gəlin birlikdə içək.
Ester (küçəni göstərərək Cey Biyə). Gedim Ellini də bura gətirim. Mister Dibbl, siz niyə bizimlə oyuna baxmağa getmirsiniz? (Qapıya sarı addımlayır).
Cey Bi (bir qədər tərəddüd içindədir, amma Esteri fikrindən döndərə bilmir.) Balası, yaxşısı budur Ellini rahat buraxasan. Özün də bilirsən ki, onun alkoqola münasibəti necədir. Gəl, ona heç nə deməyək.
Qus. Amma Şoriylə içmək lazımdır. Qoy gedib onu çağırsın. (Çıxır.)
Pet. Mister Dibbl, Deyvidin maşınında yer çoxdur. (Dibblə baxır və eyni zamanda sanki qeyri-ixtiyari Eymosun əlini ovuşdurur.
Cey Bi (əlini Esterə göstərərək). Nə deyirsən, necədir?
Ester. Nişan üzüyü? Ellidə də eynən beləsidir?
Cey Bi (səmimi tərzdə). Yox, bu, mənimdir. Biz qərara almışıq ki, övladlığa uşaq götürək. Odur ki, mən özümü lap təzə bəy kimi hiss edirəm.
Ester (onu qucaqlayaraq). Ay səfeh!
Qus Şorini itələyə-itələyə içəri salır!
Şori (Cey Biyə). Ey, atacan, əgər axırını gətirə bilməyəcəksənsə, əvvəlini də gətirmə!
Deyvid bir sini içkiylə daxil olur.
Ester (Şoriyə yarızarafat-yarıciddi). Ay qoca şorgöz!
Şori. Madam, komplimentə görə təşəkkür edirəm. (Deyvidə.) Ey adaxlı, içməyə bir şey ver!
Deyvid. Hamı gəlsin. İndi tərpənərik. (Badələri paylayıb, özününkünü qaldırır.) Tostum var, hamımızın uğuru naminə! Ha-mı-mı-zın!
Hamı badələri qaldırır.
Qus (Eymosa). Həm də gələcək dünya çempionunun şərəfinə! (İçmək istəyir.)
Deyvid. Gözlə! Gəlin bu gün hamımızın ürəyindən keçənlərin şərəfinə içək! Eymosun şərəfinə! Atamın şərəfinə!
Qus. Deyvidin, Esterin şərəfinə? Onların firavanlığının, emalatxanasının, traktor stansiyasının, fermasının…
Dibbl (qəflətən ağlına gələrək). Su samurlarının da şərəfinə!
Ester (Astadan etiraz edərək). Yox…
Dyvid (Esterə baxaraq… Onun baxışlarını görərkən Esterin baxışları mülayimləşir). Su samurlarının söhbəti indinin vaxtı deyil, amma gəlin arzu edək ki, bu gün deyilənlər hamısı gerçək olsun. Bizim övladların şərəfinə?!
Qus. Onların övladlarının şərəfinə!
Cey Bi. Onların övladlarının?!
Ester (astaldan). Özü də bu il. Hamıya denən.
Deyvid (bir anlığa Esterlə baxışları toqquşur). Bu il… bizim ürəkdən gələn arzularımız… onların hər biri… elə bu il.
Hamı içir.
Pet (saata baxır). Di haydı, gecikirik. Bəyəm, bütün dünya oturub bizim içib qurtaracağımızı gözləyəcək?! Getdik!
Qışqıra-qışqıra, gülə-gülə çıxırlar.
Pərdə enir.
İKİNCİ ŞƏKİL
Qonaq otağı. Elə həmin gündür. Saat axşam yeddidir. Səhnə boşdur. Ucadan səslər eşidilir. Yəqin barbekyu ziyafətinə toplaşanlardır. Amma bir neçə dəqiqə sonra giriş tərəfdən yalnız iki nəfər - Den Dibblin müşayiətilə Deyvid daxil olur. Onlar yazı masasına yaxınlaşırlar və Deyvid ordan qəbz kitabçasını çıxarır. Sonra əlində qələm o kitabçanı vərəqləyir.
Deyvid. Bu, tale işidir, həyatımda heç vaxt bu nəhənglikdə qəbz imzalamamışam.
Dibbl. Sadəcə, sən heç vaxt az iş görüb belə çox qazanmamısan. Mükafat sənin payına düşüb - su samurlarının ən seçmə cinsi. Bundan sonra hər şey özündən asılıdır.
Deyvid. Mister Dibbl, ağlıma belə gəlməzdi ki, mənim də əllərim əsə bilər.
Sol qapı açılır. Pet daxil olub, ardınca qapını astadan örtür.
Deyvid. O, hələ də yatır?
Pet. Şşş. Mən həmişə oyundan sonra onu məcbur eləyirəm ki, bir saat yatsın.
Deyvid. Yemək istəmirsən?
Pet. İndi yox. (Stulda əyləşir.) İndicə onun yatmağına tamaşa edirdim. Qəflətən mənə hər şey çatdı. Fikir vermisənmi ki, o, təpədən-dırnağacan əsl kişidir, hə?
Deyvid (qəbzi imzalayaraq). O, nəhəndir. Bu günkü oyundan sonra bir nəfər də daha buna şübhə etməyəcək. O, nəhəngdir, vəssalam.
Pet. Bəs, tribunadan necə görünürdü? Tamaşasına iki göz gərək idi.
Deyvid. Bircə götürsünlər, kifayətdir. (Kitabçadan qəbzi qoparıb Dibblə.) Bu da sizin qəbziniz, mister Dibbl.
Dibbl qəbzi alır.
Dibbl. Sən heç vaxt buna görə peşman olmayacaqsan.
Deyvid. Ümid edirəm.
Dibbl. Yaxşı, mən getdim. Qəfəsləri alıb hazır eləyən kimi mənə zəng vur. Mən özüm onları gətirəcəyəm.
Deyvid onu giriş qapısına qədər ötürür.
Dibbl. Gecəniz xeyirə qalsın.
Deyvid. Xeyirə qarşı.
Dibbl çıxır. Deyvid otağa qayıdır.
Pet. Bilirsən, niyə belə şadam? Çünki elə bilirdim, sən ona bel bağlamırsan, hətta sənə demək istəyirdim ki, onun gələcək uğurlarına şübhə yoxdur və ola da bilməz.
Deyvid. Yox, mən elə düşünmürdüm ki, həmişə belə olacaq, o, həmişə gözləyə-gözləyə qalacaq, onun növbəsi heç vaxt gəlib-çatmayacaq, o yalnız…
Pet. Yalnız nə?
Deyvid. Yalnız uğursuzluqlar zolağında olacaq. Amma indi o, düz yoldadır. Mən bunu görürəm, ata.
Qapı açılır və Cey Bi əlində təzə idman çantası daxil olur. O, yüngülcə içkilidir. O biri əlində vərəq var.
Cey Bi. Mənim sürprizim var!
Pet (səs salmaması üçün barmağını dodağına aparıb işarə edir). Şşş!
Cey Bi (pıçıltıyla). Sürpriz! Onu oyadın! (Çantanı göstərərək.) Sürpriz!
Pet. Oyundan sonra gərək bir saat yata. Yoxsa, yaxşı ovqatda olmayacaq. (Saatı göstərərək.) Bir neçə dəqiqə qalıb.
Qapı açılır və Eymos daxil olur.
Cey Bi. Salam, Eymos. (Çantanı qaldırır.) Mənim sənə sürprizim var.
Eymos. O-o… (Heyrətlə hədiyyəni gözdən keçirir. O biri əlindəki vərəqi oxuyur.) Esterdən, Şoridən, Qusdan, Deyvdən, Ellidən və Belldən. Həm də məndən.
Eymos (əlini çantaya sürtərək). Axı… belə eləmək lazım deyildi.
Cey Bi (get-gedə artan hissiyatla). Sən bir təsəvvür elə ki, qarşıda səni nə gözləyir? (Baxışlarını uzaqlara dikərək.) Şib-Park, Kommiski - Fild, Sportsmenc - Park, Boston, Çikaqo, Klivlend, Sent-Luis… Və hər növbəti qələbədən sonra formanı bu çantaya yığanda doğma evini xatırlayacaqsan. (Kilidini yoxlayır.) Babat metaldandır.
Eymos (sevinc içində ayağa qalxır). Kağızı mənə ver. (Vərəqi Cey Binin əlindən alır.) İlk pulum əlimə gələn kimi sizin hərənizə bahalı hədiyyə alacağam, eşidirsiniz? (Saatın neçə olduğunu bilmək üçün əlini qarnı tərəfə uzadır.) Saat neçə oldu?
Pet (onun əlindən tutaraq). Soyunub-geyinmə otağında Eymosun nə dediyini eşitdiniz? Dedi ki, kiminləsə zəngləşməlidir, sonra dərhal bura gələcək. Ver, əlini ovxalaym.
Onlar pilləkənlə yuxarı qalxırlar və elə bu vaxt Ester daxil olur.
Ester. Con, cəld çıxışa. Elli getdi.
Cey Bi (təşvişlə). Nə səbəbə? (Hamıya.) Məgər mən sərxoşam?
Deyvid. Tələs, bəlkə çata bildin.
Cey Bi. Gəl, mənimlə gedək, Deyv, ona deyərsən ki…
Deyvid. Əl-üzünü yu, Eym… sən gərək yaxşı görünəsən. Mən tez qayıdacağam.
Deyvid və Cey Bi çıxır.
Ester (qapıya baxaraq). Niyə o, həmişə belə eləyir? (Öz köhnə çantasında eşələnən Petə.) Mən sizə dəsmal verərəm, yuxarıdadır.
Pet. Lazım deyil, özümüzün varımızdır.
Ester (gülmək istəyir). Mən istəyirəm, sizə çirklisini verim.
Pet. Təxminən iyirmi ildir, mən yalnız steril dəsmallardan istifadə edirəm. Yoxsa, kim bilir, infeksiya-zad keçə bilər. Tez elə, Eymos, gedək, yuyunaq.
Eymos və Pet pilləkənlə yuxarı qalxıb gedirlər. Cey Bi, onun ardınca da Deyvid daxil olur. Cey Bi sərxoşdur; o qədər də nizamlı yerimir, amma həm də səndirləmir. O, birbaş Esterin üstünə gəlib əlindən tutur, sanki onun reaksiyasını daha yaxşı görmək üçün düz gözlərinin içinə baxaraq.
Cey Bi. Ester, bizə gedib bir özün onunla danışardın. (Qəflətən dəlicəsinə hönkürür).
Ester. Yaxşı, yaxşı siz də…
Deyvid (acıqlı halda). Con! (Onu silkələyib, sonra zorla yerində oturdur.) Con, bəsdir, eşidirsən?
Ester (Cey Biyə yaxınlaşaraq). Nə baş verib? O sənə nə deyib?
Cey Bi (hönkürtüsünü kəsib, o yan bu yana yırğalanır). Bütün bu illər içində… bizim uşağımız da ola bilərdi… bu boz, qəm-qüssə dolu illər…
Ester. Sən nədən danışırsan?
Cey Bi (guya küçədə kiminsə dayandığını göstərərək). O elə indicə mənə dedi ki… həkimdə olub… həkim də kökündən… hər şeyi kökündən… Biz indi iki uşaq yiyəsi ola bilərdik. (Deyvidə baxır.) Amma o, istəməz. Deyirdi ki, bəs, sən içirsən. Əyyaşsan deyirdi. Hətta poçt qutusundan adımı da sildilər. Guya mən adda adam heç vaxt bu dünyada omlayıb.
Ester. Get, uzan. Məni elə dilxor etdin ki, bu saat səni boğmağa belə hazıram. Hər şeyin ola bilərdi, amma sən hər şeyini içdin.
Cey Bi. Əgər o mənə bir oğul doğsaydı, dilimə də…
Ester. Yaxşı, yaxşı, get! (Onu pilləkənə tərəf itələmək istəyir.)
Cey Bi. Deyvid, mən olsa-olsa bədbəxt bir insanam. Dünya mənim kimi bədbəxtlərlə doludur. Bir dəfə, cəmi bir dəfə səhv etdinsə, adın bədbəxtlərin siyahısına düşür.
Deyvid (bu söhbətdən bir qədər bezib.) Bilirəm, Con. (Pəncərədən baxır.)
Cey Bi. Sən heç vaxt səhv eləməyən yeganə insansan. Məni başa düşürsənmi? İndi mənə bax! Eşitdin, nə deyirəm?
Deyvid (indi ona sarı dönür). Bilmirəm, nə demək istəyirsən.
Cey Bi. Mən göründüyü qədər də sərxoş deyiləm. Deyvid, bəli, sən yaxşı oğlansan, necə yaşamağı bilirsən. Amma bundan başqa həm də həyatda səninki gətirir, dəhşətli gətirir, Deyv. Amma bəxtlə oynamaq olmaz. O… səndən üz döndərib gedə bilər. Gəldiyi kimi də rahatca gedə bilər.
Ester. Tez elə get, yoxsa çatmayacaqsan.
Pet əlində saat daxil olur.
Pet. Mənim saatımda artıq doqquzun yarısıdır. O, harada qaldı? Demişdi ki, səkkizdən gec gəlməyəcək.
Deyvid. Belə çıxır ki, o artıq yarım saatdır gecikir.
Pet. Bilmirəm, Eymosa nə deyim. Mən ona dedim, hələ bir az da yuyunsun.
Deyvid (get-gedə artan həyəcanla). O bu gün indiyəcən olanların içində ən yaxşısını oynadı. Başqa nə ola bilər? O adam mütləq gələcək.
Pet. Bəlkə kəf gəlir? Üz-gözündən eləsinə oxşayırdı.
Deyvid. Ata, bəsdir, nəs gətirmə.
Pet. Sadəcə, yadıma düşdü ki, Eymos əvvəl-əvvəl həyəcanlıydı.
Deyvid. Amma heç nəyi korlamadı ki. Bəsdir, yetər. (Pet ümidsiz halda oğluna baxıb sonra pilləkənə tərəf gedir.) Ata, məndən nə kömək istəyirsən? Mən onları Eymosu komandaya götürməyə məcbur eləyə bilmərəm.
Şori və Qus daxil olur. Pet pilləkənin üstə dayanıb dönür, nəsə demək istəyir, amma sonra qalxıb gedir.
Şori (qapı bağlanan kimi). Mənim hər yerim elə ağrıyır ki, gərək çox şeylərdən imtina edəm. Hər halda, yeyib-içməyə əlvida.
Deyvid. Yox, bir az gözlə. İstəmirəm ki, hamı birdən dağılışsın. (Pəncərəyə sarı gedir.)
Şori. O, yeddi otuz dedi, amma siz səkkiz bilirsiniz. Amma yeddi otuz, səkkiz deyil axı, elə deyilmi?
Deyvid (hiddətlə pəncərəyə baxmaqda davam edərək). Bəlkə maşınının təkəri partlayıb?
Şori. Əşi, onu dəyişmək nədir ki?
Deyvid (dönərək, həyəcanlı səslə). Xahiş edirəm, getməyin. (Esterə). Camaat dağılışır, amma mən istəyirəm, Eymos gedəndən sonra biz bir az da oturaq. Onları saxla.
Ester. Dünyanın axırı deyil ki. Deyvi, mən istəməzdim, sən özünü belə aparasan. Hər halda, bu olanlarda sənin günahın yoxdur. (Onun əlindən tutur.) Sən niyə belə həyəcan keçirirsən, Deyvi?
Deyvid. Çünki heç nə anlamıram, and içirəm ki, mən heç nə anlamıram! (Təzədən pəncərəyə qaçır. Sanki bu dəqiqə küçəyə tullanacaq.)
Şori. O, nəyi anlamır?
Deyvid. Hər şey o qədər də sadə deyil. Öz narahatlığını gizləyə bilməyərək, qonaqlara müraciətlə). Mən hamınızdan soruşmaq istərdim, hamınızdan, Es, səndən də. Siz bilirsiniz ki, mən nəyi eləyə bilərəm, nəyi eləyə bilmərəm. Siz… siz məni tanıyırsınız. Mən əlimi nəyə vururamsa… Niyə axı? Hər şey qızıla dönür. Hər şey.
Ester. Sənə nə oldu? Niyə bu sözləri deyirsən?
Deyvid (hərarətlə). Ona görə ki, bu məni narahat eləyir. (Hamıya.) Niyə belədir? Mən heç vaxt… heç vaxt uduzmuram. Hələ uşaqlıqdan düşünürəm ki, Eymos böyüyüb ulduz olacaq. O, həqiqətən də həmin zirvəni fəth edə biləcək yeganə incandır. Yoxsa, bu da bəxt məsələsidir? Amma niyə axı o bəxt adlanan şey mənim üzümə gülür, bəs, o…
Qus. Çünki sən, sadəcə olaraq, yaxşı oğlansan, Deyv.
Deyvid. Bəs sən yaxşı deyilsən?
Qus. Bəlkə də, amma sən…
Deyvid. Bəs onda, sənin öz emalatxananda işin niyə alınmadı? Niyə indi gəlib mənə işləyirsən?
Qus. Burada hələ müharibəni unutmayıblar, Deyv, almanla iş görmək istəmirlər.
Deyvid. Cəfəngiyyatdır.
Qus. Həm də sən mənim emalatxanamın harada yerləşdiyini məgər unutmusan?
Deyvid. Mənimkindən də yaxşı yerdəydi. Bizim şəhərə gələn bütün maşınlar onun yanından keçirdi. Amma hamısı mənim yanıma gəlirdi. Niyə axı?
Qus. Sən maşını tanıyırsan, Deyv, sən…
Deyvid. Aha, «marmonu» da… (Hamıya) Mənim indi bankda on dörd minim var, bir o qədərlik də qəbzim var. Amma Eymosun bu vaxtacan bir qəpiyi də olmayıb, qara qəpiyi də. Niyə axı?
Qısa pauza.
Ester (yaxınlaşıb gülümsəyir ki, Deyvidi də gülümsəməyə cəlb etsin, amma o, heç bir reaksiya vermir.) Nədən bu səni narahat edir? Bəxtin gətirir, lap əla, burda pis nə var?
Deyvid (bir anlıq ona baxır). Amma yaxşı olardı ki, layiq olduğunu alasan, bəxtə bel bağlamayasan. Quruca naxışın gətirməyi zəhmətlə qazanılan uğurdan etibarlı ola bilərmi?
Ester. Cavabı özün bilmirsən?
Deyvid. Bilmirəm, doğrudan bilmirəm.
Şori. Heç vaxt da bilməyəcəksən.
Deyvid. Əlbəttə, heç bir səbəbsiz-filansız pulun yağış kimi adamın üstünə yağması yaxşı şeydir, amma bu yağış günlərin bir günü kəsə də bilər, axı. Onda sənin olan hər şey qəflətən sovrulub…
Ester (onun əlindən tutur). Gəl hamıyla xudahafizləşək, hə?
Deyvid. Xeyr, seleksioner gələnəcən heç kim heç hara getmir, heç kim heç…
Ester. Bu axı sənin yox, onun problemidir!
Deyvid. Elə mənim problemimdir! İnsanın layiq olduğunu almaq haqqı var. Lənət şeytana, o axı buna layiqdir. (Yenidən eyni addımlarla pəncərəyə tərəf gedir).
Ester (acıqlı). Sən elə danışırsan ki, elə bil onun nəyinsə oğurlamısan. Sən…
Deyvid (dönərək. Deyəsən, onun səbr kasası dolub). Aha, deməli, mən belə yaxşıyam, o da belə pisdir, hə?.. Mən belə olduğuma inanmıram! Heç də elə deyil, heç də qəti elə deyil? (Qəflətən.) Berliyə gedirəm. (Tələsik Esterə.) Maşının açırı hanı?
Ester. Sən heç onu harada axtarmalı olduğunu da bilmirsən.
Deyvid. Mən onu tapacağam. Açar hanı?
Ester (əlindən dartaraq). Deyvi, dayan!
Deyvid. Mən onu… onu bura gətirəcəyəm! (Əlindən çıxır.)
Ester (təşvişlə). Deyvi!
O, qapıya qaçır, amma bu dəfə Şori onun əlindən bərk-bərk tutub saxlayır.
Şori. Dayan!
Deyvid. Burax!
Şori (buraxmayaraq). Qulaq as, səfeh, aydın məsələdir ki, sən heç nə eləyə bilməyəcəksən?
Deyvid. Əlimi burax.
Şori. (onu zorla oturdaraq). Deyvid sənə bir əhvalat da danışmaq… Bu vaxtacan bu söhbəti sənə eləməmişəm, amma indi görürəm, bunu eşitməyin vacibdir. Düzdür, Eymos bundan yaxşısına layiqdir, amma axı elə mən də layiq idim, qat-qat yaxşısına layiq idim. (Onun ayaqlarına vurur.) Mən Fransaya yollananda əlbəttə ki, oradan özümlə yalnız sınıq sür-sümük gətirəcəyimi düşünmürdüm. Mən şəhərimizi yaraşıqlı bığlarla, şəvə kimi saçlarla tərk etdim. Qadınlar mənimlə bircə dəfə yatmaq üçün Amerikanın yarısını qət etməyə hazır idilər. Hətta orada da, necə deyərlər, top-tüfəng yağışı altında mənim başımı üzərində həmişə bir ulduz yanırdı. Məni himayə edən də o idi. Elə bilirsən, məni yolumdan döndərmək asandır? Bu, heç kəsə müəssər olmayıb, Deyvi. (Onun əlini buraxır. Deyvi sanki donub.) Bütün müharibənin içindən keçəsən, bir yerin də cızılmaya! Necədir, hə? Mən Parisə əlimdə daraqla girdim. Küçənin hər iki tərəfində dayanan qadınlar, mənə baxıb gülümsəyirdilər. Mən onlardan birinin evinə keçdim. Elə həmin vaxt hərbi döyüşlərin dayandığını, atəşkəs elan olunduğunu bildirdilər. O qadının mənim əsgər yarımboğazımı necə çıxarıb öz çarpayısının altına qoyması hələ də yadımdadır. Sonra, sonra bir də gördüm ki, tavan sinəmə yıxılıb gəlir… vəssalam. Bir də gözlərimi açanda anladım ki, məni qazıb çıxarırlar.
Sükut. Hamı Şoriyə baxır.
Ester. Amma deyirdilər ki, döyüşdə yaralanmısınız, mən də elə bilirdim…
Şori (Ester). İndi bildin ki, döyüş-filan? (Deyvidə.) Döyüşdə belə hadisə üçün həmişə səbəb var, əsgər üçün döyüşdə yaralanmaq adi bir şeydir. Amma mən Parisdə bir gözçələyə ilişib, o qədər içdim ki, suyu da açıq qoydum. (Gülür.) Ona görə də divar sökülüb dağıldı. (Barmağını qaldırıb yuxarını göstərir.) Yəqin Eymos Bivzin divarları da belə söküldü. Amma onun qardaşı Deyvidinki hələlik gətirir. Meduza üzə bilmir və özünün bunu istəyib-istəməməsi də vacib deyil. Onun hərəkətləri yalnız qabarma və çəkilmədən asılıdır. Odur ki, gözəl günlərin birində dalğa onu dənizə atana qədər özüyçün yaşayır.
Pauza.
Ester (ərinə yaxınlaşır). Oldu Deyv, camaat xudahafizləşmək istəyir.
Deyvid tərpənməyə məcburdur. Qətiyyətsiz halda başını döndərib, maddım-maddım baxır. Ester onun pəncərədən aralansa da baxışlarının hələ də uzaqlara dikildiyini müşahidə edir.
Deyvid. Amma… gözləyn! (Təzədən pəncərəyə sarı dönür.) Maşın! (Tez qonaqlara.) Ötüb keçmədi, dayandı! (Giriş qapısına tərəf qaçır.)
Pet də görüb. O da pilləkənlə qaçaraq aşağı düşür.
Pet. Axır ki, gəlib çıxdı? Xahiş edirəm, bir müddətə bizi tək qoyun. Bizim söhbətimiz var. Berlidən buracan bu qədər yolu taksiylə gələsən! Deyv, gözlə, istəyirəm, müqavilənin imzalanmasında sən də iştirak edəsən. (Küçəyə qaçır.)
Deyvid (küçədən qonaqlara). Çıxın, tez çıxın!
Hamı o biri qapıya gedir.
Deyvid (Şoriyə). Hə, sənin o meduzan necədir?
Şori (gedərək). Deməli, bəxt onun üzünə baxıb. Vəssalam. Üzünə baxıb!
Deyvid. Üzünə baxıb, deyirsən? (Təbəssümlə Şoriyə öz yazı masasını göstərib astadan.) Vaxtım olanda. Sənə bir qalaq telefon qəbzini göstərərəm. Detroytla danışıqlamın qəbzlərini.
Qus (sevincək). Deyv, deməli, sənin işindir, hə?
Deyid. Əlbəttə, mənim işimdir. Yoxsa, onun burda nə iti azmışdı. (Şoriyə.) Amma meduza bunu bacarmazdı! (Təntənəylə, hamıya.) Heç kəs çxııb getmir. Hamı gözləyir. Biz Everesti fəth edəcəyik! (Amma Esterdən başqa hamı artıq çıxıb. Deyvid bir müddət ona baxıb sonra üstünə atılaraq qucaqlayır.) O nə desə, hamısını sənə çatdıracağam!
Ester. Həmişə belə şən ol, Deyvi! (Çıxır.)
Deyvid cəld saçlarını düzəldib, gözucu otağa nəzər salır.
Deyvid (öz-özünə). Bax, indi hər şey qaydasındadır, hər şey lazım olduğu kimidir.
Eymos aşağı düşür.
Eymos (əlləri bir-birinə pərçimlənib, sanki dua oxumağa hazırlaşır). İlahi, doğrudanmı, hər şey istədiyim kimi alındı? Doğrudanmı, mən nəhəngəm? (Qapıya baxaraq, danışır, sonra baxışlarını Deyvidin üzərinə gətirir.)
Oqi Belfast və Pet daxil olur. Oqi yekəpər, şıx geyimli bir irlanddır.
Pet (onlar içəri girən zaman). Heç cür qabağın ala bilmədik, hamı bu hadisəni qeyd etmək istəyirdi. (Deyvini görür.) O da buradadır.
Oqi (Eymosa və Deyvidə). Əyləşin, əyləşin, heç bir təmtarağa ehtiyac yoxdur. Mən Oqi Belfastam.
Eymos çarpayıya, Deyvid stula əyləşir.
Pet (Oqiyə). İcazə verin, paltonuzu alım.
Oqi (şlyapanı çıxararaq). Mənə belə rahatdır. O həmişə əynimdədir. Hər halda, təşəkkür edirəm. (Bir qutu saqqız çıxarır.) Çeynəyirsiniz?
Deyvid. Yox, çox sağ olun, biz bütün günü yemişik… yəni…
Oqi saqqızın kağızını açır. Pet oturmaq istəyir, amma elə bil nəsə onu elə hey hərəkətdə olmağa sövq edir. O artıq Oqinin təklif etdiyi saqqızı çeynəyir.
Oqi. Toxtayın, mən elə də vahiməli deyləm. (Deyvidə və Eymosa.) Mən elə indicə atanıza dedim: bu şəhərlərarası zənglər mənə tərpənməyə aman vermir. Gecikdiyimə görə, bir də üzr istəyirəm. (İstəyir ki, onu bağışlasınlar.)
Deyvid. Nə danışırsınız, hər şey qaydasındadır. Biz bilirik ki, sizin kimi insanların vaxtı olmur.
Oqi. Təşəkkür edirəm. Nə hisslər keçirdiyinizi təsəvvür eləyirəm. (Bir neçə addım atıb saqqız çəynəyə-çəynəyə döşəməyə baxır.) Eymos. (Üzün çəkən sükut. Oqi dayanıb, daha bir saqqız çıxarıb kağızını açır.)
Eymos (pıçıltıyla). Bəli?
Oqi. Neçə ildir, oynayırsan?
Eymos. Təxminən… (Petə baxır).
Pet. Mütəmadi olaraq doqquz yaşından.
Oqi (başını tərpədir. Yenidən sükut çökür. Petə). Ümidvaram ki, onun çox şey bacardığını siz də bilirsiniz.
Pet (məmnuniyyətlə). Bəli, burada biz hamımız bu fikirdəyik.
Oqi. O, etibarlıdır, çevikdir. Yaxşı uzun əlləri var, özünəinamlı əllər. Oyunu hiss edə bilir. (Elə hey ora-bura gəzişir. Görünür ki, təriflə kifayətlənməyəcək.)
Pet. Bilirsiniz, mən ona həmişə məşqlər keçmişəm, zirzəmidə məşqlər keçmişəm. Məşq keçməsi üçün zirzəmidə ona xüsusi yer düzəltmişəm.
Oqi. Məlumatım var. Bu gün mənim yanımda oturan adam hər şeyi danışıb. Qulaq asın, mister Bivz… (Kresloya yayxanıb ayaqlarını geniş açır, əlini qoltuq yerinə qoyub zəndlə Petə baxır.) İstəyirəm, siz mənim hər bir sözümə inanasınız. Mən Oqi Belfastam və məni tanıyam hər kəs yaxşı bilir ki, sözümün ağasıyam. Bizim işimizdə xeyli nüanslar, xeyli incəliklər var. Mənə atlet lazım deyil. Beysbol məndən ötrü fortepianoda ifa, yaxud da böyük ədəbiyyat nümunəsinin yaranışı kimi bir şeydir. Odur ki, indi nə deyəcəyimi anlamağa çalışın.
Pet nəfəsini udaraq başını tərpədir.
Oqi. Mən minlərlə uşağa baxmışam, mister Bivz, artıq neçə illərdir ki, peyin topaları içində almaz axtarıram. Siz Eymosun üzərində böyük iş aparmısınız: o, xeyli çevikləşib - həm hərəkət, həm də oyunu duymaq baxımından, topla da xeyli yaxşı rəftar edir. Bəzən çox orijinal düşünür. Çalışır ki, həmişə topa yaxın olsun. (Qısa pauza.) İki il əvvəl onu görəndə, dedim ki…
Deyvid (heyrətlə). Siz əvvəl onu görmüsünüz?
Oqi. Əlbəttə, sizə elə onu demək istəyirdim, bir il bundan qabaq da görmüşəm.
Pet. Bəs, niyə bizə o vaxt heç nə deməmisiniz?
Oqi. Çünki bir məsələni mən heç cür dərk edə bilmirdim, mister Bivz. Onda dərk etmirdim, amma indi mənə çatdı. Müdafiəçilər uzaqda olanda sizin oğlunuzun tayı-bərabəri yoxdur. Yox, aman verin, qoyun sözümü axıracan deyim. O, yaxşıdır, o, çox yaxşıdır. Amma aldatmaq istəmirəm, bir də deyirəm, əgər genişlik varsa, onda hər şey qaydasındadır. Amma elə ki, onu yıxmaq, əzmək, boynundan asılmaq istəyən bir möhkəm müdafiəçi peyda olur, onda Eymos nəsə özünə oxşamır. Mən bunu o vaxt da görmüşdüm, indi də gördüm. Amma əgər bu yoxdursa, komanda irəli gedib ona sərbəstlik yaradırsa, bu zaman sizin oğlunuzun, mister Bivz, həqiqətən də tayı-bərabəri yoxdur. Siz bunu azarkeşlərin reaksiyasından da görə bilərsiniz.
Pet. Bu gün məncə, onda hər şey alınırdı.
Oqi. Yalnız ona görə ki, «Blek caynts» müdafiədə oturmağı xoşlamır. Onu məxsusi tutan yox idi deyə, belə gözəl oynayırdı. (Ölü sükut.) Heç cür mənə çatmır, elə bil tamam başqa adam olur. Hələ o heyrətamiz uzun əlləri demirəm! Amma onda xarakter deyilən şeydən əsər-əlamət yoxdur. Nəsə bir nüans onun mükəmməlliyinə mane olur. İndi də gördüm ki, xarakter sarıdan son vaxtlar onda yaxşılığa doğru heç nə dəyişməyib. Hətta deyərdim ki, bu gün onu o vaxtkından da az bəyəndim. Səbəb nədir? Güman edirəm ki…
Pet (astadan). Cavab var?
Oqi. Sizin Eymosu tanıyan həmin adam mənə elə özünüzün də təsdiq etdiyi kimi dedi ki, Eymos doqquz yaşından zirzəmidə məşqlər keçib: tək məşq edib - rəqibi, komanda yoldaşları olmadan. Yəqin istixana şəraitində, sadəcə, texnikasının kər-kəsirlərini düzəldə bilib. Həm də oyan bu yana baxmaq, düşünmək üçün kifayət qədər vaxtı yoxdur axı. Rəqibin nəfəsi hər an onu izləyir, o, hər şeyə ani reaksiya verməlidir! Elə bax, bu məqamdaca o özünü itirir, haldan-hala düşür. Sanki nəsə onu iflic edir, quruyub qalır. Vəssalam kitabı bağlandı. Bundan sonra əli top saxlamır. Məsələ bu yerdədir, mister Bivz! (Qalxıb pencəyini düzəldir.)
Deyvid və Petin baxışları yerə dikilib, Eymosun gözləri isə, ümumiyyətlə, heç nə görmür.
Oqi. Bağışlayın, mən qatara gecikirəm.
Pet (sanki lunatik kimi ağır-ağır qalxaraq). Mən… mən ona yalnız qış aylarında zirzəmidə məşq keçirdim, istəyirdim ki, o, qışda da…
Oqi (sərtliklə). Və bu, mister Bivz, sizin çox kobud səhviniz olub.
Deyvid (qalxaraq). Amma... vaxtı boşa verməmək üçün belə edilib. Bizə elə gəlirdi ki… elə gəlirdi ki, zirzəmidə də mümkündür ki…
Oqi. Mümkündür, amma həm də müşküldür.
Deyvid. Amma o, düz on iki il məşq edib. Bütün bu illər boyu…
Oqi. O tamam başqa şəraitə uyğunlaşıb. Belə olmalı deyildi.
Pauza.
Pet. İndi necə olsun... Daha heç nəyi düzəltmək olmaz? Nə məşqçilər, nə…
Oqi. Heç bir məşqçi on iki il olmayan xarakteri idmançıda yarada bilməz. Siz öz oğlunuzu şikəst etmisiniz! (Barmaqlarını tərpədir.) Mənim buna heç bir şübhəm yoxdur.
Deyvid. Amma elə günü bu gündən qolunu çırmalayıb…
Oqi. Bu, xeyli vaxt və xeyli qüvvə tələb edən bir işdir. Şəxsən mən, bunun bir səmərəsi olacağına inanmıram.
Pet. Siz heç… siz heç hətta sınamaq da istəmirsiniz?
Oqi. Sizin vəziyyətinizi başa düşürəm, mister Bivz, amma mən yalnız yüz faiz əmin olduqlarımı götürürəm. Bir neçə həftədən sonra canımızı qurtarmalı olacaqlarımızı deyil, yalnız bizimlə qalmalı olanları.
Deyvid (Oqinin düz gözlərinin içinə baxaraq). Amma o, necə yaşayacaq?
Oqi (məsələnin nə yerdə olduğu ona çatmayıb). Ne-ecə?
Deyvid. O, başqa heç nəyi bacarmır.
Oqi (təəssüf hissiylə başını bulayır). Bu da daha bir səhv. (Dönərək getmək istəyir.)
Pet (onu saxlamaq istəyərək) Məncə, o özünü cəmləsə, özünü cəmləyə bilsə, başa düşürsünüz… Mən özüm də həmişə bir işin qulpundan yapışıb, sonra tullamışam… ona görə də məndə bir şey alınmayıb… Düşünürəm ki…
Oqi. Razıyam, o, fikrini bir işə cəmləməlidir, mütləq cəmləməlidir. (Dərindən nəfəs alır.) Neynək, sizə uğurlar.
Pet hələ də baş verənlərə inana bilmədiyindən susub.
Oqi. Hələlik, Eymos.
Eymos çaşqınlıq içində başını tərpədir, amma nə baş verdiyi onun üçün də qaranlıqdır.
Deyvid. Qulaq asın, siz… (Cəld Oqiyə yaxınlaşır, düz gözləri içinə baxaraq, sanki onu saxlamaq məqsədilə əllərini qaldırır.)
Oqi. Siz mənimləsiniz?
Deyvid (nəzərlərini gözlərinin məchulluğa zillənmiş Eymosa tərəf döndərib, sonra yenidən Oqiyə baxaraq) siz hələ onu güclülər dəstəsində görəcəksiniz.
Oqi. Ümid edirəm. Sadəcə, o bizə…
Deyvid (hiddətini boğmağa çalışaraq). Yox, yox, siz onu mütləq görəcəksiniz. Axı, şükürlər olsun ki, sizin komanda yeganə komanda deyil və siz onu mütləq görəcəksiniz. Bunu mən sizə vəd edirəm!
Oqi. Özünü ələ al, cavan oğlan. (Deyvidi kənarlaşdırır. Pauza.)
Mister Bivz, ümidvaram, gecikdiyimə görə, məni bağışlamısınız.
Deyvid (sanki əks-səda kimi, amma səsi qırıla-qırıla). Bunu mən sizə vəd edirəm.
Oqi başını tərpədib qapını açır və çıxır. Pet dönüb ağır-ağır hələ də daş kimi oturub qalmış Eymosa tərəf gedir. Pet elə ona yaxınlaşan kimi Eymos ağır-ağır qalxıb yumruqlarını düyünləyir.
Pet (astadan soruşur). Amma o axı… çaşa da bilər, eləmi?
Eymos susur. Onun baxışları nifrətlə doludur.
Pet. O axı çaşa da… Bilər, yoxsa bilməz?
Eymos (qışqırtısından qulaq tutulur). Yox, bilməz! Yox.
Pet. Amma axı hamı çaşa bilər.
Eymos (qışqıraraq, Petin yaxasından yapışıb silkələyir). Çaşa bilər! Çaşa bilər! Sənə də, sənin o səhvlərinə də tüpürüm!
Deyvid (qaçaraq Eymosu Petdən aralamaq istəyir). Burax onu! Eymos, burax onu!
Eymos (öz qışqırtısıyla Petin iniltisinin aralığında). Sənə hər şeyi yalan demisən! Mən səni öldürəcəyəm! Sən hər şeyi mənə yalan demisən, məni aldatmısan! (Emosiyanın yeni dalğası: Eymos Peti divara sarı sıxışdırıb yerə yıxır.)
Qus daxil olur. Deyvid bu zaman Eymosu Petdən aralayır.
Eymos. Məni rahat buraxın! Hamınız məni rahat buraxın!
Deyvid Eymosu taxta tərəfə itələyib yıxır, yumruqlarını düyünləyərək onun başının üstündə dayanır. Ester heç kimin diqqətini cəlb etmədən gəlib bu mənzərəni müşahidə edir.
Deyvid. Uzan, qalxma! Eym, nə sözün varsa, mənlikdir!
Pet (ayağa qalxıb Deyvidi itələyərək). Dalaşmayın, uşaqlar, bircə dalaşmayın! (Artıq hönkür-hönkür ağlayan Eymosa tərəf dönərək yalvarır.) Eymos, oğlum, oğlum!
Eymos taxtda uzanmış halda ümidsizcəsinə hönkürür.
Pet (Eymosa tərəf əyilib saçını tumarlayır.) Oğlum, oğlum!
Eymos onun üzünə belə baxmadan əlini rədd eləyərək Petin sinəsindən vurub itələyir. Deyvid atasına köməyə gəlmək istəyir.
Pet (Yenidən Eymosa yaxınlaşıb onun kürəyini sığallayır). Yaxşı, oğlum, di bəsdir, oğlum, Eymos, özünə gəl! Qulaq as Eym, mənə, di bəsdir, oğlum, Eymos, özünə gəl! Qulaq as, Eym, mənə qulaq as, Eym, mən bacardığımı elədim. Hamının səhvi ola bilər. Sabah başına nə gələcəyini kim qabaqcadan bilir? (Hələ də hönkürən Eymosu silkələyir.) Ey, bəsdir! (Bu hönkürtü səsini boğmaq üçün dikəlib qışqırır.) Mən etiraf edirəm, Eym, mənim də səhvim olub, etiraf edirəm, mən zəvzəyəm, çərənçinin birsiyəm, mən axmağam, amma bir bax, gör sənin necə güclü zərbələrin var, heç olmasa bu əməyimi nəzərə al, bil ki, mən sənin üçün nəsə eləmişəm! (Oğlunun üzünü özünə sarı çevirir.) Bəsdir, bəsdir ağladın! Tanrının bizə rəhmi gəlsin. Mənim kimi bir axmağın əlindən başqa nə gələ bilər ki?! (Eymosun yanında oturur.)
Deyvid (Peti aralayıb Eymosun üzərinə əyilir.) Ey, mənə qubaq as! (Qardaşının yaxasından tutub otuzdurur.)
Eymos hələ də hönkürür.
Hə, o, səhv eləyib, cəmi bircə səhv, vəssalam Bitdi, hər şey bitdi. Sən öyrənməlisən və hər şeyi öyrənəcəksən. Dünyanın axırı deyil ki. Sənin bütün həyatın hələ qabaqdadır. O isə … Klivlendə gedəcək, sonra Nyu-Yorka, sonra hara lazımdır… Bəlkə elə o adam həqiqətən səndə səhv eləyib? Belə də olur axı.
Eymos (başını bulayaraq). Yox, o səhv eləməyib, olanı deyib.
Deyvid Eymosu buraxıb qalxır və yuxarıdan aşağı ona baxır.
Eymos (o da qalxıb, ağır-ağır stula tərəf gedib oturur). O olanı deyib. Mən özüm də həmişə bilmişəm ki, sıx müdafiəyə qarşı oynaya bilmirəm. Onun bu gün dedikləri hamısı həqiqət idi. Mənim kitabım bağlanıb. O, belə dedi də? Əlavəyə heç bir ehtiyac yoxdur. (Petə baxır.) Mənim bütün vaxtım, zamanım yalnız topa xərclənib. Bircə onu necə atmalı olduğumu öyrənə bilmişəm. Bə deyirdin ki, qalan şeylər elə də vacib deyil. O özü bilirdi, hər şeyi bilirdi! Vaxtı gəlib çatanda mən də hər şeyi bilməliydim. İndi bilirəm. Hələ artıq bilirəm. Nə qədər ki, sağam, topa əlim dəyməyəcək! Heç vaxt!
Pet (hiddətlə). Eymos, nə danışdığını sən özün də anlamırsan!
Eymos. Meydançaya da ayağım dəyməyəcək, bacarmaram! Bilirəm ki, bacarmaram! (Qısa pauza.) Bir də heç vaxt siz məni aldada bilməyəcəksiniz! Mənim kitabım bağlanıb. (Qalxır.)
Pet əliylə üzünü tutub hönkürməyə başlayır.
Deyvid (deyilənlərin hamısını rədd edərək, başını bulaya-bulaya Eymosa). Necə yəni, bağlanıb? Eymos, sən yatıb qala bilmərsən. Məni dinlə, özü də bəsdir, başını buladın. Bu dünyadan nə istədiyini ala bilən kimdir?
Eymos. Sən. Yalnız sən.
Deyvid. Mən? İnanma mənə, Eymos. (Onu qucaqlayır.) Daha buna inanma!
Eymos. Sən nə istəmisənsə… bütün həyatın boyu… hər şey…
Deyvid. Övlad-uşaq da, hə, Eym? (Sükut.) Mənim uşaqlarım hanı?
Ester. Deyvi!
Deyvid (nəhayət, onu görüb ). Mən onu başa salmaq istəyirəm, Es! (Eymosa.) Əgər uşaq yoxdursa, bütün bunlar kimə lazımdır? Bütün hər şey dərhal mənasını itirir. Bundan başqa sən heç bir dərdi olmayan insan tanıyırsanmı? Hamının dərdi var, Eym! Şorinin də, Cey Binin də, atamızın da, sənin də, elə mənim də! Hamı kimi mənim də dərdim var!
Ester. Deyvi, lazım deyil!
Deyvid (səsindəki tükürpədici təntənəylə). Yox, Es, mən daha bundan qorxmuram. Ümumiyyətlə, bunu biryolluq yaddan çıxarmaq istəyirəm. Mən həmişə nəsə seçilməkdən qorxmuşam, amma bu dərdim məni daha vahimələndirmir. (Eymosa.) Heç kim cəzadan yaxa qurtara bilməz, Eym, eşidirsən, heç kim! Amma mən uşağım yoxdur deyə, əllərimi yanıma salıb oturmuram, ölmürəm. Bir də təkrar edirəm, yer üzündə heç olmasa bir ciddi problemi olmayan insan yoxdur. Mən artıq bunu dərk edirəm, sən də dərk etməlisən. Mənə həsəd aparma, Eym, biz artıq səninlə eyni gündəyik. Dünya binadan belə qurulub, yəqin yuxarıda yazan belə yazıb, biz hamımız da o yazıya tabe olmalıyıq! (Eymosun əlindən tutur.)
Eymos (kirimək istəyir, amma bacarmır). Niyə belə danışırsan?
Deyvid. Çünki olan budur.
Ester. Yox, Deyvi olan heç də bu deyil. Bizim heç bir problemimiz yoxdur, sən özündən uydurursan!
Deyvid (heyrətlə). Nə, nə dedin?
Ester. Sadəcə, mən o müqavilə imzalanana qədər gözləmək istədim. Sonra şənliyin gur yerində bizi hamı görsün deyə, səninlə pilləkənin üstə çıxıb elan etməliydim ki, tezliklə bizim uşağımız olacaq! (Pauza. Hiddətlə, ümidsizliklə və qüssəylə.) Ah, Deyvi, Deyvi, mən elə düşünürdüm ki, bunu eşidən kimi sevincdən ürəyin partlayacaq, amma sən…
Deyvid (heyrətinin həddi-hüdudu yoxdur. Nəhayət, sanki mərmi kimi partlayır.) Ah, Es, əlbəttə mən, həqiqətən də mən…
Ester. Yox, sən sevinmirsən. Bilmirəm, sənə nə olub, amma görürəm ki, bu gün sən buna sevinmirsən!
Deyvid (səsində sevincdən çox, dəhşət çalarları var). Belə danışma, Es, sən belə etməməli… (Onu özünə çəkmək istəyir.)
Ester (əlindən çıxaraq). Sən onu istəmisən, Deyvi, sən onu istəməyə məhkumsan! (Gözlərindən yaş gildir-gildir axaraq qaçıb gedir.)
Deyvid onun ardınca qaçıb çağırır, amma qəflətən qarşısında Eymosu görür.
Eymos. Hə, elə bir insan bütün yer üzündə yoxdur… bir səndən başqa. (Deyvidin yanından ötüb giriş qapısına gedir.) Bir səndən başqa! (Çıxır.)
Pərdə
ÜÇÜNCÜ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Qonaq otağı. Fevral axşamı. Cey Bi taxtda yatıb. Sobanın yanındakı stolun arxasında Şori və Qus sakitcə siqaret çəkə-çəkə kart oynayırlar. Pəncərənin arxasında qar görünür. Asılqandan bir neçə palto asılıb.
Qus. Sənin heç başın çıxmır, bəlkə öyrədim, ey meduza…
Şori. Poker sənin üçün beyzik deyil, bu tamam başqa oyundur, burada…
Qus. Maraq, azart, iradə var?
Bell xala pilləkənləri düşür.
Qus. Hər şey qaydasındadır?
Bell (dönür. Əlində odeyal var). Bütün odeyal suyun içindədir. Yazıq qızı tər yuyub aparır!
Qus. Həkim nə dedi?
Bell (yadına salıb). Dedi, düşüb quru odeyal gətirim.
Qus. Mən soruşmaq istəyirdim ki, nə vaxt…
Bell. Bunu kim bilir? Məlum olan bircə odur ki, bu, istənilən vaxt ola bilər. Bəzən, tamam gözləmədiyin, bəzən də gözlədiyin vaxtda. (Qapıya yaxınlaşıb təzədən dönür.) Niyə axı, Deyvid, hələ də nənni almayıb?
Qus. Doğrudan ha? Onda yəqin alacaq.
Bell. Nənnisiz də uşaq olar?
Şori. Uşaqsız nənnidənsə, bu yaxşıdır. Burnunu sil.
Bell. Burnumu silməyə vaxtım yoxdur. (Burnunu silə-silə qalxır.)
Şori. Məndə valetdi. Deməli, oğlan olacaq. (Kartı stola atır.)
Qus. Bu hələ sual altındadır. Statistikaya görə qız daha çox doğulur. Onların üstünlüyü açıq-aşkardır.
Şori. Statistika Deyvid Bivzin heç qulağına da deyil. Oğlan istəyirsə, vəssalam, oğlan da olacaq. Gəl mərc eləyək: bu axşam onun oğlu olacaq.
Qus. Deməli, onun oğlu olacaq deyə, mən müflisləşməliyəm?
Şori. Qorxdun?
Deyvid küçədən içəri daxil olur. Qış geymindədir. Dərhal görünür ki, kefi yaxşıdır, üzü gülür. Ayaqqabılarını yerə çırpa-çırpa əlcəklərini, yarımşubasını, şərfini çıxarıb sviterdə qalır. Sonra ardınca qapını örtür.
Deyvid. Yuxarıda vəziyyət necədir?
Qus. Hələlik gələn ancaq tərdi.
Şori. Hər halda, o tər böyürtkənli çaydan deyil.
Deyvid (sobaya tərəf gedib əllərini bir-birinə sürtür). Cey Bi işə-zada getməyib. Bütün günü buralarda veyillənir.
Qus. Bəzi adamlar bayramı çox xoşlayırlar. Onun üçün uşaqdan gözəl bayram ola bilməz!
Deyvid (yan-yörəyə baxaraq). Boş şeydir.
Qus. (Deyvidə). Amma görürəm ki, tamam sakitsən, heç inanılası deyil! Sənin yerində bir başqası olsaydı…
Şori. Onun yox, Esterin yeri narahatdır. (Qusa.) Sən də yəqin kinolara çox baxmısan. Niyə axı ora-bura var-gəl eləməlidir?
Deyvid (yüngül günah hissiylə). Mən axı onun üçün ən yaxşı həkimi gətirmişəm, lazım olan hər şeyi eləmişəm. Ümumiyyətlə, mənim fikrimə gəlincə, oğlan, ya qız fərq etməz. Bir mən kiməm ki… (Bell xalanın əlində daha bir odeyal görüb susur. Bell xala pilləkənə tərəf gələndə özünü saxlaya bilməyərək onu haylayır.) Bell! (Bell xala ayaq saxlayır. Deyvid narahatlığını boğaraq ona yaxınlaşır.) Zəhmət olmasa, həkimdən soruş… Esterə çətin olmayacaq ki…
Bell. Həkim mənə susmağı tapşırıb
Deyvid. Onda Cey Binin arvadından soruş.
Bell. O da mənə susmağı tapşırıb. Amma ondan soruşa bilərəm.
Bell xala qalxır. Deyvid onu baxışlarıyla müşayiət edir.
Deyvid (yuxarı baxaraq). Bundan sonra Ester kraliça kimi yaşayacaq. (Dönüb yumruğunu əlinə vurur.) Bu il bir ətək pul almalıyam.
Şori. Havadan savayı heç nəyə qabaqcadan proqnoz vermə, havaya da uzağı bir saat əvvəldən.
Deyvid. İndi deyə bilərəm. Çünki bu gün samurlarımı cütləşdirmişəm. Ümidvaram ki, xeyli artacaqlar.
Qus. Samurları cütləşdirdin? Nə gözəl!
Giriş qapısı döyülür. Deyvid açmağa gedir. Pet daxil olur. Əynində noxud rəngdə palto, başında yun şapka var, çiynində də parçadan sakvoyaj.
Deyvid. Salam, ata.
Pet. Uşaq oldu?
Deyvid. Hələ yox.
Pet. Qatara hələ iki saat var. Ona görə də burada gözləməyə qərar verdim.
Deyvid. Mənə ver. (Petdən sakvoyajı alıb asılqandan asır.)
Şori. Sən doğrudanmı gedirsən, Pet?
Pet. Məni təzədən işə götürürlər, gəmidə aşpaz işinə. Müəyyən qədər təcrübə toplayıb bir-iki ildən sonra üçüncü lisenziyamı ala biləcəyəm. Ona görə də…
Deyvid. Hər halda, sənin getməyin səfehlikdir, ata. Bəlkə, fikrini dəyişəsən?
Pet. Belə yaxşıdır, Deyv. Əgər mən burada olmasam, Eymos ağlını başına yığar.
Yenidən qapı döyülür.
Deyvid. İndi gələn yəqin Eymosdur. (Qapıya tərəf gedib açır.)
Eymos damağında siqaret daxi olur.
Deyvid. Salam, Eym. Maşını bağladın? Keç. Salam, Qus, salam, Şori. (Petlə salamlaşmır. Pauza.)
Qus. İş çoxdur?
Eymos (yorğundur, bic-bic gülür). Xirtdəkdən. Benzini vurdurdum, kassanı yoxladım. (Deyvidə xırda konvert və açar verir.) İyirmi altı yaşıl. Əməlli-başlı tərləməli oldum.
Deyvid (sanki bu əzmkarlıqdan heyrətlənib. Belini dikəldərək). İyirmi altı? Pis işləməmisən.
Eymos. Mən həmişə beləyəm, elə deyil? Di yaxşı, hələlik. (Getmək istəyir.)
Deyvid. Eym, mənə qulaq as. (Eymos dönür.) Təxminən bir aydan sonra samurlar bala verəcək. Belə fikirləşdim ki, bəlkə sən bu işdə də mənə kömək eləyəsən? Həm də yaza az qalıb, gərək sən formada olasan.
Eymos. Nə səbəbə?
Deyvid. Bəlkə gözəl günlərdən birində sən… təzədən meydançaya çıxmaq istədin.
Eymos (Petə baxaraq). Dedim axı, qurtardı.
Deyvid (müəyyən laqeydliklə). Bəs nə işlə məşğul olacaqsan?
Eymos. Sənin təkərlərini dolduracağam. Hər axşam da sənə pul gətirəcəyəm. Və nəsə baş verəcəyini gözləyəcəyəm. (Acı təbəssümlə.) Yəni, nəzərdə tuturam ki, görən, nəhayət, nə vaxt sənin dayanacağının yanından yol çəkəcəklər. Ondan mənim də xeyrim olacaq. Belə də olmalıdır, Deyv. (İndi səmimiyyətlə.) Nədir, uşaq hələ də dünyaya gəlməyib? (Deyvid onun səsindəki qüssədən heyrətlənərək başını bulayır.) Nə uzun çəkdi, hə? (Siqaretdən bir qullab alır.)
Deyvid. Az qalıb.
Eymos. Əgər oğlandırsa… (Petə baxıb mənəm-mənəmliklə tüstünü buraxır.) Yəqin sən ona öz zirzəmində məşq keçəcəksən. (Deyvidə göz vuraraq çıxır.)
Bu zaman Deyvid Petə yaxınlaşır.
Deyvid. Niyə axı, gedəsən? Yaxşısı budur, qalıb mənimlə işləyəsən. Məndə hamı üçün iş tapılar.
Pet. Ağ ciyərlərinin anasını ağladır, heç cür ona baxa bilmirəm, özünü məhv eləyir!
Şori (sobanın yanından). Pet, beyzik oynayaq?
Deyvid. Qus, sənə sözüm var. (Onu kənara çəkir.)
Pet (bir qədər tərəddüdlə Şoriyə yaxınlaşır.) Sobanın istisi damarlara pis təsir edir.(Qusun yerində əyləşir.)
Şori (kartları qarışdıraraq). Əvəzində qızışırsan. Otur görək! (Paylayır.)
Deyvidlə Qus sağ tərəfdə dayanıb. Cey Bi hələ də yatır. Şoriylə Pet oynamağə başlayır.
Deyvid. İstəyirəm, sən mənə işləyəsən. Cəmi bircə aya samur əlindən tərpənmək olmayacaq. Hər samurdan dörd bala, bilirsən bu, nə deməkdir?
Qus. Cücəni payızda sayarlar.
Deyvid. Yox, bu dəfə heç bir şübhəm yoxdur. İstəyirəm, emalatxananı girov qoyum. Cavabından qabaq demək istəyirəm ki, onun altmış faizi sənindir. Bu, sənin halalındır. Mən özümə halal bilmədiyimə yiyə çıxmaq istəmirəm, çıxmaram da. Mənim özümə lazım olanı ala bilməyim üçün qol çək. Mənə təxminən iki min beş yüz lazımdır.
Qus. Soruşa bilərəmmi, niyə?
Deyvid. Əlavə erkək almaq üçün.
Qus. Niyə axı elə özündə olan pula almayasan?
Deyvid. Qus, düzünü desəm… (Dodaqları qaçır.)
Qus. Nədir ki?
Deyvid. Mənim başqa pulum yoxdur.
Qus. Yaxşı, ağlama.
Deyvid. Doğru deyirəm. Bütün pullar Den Dibblin mənə gətirdiyi samurlara getdi. Nə deyirsən?
Pet və Şori başlarını qaldırıb qulaq asırlar.
Qus (bir saniyə fikirləşib). Niyə axı mütləq emalatxananı girov qoymalısan? İki min beş yüzü yanacaqdoldurma məntəqəsindən, karxanadan, yaxud fermadan da götürə… (Qısa pauza…)
Deyvid. Götürmüşəm. Götürmüşəm, hamısı da gedib, təkcə emalatxanadan başqa.
Qus (heyrətlə). Deyv, mən qulaqlarıma inana bilmirəm!
Deyvid (sağ pəncərəni göstərərək). Bir ora bax. Mən ranço almışam. Fikrincə, hansı pullara?
Qus (həyəcanını gizlətməyə çalışaraq qalxır). Amma axı, Deyv, bu, olsa-olsa heyvandır. Kim bilir, başına nə gələcək? Başa düşə bilmirəm, necə olub ki, sən özündə nəğd olanları nəyəsə dəyişib…
Deyvid. Onlar doğub-törəyirlər, Qus, birindən dördü çıxır. Əgər qiymətləri düşməsə, bu il altmış min qazanc götürəcəyəm.
Qus. Amma necə əmin olasan? Sən axı…
Deyvid. Mən əminəm.
Qus. Axı, necə bunu…
Deyvid (bu dəfə özü də həyəcanlanaraq, söhbəti qapamaq istəyir). Mən əminəm! Nədir, olmaz? Məgər əminlik pis şeydir?
Qus. Yox, amma niyə? (Pauza.) Sən nədən belə əminsən?
Cey Bi (taxtda qurcalanaraq). Tanrı, özün rəhm elə! (Oturub gərnəşir.) Burada qoymaq istədiyin batareyalara nə gəldi? (Qalxıb sobaya tərəf gedir. Üşüyür.) Bu otaqda yaxşıca donmuş ət saxlamaq olar.
Deyvid (Cey Biyə). Sənə elə həmişə soyuqdur.
Qus (Deyvidə). Özüm də bilmirəm, sənə nə cavab verim. Mən burada, bu emalatxanada işləmişəm ki… (Onun arqumentləri zəifləyir.) Sən indi elə dayanıb-durmusan ki, elə bil samurlara bir şey olsa, səni nə gözlədiyini ağlına belə gətirə bilmirsən. Milyon istəyirsən?
Deyvid. Dedim axı, onlara heç nə olan deyil.
Cey Bi (Petə və Şoriyə). Kimə nə ola bilər? Onlar nədən danışırlar?
Deyvid. Heç nədən. (Pəncərəyə baxır.)
Cey Bi təəccüblə onu müşahidə edir.
Pet. Yaxşı olar ki, Eymos qəlyan çəksin. Şori ona deyərsən.
Cey Bi. Deyv, sən bilirsənmi, nənni almaq lazımdır, hə?
Deyvid (yarıyacan dönərək). Əlbəttə, bilirəm.
Cey Bi. Niyə mənə deməyi unutmusan? Mən sənin üçün sifariş eləyərdim.
Deyvid pəncərəyə tərəf dönür.
Cey Bi. Birinə mağazada göz qoymuşdum. Boz-mirvari rəngində, iri, yumşaq rezin təkəri. Əlaydı!
Deyvid (təzədən ona tərf dönür. Narazı halda). Yaxşı, bu mövzunu qapadaq, oldu?
Cey Bi də narazı qalıb. Bir neçə saniyədən sonra asılqana tərəf gedib geyinməyə başlayır.
Deyvid (Cen Biyə yaxınlaşır). Con, bəsdir, axmaqlama. (Paltosunun qolundan tutub çəkir.)
Cey Bi. Sən məni özümdən çıxarırsan, Deyv, yaman çıxarırsan. Övlad gözləyən kişi özünü buna uyğun aparmalıdır. Tanrı xətrinə, istəyirəm, sən də özünü elə aparasan.
Deyvid. Con, bu dəqiqə mənim bir milyon problemim var, səndən də bir xahişim var.
Cey Bi. Nə barədə?
Deyib (onun paltosunu asılqandan asır). Mən indi təzə «Byuik» almaq istəyirəm ki, həmin o ticarətçi var ha, sən tanıyırsan, Berlidən olanı deyirəm, bax onun başını tovlamaqda mənə kömək eləsin. Sonra həmin maşınla Esteri Kaliforniyaya aparacağam. Otur.
Cey Bi (əlini qaldırıb barmağını ona tərəf tuşlayaraq). Bax, məni özümdən çıxaran da elə budur! Mənə elə gəlir ki, sən nəyin baş verdiyini hələ sonacan anlamırsan. Bir aylıq uşağı belə uzaq səfərlərə, ümumiyyətlə, aparmırlar.
Deyvid (çaşqınlıq içində). Mən demək istəyirdim…
Cey Bi (Gülür. Aydın görünür ki, həqiqət onun tərəfindədir). Sən adi bir şeyi də dərk eləmirsən. Ester yağlı şeylər çox yediyinə görə kökəlməyib ki? (Gülür. Qus da ona qoşulur. Deyvid də gülmək istəyir.) Cavan oğlan, sən ata olacaqsan və bu gün-sabah sənə «atacan» deyəcəklər!
Yuxarıda nəsə qarmaqarışıqlıqdır. Deyvid pilləkənə tərəf atılır. Bell xala peyda olur. O fısıldayır və burnunu slir.
Deyvid (cəld qalxıb onu yaxalayır). Bell, nə olub?
Bell. Doğur, doğur! (Düşür. Deyvid də onun ardınca gəlir.)
Deyvid. Bell, həkim nə deyir? Ester necədir? (Onun əlindən tutur.)
Bell. Bilmirəm. O vaxt yıxılmağı işləri korlayıb, yaman korlayıb. İlahi, özün kömək ol.
Hönkürtüdən boğula-boğula təzədən yuxarı tələsir. Deyvid yerindəcə donub qalıb, baxışları onun ardınca boylanır. Qus Deyvidə baxır. Uzun pauza.
Qus (astadan). Məgər Ester yıxılmışdı?
Deyvid. Hə, bir müddət əvvəl.
Qus. Sən onu həkimə aparmışdın?
Deyvid. Hə.
Qus. Dedi ki, uşaq ölü doğula bilər? (Pauza.)
Deyvid. Nə demək istədiyini anlamıram.
Qus (səsi titrəyə-titrəyə). Məncə, sən nə demək istədiyimi anlayırsan.
Deyvid susur. Yaxınlaşıb kreslonun qoltuğunda oturur. Sanki bu hərəkətlə indi əsirində olduğu dəhşətli donuqluqdan xilas olmaq istəyir. Ardınca hələ də gözlərini Qusdan çəkməyərək qalxıb sanki özgəsinin səsiylə təkrar edir.
Deyvid. Nə demək istədiyini anlamıram.
Qus. Bu samurların sənin ağlını nədən belə alması indi mənə çatdı. Amma mən indi heç bir yerə imza-zad atmayacağam. Ölü uşaqların gözü qarşısında iş görmək olmaz.
Deyvid sarsılıb. Deyəsən, o, nəhayət, hər şeyi başa düşüb. Qalxıb yumruqlarını düyünləyir: bilmək olmur, indicə Qusun üstünə atılacaq, yoxsa hönkürəcək.
Cey Bi. Belə bir şey onun ağlına da gələ bilməzdi… o necə… (Sanki ürək-dirək vermək üçün Deyvidə baxır, amma Deyvid elə bil ayaqüstəcə ölüb, o, Cey Bini görmür. Bu zaman Cey Bi özü ona yaxınlaşır.) Amma axı, Deyv, sən bunu istəmirdin! (Onu silkələyir.) Deyv!
Deyvid (Qusa baxaraq). İndi hulqumunu kəsəcəyəm! (Qusa baxmaqda davam eləyərək Cey Bidən kənarlaşır. Onun hərəkətləri donuq, məqsədsizdir, o, dalana dirənib).
Qus susur.
Niyə mənə belə baxırsan? (Nəzərlərini Cey Binin üzərinə gətirir, sonra təzədən Qusa bazır.) Niyə belə baxırsan? Mən, sadəcə, sənə olanları danışdım. Kişi gərək həyatın gözünün içinə dik baxsın, eləmi? Mən qapı tərəfdə nəsə səs-küy eşidib, açmağa atılanda… O, astanada yıxılıb qalmışdı. Həyat elə budur, hə? (Cavab verən yoxdur. O, təbdən çıxır.) Tanrı xətrinə, əgər sizə belə…
Qus (ucadan). Həyatın nə dəxli! O yıxılıb! O yıxılıb deyə uşaq da ölüb! Həyat məgər budur?
Deyvid (əsəbləri son həddə qədər gərilib. Dönür). Mən ölüb demədim. O ölə bilməz, çünki… (sözünü yarımçıq saxlayır.)
Qus. Hə, nədir?
Pauza.
Deyvid. Onda deməli, biz lənətlənmişik. Hər şey bədbəxtlikdən xəbər verir. Esterin yıxılması da bunu təsdiqləyir. Həkim mənə dedi.
Qus Deyvidə baxaraq onun nə dediyini o qədər də anlamır.
Deyid (Qusa). Amma sən deyirdin ki, məni qoruyan mələk var.
Şori (Qusu nəzərdə tutaraq). Qardaş, o bu sözləri çoxdan deyib!
Qus (Şoriyə). Mən nə demişəm? Demişəm ki, insanın övladının sağ-salamat dünyaya gəlməsi üçün onu qoruyan mələk olmalıdır?
Deyvid (hiddətlə). Kim deyir ki, o, ölüdür.
Qus. Onda niyə həyəcanlanırsan? (Onun əlindən tutur.) Otur, ağlını da başına yığ.
Deyvid (əlini dartaraq). Bəsdir, mənimlə məzələnmə! Den Dibbl bu gün mənə samurlar gətirəcək. Bütün sənədlər hazırdır. (Stola yaxınlaşıb kağızarı götürür.) Sənə yalnız imza atmaq qalır və…
Qus (gözlənilmədən Deyvidin üstünə cumaraq, kağızları əlindən alıb yerə atır). Sən adam deyilsən! (Onun bu hərəkəti Deyvidi karıxdırıb). Elə bil yuxarıda heç nə baş vermir, bu adamın fikri-zikri o samurlardır. (Deyvidin əlindən tutub yalvarır.) Deyv…
Deyvid. Əgər mənə bir kəlmə söz desən, səni buradan bayıra atacağam.
Cey Bi (narahatlıqla), Di yaxşı, yaxşı...
Yuxarıdan ağrının çığırtısı eşidilir. Deyvid yerindəcə donub qalır. Qus yuxarı baxır.
Qus (Deyvidə). Bir də belə sözü dilinə gətirmə!
Deyvid əllərini cibinə basır, sanki bu hərəkəti onun əzablarını yüngülləşdirəcək. O, dəhşətli gərginlik içindədir, amma özünü təmkinli aparmaq istəyir, bununla belə danışanda səsi xırıltılı çıxır. Qus ona baxmaqda davam edir. Deyvid Cey Bidən aralanır.
Deyvid (zorla). Hə, mənimki gətirirdi, Con. Nəyim varsa, hamısı elə bil öz ayağıyla gəlirdi. Və burda qəribə heç nə yoxdur. Həyat dediyimiz elə budur. Esterlə evlənə biləcəyim mənə yuxu kimi gələndə elə bil məhz bu iş üçün qoca Folk maşın altına düşdü. Mən «marmonu» düzəldə bilməyəndə, gecənin bir aləmi bir insan peyda olub onu mənim əvəzimə düzəltdi. Mən gözdən-qulaqdan uzaq yanacaqdoldurma məntəqəsini alanda, qəflətən onun yanından şosse çəkdilər. Hə, mənimki gətirirdi, indi də onların altını çəkirəm!
Şori. Bax, bu, lənət şeytana, doğrudur?
Qus. Belə bir qanun harada yazılıb ki?
Deyvid. Bilmirəm. (Səssizlik çökür. Pəncərəyə tərəf gedir). Hamı arasında mən xərcə düşməyən yeganə insan idim. Neynək… deməli, bayram qurtardı. (Ağrıyla yuxarı baxır.) Məncə, sizin hamınızı birləşdirməyin vaxtı çatıb. Əgər samur işi alınsa, mənim təxminən altmış min pulum olacaq. Amma iş üçün cibimi boşaltmalı olmuşam, nəyim varsa, hamısını qoymuşam. Odur ki, - daha buna şübhəm qalmayıb - bundan sonra hər şeyin borcunu gərək ödəyəm. Daha qarasız ağ olmayacaq, Ester yıxılandan sonra bunu başa düşdüm. (Dərddən üzülmüş insan səsiylə.) İlahi, hər şey sənin əlindədir, növbə bizə də gəlib çatdı. Mən daha öz naxışlarımdan qorxmuram, indən belə mən də ümumi qaydalarla oynayıram.
Qus. Deyvid, sən mənim xətrimə dəyirsən. Bu ideyalar Avropa, Asiya, kasıb ölkələr üçün yarayır. Amerika üçün yox?
Deyvid. Amerika üçün niyə yaramır?
Qus. Çünki burada sən qurd, bit deyilsən, adamsan. Buranın adamı isə hər şeyə layiqdir.
Şori. Nə vaxtdan?
Qus (tərs-tərs Şoriyə). Elə o vaxtdan! Həmişə layiq olub!
Şori. Deməli, mən sən deyən vaxtdan əvvəl doğulmuşam.
Qus (indi Şoriyə əsəbi tonla). Üzr istəyirəm, amma deməliyəm ki, o bu, sənin tayın deyil, özü də sən mənim canım, bir də onu özünlə müqayisə etmə.
Deyvid. O heç müqayisə-zad etmir.
Qus (Şori barədə). O heç vaxt xoşbəxt olmayacaq. Bu, dəqiqdir. Belə insanlar xoşbəxt olmurlar.
Şori. Necə insanlar?
Qus. Belə insanlar. (Deyvid barədə). Amma onun həyatı əgər istəsə, bundan da parlaq olacaq.
Şori. Aha, nə qədər ki, divar uçub-gəlməyib.
Qus. Əgər şorgözlük eləməsə, uçub-gəlməz. (Təmkinlə.) Bağışla, xətrinə dəymək istəmirdim.
Cey Bi (Deyvidə tərəf gedir). Deyv, mən sənə samurlar üçün borc pul verərəm.
Qus. Başına hava gəlib?!
Cey Bi. Onun nə düşündüyü mənə çatır, Qus. (Deyvidə baxır.) Belə bir işə girişmək üçün gərək əsl kişi olasan. Doğrudur, adam gərək pulunun qədrini bilə, amma yeri gələndə xərcləməyi də bacarmalısan. (Yuxarıya, sonra Deyvə baxır.) Olan budur. Hər şey həmişə öz-özünə baş verir. Mən sənə pul verərəm, Deyv…
Deyvid. Mən istəyərdim ki… əgər mümkünsə, pulu bu gün ona verim.
Hamı ağır-ağır yuxarıdan gələn Bellə baxır. O, nə qədər ki, pilləkənlə düşməyib heç kəs səsini eşitmir. O, bayaqkı kimi heyrətdən donub qalmış gözlərini dipdiri açaraq gəlir. Amma bu dəfə bir qədər özündədir və zəndlə Deyvidə baxır. Bayaqkı kimi dəsmalıyla gah burnunu, gah da gözünün yaşını silir. Amma Bell pilləkənın ən aşağı tərəfinə gəlib çatmır, Deyvid özü bir neçə pilləkan yuxarı qalxır. Bell əvvəlcə gülmək, sonra burnunu çəkmək istəyir. Görünür ki, xeyli həyəcanlıdır və Deyvidi yuxarı çağırmaq istəyir. Deyvid lal baxışlarını ona zilləyib.
Bell. Yuxarı… yuxarı.
Deyvid. Nə? Nə-ə?!
Bell (qəflətən üstünə atılıb qollarını onun boynuna dolayır.) Ah, Deyvi, Deyvi!
Deyvi (kənarlaşaraq, onun üzünə baxıb hönkürür). Nə olub? (Hönkürtüdən titrəyən səsiylə təzədən ondan bərk-bərk yapışır.) Bell!
Qəflətən yuxarıdan ağlayan körpənin səsi gəlir. Bu səs sanki Deyvidi pilləkəndən yerə atır. O, daş kimi donub qalaraq yuxarı baxır. Ağzı açıla qalıb.
Bell (hələ də ağlamasına, burnunu çək-çəkə). Oğlandır, qiyamət oğlandır! (Təzədən hönkürüb yuxarı qalxır.)
Deyvid bir müddət qımıldanmadan dayanıb durub. Heç nə görməyən gözləriylə onun ardınca baxır. Təzədən körpə çığırtısı. Deyvid başını qaldırır. O sanki bu çığırtıda boğulmaq istəyir. Cey Bi qollarını açaraq onun üstünə atılır.
Cey Bi (sevincinin həddi-hüdudu yoxdur). Deyv!
Deyvid qeyri-ixtiyari onun əlini sıxır, üzündə yüngül təbəssüm əmələ gəlir.
Cey Bi. Oğlandır, Deyv, oğlandır! Sən axı belə istəyirdin!
Deyvidin dodağına qəribə bir təbəssüm qonur: daha yüngül, amma hələ də həyəcan dolu. Sanki donu açlımış Pet oğluna yaxınlaşıb boynunu qucaqlayır.
Pet. Yeni nəsil, Deyv, yeni nəsil!
Qus (gülərək). Nədir? İndi başa düşdün? (Gülür.) Yaxşı adam layiq olduğunu həmişə alır. (Sevinclə Deyvidin kürəyinə vurur.) Di, oyan! Sənin ən şad günündür! (Şoriyə tərəf iyirmi beş sent atır.) Səni tanıyandan bəri birinci dəfədir ki, haqlı çıxırsan!
Cey Bi. Göydən yerə en, Deyv, get uşağına bax!
Qəflətən Deyvid küçəyə qaçır. Hamı heyrət içindədir.
Cey Bi. Ona nə oldu?
Qus. Ona nə oldu? Məncə… utanır! (O da ardınca qaçır.)
O birilər sakitcə dayanıb durublar. Sonra bir-birinin ardınca ağır-ağır körpə çığırtısı gələn otağa qalxırlar.
Pərdə yavaş-yavaş enir.
İKİNCİ ŞƏKİL
Pərdə qalxmazdan öncə göy guruldayır. Bir ay sonra. Qonaq otağı. Axşam çoxdan düşüb. Otaq boşdur. Qəflətən çaxan ildırım otağı işıqlandırır, sonra təzədən qaranlıq çökür. Qapı açılır və Ester daxil olur. O, çox həyəcanlıdır, amma elə ləng hərəkət eləyir ki, sanki ətrafında baş verənlər ona dəxli yoxdur. Hiss olunur ki, tamamilə özünə qapanıb. Paltosunu əynindən çıxarmadan səhnənin ortasına tərəf addımlayaraq, oradaca dayanıb durur və divara baxır. İldırımın işartısı onu pəncərədən bir addım geri çəkilməyə məcbur edir. Artıq ləngimədən yolüstü işığı yandıraraq telefona tərəf gedir.
Ester (pəncərəyə baxaraq, dəstəyə deyir). Allo! Qus, sənsən? Haradaydın, düz bir saatdır, sənə zəng eləyirəm. (Dinləyir.) Qulaq as, sən indi bura gələ bilərsən? Hə, hə, indi. Yox, narahat olmaram, səninlə mütləq danışmalıyam. O, yoxdur. Qus, sən bura gəlməlisən. Samurlar qırılırlar. (Pəncərəyə baxmaqda davam edir.) O hələ bilmir, ancaq yəqin ki, bu dəqiqələrdə xəbər tutacaq. Den Dibbl zəng eləmişdi. O artıq otuzunu itirib... Bizimkilər də həmin balıqla qidalanırlar. İstəyirəm, o, xəbər tutanda, sən burada olasan. (Cəld qapıya sarı dönür.) O, gəlir! Xahiş eləyirəm, tez gəl! (Dəstəyi asıb yeyin addımlarla qapıya tərəf gedir, amma sonra toxtayıb dayanır, stula yaxınlaşanda qəflətən sezir ki, hələ də paltodadır.
Deyvid daxil olur. Əvvəl Esterə, sonra yuxarıya baxır.
Deyvid. Hər şey qaydasındadır?
Ester. Niyə soruşursan?
Deyvid. Qulağıma çığırtı səsi gəldi.
Ester. Yox, çığırtı səsi deyildi.
Deyvid. Deməli, ildırım səsi imiş. (Uşaq barədə.) O, necədir?
Ester. Qapı bağlı deyil, gedib özün baxa bilərsən.
Deyvid. Bu qanlı əllərləmi gedim?!
Ester dönür. Deyvid giriş qapısına tərəf gedir.
Ester. Əllərini samurlara görə belədir? Onları yedirmisən?
Deyvid. Sabaha yeməklərini hazırladım.
Ester. Sağ-salamatdılar?
Deyvid. Heç vaxt onları belə narahat görməmişəm. Yəqin ildırımdan hürküblər. (Esteri tərk etmək üçün səbəb tapa bilir.) İstəyirəm, onların sakitləşib-sakitləşmədiklərinə əmin olum. (Çıxmaq istəyir.)
Ester (qəflətən). Getmə, Deyvi, nə olar, getmə. Özün mənə dedin ki, balalayan vaxt yaxşısı budur, onları rahat buraxasan.
Deyvid. Mən orada olmalıyam, Es, orada olmalıyam. Mən... (Ona yaxınlaşır.) Söz verirəm ki, balalayan kimi qayıdıb gələcəyəm. Bu il səyahətə çıxacağıq, şah kimi yaşayacağıq.
Ester. Getmə, Deyvi.
Deyvid. Mən tez qayıdacağam.
Ester (onun əlindən tutaraq). Niyə axı onlar sənin üçün belə dəyərlidir?
Deyvid. Sən özün də bilirsən ki, biz büsbütün onlardan asılıyıq.
Ester. Mən kasıb olmaqdan qorxmuram.
Deyvid. Çünki heç vaxt kasıb olmamısan, heç vaxt da olmayacaqsan. Həyatın əsl...
Ester. Sən təkrarlayırsan. Mən axı bütün bunları istəmirəm. Mənə heç nə lazım deyil. Dünya malı dünyada qalacaq, istəyirəm, sən də bu haqda düşünəsən.
İldırım təzədən otağı işıqlandırır. Deyvid yenidən qapıya tərəf tələsir.
Ester (təşviş içində). Deyvi!
Deyvid dayanır, amma geri qanrılmır.
Ester. İldırımı saxlamaq olmaz, eləmi?
Deyvid əvvəlki kimi qanrılmır.
Ester (ona yaxınlaşır. Yalvarışla.) İşinin necə ağır olduğu bilirəm, amma dünyadır, bir də gördün hamısı hədərə getdi, hə?!
Deyvid (ağır-ağır ona tərəf dönür. İndi hiss olunur ki, əsəbləri gərilib.) Yalnız insan səhv edəndə. Amma məndəkilərin... məndəkilərin hamısı sağ-salamatdır, hətta xəstələnəni belə yoxdur. Çünki mən bir dəfə də səhvə yol verməmişəm. Təkcə bu lənətə gəlmiş tufan... elə bil bu günü gözləyirdi, onlara sakitlik lazım olanda...
Ester. Sən elə rahat danışırsan ki, elə bil bu dəqiqə gün çıxıb. Əslində, göy elə guruldayır ki, adam az qalır, qulaqlarını tuta.
Deyvid (Ester ona baxanda davam edir. Sifətinin ifadəsi sanki soruşur: görən, nə vaxt məni buraxacaqsan?) Bəli, mən məhz belə düşünürəm. Sən hələ tək qalmalı olacaqsan. Amma inan mənə, bu, çox çəkməyəcək. (Tərpənib getmək istəyir.)
Ester. Deyvi... ev sənsiz boş görünür. Adamın az qalır, bağrı çatlaya. Nə vaxt diz-dizə oturub danışağıq. Nə vaxt uşaqla bir yerdə olacaqsan?
Deyvid (eyni açılaraq). Mən onunla bir yerdə olmuşam.
Ester. Yox, olmamısan! Heç vaxt olmamısan! Niyə axı?
Deyvid. Sən gedəndə...
Ester. O, doğulandan bəri heç vaxt. Cavab ver, niyə?
Deyvid dönüb qapını açır.
Ester (vahimə onu daha da ucadan danışmağa vadar edir). De görüm, niyə?
Deyvid kəndara bir addım atır.
Ester. Niyə, axı?
Deyvid çıxır.
Ester (qışqırır). Deyvi, mən çaşqınlıq içindəyəm! Deyvi,geri dön!
Qapı bağlanır. Ester otağın içində gəzişir. Sonra lampanı yandırır. Pauza. Və qəflətən addım səsləri eşidilir. Qus astanada dayanıb.
Ester (Yüngülləşərək.) Oh, Qus!
Qus (ona baxaraq). O gəlmişdi?
Ester. Gəlmişdi. Gah oradadır, gah buradadır. Bir az bizdə qal, hə!
Qus. Ən əvvəl gərək əyləşəsən. (O, Esteri taxta tərəf aparır. Ester az qala ağlayır.)
Ester. Sənə min dəfə zəng eləmişəm.
Qus (paltosunu çıxararaq). İndi özünü cəmlə. Özü məsələdən hali olana qədər sən gərək heç nə deməyəsən. Bağışla, mən bütün günü Berlidə olmuşam, elə yenicə gəlmişəm. Dibbl nə dedi? (Dönür.)
Ester. Dedi ki, fikrincə, onunkular balıqda olan barama qurdundan ölürlər. Balıq da eyni balıqdır: onunkuyla, bizimki.
Ester. Deyir, həyəcanlıdılar, amma hesab eləyir ki, bu, tufandandır. Amma vaxt hələ çatmayıb.
Qus. Di, onda dayanıb gözləyək. (Pəncərəyə tərəf gedib boylanır.) Bu tufan burda hələ çox oyunlardan çıxacaq. Dəhşət!
Ester. İndi neynəyək, Qus? O, düz bir il onlarla əlləşib.
Qus. Olacağa çarə yoxdur, Ester. (Cibindən konvert çıxarır.) Hər halda, mən onsuz da bu gün sizin yanınıza gəlməliydim... Vidalaşmağa...
Ester. Vidalaşmağa?
Qus. İndi başa salaram. (Konveri sobanın üstünə qoyur.) Mən gedəndən sonra ona verərsən. Onunla bir də mübahisə eləmək ictəmirəm.
Ester. Demək istəyirsən ki, uzağa gedirsən?
Qus. Çikaqoya. Orada mənim üçün əla bir iş var. Burada aldığımdan ikiqat çox verirlər.
Ester. Niyə gedirsən?
Qus. Dedim axı, ikiqat çox.
Ester (qalxaraq). Uşaq zarafatlarını burax. Mənə düzünü de, niyə gedirsən? (Qısa pauza.)
Qus. Belə... düzünü desəm... mən tək-tənhayam. (Yüngül təbəssümlə.) Burada qız çoxdur, amma alınası yoxdur, Ester. Otuz yeddi yaşda kişi gərək alt paltarını özü yusun?
Ester (etirafından təsirlənib). Deməli öz sarı saçlını tapa bilmədin?
Qus. Sən də bilirsən ki, mən həmişə romantik olmuşam, eləmi?
Ester. Amma iş-gücü buraxıb, hara gəldi, getmək... özü də hansısa bir...
Qus. Niyə də yox? Bəs, Detroytu qoyub bura gəlməyə məni nə vadar etmişdi?
Ester. Yer dəyişmək həvəsi?
Qus. Əlbəttə. Bu, mənim üçün vacib bir şeydir. (Pauza.) Sabah axşam gedirəm.
Ester. Hər halda, niyə? Ha istəsəm də anlaya bilmirəm.
Pauza. Qus ona baxır.
Mənası nədir, Qus, hə? (İsrarla.) Mənası nədir? (Pauza.)
Qus (bir xeyli ona baxır). Çünki burada qalmağa ürəyim gəlmir. (Pauza.) Bu gün Berlidə bizim tanış həkimlə söhbət etdim. Ona elə gəlir ki, Deyvid... dəli olur.
Deyəsən, Ester bu sözlərə reaksiya vermir. Sadəcə, qalxib heyrətlə ona baxır. Ardınca səssizcə bir neçə addım geri çəkilir. Sonra avansəhnəyə çıxıb, gözlərini ondan çəkmədən, hər iki əliylə yüngülcə taxta toxunur. Pauza. Sanki onun dediklərini indicə eşidibmiş kimi Ester yenidən kresloya tərəf gedib əlini onun belinə qoyur. İndi müəyyən müddət onlar üz-üzə dayanmalı olurlar.
Qus. Mən elə bilirdim sən duyuq düşmüsən. Ya da ən azı duyuq düşməlisən.
Ester cavab vermir.
Qus. Səndə şübhələr olmayıb?
Ester. Hərdən ağlıma gəlib. Amma hərdən. Çünki mən inanmaq istəməzdim ki, o...
Qus (yenidən ötkəmliklə. İndi Ester onun zərbələrini qarşılayır.) Mən ona təsir göstərməyə cəhd etdim. Düz bir ay cəhd etdim. Amma daha səbrim çatmır, Ester. Yəqin mütəxəssislərə müraciət olunmalıdır. Bəlkə Berlidə eləsi var.
Ester (sarsıntı içində). Berlidə!
Qus. Orada pisini məsləhət görməzlər.
Ester (dəhşət içində). Yox, o, heç hara getməyəcək. Burada nə var ki? Həm də ümumiyyətlə, qorxulu bir şey yoxdur. Sadəcə, həyəcanlanıb, vəssalam.
Qus. Samurlar gəbərməyə başlayanda görərsən həyəcanlanmaq necə olur! Bu, onun üçün dəşhət deməkdir.
Ester. Amma samurlar gəbərəndən sonra hər şey təzədən qaydasına düşəcək. Bircə tez gəbərəydilər!
Qus. Yox, bir də yox!
Ester. Axı, o qabaqcadan bunu görürdü. Gözləyirdi. Gözləyirdi ki, nəsə pis bir şey olacaq. Qoy olsun, əvəzində sonra... Sonra hər təzədən qaydasına düşəcək, görərsən. Qus bu gün burada ol. O, məsələdən hali olanda, sən onunla danışıb birtəhər sakitləşdirərsən. Yaxşımı?
Qus. Ester, onun itirdiklərini mən qaytara bilməyəcəyəm. Məgər o, oyuncaq-zaddır.
Ester (var-gəlinə ara verərək). O, nə itirəcək, sən nəyi nəzərdə tutursan?
Qus. Nəyi varsa. Nəyə inanırsa. Ki, bəs bu yerin yiyəsidr. Yox, o, əlbəttə, ulduzlara, kofe falına-filan inananlardan deyil. Avropada mən özünü yerin yiyəsi hesab eləyən Deyvidləri çox görmüşəm. Və bilirəm ki, onlar hətta başladıqlarını davam elətdirmək belə istəmirlər. Elə burada... bu sonsuz göy üzünün altında da... deyirlər ki.. Mən bunu hər gün eşidirəm... Onlar deyirlər ki, əgər adamda hər şey alınırsa, adam xoş həyat yaşayıb, özünə və yaxınlarına yalnız məmnunluq gətirirsə... bu anormallıqdır. Və Tanrının verdiyi gün gözləyə-gözləyə qalırlar ki, onlara bədbəxtlik üz verəcək... qəza baş verəcək, ya başqa bir şey olacaq. İnsan isə əslində, yaşaya-yaşaya yalnız onu bilməlidir ki, üstündə Tanrı kölgəsi var. Əgər bu yoxdursa,vəssalam, kitab bağlandı. Məni anlayırsan, Ester, Deyvidin kitabı bağlanıb. İndi başa düşdünmü, nə səbəbə onun üçün bu dünyada samurdan başqa heç nə yoxdur.
Ester (bərəlmiş gözlərlə). Bəs uşaq? Niyə o, elə fikirləşir ki, uşaq...
Qus. Öləcək? Hə, doğrudan da həmin gecə mən buradaydım. Qəribədir, o, necə də özünə oğul istəyirdi, amma onu ölmüş görürdü. Məncə, o, beyninin gizli bir qatında özünə nəsə bir bədbəxtlik, fəlakət arzulayır.
Ester. Qus, sən nə danışırsan...
Qus. Amma sağlam uşaq bu hissləri onun canından çəkib çıxardı, Ester, o, yenidən seçildi, yenidən naxışlı oldu. Və elə ondaca Deyvid bütün pullarını nə vaxtsa gəbərə biləcəyini ehtimal etdiyi samurlara qoydu. (Barmaqlarını tərpədir.) Demək, fəlakət hər an baş verə bilər.
Ester (səbəbi anlayaraq). Hə, demək, buna görə o, indiyəcən uşağa barmağıyla da toxunmayıb.
Qus. Ona necə toxuna bilər? Oğlunun adı gələndə xəcalətdən az qalır yerə girə. Belə çıxır ki, o, ikinizə də xəyanət edib. Əgər o heyvanlar tez bir zamanda gəbərsələr, onun ağlı başına gəlsə, ulduzlara, göy üzünə baxıb görsə ki, bu, qisasdır, dərhal sakitləşəcək. Mən istəyirəm,bu baş verməzdən əvvəl biz onunla Berliyə gedək...
Ester. Yox, Deyvidi, hansısa bir...
Qus. Onlar hər adamla danışmağı bacarırlar.
Ester. Mən də bacarıram. (Aralanıb, sonra ona baxır.) Mən onu xəbərdar eləyə bilərdim... Deyvid onları yedirəndən əvvəl mənə zəng elmişdi.
Qus (sarsılaraq hiddətlə). Ester!
Ester. Mən istəyirəm ki, onlar gəbərsinlər, bu gözəl siçanlar elə indi gəbərsinlər.
Qus. Sən niyə axı bunu...
Ester. O onlardan qurtulmalıdır. Biryolluq və həmişəlik qurtulmalıdır. Mən həmişə bilmişəm ki, bu, baş verməlidir. Qoy onda bu uşaq böyüyüb hər şeyi başa düşəndən əvvəl, indi baş versin. Sən onu həç hara aparmayacasan. Onlar gəbərən kimi o, təzədən xoşbəxt olacaq. Hər şey geridə qalacaq və o, xoşbəxt olacaq!
Qus (ümidsiz səslə). Ester.
Ester. Yox, mən daha qorxmuram, daha hər şey yaxşı olacaq. İndi, hər şey bitəndən...
Qus. Nə bitəndən, Ester? Ötən həftə o, həyatını sığorta eləyib. Ömürlük. Ester, sən bunu nəzərdə tutursan?
Ester. Yox, Qus.
Qus. Bəs onda, nə bitir?
Ester (ağlayır). Yox, Qus, mən heç bir pis şey nəzərdə tutmamışam. (Hönkürməyə başlayır.)
Qus (onun əlindən tutur). Möhkəm ol, Ester, möhkəm ol.
Ester (hönkürür və başını bulayır). Deyvi, Deyvi... o həmişə elə yaxşı olub ki... Ona nə oldu?
Qus. O sənin ağlamağını görməməlidir... Ən pis şey...
Ester (əlindən çıxıb getmək istəyir). Deyvi, Deyvi!
Qus. Yetər, Ester. Onun dərdi özünə bəsdir.
Qus Esterin sifətini əlləriylə tutub. Qəflətən qapı açılır və Deyvid təəccüblü baxışlarla astanada dayanıb durur. Qus əllərini boşaldır və onlar bir-birlərindən kənarlaşırlar. Deyvid əvvəl Qusa, sonra Esterə baxıb ardınca onlara yaxınlaşır.
Deyvid (həyəcanla) Nə olub, Es?
Ester. Heç nə. Orada işlər necədir?
Deyvid. Hələlik sakitlikdir... (Dayanır. Sanki son həddədir.)Niyə ağlayırsan?
Ester (səsindən hələ də göz yaşları axır). Mən ağlamıram.
Deyvid (çaşqınlığı hiss edərək, hər ikisinə baxır. Qusa). Sən niyə onu qucaqlamışdın?
Ester (hər şeyi zarafata salmağa cəhd edərək). O məni qucaqlamamışdı. O, Çikaqoya getməyə qərar...
Deyvid (maraqlanaraq, Qusa). Çikaqoya? Niyə?
Ester (gülməyə çalışaraq). Təsəvvür edirsən, orada özünə arvad tapmaq istəyir.
Deyvid (Qusa). Elə çatan kimi?
Ester (onun paltosunun düymələrini açaraq. Özünü hönkürməkdən zorla saxlayıb çöhrəsi şən görünmək istəyir). Gəl, di gəl, bir çay içək, oturaq, necə lazımdır, dərdləşək. Daha getmə, Deyvi! Daha səni heç hara buraxan deyiləm. Bir-birimizə deyiləsi o qədər sözümüz var ki! (Paltosunu çıxarıb asmağa aparır. Deyəsən, Ester bir qədər toxtayıb.)
Deyvid (hələ də həyəcanlıdır, onun atmacalarına əhəmiyyət vermir). Ester, niyə ağlayırdın?
Telefon zəngi eşidilir. Ester o tərəfə atılır, amma Deyvid daha yaxındadır və dəstəyi də birinci götürür. Esterin bu qəfil sıçrayışı onu təəccübləndirir.
Ester. Bu, yəqin Ellidir. Ona söz vermişəm ki, şlyapamı bir günlüyə götürə bilər.
Deyvid mat-mat ona baxıb ardınca dəstəyi qaldırır. O danışmağa başlayan kimi Ester təşviş içində kənara çəkilir. Qus qeyri-ixtiyari yerini dəyişir. O sanki lazımi vaxtda, lazımi yerdə olmaq istəyir.
Deyvid. Mister Dibbl? Xeyr, o, burada deyil, mən onu gözləmirəm. Hə, lap yaxşı, demək, hələ yoxdur. Nə demək istəyirsiniz? (Qulaq asır.) Nə danışırsınız, hər şey mənim nəzarətimdədir. (Qulaq asaraq) ardınca dəhşət içində.) Əlbəttə, yedirmişəm. Amma niyə axı siz bunu bilib mənə zəng eləməmisiniz? Görüm sizi lənətə gələsiniz! Siz ki, bizim onlara eyni şey yedirtdiyimizi bilirsiniz! (Çığırır.) Deməyin ki, zəng etmisiniz! De... (Qulaq asır.) O nə vaxt zəng eləyib? (Telefondan aralanıb dönür və Esterə baxaraq aramla danışır. Sifətinin ifadəsi qəribədir - çaşqıqlıqla vahimə bir-birinə qarışıb.) Amma onlar hələ ki, qaydasındadır, bəlkə hələ tezdir? (Dəstəyə.) Bəli... bəli, Əlbəttə. Mən gözləyəcəyəm. (Ağır-ağır dəstəyi yerinə qoyub bir müddət gözünü Esterdən çəkmir. Sonra baxışlarını Qusa, ardınca təzədən Esterə dikir. Sanki bu iki nəfərin arasında olan əlaqəni müəyyənləşdirmək istəyir.) Nə... niyə sən mənə onun zəng elədiyini deməmisən?
Ester (ona yaxın gəlməyə cürət eləmir. Əllərini uzadıb dərhal da geri çəkilir. Ondan bir xeyli məsafə aralıdadır.) Deyvi!
Deyvid. Niyə mənə demədin ki, onları yedirməyim?
Ester. Den indilərdə gələcək. Yəqin o nəsə bir əncam çəkər.
Deyvid (Eterə baxaraq). Əgər yeyiblərsə, nə əncam çəkəcək? Onların iç-içalatını dartıb çıxarmayacaq ki? (Daha da artan qüssəylə Esterə). Niyə sən mənə demədin?
Ester bir neçə addım geri çəkilir.
Deyvid. Hara belə? (Qəflətən irəli atılıb onun əlindən tutur.) Sən istəyirdin, onlar gəbərsin, eləmi?
Ester (gərginlik içində). Amma elə sən özün də həmişə istəmisən ki... bu, baş versin. Belə daha yaxşıdır, elə deyil?
Deyvid. Yaxşıdır? Mənim oğlum yoxsul, biz müflis olduq. Səncə, bu, yaxşıdır?
Ester (qorxu ona cəsarət verir.) Onda məncə... getməliyəm. Mən burada qala bilmərəm, Deyvi. (Pilləkənə tərəf gedir.)
Deyvid Esterə bir neçə addım atmağa imkan verib sonra qarşısını kəsir. Ester dayanıb ona baxır.
Deyvid. Qala bilməzsən... Sən nə dedin?
Ester. Mən səninlə yaşaya bilmərəm, Deyvi. Elə uşaq da.
Deyvid Yox, Ester.
Ester. İstəmirəm ki, o səni belə görsün. Bu, dəhşətdir. Mən gedirəm.
Deyvid (zorla nəfəs alır. Hönkürür. Əvvəlcə Qusa, sonra Esterə baxır. Gözlərinə inanmayaraq.) Demək, sən onunla gedirsən?
Ester (təşviş içində Qusa baxır). Yox, yox, onun nə dəxli... O özü gedir.
Deyvid (indi məsələ onun üçün aydınlaşır). Sən də onunla!
Ester. Yox, Deyvi, mən heç kimlə.
Deyvid (əminliklə. Hiddətdən az qala boğulur). Sən onunla gedirsən!
Ester. Yox, Deyvi...
Deyvid (Qusa). Ona tapşırmısan ki, mənə deməsin, hə?!
Ester. Den zəng eləyəndə, o hələ burada deyildi.
Deyvid. Onun harada olduğunu sən haradan bilirsən? (Qusa.) Elə bilirsən, mən koram?
Ester. Sən səfehləyirsən.
Deyvid. Sən niyə belə elədin? Görürəm ki, o da səni istəyir! (Qusa tərəf irəliləyir.)
Ester onun yolunu kəsir.
Ester Mən özüm gedirəm. (Paltosunu götürür.) Deyvi, mən özüm tək gedirəm.
Deyvid. Yox, sən tək gedə bilməzsən. Sən... (Qusa.) Elə bilirsən, mən məhv oluram? Sən onu istəyirsən, hə? (Qusu yaxalamaq üçün stulu götürüb yoldan kənara çəkmək istəyir.)
Ester Deyvidə tərs bir sillə ilişdirir. O, yerindəcə quruyub qalır.
Ester (ikrahla və həyəcanla). Mən özüm!
Bir müddət hər ikisi sükut içində dayanıb durur. Ester Deyvidin reaksiyasını müşahidə edir. Deyvidin gözlərində yaş əmələ gəlir. O, dərdli gözlərlə Esterə baxır.
Ester. Deyvi, mən səni əvvəlki kimi görmək istəyirdim: xeyirxah, hər şeyə hazır. Onda sən yaxşydın, niyə belə dəyişdin?
Deyvid. Yaxşıydın! Telefon dəstəyini özün götürmüsən və bu günəcən qazandıqlarım bircə anın içində göyə sovrulur. İnsan! İnsan hara, yaxşılıq hara?!
Ester. Bəlkə təzədən sıfırdan başlayasan?!
Deyvid. Nəyin xətrinə? Kimin xətrinə? Dünya bir dəlixanadır! Bu xanaları nə qədər doldursan da, bircə başını çevirməyinə bəndsən, hər şey kəllə-mayallaq olacaq!
Ester. Quran da özün oldun, dağıdan da. Mən gedirəm, Deyvi! (Hıçqırır.) Mən daha dözə bilmirəm! (Pilləkənə qaçır.)
Deyvid (hönkürə-hönkürə çağırır). Ester...
Ester dayanıb ona baxır.
Deyvid əlini ona uzadır. Onun bütün bədəni əsir, ağlaya-ağlaya qalıb. Sonra lunatik kimi pilləkənə tərəf gedir. Mən səni sevirəm! Mən səni sevirəm... Yox... Yox... (Çatıb ümidsiz baxışlarla ağlaya-ağlaya Esteri bağrına basır.)
Giriş qapısı açılır və Den Dibbl hövlnak otağa daxil olur. Deyvidi görüb dayanır. Onun əlində balaca çanta var.
Dibbl (sağ tərəfi, avansəhnəni göstərərək). Səni axtarmadığım yer qalmadı, demə... burada nə eləyirsən? Məndə bir şey var, bəlkə onları xilas etdi. Tez elə gedək! (Giriş qapısına tərəf gedir.)
Deyvid. Mən onları görmək istəmirəm, Den. (Kresloya tərəf gedir.)
Dibbl. Ümid azdır, amma ola bilsin... (Qapını açır.)
Deyvid. Yox, daha gecdir, hər şey həzmə gedib, üstündən iki saatdan çox vaxt keçib.
Dibbl (qəflətən dayanaraq). İki saatdan çox? Nəyin üstündən?
Deyvid. Onları yedirməyimin.
Dibbl. Onlara balıq verdin?
Deyvid. Özgə nə olacaqdı ki? Onlara başqa nə verə bilərdim? Lənətə gələsiniz, mənə nə vermişdinizsə, onu!
Dibbl. Sakitləş, Deyvid, hər şey elə də pis deyil. Bu barama qurdu adətən onları iyirmi dəqiqəyə öldürür. Sən görünür...
Deyvid. Qurd! Amma bu ilbizə oxşar...
Dibbl. Onlar ilbizə oxşamır, elə balacadırlar ki, sən çətin onları görəsən: qara rəngdə, ölçüsü də təxminən...
Deyvid. Xaş-xaş boyda.
Dibbl. Hə, döyülmüş istiot boyda. Getdik...
Deyvid tərpənmir. Onun baxışları məchulluğa zillənib.
Dibbl. Tərpənirsən? Sən axı istəyirdin ki, mən ona baxım. Balaca...
Deyvid ağır-ağır kresloya oturur.
Qus. Hər halda, baxmağın pis olmaz, Deyv. (Qısa pauza.)
Deyvid (heyrət içindədir, amma görünür ki, üzr istəməyə hazırdır.) Mən onları gördüm Den, amma bilmədim nə olan şeydir. Qərara aldım... qərara aldım ki, risk etməyim. Mən onları tullayıb atdım.
Dibbl. Sən onların hamısını tullaya bilməzdin!
Deyvid. Bəli, Den... mən məhz belə elədim. Böyük hissəsi gözümə yaxşı göründü, amma həmin o qara xallar olan hissəni tulladım.
Ester. Deyvid, sən samurları xilas etmisən?!
Deyvid. Den, axı sən mənə demişdin ki, qidaları diqqətlə yoxlamaq lazımdır. Elə düşündüm ki, sən özün də belə eləyirsən.
Dibbl. Hər balığı yoxlamağa mənim vaxtım nə gəzir?!
Deyvid. Amma mən elə düşündüm ki, hamısını yoxlamaq lazımdır. And içirəm, Den!
Dibbl. Tanrı böyükdür! Əgər sən o qurdları görmüşdünsə, gərək xəbərdar eləyəydin... ən azı, məni.
Deyvid. Mən istədim, hətta nömrəni də yığdım, sonra sənin başını belə boş şeylə xarab eləmək mənə gülməli göründü. Amma erkəklərimdən bir cütünü sənə verə bilərəm ki, hər şeyi... hər şeyi təzədən başlayasan.
Dibbl. Yox, yox.
Deyvid. Xahiş eləyirəm, Den, gedək, ürəyin istəyəni götür.
Dibbl. Neynək, mən fikirləşərəm. Amma hər şeyi təzədən başlamaq üçün mən çox qocayam. Yaxşı, gecəniz xeyirə qalsın. (Gedir.)
Qus və Ester Deyvidə baxır. Deyvid heyrət içindədir və dilxordur.
Deyvid. İnana bilmirəm. Onun işləri elə yaxşı gedirdi... başqalarından xeyli yaxşı.
Qus. Gedirdi və dayandı.
Ester. Deməli yazı beləymiş. Göylərin yazısı. Hər şey yalnız səninçün yazılıb. İndi gördünmü? Hə?
Yuxarıdan körpə çığırtısı eşidilir.
Ester. Qalxım, bir baxım, yəqin acıb. Sən niyə mənimlə qalxmayasan, Deyvi?
Deyvid (sıxılır). Hə... Mən də... bu dəqiqə.
Ester gedir.
Deyvid (düşüncələrə qərq olub). Amma hamının bəxti gətirə bilərdi, sadəcə... Cey Bi içirdi, Şori şorgözlük eləyirdi... atamla, Eymos... (Qusa.) Sən də öz emalatxananı əldən verdin. Amma sən o vaxt sanki mələk kimi zühur etməsəydin, mən o "marmonu" dünyasında düzəldə bilməzdim. Elə hər şey də həmin "marmondan" başladı.
Qus. O valı Nyutona sən özün də apara bilərdin... (Deyvidin əlindən tutur.) Amma məsələ bir bundadırmı? Əlbəttə, pis məqamlar da olur. Əgər bəxt səndən üz döndəribsə, heç nə eləmək olmaz. Amma əmin ol, bəxtin üzü həmişə sənə baxır. Sən yatanda da, oyaq olanda da.
Deyvid. Sən heç də hər şeyi bilmirsən.
Qus. Yox, bilirəm. Bilirəm ki, sən heç şübhəsiz yaxşı insansan. Ona görə də rahat yaşa, səninki gətirir, cavan oğlan!
Deyvid. Bu gün. Bu gün gətirir.
Qus. Amma sən bilirsənmi, bu gün sözü həmişə sözünün kifayət qədər böyük bir hissəsidir?
Ester (yuxarıdan). Deyvi! Qalxırsan?
Qus. Get, di get, get balanı öp.
Ester. Deyvid, mən səni gözləyirəm!
Qus. Gecən xeyirə qalsın, Deyv!
Deyvid (əlini qaldıraraq Qusla vidalaşır). Hə, gəlirəm. (Pilləkənləri qalxır. Göy guruldayır. Deyvid aşağı düşüb pəncərəyə yaxınlaşır. Üzündən sonsuz rahatlıq yağır. Öz-özünə.) Bu gün. Bu gün. (Qəflətən özünə inam hissiylə.) Gəlirəm! (Pilləkənləri qalxdıqca, yenidən göy guruldayır.)
Pərdə enir.
Tərcümə: Yaşar